Super User
Hikmət Mirzəyev barədə roman
Seymur Atillanın bu günlərdə işıq üzü görən “Mənim döyüş yolum” adlı avtobioqrafik romanı Xüsusi Təyinatlı Qüvvələrin komandanı Hikmət Mirzəyev barədədir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Seymur Atilla yeni romanı barədə öz sosial media hesabında yazır:
“Ömrünün 10 ilini Xüsusi Təyinatlı Qüvvələrə həsr etmiş bir zabit deyir ki; "Mən Xidmət etdiyim Qüvvənin Komandanının doğulduğu günü bilmədiyim halda, sən necə oldu ki, onun haqqında kitab yaza bildin?" Çünki, Hikmət Mirzəyev qapalı insandır. Onun haqqında informasiya çox azdır.
Əslində, bu mənim yazdığım kitaba verilən ən böyük dəyərdir. Heç yoxdan var etmək. Heç də asan olmadı bu kitabı yazmaq. Bilsəniz necə əziyətlər çəkdim. Həm də, ən çətin şəraitdə, gecələri yazdım. Şam işığında, şam bitəndə telefon işığında.”
“Ədəbiyyat və incəsənət”
(20.02.2023)
Muğam bu dəfə də könül oxşadı
Beynəlxalq Muğam Mərkəzində (BMM) “Muğam axşamları” layihəsinin növbəti konserti təşkil olunub və gecədə “Bayatı Qacar” və “Şüştər” muğamlarını BMM-in solistləri Əməkdar artist Sevinc Sarıyeva, xanəndələr Rəvanə Qurbanova, Nisbət Sədrayeva və Məmməd Nəcəfov təqdim ediblər.
Beynəlxalq Muğam Mərkəzi Azərbaycan milli musiqisinin təbliğinə həsr olunmuş bir neçə layihə həyata keçirir ki, onlardan biri də “Muğam axşamları” layihəsidir. Layihənin rəhbəri BMM-in direktoru, Xalq artisti Murad Hüseynovdur. Muğam sənətimizin fəlsəfəsini gələcək nəsillərə çatdırmaq məqsədilə reallaşan layihəyə tamaşaçılar böyük maraq göstərir. “Muğam axşamları” layihəsi 2017-ci ildən həyata keçirilir.
Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi “Aşıq musiqisi axşamları”, “Vokal musiqi axşamları”, “Muğamat var olan yerdə”, “Unudulmayanlar” və digər layihələrini də musiqisevərlərə təqdim edir.
“Ədəbiyyat və incəsənət”
(20.02.2023)
Al-əlvan rənglərə boyanmış nağıllarımız
Xəbər verdiyimiz kimi Azərbaycan Milli Xalça Muzeyində Xalq rəssamı Arif Hüseynovun əsərlərindən ibarət “Azərbaycan nağılı” adlı sərgi açılıb. Sərgi Arif Hüseynovun 80 illik yubileyi və yaradıcılığının 55-ci ili münasibətilə Milli Məclisinin Mədəniyyət komitəsi, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi, “Azərxalça” ASC və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilir.
Sərgidə görkəmli qrafika ustası Arif Hüseynovun geniş və rəngarəng yaradıcılıq aləmindən bir silsilə – onun Azərbaycan xalq nağıllarına, hər kəsin tanıdığı və sevdiyi nağıl obrazlarına həsr etdiyi 54 qrafik lövhə nümayiş olunur.
“Azərbaycan nağılı” sərgisinin ekspozisiyasına daxil olan, rəssamın ilk dəfə rəqəmsal çap formatında işlədiyi rəsm əsərlərində nağıllarımıza parlaq və fərdi cizgilərlə yeni həyat bəxş edilib, onlardakı sehr, müdriklik, gözəllik, ülviyyət, xalqımızın mifoloji dünyagörüşü xüsusi peşəkarlıqla təsvir olunub. Arif Hüseynovun özünəməxsus, orijinal üslubda əsl sənətkarlıq və sevgi ilə yaratdığı bu əsərlər Azərbaycanın xovsuz və xovlu xalçalarının məşhur kompozisiyaları ilə haşiyələnib.
Sərgi fevralın 24-dək davam edəcək.
