Super User

Super User

 

Türkmənistan Dövlət Mədəniyyət Mərkəzinin “Mükamlar” sarayında “Milli musiqi sənəti dünya xalqlarının irsində” adlı beynəlxalq festival öz işinə başlayıb.

Prezident Serdar Berdiməhəmmədovun təşəbbüsü ilə Türkmənistan Mədəniyyət Nazirliyinin təşkil etdiyi bu tədbirdə beynəlxalq təşkilatların, əlaqədar nazirliklərin rəhbərləri və nümayəndələri, müğənnilər, musiqiçilər - milli musiqi alətləri ifaçıları iştirak edirlər.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, festivalda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Tatarıstan (Rusiya Federasiyası), Özbəkistan və İran mədəniyyət, incəsənət xadimləri iştirak edirlər.

 

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təqdimatı əsasında ölkəmizi sözügedən Festivalda Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edir.

 

Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə Festivalda Mərkəzin inzibatçısı Yusif Məmmədov, azərbaycanlı ifaçılar Vahid Əliyev, Fatimə İsgəndərova və Özbəkistanda Azərbaycan saz ustadı İlham Abdullayev Festivalda iştirak edirlər.

 

Mükamal Sarayına ölkə hökumətinin üzvləri, mədəniyyət sisteminin, ictimai təşkilatların rəhbərləri, yaradıcı işçilər, kütləvi informasiya vasitələrinin nümayəndələri, qonşu ali təhsil ocaqlarının professor və tələbələri toplaşmışdılar. 

 

Açılış mərasimində Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədovun “Milli musiqi sənəti dünya xalqlarının irsidir” adlı beynəlxalq festival və konfransın iştirakçılarına təbriki oxunub.

 

Bu böyükmiqyaslı tədbirin əhəmiyyəti də bundan ibarətdir. Türkmənistan liderinin təbrikində deyilir: “Bu beynəlxalq festival və konfrans türkmən xalqının əsrlər boyu davam edən milli musiqi sənətinin dünya ictimaiyyətinə təbliğində, xalqların daha yaxından tanıdılmasında xüsusi rola malikdir. Dünyanı milli musiqi sənəti ilə sıx bağlayır”.

 

Sonra Mükəmlər sarayının səhnəsində konsert olub.  Zəngin mədəni proqram musiqi əsərlərinin rəngarəngliyi, müxtəlif xalqların qədim xanəndəlik və ifaçılıq sənətinin nadir nümunələri Festivalda iştirakçılara təqdim olunub.

 

Azərbaycan və Türkiyə musiqi kollektivlərinin, Qızılora vilayəti (Qazaxıstan), A.Curayev adına Tacikistan Dövlət Filarmoniyasının, Xorazm Musiqili Dram Teatrının (Özbəkistan) xalq musiqisi ansambllarının, Buxara şəhəri,  Qırğızıstandan gəlmiş “Etno-Oş” folklor-etnoqrafiya qrupunun ifaçılarının çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.  “Türk dünyası” musiqi və rəqs qrupunun sənətçiləri tamaşaçılara gözəl türk rəqsləri təqdim ediblər.

 

Azərbaycan sənətçiləri bir sıra xalq mahnılarımızı, saz havalarını ifa ediblər. Çıxış tamaşaçıların çoxsaylı alqışları ilə müşaiyət olunub.

 

Tədbirlərdə Türkmənistan dövlət və  hökumət nümayəndələri, TÜRKSOY təşkilatının rəhbəri və nümayəndələri, nazirlik və idarələr, ali təhsil müəssisələri, mədəniyyət mərkəzləri, Aşqabad Forumuna qatılan ölkələrin alim və ekspertləri də iştirak ediblər.

 

Noyabrın 30-da Dövlət Mədəniyyət Sarayının Mükəmlər Sarayında “Milli musiqi sənəti dünya xalqlarının irsində” beynəlxalq festival və konfransının təntənəli bağlanışı, diplomların təltif edilməsi və Türkmənistan incəsənət ustalarının konserti keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət” (1.12.2022)

 

Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva noyabrın 29-da ölkəmizdə səfərdə olan Tatarıstan Respublikasının mədəniyyət naziri İrada Ayupova ilə görüşüb.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, görüş zamanı qonağı səmimi salamlayan Sevda Məmmədəliyeva xalqlarımız arasında tarixi bağlılıq, ortaq dəyərlər və mədəni əlaqələrin inkişafı üçün gələcək əməkdaşlıq perspektivlərindən söz açıb.

