Super User
Mədəniyyət Nazirliyi Mikayıl Useynov və Sadıq Dadaşovun birgə ucaldılacaq abidələri ilə bağlı müsabiqə elan edib
Mədəniyyət Nazirliyi görkəmli Azərbaycan memarları Mikayıl Useynovun və Sadıq Dadaşovun xatirələrinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində ucaldılacaq abidənin eskiz layihələrinin hazırlanması üçün heykəltaraşlar arasında açıq müsabiqə elan edir.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən bildirir ki, müsabiqə fevralın 17-dən aprelin 17-dək keçiriləcək.
Eskiz layihələr Mədəniyyət Nazirliyinin “Heykəltaraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin ucaldılması və demontajı üzrə Ekspert komissiyası”nın üzvləri tərəfindən qiymətləndiriləcəkdir. Layihələrin müzakirəsi qapalı şəraitdə keçiriləcək.
Müsabiqənin qalibi barədə məlumatlar əsas mərhələ başa çatdıqdan 15 gün sonra - mayın 15-də Mədəniyyət Nazirliyinin rəsmi saytında (culture.gov.az) yayımlanacaqdır. İkinci və üçüncü yeri tutan müəlliflərə müvafiq olaraq 2000 manat və 1000 manat məbləğində pul mükafatı təqdim ediləcək.
Qeyd edək ki, müsabiqə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 8 oktyabr 2022-ci il tarixli “Mikayıl Useynovun və Sadıq Dadaşovun birgə abidəsinin ucaldılması haqqında” Sərəncamının icrasını təmin etmək məqsədilə həyata keçirilir.
“Ədəbiyyat və incəsənət”
(17.02.2023)
“Sağsansa, qalan hər şey ikinci dərəcəlidir”
Hümbət Həsənoğlu növbəti 10 aforizmini təqdim edir.
1. İsti havaya aldanıb qışda gül açmaq, isti münasibətə aldanıb qəlb açmaq hər canlıya xasdır.
2. Çay içmək üçün söhbət etmək qabiliyyəti olmalıdır.
3. Sevgi təcrübəli oğru kimi qəlbə girməmişdən əvvəl ağılı söndürür.
4. Sağsansa, qalan hər şey ikinci dərəcəlidir.
5. Hər kəs ona aidiyyatı olmayan işlərin bilicisidir.
6. Dünən çox yaxın görünsə də, ora qayıtmaq mümkünsüzdür.
7. Od əldə etmək istəyən tüstü udmağa hazır olmalıdır.
8. Atdığın hər addımda qorxu hissini də adlamırsansa, istiqamətin uğura deyil.
9. Pislər yaxşılardan yaxşı bəhrələnirlər.
10. Karyera zirvəsi dağ zirvəsi kimidir, orada da insan müvəqqəti qalır, soyuq və təklik isə onun kirəkeşləri olur.
“Ədəbiyyat və incəsənət”
(17.02.2023)
GÜN İçərişəhərdə necə KEÇDİ…
Xəbər verdiyimiz kimi Azərbaycan kinosunun 125, “Azərbaycanfilm” kinostudiyasının 100 və Azərbaycan Kinematoqrafçılar İttifaqının 60 illiyi münasibətilə Kinematoqrafçılar İttifaqı klassik Azərbaycan filmlərinin nümayişini planlaşdırıb və ilk nümayişdə fevralın 14-də “Azərbaycan” kinoteatrında tamaşaçılara “Gün keçdi” bədii filmi təqdim olunub. Sevgililər günündə sevgi filmi.
Tədbiri giriş sözü ilə açan kinotənqidçi Sevda Sultanova filmin indiyədək maraq doğurmasını uğurlu komanda işi ilə əlaqələndirib. 1971-ci ildə Xalq yazıçısı Anarın “Gürcü familiyası” hekayəsi əsasında ekranlaşdırılan filmin rejissoru Arif Babayev, operatoru Rasim İsmayılov, musiqi müəllifi Emin Sabitoğlu, rəssamı Elbəy Rzaquliyevdir. Mahnıların mətni isə Vaqif Səmədoğluna məxsusdur. Bu il həm də kinorejissor Arif Babayevin anadan olmasının 95-ci ildönümü tatam olur.
Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi, sənətşünas Nadir Bədəlov qeyd edib ki, o, ilk dəfə “Gün keçdi”yə 14 yaşında, film böyük ekrana çıxanda “Nərimanov” kinoteatrında baxıb: “Onda zalda iki nəfər vardı. Amma filmin tamaşaçılarının sayının ildən-ilə artması onun keyfiyyətini, uğurunu təsdiq edir. Filmdə Oktayla Əsmərdən başqa daha bir qəhrəman var ki, bu, İçərişəhərdir. Burada hər detal işləkdir. Əslində film kədərli bir sevgi hekayəsidir. Qəhrəmanlar başa düşürlər ki, onlar artıq öz gənclikləri ilə vidalaşırlar”.
Daha sonra səhnəyə Arif Babayevin qardaşı, rejissor Vasif Babayev dəvət olundu. O, Arif Babayevin rejissor peşəsini necə seçməsi haqqında əhvalatı bölüşüb və bildirib ki, həmin dövrdə İçərişəhərin sökülməsi məsələsi aktual idi: “Biz Şirvanşahlar sarayının yaxınlığında yaşayırdıq. Arif Bakını, İçərişəhəri gözəl tanıyırdı və çox sevirdi. Filmdə İçərişəhərin gələcək taleyi məsələsinə geniş toxunub.
“Gün keçdi” filminin nümayişindən sonra müzakirələr aparılıb.
Bəlkə də film köhnə Bakını sökülməkdən xilas edib.
“Ədəbiyyat və incəsənət”
(17.02.2023)
Bu axşam Azdramada Müşfiq anllacaq
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının repertuarında maraqlı tamaşalardan olan, görkəmli şair Mikayıl Müşfiqin xatirəsinə ithaf edilmiş Əli Əmirlinin “Ah, bu uzun sevda yolu” tamaşası bu axşam yenidən nümayiş ediləcək.
Səhnə əsəri dramaturq Ə.Əmirlinin eyniadlı əsəri əsasında hazırlanan ikihissəli tale dramıdır.
Tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimidir.
Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan tamaşada rolları Xalq artisti Hacı İsmayılov, Əməkdar artistlər Anar Heybətov, Münəvvər Əliyeva, Ayşad Məmmədov və başqaları ifa edirlər.
Qeyd edək ki, Əli Əmirlinin “Ah, bu uzun sevda yolu” əsəri 1937-ci ilin repressiya qurbanı olmuş istedadlı şair Mikayıl Müşfiqin nakam ömrü, yarımçıq qalmış yaradıcılığı və məhv edilmiş məhəbbəti haqqındadır. Tamaşada xalqımızın heç vaxt unutmayacağı qanlı-qadalı repressiya illərindən bəhs edilir. Səhnə əsərində M.Müşfiqin nakam taleyi əks olunsa da, bu əsərdə repressiyaya məruz qalmış minlərlə insanın məhv edilmiş nakam taleyi gözümüz qarşısında canlanır.
“Ədəbiyyat və incəsənət”
(16.02.2023)
Yanvarda Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi 36 milyon dollardan çox olub
Bu ilin yanvar ayında Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi 36 milyon dollardan çox olub.
Bu barədə AzərTAC-ın Ukrayna üzrə müxbiri xəbər verib.
Xəbərdə deyilir ki, yanvarda Azərbaycan bu ölkədən 13 milyon 865 min dollarlıq məhsul idxal edib. Ölkəmizin Ukraynaya ixrac etdiyi məhsulun dəyəri isə 22 milyon 312 min dollar olub.
Xatırladaq ki, 2021-ci ildə Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi 922,5 milyon dollar olub. Ukraynada gedən müharibə ilə əlaqədar olaraq 2022-ci ildə ticarət dövriyyəsi azalaraq təqribən 618 milyon dollar təşkil edib.
“Ədəbiyyat və incəsənət”
(16.02.2023)
DGTYB ənənəvi şeir müsabiqəsinin vaxtını ertələyib
Xəbər verdiyimiz kimi, Dünya Gənc Türk Yazarlar Birliyi sabah - 17 fevral 2023-ci (saat 15:00) tarixində mərhum şairə Fərqanə Mehdiyevanın xatirə gecəsi və xatirəsinə həsr olunmuş ənənəvi şeir müsabiqəsi təşkil etməliydi. Amma qurum bildirir ki, Türkiyədə baş vermiş dəhşətli zəlzələyə görə tədbir ertələnib və vaxtı barədə əlavə məlumat veriləcək.