“Ədəbiyyat və incəsənət”
(20.02.2023)
“Başımıza dəyən daşlar... başdaşına çevrilir...” – Əlizadə Nuri ilə “Biri ikisində”
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün növbədə Şeir vaxtıdır, sevilən şair Əlizadə Nurinin şeirləridir.
ŞEİR VAXTI
Əlizadə Nuri
SEVİNC AXŞAM GƏLƏCƏKDİ
Çıraq oldum, işığımı
Salmağa bir dam olmadı.
Çoxu mənə oğul dedi,
Heç biri anam olmadı.
Düzdən ötrü dağ çıxardım,
Dağı lap axsaq çıxardım.
Bu gecədən sağ çıxardım,
Yanımda bir şam olmadı.
Bu, əldi, ya boş əlcəkdi?
Nə çəkdisə, boş əl çəkdi.
Sevinc axşam gələcəkdi –
Gözlədim, axşam olmadı...
BU ÖMÜR BİR QAZAN QARDI
Yoxdu bu qəmin yiyəsi,
Götür qoy gözün üstünə.
Sinəmdəki yaraları
Kim səpib duzun üstünə?!
Bu dəryanı kim daşdırdı?
Nə qum qaldı, nə daş durdu.
Yalanlar göz qamaşdırdı –
Getmədik düzün üstünə...
Səs deyil hər haray-həşir.
Canımız bir sevda nəşi.
Tuta bilmədik günəşi,
Yıxıldı tozun üstünə.
Yerdi əsən, yeldi əsən?
Axsaq imiş o tələsən.
Qələm yorulub, deyəsən,
Əyilib sözün üstünə.
Qəfəs deyil, amma dardı,
Yer üzü damar-damardı...
Bu ömür bir qazan qardı –
Qoymuşuq közün üstünə...
BİR QADINA MƏKTUB
Heç vaxt çətirim olmayıb deyirsən,
Bəlkə, bu, yağışı çox sevdiyindəndi, qadın?
Tanrının yanına qayıdacaq deyə,
Hərdən yağışa qoşulub getmək istəyir
adam...
Bilirəm, unutmusan məni –
Adımın son hərfinə kimi.
Bilirəm, adım bir az uzundu deyə,
ağrıyırdı dodaqların...
Atdın yerə adımı,
əzildi hərflər...
***
O evin qırx qapısı var,
sən hansı otaqdasan?
Məni unutmusansa,
lap eyni küçədə yaşasaq belə,
deməli, məndən çox uzaqdasan...
Görürəm də,
indi çoxu eynək taxır,
adamlar bir-birinin
gözünün içinə dik baxa bilmir,
bəlkə, ondandır?
Hamı təkdi dünyada,
kim deyir ki, cəmdənik?
Ancaq bu adam ilə
hələ də həmyerliyik –
eyni cəhənnəmdənik...
Başqa qonaq çağıran yox,
kim Tanrıya qonaq gedir –
kim böyüdür çevrəni?
Başımıza dəyən daşlar
hər gün bir az böyüyüb
başdaşına çevrilir...
Bizi fikir eyləmə,
yandırıb son ümid çöplərini
isinirik beləcə.
Sən əynini qalın eylə,
təqvimdə fevral ayıdı,
təqvimdən də qar yağır...
KÜL
Kağızın bətnində yandı bu ömür –
Mən adam külüyəm, ya kağız külü?
Yanan ürəyimdə o qız da yandı –
Bir az öz külümdü, bir az qız külü...
İndi ayrılıqlar ömürdən uzun,
Ölümlə oyunda ömür uduzur...
Hər axşam yandırır ayı-ulduzu,
Tanrı səhər yığır ay-ulduz kimi.
Dərd çaxmaq daşıdı – daşdan yanmışam,
Ayaqdan od alıb, başdan yanmışam.
...İlahi, nə yaxşı eşqdən yanmışam –
Baha eləmişəm bu ucuz külü.
SÜKUTUN SƏSİ
Bir sükuta uduzur
Min-min adamın səsi.
Ruhumuzu oynadır
Bir qaraçı nəğməsi.
Göydə də zəlzələymiş,
Ay gizləyib özünü.
Quşlar qanadlarıyla
Saxlayıb göy üzünü...
Bir çiçəyin içində
Dost olub neçə ləçək.