 

Sevda Məmmədəliyeva 2022-ci ilin 28-29 noyabr tarixlərində Tatarıstanın Qabdulla Karieva adına Gənc Tamaşaçılar Teatrı tərəfindən Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında Nizami Gəncəvinin Leyli və Məcnun poeması əsasında tamaşanın nümayişi üçün qarşı tərəfə təşəkkürünü bildirib və bu səhnə əsərinin tamaşaçılar tərəfindən rəğbətlə qarşılanacağına əminliyini ifadə edib.

 

Azərbaycanda təhsil almış nazir İrada Ayupova, uzun müddətdən sonra Azərbaycana səfəri və Bakı şəhərinin yüksək surətlə inkişafı ilə bağlı xoş təəssüratlarını bölüşüb, eyni zamanda Azərbaycanda tarixən çoxsaylı zəngin mədəni tədbirlərin keçirilməsi ənənəsinin bu gün də davam etdiyinin şahidi olduğunu bildirib.

 

Söhbət zamanı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi, türk xalqlarını birləşdirən birgə layihələrin həyata keçirilməsi və mühüm əhəmiyyətli tədbirlərdə qarşılıqlı iştirakın önəmi vurğulanıb.

 

Nazir cari ilin 4-9 dekabr tarixlərində Tatarıstanın Kazan şəhərində UNESCO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” 1972-ci ilin Konvensiyasının 50 illiyinə həsr olunan beynəlxalq forumun keçiriləcəyini diqqətə çatdırıb və Nazirliyin rəsmilərini bu forumda iştiraka dəvət edib. O, həmçinin, Tatarıstanda keçirlən teatr, folklor, ənənəvi uşaq oyun  festivalları, o cümlədən, türk irsi ənənələrinə və onların təbliğinə yönəlmiş beynəlxalq tədbirlər haqqında məlumat verib. Bununla yanaşı, elm sahəsində əməkdaşlığın dərinləşdirilməsinə üstünlük verilməsi, xüsusilə, gənclər arasında elm sahəsində əməkdaşlığın qurulması, Tatarıstanda türk xalqlarının tarixi üzrə uşaqlar arasında olimpiadanın keçirilməsi və bu tədbirlərdə Azərbaycan tərəfinin iştirakının önəmini vurğulayıb.

 

Görüşdə Azərbaycanda və Tatarıstanda türk xalqlarına aid çoxlu sayda qədim əlyazmaların mövcud olduğu bildirilib, bu əlyazmaların araşdırılıb oxunulması üçün süni intellekt əsaslı texnologiya sahəsində birgə əməkdaşlığın zəruriliyi qeyd edilib.

 

Görüş zamanı 2023-cü ilin üçün Şuşa şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsi, habelə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar ölkədə təşkili nəzərdə tutulan tədbirlərdə birgə əməkdaşlıq barədə məlumat mübadiləsi aparılıb. Görüşün sonunda növbəti ildə qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, və bu əlamətdar günlər çərçivəsində festivallarda iştirak, birgə kino günlərinin təşkili, o cümlədən, mədəniyyət sahəsi ilə bağlı gənclər forumunun keçirilməsi müzakirə olunub.

 

“Ədəbiyyat və incəsənət” (1.12.2022)

 

Noyabrın 29–dan dekabrın 5–dək Moskva şəhərində MDB ölkələrinin 4–cü Beynəlxalq “Moskva premyerası” kino festivalı keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının məlumatına əsasən xəbər verir ki, Kinematoqrafçılar İttifaqının üzvü, tanınmış kinoşünas və rejissor Ayaz Salayev bu forumun keçirdiyi 4–cü kino festivalında münsiflər heyətinin üzvü qismində iştirak edəcək.

Qeyd edək ki, bu festivalın tarixi 2003–cü ildən başlayır və ilk prezidenti SSRİ Xalq artisti Aleksey Batalov olub. 2019–cu ildən festival MDB dövlətlərinin Beynəlxalq Humanitar Əməkdaşlıq Fondu ilə əməkdaşlıq zəminində bir kinoforum olaraq beynəlxalq status qazanıb.