Xatırladaq ki, şərtlərə görə 15 fevral 2023-cü il tarixinədək 40 yaşa qədər olan gənc yazarlar (istənilən mövzuda bir şeirini ( Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına göndərməklə) müsabiqəyə qoşulublar.
15 fevral 2023-cü il tarixinədək müsabiqəyə göndərilmiş şeirlərdən ikinci mərhələyə keçənlər şeir gecəsində müəlliflər tərəfindən səsləndiriləcək və münsiflərin canlı səsverməsi ilə qaliblər seçiləcək. Müsabiqənin qalibinə Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən təsis olunmuş "Fərqanə" ədəbi mükafatı, ikinci və üçüncü yeri tutan iştirakçılara isə diplomlar təqdim olunacaq. Tədbir Dünya Gənc Türk Yazarlar Birliyinin və "Fərqanə ədəbi məclisi"nin birgə təşkilatçılığı ilə baş tutacaq.
“Ədəbiyyat və incəsənət”
(16.02.2023)
Millət vəkili nəhəng bir yardım kampaniyası təşkil edib
Millət vəkili Qənirə Paşayeva yaratdığı sosial media qrupunun vasitəsi ilə Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım kampaniyasına öz könül dostlarını cəlb edib və ciddi nəticələr ortaya qoyulmaqdadır. Qənirə xanlm kampaniyaya qoşulan dostlarına təşəkkür edərək şəxsi facebook profilində yazıb:
"Var olun, əziz dostlar!
Adanadakı qardaş-bacılarımıza dəstək olduğunuz üçün! Biz birlikdə güclüyük!”
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Qənirə Paşayeva və onun könül dostları - “Gözəl Yaşam Mərkəzi”nin rəhbəri Arzu xanım, “Nej Aləmi“ MMC-nin rəhbəri Əliş müəllim, “Dəniz Diş” klinikasının rəhbəri Toğrul müəllim, Hədəf liseyinin rəhbəri Şəmil bəy, dəyərli ziyalılar Kamal bəy, Rəis Rəsulzadə, dəyərli sənətkarımız Gülüstan xanım, dəyərli ziyalılarımız İradə xanım, Almaz xanım, Əsmətxanım müəllimə, Sevda xanım qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə bağlı növbəti dəfə Adana vilayəti üçün yardım kampaniyasına qoşulublar. Komitə sədri və könül dostları Azərbaycan Prezidenti İlham Əliyevin, Birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə başladılan yardım kampaniyasını örnək alaraq, bu gün Adanada zəlzələdən zərər görənlərə yardımda bulunublar.
Adana vilayətində zəlzələdən zərər çəkmiş insanlara AFAD-ın ehtiyaclar siyahısına uyğun olaraq isti geyimlər, quru qidalar, çaylar, isidici cihazlar alaraq Aqro Terminala (Salyan şossesi 22) aidiyyəti üzrə təhvil veriblər.
Q.Paşayeva yardım toplama məntəqəsindəki çağırışında qardaş Türkiyədə zəlzələdən zərər çəkmiş insanlara dəstək göstərənlərə bir daha təşəkkür bildirərək, yenidən çağırış edib və AFAD-ın yenilənən tələbat və ehtiyaclar siyahısında göstərilən məhsullarla daha çox dəstək göstərməyə çağırıb.
Həqiqətən də biz birlikdə güclüyük.