Bir azdan bu çiçəklər
Əllərimi dərəcək.
***
Eşidirsən, İlahi –
Sənin səsin tutulub,
Yoxsa hamı kardımı?
Bu dünya bir günahdı,
Yoxsa günahkardımı?
Bəlkə, sular dil açıb –
Bir səs gəlir quyudan.
Daş da intihar edir,
Asılaraq qayadan...
SEVDA SONATASI
Ay işığının əlindən tutub çıxar
qaranlığa batan bu adamlar.
Eyni göy üzünə baxar
başqa-başqa şəhərlərdə sevən adamlar.
Yasaqsan mənə keşiş sevgisitək,
Mənim olmasan da,
yaxşı ki, varsan.
Bir arzu doğular nikahdankənar,
Beşiyi başında layla çalarsan.
Köhnə albomlarda payız fəslidi,
Saralır ağrıyan şəkillər...
Sevda çənlər başımdan
Duman kimi çəkilər...
Qayıt gəl yanıma xatirələrdən,
Toxuna bilmirəm sən gedən izə.
Hələ yaşamağı tam öyrənməmiş
Mollalar ölməyi öyrədir bizə.
Hasardan o üzə atılar işıq,
Əllərim quş olub qonmaz sevincə,
Yolu göndərmişdim, səni gətirsin,
Yol da qayıtmadı sən gəlməyincə.
Heykəl də Tanrıya ibadət edir,
həm də əyilmədən
Bəlkə, dik durmaq da ibadətdi?
Ha uzatsan, əlin çatmaz,
Göy üzü bir imarətdi...
İLK YAĞMURSAN, SON BAHARSAN...
İtən günü harda gəzim, –
Qaldı ömrün harasında?
Arayıram ağ baxtım
Gözlərinin qarasında.
İlk yağmursan, son baharsan,
Kimə dərdsən, kimə yarsan?..
Girsən, özünü taparsan
Ürəyimin yarasında.
Qələm toxunduğu yerdən
Şeir damır hərdən-hərdən.
...Qaçıb gizləndim şeirdən
Misraların arasında...
“Ədəbiyyat və incəsənət”
(20.02. 2023)
Yaradıcılıq müsabiqəsinin yekun sərgisi açılacaq
Mədəniyyət, Elm və Təhsil nazirlikləri, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində elan olunmuş “Düşün və yarat!” adlı yaradıcılıq müsabiqəsinə əsər qəbulu başa çatıb.
Müsabiqəyə ölkəmizin müxtəlif güşələrindən 12 yaşdan yuxarı 1000 nəfərə yaxın iştirakçı 1500-ə qədər rəsm əsəri, gil, karton, kağız, metal parçası, plasmas və s. materiallardan hazırlanmış bir əşya və texnoloji sistemlər təqdim edib.
İlkin seçimlərdə 300-ə yaxın müxtəlif sənət nümunəsi sərgilənmək üçün seçilib. Seçimlərdə müəllifin yaşı nəzərə alınmaqla ortaya qoyduğu yaradıcılıq əsas götürülmüş və ən əsası kənar (müəllim, valideyn) müdaxiləsiz işlərə üstünlük verilib.
“Düşün və yarat!” müsabiqəsinin yekun sərgisi martın 1-də Xətai Sənət Mərkəzində keçiriləcək.
Sərgi iştirakçıları fevralın 27-dək ancaq fotoları paylaşılmış əsərləri Xətai Sənət Mərkəzinin ikinci mərtəbəsinə təqdim etməlidirlər.
Nümayiş olunan əsərlər geri qaytarılır.
“Ədəbiyyat və incəsənət”
(20.02.2023)
Yakutiyanın məşhur şəkili vətəndaşının 65-i
Aida Eyvazlı yazır
“1979-cu ildə Xanqalas ulusunun Moxsoqollox qəsəbəsinin sement zavoduna Azərbaycanda İnşaat Mühəndislər İnstitutunu yenicə bitirimiş Əliş Məmmədov adlı cənublu gənc bir oğlan gəldi. 10 ildən sonra həmin zavoda rəhbərlik edib, onu Yakutiyada ən böyük istehsal müəssisısinə çevirə bildi”.