 

Polşa-Azərbaycan dostluq münasibətlərinin inkişafına töhfə olaraq “Azərbaycan-Polşa nağılları” adlı kitab nəşr edilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-ın xüsusi müxbirinə istinadən xəbər verir ki, kitab Polşa-Azərbaycan dostluq əlaqələrinin 550 illiyi, diplomatik münasibətlərin 30 illiyinə həsr olunan “Polşa ilə Azərbaycan arasında mədəni körpü” layihəsi çərçivəsində çap edilib. Polşa Azərbaycanlıları Şurasının təşəbbüsü və dəstəyi ilə həyata keçirilən layihənin Azərbaycanda tərəfdaşı “Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi” İctimai Birliyidir. 

Kitabda Azərbaycan-Polşa diplomatik münasibətlərinin 30 illiyi münasibətilə 30 nağıl toplanıb. Belə ki, 15 Azərbaycan nağılı polyak dilinə, 15 Polşa nağılı isə Azərbaycan dilinə tərcümə edilib. “Apostrof-A” nəşriyyatında çap olunan kitabın tərcüməçisi Vrotslav Universitetinin müəllimi, fəlsəfə elmləri doktoru İlahə Kərimovadır. 

Kitab Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərli tərəfindən Polşanın 20-ə yaxın dövlət kitabxanasına hədiyyə olaraq paylanılıb. Həmçinin kitab Azərbaycan diasporu adından Polşada uşaq evlərinə, məktəblərə və uşaq bağçalarına da ödənişsiz şəkildə təqdim edilib. 

Xatırladaq ki, Zəfər Günü ərəfəsində “Azərbaycan-Polşa nağılları” kitabının Varşavada da təqdimatı keçirilib.

 

“Ədəbiyyat və incəsənət” (1.12.2022)

Cümə axşamı, 01 Dekabr 2022 12:00

Qadın ağlamaqçün yaranmayıbdı...

 

Redaksiyanın poçtundaAzərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü Kənan Aydınoğlunun iki şeiri var. Hər iki şeir qadınlar barədədir.  Şeirləri diqqətinizə çatdırırıq.

 

 

Qadının özünə minnətdaram mən!

 

 

“Mənim həyatımın nə mənası var,

Sizin üzünüzdə gülüş olmasa”.

 

Xalq şairi Nəriman Həsənzadə

 

 

İnsanın özündən xəbərsiz, inan,

Narahat duyğular bu gün də yatmır.

Duyub yaşadıqca ömrün gününü,

Bəzən görürsən ki, nəyinsə çatmır.

 

Sonradan keçdikcə ömürdən günlər,

İlk görüş, ilk gülüş yadına düşür.

Sən demə, bu ömrün ən çətin günü,

Gəlib bu dünyada qadına düşür.

 

Duyulsa, uzaqdan nəfəsi yenə,

Bu dünya qayğıya bürünəcəkdi.

Könlünü almaqçün dağların özü,

Qadın arxasınca sürünəcəkdi.

 

Axı çox həssasdı bütün varlığı,

Dünəni, bu günü qoruyur bütün.

Qadının özünə minnətdaram mən,

Belə həssas qəlbli olduğu üçün.

 

 

Qadın ağlamaqçün yaranmayıbdı...

 

Soykökə bağlılıq, yurda bağlılıq,-

Qəhrəman bir yurdun canında olmuş.

At çapan Koroğlu dəlilərinin,

Sapandı, qılıncı yanında olmuş.

 

Əsrlər boyunca ər meydanında,

Fərhadtək qayanı bir ana yarmış.

Yaxşı ki, bir xalqa xidmət göstərən,

Cəsur bir diyarda qadınlar varmış.

 

Ömrün sınağından üzü ağ çıxmış,

Min igid gözündə darda da belə.

Yaşınıb, utanıb, çəkinməmişdi,

Boranda, şaxtada, qarda da belə.

 

Şairlər bir yurddan geri qayıtmaz,

Qadının hüsnündən ilham almamış.

Nigar da, Həcər də qəhrəmanlıqda,

Koroğlu, Babəkdən geri qalmamış.

 

Qəlbi ovsunlayan siyah telləri,

Kim sənə dedi ki, daranmayıbdı?!