“Ədəbiyyat və incəsənət”
(16.02.2023)
Əkbər Qoşalının şeirləri “XUDAFƏRİN”, “İDEL” və “DVİNA”da yayınlanıb
Beynəlxalq "Alaş" Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalının 50 ilik yubileyi ərəfəsində şeirləri Güneyli soydaşlarımızın Tehranda çıxardığı "XUDAFƏRİN", qardaş Tatarıstanın nüfuzlu "İDEL" və Arxangelskdə çıxan "DVİNA" ədəbiyyat jurnallarında yayınlanıb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Əkbər Qoşalının “Çobanbayatı” poeması Güneyli soydaşlarımızın Tehranda çıxardığı “XUDAFƏRİN” (www.khudafarin.ir) jurnalında, ərəb qrafikalı fars əlifbasına uyğunlaşdırılaraq, 79-88-ci səhifələrində yayınlanıb. Jurnalın qurucu-baş redaktoru Dr. Hüseyn Şərqidərəcək Soytürkdür. 2 min tirajla yayınlanan “Xudafərin” 19 ildir gün üzü görür. “Xudafərin” Azərbaycanın Quzeyini Güneyinə, Güneyini Quzeyinə tanıtmağa xidmət edən elmi-ədəbi, ictimai araşdırma jurnalıdır.
“İDEL” isə qardaş Tatarıstanın 1989-cu ildən çıxan nüfuzlu ədəbi-bədii, ictimai nəşrdir. Əkbər Qoşalının “İDEL”də yayınlanan şeirlərini tatarcaya tanınmış tatar şair-tərcüməçisi Lenar Şeyx uyğunlaşdırıb.
Arxangelskdə gün üzü görən “Dvina” jurnalı “Quzeyin ədəbi yetişmə yeri” olaraq tərif edilir. “Biz həmyerlilərimizin - milli ədəbiyyatın klassikləri Mixail Lomonosovun, Boris Şerqinin, Fedor Abramovun yaradıcılığına sayğı ilə yanaşır və miras olaraq qoyuruq” deyən, özünəxas ədəbi gələnəklərə əsaslanan “Dvina” 20 ildir nəşr olunur. Əkbər Qoşalının “Dvina”da yayınlanan şeirlərini ruscaya Moskvada yaşayan istedadlı şair-tərcüməçi Nilufər Şıxlı çevirib.
“Ədəbiyyat və incəsənət”
(16.02.2023)
Ərəb portalı Bakının görməli yerlərindən yazıb
Ərəb ölkələrin ortaq “Saidati” turizm portalında Azərbaycanın paytaxtı Bakı şəhərinin ən yaxşı məkanları barədə məqalə və fotoşəkillər yerləşdirilib.
AzərTAC xəbər verir ki, məqalədə qədim tarixi olan İçərişəhərin əcnəbi turistlərin ən sevimli məkanı olduğu qeyd edilib. Oxucuların diqqətinə çatdırılıb ki, buradakı müxtəlif əsrlərə aid nadir tarixi-memarlıq abidələri Azərbaycan xalqının qiymətli xəzinəsi kimi qorunub saxlanılır. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib.
Məqalədə Dənizkənarı Bulvar barədə də ətraflı məlumat verilib. Qeyd olunub ki, hələ 1909-cu ildə Xəzər dənizinin ətrafında salınan bulvar paytaxt sakinlərinin və şəhərin qonaqlarının istirahət yeridir. Burada Bayraq meydanı, müxtəlif attraksionlar, restoran və kafelər, ticarət obyektləri yerləşir.
Ərəb oxucuların diqqətinə Bakının digər görməli yerləri – bulvardakı “Şeytan çarxı”, Təzəpir məscidi, Milli Azərbaycan Tarix Muzeyi haqqında da məlumat verilib.
“Ədəbiyyat və incəsənət”
(16.02.2023)
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Türkiyəyə humanitar yardımı davam edir
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu təşkilatın qurucu üzv ölkəsi Türkiyədə baş vermiş, minlərlə insanın tələfatına və yaralanmasına səbəb olmuş güclü zəlzələdən zərər çəkənlər üçün humanitar yardım göstərib.
Fond ilk günlərdən faciənin meydana gəldiyi bölgələrə xilasetmə əməliyyatlarına dəstək məqsədilə lazımi təchizatlar göndərilib. Eyni zamanda zəruri körpə qidaları və təşkilatın uşaqlar üçün nəşr etdiyi kitabları Türkiyənin zəlzələ nəticəsində dağıntılara məruz qalmış vilayətlərinə yola salınıb.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu türk xalqının üzləşdiyi faciə zamanı həlak olanların ailələrinə, yaxınlarına bir daha başsağlığı verir, yaralıların tezliklə sağalmasını arzulayır.
“Ədəbiyyat və incəsənət”
(16.02.2023)