Soyuq fevral ayında soyuq Yakutiyada ömrünün 65 yaşını tamamlayan Vətən oğlu Əliş Məmmədov haqqında “Yakutiya 24” televiziyasının xəbərlər proqramında gedən veriliş yuxarıdakı cümlələrlə başlayır.
Biz də elə 3-cü çağırış Saxa (Yakutiya) Respublikasının İl Tümen Məclisinə Xanqalas ulusundan deputat seçilən şəkili balası Əliş Zabit oğlu haqqında verilişdə lentə alınan fikirləri müsahiblərin sözləri ilə xalqımızla bölüşməklə yubilyarı təbrik etmək fikrindəyik.
“Yakutsement” İstehsal Birliyinin elektrik təmiri sexinin müdiri Viktor Qreçko azərbaycanlı soydaşımızın “Yakutsement” İstehsalat Birliyinə direktor seçilməsi prosesini belə xatırlayır:
“Heç yadımdan çıxmaz. Direktorluğa 4 namizəd var idi. Birini Moskva dəstəkləyirdi. Lakin çox ləyaqətli şəkildə biz zavodumuza direktor Əliş Məmmədovu seçdik. Lakin sonra yenidənqurma maşınının islahatları ilə istehsal müəssisələri iflasa uğramağa başladı. 1990-cı ilin iqtisadı böhranında zavodu bağlanmaq təhlükəsindən xilas etdi”.
“Yakutsement” İstehsal Birliyinin smeta layihələri şöbəsinin rəhbəri Yelena Omelçenko deyir:
“Bizim zavod kollektivinin əməkhaqqı problemləri yaranmışdı. Direktorumuz Yakutiyanın digər zavodları ilə barter sənədləri imzalayıb, bizi səfalətdən qurtardı. Əməkhaqqı da alırdıq, ərzaq da. Və həmin illərdə o, belə bir əmr verdi: “Əmək haqları əvvəlcə fəhlələrə verilməlidir. Əgər müəssisədə pul qalarsa, baş iqtisadçı, baş mühasib və direktor əmək haqqlarını ən axırıncı alacaqlar.”
Əliş Məmmədov harada işlədiyini yaxşı bilirdi. Xanqalas ulusu türklərin xan nəslindən, toyon nəslindən olan şəxsiyyətlərinin yurdudur. O bu müqəddəs torpaqlarda xanların, ululaın adına layiq işləməyin vacibliyini bütün məsuliyyəti ilə hiss edirdi. Bu məsuliyyət nəticəsində rəhbərlik etdiyi müəssisənin də gəliri artırdı. Bir ildə 500 min ton sement istehsal etməyə başlanmışdı. Ağır 1990-lardan başlayaraq, rəhbərlik etdiyi əmək müəssisəsi üçün sosial obyektlərin (idman zalı, uşaq bağçası, məktəb, poliklinika) tikintisinə başladı. Çünki istehsal etdikləri məhsulla respublikanı kənardan gətirilmə sement asılılığından qurtarmışdılar.
Əliş Məmmədov Xanqalas ulusunun xalq deputatı titulunu da çox şərəflə daşıyır. Onun adını Saxa (Yakutiya) Respublikasının şərəf kitabına yazıblar. Onun seçicilərlə hər görüşü problemlərin həlli, seçicinin sevinci, yeni quruculuqla nəticələnir. Əliş Məmmədovu deputat seçən Xanqalas ulusunun Pokrovka qəsəbəsindən olan seçici Marqarita Reşetnikova deyir ki, evimdə qaz və istilik problemi var idi. Mən deputatımız Əliş Məmmədova müraciət etdim. O məni dinlədikdən sonra, problemi araşdıracağını dedi. Problem həllini tapana kimi isə evimə odun göndərdi ki, soyuq qışda istiliyimiz olsun.
Əliş Məmmədov haqqında Xanqalas ulusunun başçısı Oleq İrinyev deyir:
- Bizim elin əhalisi onu əsil deputat kimi qəbul edir. O, seçicilərinin bütün problemlərini həll edir. Xanqalaslılar üçün o çox qiymətlidir. Ona olan hörmətimizin bariz nümunəsidir ki, Xanqalas ulusunun 17 nasleqinin fəxri vətəndaşıdır. Bu şərəfli titula və etimada isə ölkəmizdə ondan başqa yalnız Respublikamızın birinci Prezidenti Mixail Nikolayev malikdir.