Üzündə sevinci görəndə bildim,

Qadın ağlamaqçün yaranmayıbdı…

 

“Ədəbiyyat və incəsənət” (1.12.2022)

 

 

Cümə axşamı, 01 Dekabr 2022 10:30

Kino hara, teatr hara?

“Ədəbiyyat  və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir.

 

MİRZƏAĞA ƏLİYEV

(1883-1954)

 

***

Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının motivləri əsasında çəkilən üç filmdən ikisində rol almışam. İlk dəfə 1916-ci ildə çəkilən “Arşın mal alan” filmində Süleyman obrazını yaratdım. Səssiz film idi. Rejissor Boris Svetlov çəkmişdi. Nümayiş zamanı canlı musiqi parçalarından istifadə olunurdu. Amma film Üzeyir bəyin xoşuna gəlmədi. İlk nümayişdən bir neçə gün sonra Quba meydanında üz-üzə gəldik. Hal-əhval tutduqdan sonra Üzeyir bəy başını bulayıb dedi:

– Mirzəağa, artislər əllərindən gələni ediblər. Sənin Süleymanına, Hüseynqulu Sarabskinin Əsgərinə, Əhməd Ağdamskinin Gülçöhrəsinə söz ola bilməz. Ancaq mənim istədiyim bu deyildi.

– Bəy, bəs nədən narazı qaldın? Kimin oyunu sənin xoşuna gəlmədi? Ürəyincə olmayan nədir, Üzeyir bəy?

– Bilirsən, Mirzəağa, “Arşın mal alan”ı teatrda da oynayırlar. Özü də demək olar ki, kinoda oynayan artistlərin əksəriyyəti oynayır, əgər kinonu o teatrdan yaxşı alındıra bilməyəcəyiksə, bu, bizə başucalığı gətirməz. Məncə, nümayişi dayandırmaq lazımdır.

Elə də oldu. Ertəsi gün Üzeyir bəyin təkidi ilə, filmin nümayişini dayandırdılar.       

 

 

  “Ədəbiyyat və incəsənət” (1.12.2022)

 

 

Cümə axşamı, 01 Dekabr 2022 17:00

Dövlət Akademik Filarmoniyasının dekabr repertuarı

 

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası dekabr ayı üçün tədbirlər planını açıqlayıb.

 

2 dekabr - Xalq artisti, dirijor Rauf Abdullayevin 85 illiyinə həsr olunmuş yubiley gecəsi. (Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri)

5 dekabr – Xalq artisti, tarzən Əhməd Bakıxanovun 130 illiyinə həsr olunmuş konsert. (Azərbaycan Televiziya və Radiosunun Əhməd Bakıxanov adına xalq çalğı alətləri ansamblı)

6 dekabr - Braziliya Müstəqilliyinin 200 illiyinə həsr olunmuş I Braziliya Klassik Musiqi Festivalı çərçivəsində konsert. (Azərbaycan Dövlət Simli Kvarteti, Azərbaycan Dövlət Fortepiano Triosu)

9 dekabr - SSRİ Xalq artisti, dirijor, bəstəkar Niyazinin 110 illiyinə həsr olunmuş yubiley gecəsi. (Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri)

17 dekabr – Braziliyanın Müstəqilliyinin 200 illiyinə həsr olunmuş I Braziliya Klassik Musiqi Festivalı çərçivəsində konsert. (Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri)

20 dekabr -“Yeni adlar” layihəsi çərçivəsində konsert. (Azərbaycan Dövlət Xalq Çalğı Alətləri)

22 dekabr - Xalq artisti, bəstəkar Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş konsert. (Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri və R.Hacıyev adına 15 nömrəli Uşaq Musiqi Məktəbi)

23 dekabr - Xalq artisti Fərhad Bədəlbəylinin 75 illiyinə həsr olunmuş yubiley gecəsi. (Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri)

24 dekabr - Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestrin 30 illiyinə həsr olunmuş konsert. 

26 dekabr - “Milli musiqi alətlərimiz milli sərvətimizdir” adlı konsert. (Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri)

27 dekabr - Xalq artisti, bəstəkar Rauf Hacıyevin 100 illiyinə həsr olunmuş konsert. (Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri)

28 dekabr - Əməkdar müəllim, professor Hökümə Əliyevanın tələbələrinin konserti. (Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri)

29 dekabr - “Yeni adlar” layihəsi çərçivəsində konsert. (Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri)

 

“Ədəbiyyat və incəsənət” (1.12.2022)

Cümə axşamı, 01 Dekabr 2022 10:00

“Rast” filmi Niyazinin 110 illiyinə töhfədir

 

Azərbaycan Televiziyası daha bir mükəmməl işə imza atıb. Beynəlxalq Muğam Mərkəzində bu televiziya tərəfindən çəkilən “Rast” filminin təqdimatı keçirilib. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, film dünyaşöhrətli dirijor, bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Niyazinin 110 illiyinə həsr olunub.

 

Tədbirdə Azərbaycan Milli Konservatoriyasının prorektoru, professor Lalə Hüseynova bildirib ki, hələ 1967-ci ildə lentə alınan “Şur” televiziya filmi (rejissor Arif Qazıyev) muğam və xalq mahnılarımızın rəngarəngliyini ortaya qoymuşdu. “Rast” filmi də bu ideya əsasında çəkilib: “110 illiyi ilə bağlı böyük maestronu yad etmək bizim borcumuzdur. Niyazi nəinki böyük dirijor, həm də təbliğatçı və maarifçi idi. Biz bu ənənələri qoruyaraq muğam sənətimizi musiqimizi gələcək nəsillərə çatdırmağa xidmət edən layihələri alqışlayırıq”.

Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə, Xalq artisti Sərdar Fərəcov və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında elmi tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nuridə İsmayılzadə çıxışlarında “Rast” filminin muğamlarımızın geniş kütlə arasında tanınmasına vəsilə olacağını vurğulayıblar.

Qeyd edilib ki, Azərbaycan muğamı özünün qızıl dövrünü yaşayır. “Rast” muğamının musiqi sənətimizdəki yeri haqqında bəhs edən natiqlər filmin ərsəyə gəlməsində zəhməti olanlara təbriklərini çatdırdılar.

Çıxışlardan sonra film nümayiş olunub. Niyazinin “Rast” simfonik muğamı səslənən filmdə Xalq artistləri Ramiz Quliyev (tar), Şəfiqə Eyvazova (kamança), Alim Qasımov, Mənsum İbrahimov, Nəzakət Teymurova, Aygün Bayramova və Əməkdar incəsənət xadimi Aqil Məlikovun (xanəndələr) ifaları lentə alınıb. Xanəndələri Azərbaycan Televiziya və Radiosunun Niyazi adına Simfonik orkestri və Əhsən Dadaşov adına “Xatirə” xalq çalğı alətləri ansamblı müşayiət edir.

Filmin ideya müəllifi görkəmli tarzən, Xalq artisti Ramiz Quliyev, quruluşçu rejissoru Elnur Məmmədov, rejissoru Natiq Novruzov, musiqi redaktoru Əməkdar incəsənət xadimi Çingiz Abbasovdur.

 

“Ədəbiyyat və incəsənət” (1.12.2022)

 

Londonda keçirilən "Golden Time Talent 2022" Beynəlxalq Opera ifaçılarının vokal müsabiqəsində azərbaycanlı vokal ifaçısı Urfan Cəfərov növbəti uğura imza atıb. 

 

“Ədəbiyyat və incəsənət” portalı Urfanın mediaya açıqlamasına istinadən xəbər verir ki, o, dünyanın 18 ölkəsi arasında UNESCO-nun Prezidenti olmaqla, 53 unikal tərkibli münsiflər heyətinin rəyi ilə Qran-Pri qazanaraq “Qızıl səs” adına layiq görülüb. 

U.Cəfərov bu il həmçinin Amerikanın Nyu-York şəhərində keçirilən "American Protege International Vocal Competition 2022" adlı opera ifaçılarının beynəlxalq vokal müsabiqəsində də 21 ölkə iştirakçısı arasında birinci olub.

Qeyd edək ki, Urfan Cəfərov Xalq artisti, dünyaşöhrətli opera müğənnisi Xuraman Qasımovanın tələbəsi olub və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunudur.

 

“Ədəbiyyat və incəsənət” (1.12.2022)

Professor  Ramazan Siracoğlu xüsusi olaraq “Ədəbiyyat və incəsənət” üçün yazır

 

Gah bir hərf qüsuruyla edər "nadir"i "nar",

Gah bir nöqtə süqutuyla "göz"ü "kor" eylər.