“Azərbaycanlı” adına - gözümüzdən uzaq, könlümüzə yaxın türk torpaqlarında şərəf gətirən soydaşımız Əliş Məmmədov həm də Saxada yaşayan azərbaycanlıların ağsaqqalıdır. Türkiyədə baş verən fəlakət bölgəsinə yardım üçün azərbaycanlı soydaşlarımızla birlikdə o, 5 min dollar ilkin yardım edib. Var olsun! Çox yaşasın!
“Ədəbiyyat və incəsənət”
(20.02.2023)
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələrin daha da genişləndirilməsi müzakirə edilib
Özbəkistanla Azərbaycan arasındakı mıdəni əlaqələrin inkişafına töhfə verən qurumlardan biri də Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzidir. Ötən günlərsə mərkəzin direktoru Samir Abbasovla Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunun rektoru Eldar Şermanov arasında görüş keçirilib.
Mərkəzdən verilən məlumata görə, Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunda baş tutan görüşdə qonaqları salamlayan rektor Eldar Şermanov əvvəlcə Özbəkistan-Azərbaycan mədəni əlaqələrin tarixi, iki ölkə arasında yüksək səviyyəli əməkdaşlıq, habelə mədəni əlaqələrimizin möhkəmlənməsi istiqamətində uğurlu fəaliyyətlərinə görə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə öz təşəkkürünü bildirib.
Rektor Eldar Şermanov Özbəkistan-Azərbaycan arasında mövcud əlaqələrin dövlətlərarası münasibətlərin genişlənməsi fonunda daha da möhkəmləndiyini, Özbəkistan dövlət rəhbərliyinin Azərbaycanla sıx əlaqələrin qurulmasına xüsusi diqqət yetirdiyini və konkret tapşırıqlar verdiyini vurğulayıb. Bu sahələrdən biri də təhsil və mədəniyyət sahəsidir ki, rəhbərlik etdiyi ali təhsil müəssisənin Azərbaycandakı ali təhsil ocaqları ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov qardaş Özbəkistanla bütün sahələrdə olduğu kimi mədəni əlaqələrin daha da genişlənidirlməsi və inkişafının prioritet olduğunu qeyd edib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci ildə Özbəkistana ardıcıl üç səfərini xatırladaraq ölkəmizin Özbəkistanla əlaqələrə və əməkdaşlığa mühüm əhəmiyyət verdiyini və eyni zamanda Prezident İlham Əliyevin iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsinə dair konkret tapşırıqlar verdiyini diqqətə çatdırıb.
Samir Abbasov Azərbaycan Mədəniyyət Mərkəzinin də ölkə başçısının, dövlət qurumlarımızın tapşırıqlarına uyğun olaraq Özbəkistanda bir çox layihələr, tədbirlər, konfranslar, sərgi və müsabiqələr, konsertlər keçirəcəyini vurğulayıb.
Diplomat 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Azərbaycan Mədəniyyət Mərkəzinin geniş və silsilə tədbirlər planlaşdırdığını və bu tədbirlərdə Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunun da yaxından iştirakını arzu etdiyini bildirib.
Daha sonra Samir Abbasov sözügedən universitetlə sıx əməkdaşlığın qurulması üçün konkret təkliflərlə çıxış edib. Diplomat “Heydər Əliyev İli” münasibətilə Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Özbəkistanın 3 aparıcı universitetinin əlaçı tələbəsi üçün “Heydər Əliyev təqaüdü”nün təsis edildiyini və Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunun bir əlaçı tələbəsinin sözügedən təqaüdə layiq görüləcəyini bildirib.
Samir Abbasovun təkliflərini yüksək qiymətləndirən rektor Eldar Şermanov Azərbaycan Mədəniyyət Mərkəzi ilə əməkdaşlığa hər zaman hazır olduqlarını bildirib. O, öz rəhbərliyi ilə yaxın günlərdə İnstitutu təmsil edən geniş bir heyətin Azərbaycana səfər edəcəyini və bu səfər çərçivəsində Azərbaycanın bir çox ali təhsil ocaqları ilə əməkdaşlıq memorandumları imzalayacaqlarını vurğulayaraq, sözügedən səfər və görüşlərin təşkilinə görə Azərbaycan Mədəniyyət Mərkəzinə minnətdarlığını ifadə edib.