M. Füzuli

 

Hörmətli oxucuların mühakiməsinə təqdim edilən yazının yazılmasına səbəb bu il anadan olmasının səksən illiyi qeyd olunan görkəmli şərqşünas alimimiz, Şərq ədəbiyyatının məşhur bilicisi, klassik və müasir musiqimizə dərindən bələd olan mərhum akademik Vasim müəllim Məmmədəliyevin YouTube kanalından  izlədiyimiz maraqlı söhbəti oldu. Seyid Əzim Şirvani haqqında şövqlə, dərin sayğı ilə bəhs edən Vasim müəllim məşhur əruz ustadı, Qurani-Kərim müfəssiri rəhmətlik Əli Fəhmiyə istanədən bildirir ki, bir dəfə bir şəxs mərhum Əli Fəhmidən xahiş edib ki, S. Ə. Şirvaniyə aid bir rübaini onun üçün açıqlasın. Vasim müəllimin sözlərinə görə, ixtisasca həkim olsa da klassik ədəbiyyatımızı və ərəb dilini yaxşı bilən  Əli Fəhmi təqdim olunan rübainin ikinci misrasını izah etməkdə çətinlik çəkib. Bu yazıda biz Əli Fəhmi kimi dahini düşündürməyə  vadar etmiş çətinliyin  əsl səbəbini açmağa çalışacağıq.

Füzuli ədəbi məktəbinin layiqli nümayəndəsi, görkəmli maarifçi şairimiz Seyid Əzim Şirvaninin 1967-ci ildə Bakıda kitab halında nəşr olunmuş şeirlərinin bəzilərində tərtibçinin gözdən qaçırdığı qüsurlar 2005-ci ildə təkrar nəşrdə də təshih edilməmişdir.  O qüsurlardan biri haqqında olan fikirlərimizi hörmətli oxucularla bölüşmək istəyirik.

 

Ey rədi qılan rübab eşqində kəbab,

Qanunə üsul ilə yetirdin mizrab.

Ta gül yüzə tar zülfüvi saz etdin,

Çəng oldu bu yüzdən neçə yüz xanəxərab.

 (Bax:S. Ə. Şirvani, I c., Bakı, 1967 (2005), s.341)

 

Əruz vəzninin həzəc bəhrində (həzəci-müsəmmən) olan bu rübainin ilk misrasındakı sözün yanlış oxunması rübaini tamamilə mənasız hala gətirmişdir. Həmin misradakı “Ey” nidasından sonra gələn söz “rəd” deyil, “Də’d” şəklində yazılmalıdır. Ərəb əlifbasında “rə’d” - رعد - və “Də’d”- دعد  - yazılış baxımından bir-birinə bənzədiyi üçün tərtibçi mexaniki olaraq onu “rə’d” şəklində oxumuşdur. Görünür, Qurani-Kərimdə “Rə’d” adlı surənin  mövcudluğu (on üçüncü surə)  və həmin surənin “وَيُسَبِّحُالرَّعْدُبِحَمْدِه – Və yusəbbihu’r rə’du bi həmdihi- Və göy gurultusu minnətdarlıqla Onu öyür  sözləri ilə başlaması, hörmətli tərtibçinin diqqətini yayındırmış və o da S. Ə. Şirvaninin haqqında bəhs olunan rübaisinin ilk misrasını yanlış oxumuşdur:

Ey rədi qılan rübab eşqində kəbab.”

Əminliklə söyləmək olar ki, S. Ə. Şirvani “rə’d” yox, “Də’d” yazıb. Məsələ burasındadır ki, Şərq ədəbiyyatında “Də’d və Rübab”- دعد و رباب  - geniş yayılmış məhəbbət dastanı vardır. Ərəb şairi İbn Nədimin məsnəvisində Də’d və Rübab iki gözəl cariyənin adı olsa da Əmir Muizzinin, Fələki Şirvaninin, Nasir Xosrovun və Əfzələddin Xaqaninin təqdimatlarında Də’d gənc bir  oğlan, Rübab isə gözəl bir xanımdır. Ənvəri və Xaqaninin əsərlərini şərh etmiş Məhəmməd bin Davud Şadiabadinin mülahizəsinə görə, Də’d şahzadə oğlan, Rübab isə kəniz bir qız imiş. 

Müxtəlif dövrlərdə yaşamış ədiblərin əsərlərində Də’d və Rübabın eşqini tərənnüm edən qeydlərə təsadüf olunur. Məsələn, Əfzələddin Xaqani bir qəsidəsində belə yazmışdır:

 “Dünyagörmüşdən məsum ürəklinin halını soruşma, ağlamağı burax; Də’d ilə Rübabın nağılını oxuma”—

ازدلعالممپرسحالتصبحدلشبركرعنينمخوانقصهدعدورباب “ (Bax:خاقانی،چاپ اول، تهران، ١٣٣٨، ص.٤١ )

Fələki Şirvani də bir şeirində öz eşqini Də’din  Rübaba olan sevgisinə oxşatmışdır: “Rübabın üzüntüsündən ağlayan Də’d kimi, mən hər an  boş yerə onun sevgisi üzündən köksümdən nalələr çıxarıram”—

هرلحظهخيرهخيره،برآرمزعشقاوازسينهنالهناله،چودعدازغمرباب ( Bax:١٣٢٢، ص.٢٢فلكيشرواني ،كلیات دیوان،تهران،١٣٤٥ )

Məlikşah Səlcuqinin və Sultan Səncərin saray şairi olmuş Əmir Muizzini bir beytində Də’d ilə Rübabın bir-birinə olan dillərədastan sevgisini Orta əsrlərdə yayğın olan başqa bir məhəbbət dastanının qəhrəmanları  “Urva və Əfra”ya bənzətmişdir:

“Dəruni sevgidən söz düşəndə hər zaman Urva və Əfradan, Də’d ilə Rübabdan danışırlar”— هميشهتاكهبهعشقاندرونخبرگويدزحالعروهوعفراوحالدعدورباب

( Bax:معزی، كلیات دیوان، تهران، ١٣٤٥، ص.٤١ )

XIII əsrə aid olan məşhur “Mərzbannamə” əsərində də Də’d və Rübabın əfsanəvi eşqindən söz edilmişdir:

“Bir mütribin qonşusu vardı, onun ifa etdiyi çəngin ahəngini qısqanan Zöhrə ulduzu Rübabın  ayrılığından inləyən Də’d kimi tutqundu”—

خنیاگریهمسایهایداشتکهزهرهسعدازرشکچنگاوچونزهرهدعددرفراقرباببجوشآمد

Nümunələrdən də göründüyü kimi, Şərq ədəbiyyatını mükəmməl bilən S. Ə. Şirvani rübaisində təlmih adlanan bədii ifadə vasitəsi ilə öz oxucularına bir zamanlar dillər əzbəri olmuş eşq dastanını, o dastanın qəhrəmanlarını xatırlatmışdır. Başqa sözlə, haqqında bəhs olunan rübaidə şair musiqi aləti rübabla məsnəvi qəhrəmanı Rübabı eyni anda nəzərdə canlandırmışdır. Yəni, S. Ə. Şirvani öz rübaisində tövriyyə adlanan üsulu uğurla tətbiq edərək söz sənəti yaratmışdır.

Vurğunu olduğu gözəl qız Rübabın həsrəti sevgilisi Də’din bağrını  yandırdığı kimi, sazəndənin də rübabı dilləndirməsi dinləyənləri, musiqini idrak edənləri eyni qaydada mütəəssir edir. Belə nəticəyə gəlmək olar ki, məşhur söz xiridarı mərhum Əli Fəhmini aciz duruma düşürən səbəb kitabdakı şeirin yanlış şəkildə yazılması olub. S. Ə. Şirvaninin haqqında bəhs etdiyimiz rübaisinin birinci misrası “Ey Rə’di qılan Rübab eşqində kəbab” şəklində yazılmalıdır.

Bəlkə də, bu yazılanlar siyasiləşən həyatımızda bəzilərinə çox önəmsiz görünə bilər. Lakin bizcə, klassik irsimizi doğru şəkildə öyrənib gələcək nəsillərə qüsursuz şəkildə çatdırmaq olduqca faydalı işdir və bizim hamımızın vətəndaşlıq borcumuzdur.

 

“Ədəbiyyat və incəsənət” (1.12.2022)

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.