Görüşün sonunda Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən özbək dilində tərcümə və nəşr edilmiş dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”si və “Kitabi-Dədə Qorqud” dastanının nəfis nəşrləri Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunun rektoru Eldar Şermanova hədiyyə edilib.
Sonda, qonaqlar Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunun fakültələri ilə tanış olub, institutun tələbələrindən ibarət “Folklor və xalq çalğı alətləri ansamblının” çıxışlarını izləyiblər.
“Ədəbiyyat və incəsənət”
(20.02.2023)
Nikbin olmaq - Uğur qazanmaq üçün lazım olan 15 keyfiyyət
Professor Əlibala Məhərrəmzadə “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsini sizlərə təqdim edir
Əslində, uğur formulası ümumi olduğu qədər də spesifikdir, yəni bir xalq üçün lazım olan uğur qazanmaq keyfiyyətləri başqa bir xalq üçün aparıcı olmaya da bilər. Məsələn, Azərbaycanda (ümumən Şərqdə) uğur formulasında mental qayda-qanunlara, davranış tərzinə istinadı, möhkəm ailə faktorunun, nümunəvi tərbiyənin rolunun hegemonluğunu, milli kökə və dini mənsubiyyətə bağlılıq faktorunu spesifikliyə aid edə bilərik.
Mən öz şəxsi təcrübəm, eləcə də illərdir ki, davam edən müşahidələrim nəticəsində uğurun qazanılmasında aşağıdakı parametrləri xüsusi olaraq qabardardım:
12) Nikbin olmaq.
Nikbinlik – həyatda ancaq yaxşı cəhətlərə diqqət etmək, uğura, müvəffəqiyyətə, gözəl gələcəyə inanmaq, şən və gümrah olmaq dünyagörüşüdür. Sinonimi optimizm (optimus – latın dilində «ən yaxşı») olan «nikbinlik» həyat baxışı olaraq iddia edir ki, dünya gözəldir, istənilən çətin şəraitdən çıxmaq mümkündür, hər şeyin axırı yaxşı olacaq! Bir özünüz düşünün, uğura doğru yolda nikbin olmaq necə böyük əlavə dividendlər gətirir insana. İndi «nikbinlik» sözünün antonimi olan «bədbinlik» sözünə diqqət edin. İnamsızlığı, hər şeyin pis olmasını ifadə edən, qara rənglərə tapınan bu həyat baxışı insana necə uğur gətirə bilər axı?
Nikbinliklə bədbinliyin qarşıdurmasının ən məşhur misalı yarım stəkan suyun vəziyyətinin şərhidir. Nikbin deyir ki, stəkan yarıyacan doludur. Bədbin deyir ki, stəkan yarıyacan boşdur.
Fəlsəfədə alman filosofu Qotfrid Leybnitsin «Biz ən mümkün dünyaların ən yaxşısında yaşayırıq» sözləri ilə fəlsəfi təlim səviyyəsinədək yüksələn nikbinlik tək uğur qazanmaqçün yox, ümumən insan həyatı üçün faydalıdır. Belə ki, elmi tədqiqatlar sübut ediblər ki, nikbinlik insan sağlamlığına hədsiz fayda verir:
- köməksizlik və çarəsizlik halının yaranmasını aradan qaldırmaqla immunitetin möhkəmlənməsinə dəlalət edir;
- Sağlam həyat tərzinə, istənilən narahatlıq duyan kimi həkimə müraciətə sövq edir;
- dostluq, yoldaşlıq münasibətlərinə daha rahat nail olmaqla insanlar özlərinə sosial dəstək yaradırlar ki, bu da sağlamlığın qorunması şərtlərindən biridir.
Əziz oxucularım, həyatda nikbin olun, uğursuzluqları müvəqqəti sayın, problemlərin hamısını keçəri hesab edin, bədbəxt hadisələri təsadüfi hadisə sanın, əksinə, yaxşı hadisələri qanunauyğun, təbii sanın. Nə qədər nikbin olsanız, uğura doğru yolunuz bir o qədər sürətli olacaq.
“Ədəbiyyat və incəsənət”
(20.02. 2023)
Azər Turanın ilk tamaşası bəyənilib
Azərbaycan Teatr Xadimləri İttifaqının səhnəsində C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının "Atam, anam, qardaşım, mən və Stalin" tamaşasının premyerası keçirilib. Azər Turanın eyniadlı dramı əsasında ərsəyə gətirilən tamaşa dahi şair-dramaturq Hüseyn Cavidin 140 illiyinə həsr olunub.
Tamaşada Cavidlər ailəsinin – Hüseyn Cavid, Mişkinaz Cavid, Ərtoğrul Cavid və Turan Cavidin – Stalin repressiyası səbəbindən məruz qaldıqları məşəqqətli ömür yollarından bəhs olunur. Faciəvi həyat və onu şərtləndirən qeyri-sağlam dövlət quruluşu, cəmiyyət.
Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov, tərtibatçı rəssamı Vahid Mürsəliyev, musiqi tərtibatçısı Çingiz Xəlilov, rejissor köməkçisi İmaməli İmaməliyevdir.
Rolları Əməkdar artist Esmiralda Şahbazova, aktyorlar Samir Əliyev, Pərvin Dadaşova, Niyaməddin Səfərəliyev ifa ediblər.
Səhnə əsəri tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Onlar aktyorları alqış yağışına tutublar.
“Ədəbiyyat və incəsənət”
(20.02.2023)
Brüsseldə Reza Deqatinin “Xocalı: Yaralı ruhlar” adı sərgisi açılıb
Ölkəmizin Belçika Krallığındakı səfirliyi Brüsseldə dünyaşöhrətli foto-jurnalist Reza Deqatinin “Xocalı: Yaralı ruhlar” adlı foto-sərgisini keçirib.
“Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən xəbər verir ki, sərginin açılışında əvvəlcə Türkiyədə, Suriyada və Xoy şəhərində baş vermiş dağıdıcı zəlzələlər nəticəsində həyatını itirmiş insanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Səfir Vaqif Sadıqov çıxış edərək, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni qaniçənləri tərəfindən 613 mülki şəxsin öldürüldüyünü, o cümlədən 8 ailənin tamamilə yox edildiyini, 1300 nəfərin əsir götürüldüyünü, yüzlərlə azyaşlının valideynsiz qaldığını bildirib, insanlığa qarşı cinayət olan Xocalı soyqırımı haqqında ətraflı məlumat verib.
Reza Deqati çıxışında bir vaxtlar əsas sənəti olan memarlığı atıb foto-jurnalistika ilə məşğul olmasının məhz insanlığa qarşı sevgisindən irəli gəldiyini söyləyib, həqiqətlərin mədəniyyət və sənət vasitəsilə yayılmasının ən qüvvətli vasitə olduğuna inandığını qeyd edib. O, insanların ölümünə, binaların, tarixi abidələrin, həyati infrastrukturun dağılmasına səbəb olan müharibələrin, təbii fəlakətlərin, böhranların sağ qalan insanların yaddaşlarında sağalmayan yaralar açdığını bildirib.
Tədbir çərçivəsində ölməz bəstəkarımız Fikrət Əmirovun nəvəsi, istedadlı pianoçu-bəstəkar Nəzrin Əfəndiyevanın Belçikada yaratdığı “Trio Manestri” üçlüyünün ifasında Xocalı faciəsinin qurbanlarının xatirəsinə həsr olunmuş konsert keçirilib. Pianoda Nəzrin Əfəndiyevanın, skripkada Mari-Karmen Suarezin və fleytada Astrid Gallezin ifasında Azərbaycan xalq mahnıları, F.Əmirovun, A.Rozmanın, K.Azedianın, L.Einaudinin, V.Azaraşvilinin bəstələri və N. Əfəndiyevanın “613 xatirəsinə” və xüsusilə bu tədbir üçün ərsəyə gətirdiyi “Azərbaycan miniatürləri” kompozisiyaları səsləndirilib.
Açılış mərasiminə qatılan diplomatik korpusun nümayəndələri, Avropa İttifaqının rəsmiləri, Belçikanın mədəniyyət, mətbuat və akademik dairələrinin nümayəndələri və digərləri sərgiyə böyük maraq göstərərək, hər bir fotoşəkil haqqında məlumat alıblar.
“Ədəbiyyat və incəsənət”
(20.02.2023)