Super User

Super User

Çərşənbə axşamı, 21 Fevral 2023 11:30

Ölkəmizə ən çox MDB ölkələrindən gəlirlər

Ölkəmizə nə qədər turist gəlir? Onlar hansı ölkələri təmsil edirlər? Təbii ki, bu suallar hamımızı maraqlandırır. Gəlin cavablara baxaq. Cari ilin yanvar ayında Azərbaycana dünyanın 131 ölkəsindən 119,1 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. 

 

Dövlət Statistika Komitəsinin məlumatına görə, gələnlərin 33,8 faizi Rusiya Federasiyası, 21,1 faizi Türkiyə, 9,3 faizi İran, 5,6 faizi Gürcüstan, 3,4 faizi Hindistan, 3,2 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,7 faizi Pakistan, 2,1 faizi Küveyt, hər birindən 1,8 faiz olmaqla Səudiyyə Ərəbistanı və Qazaxıstan, 1,5 faizi Ukrayna, hər birindən 1,2 faiz olmaqla Özbəkistan, Türkmənistan və Belarus, 10,1 faizi digər ölkələrin vətəndaşları olmuşdur. 

Gələnlərin 77,7 faizini kişilər, 22,3 faizini qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Pakistandan gələnlərin sayı 9,9 dəfə, Hindistandan - 8,6 dəfə, Türkmənistandan - 5,0 dəfə, Özbəkistandan - 5,0 dəfə, Belarusdan - 3,6 dəfə, Çindən - 3,1 dəfə, Qazaxıstandan - 3,0 dəfə, Küveytdən - 2,9 dəfə, Omandan - 2,2 dəfə, İsraildən - 2,1 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən - 1,9 dəfə, Gürcüstandan - 1,6 dəfə, ABŞ-dan - 1,6 dəfə, Rusiya Federasiyasından - 1,5 dəfə, Böyük Britaniyadan - 47,6 faiz, Türkiyədən - 40,7 faiz, Ukraynadan - 19,8 faiz, İrandan - 15,6 faiz artıb.

2022-ci ilin yanvar ayı ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 1,6 dəfə artaraq 49,0 min, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,6 dəfə artaraq 4,3 min, körfəz ölkələrindən gələnlərin sayı 29,3 faiz artaraq 21,3 min nəfər olub.

Bəli, avropalıların da gəlişi yaxşı haldır.

 

“Ədəbiyyat və incəsənət”

(21.02.2023)

Çərşənbə axşamı, 21 Fevral 2023 11:15

Gürcüstanda bizim Uşaq Teatrımız fəaliyyət göstərir

AzərTAC-ın yaydığı bu xəbər bizi hədsiz maraqlandırdı. Nə yaxşı ki, Gürcüstanda dilimiz, mədəniyyətimiz qorunmaqdadır.

Gürcüstanın Qardabani rayonunda fəaliyyət göstərən “Beez Uşaq Teatrı”nın hazırladığı yeni “Qarınqulu ayı balası” tamaşasının premyerası olub. Əsərin müəllifi Vüqar Haqverdiyevdir.

 

Teatrın quruluşçu rejissoru və bədii rəhbəri Binəli İslamoğlu agentliyə deyib ki, teatrın əsas məqsədi uşaqların asudə vaxtlarını səmərəli keçirmələrinə, ədəbiyyata, incəsənətə, mədəniyyətə marağını artırmaq, eləcə də yaşadıqları regionun inteqrasiyasına köməklik göstərməkdir: “Əsərin başlıca ideyası heyvanların dili ilə sevimli uşaqlara düz danışmağı, dostluğu təbliğ etmək, eləcə də əyləncəli şəkildə balacalarda həkimə, iynəyə qarşı qorxu hissini götürməkdir”. 

Tamaşanın premyerasında Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, Qardabani bələdiyyəsinin üzvləri, valideynlər iştirak ediblər.

Tamaşada əsas rolları teatrın kiçik aktyorları Nuri Qurbanov, Rəhimə Əliyeva, Seymur Muradov, Zəhra Akif, Nuray Əhmədova, İslam Akif, Rabia Əhmədova, Nazlı Əliyeva və Elina İsayeva canlandırıblar. 

Binəli İslamoğlunun sözlərinə görə, sözügedən tamaşa yaxın zamanlarda bölgələrdə də nümayiş etdiriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(21.02.2023)

Professor Əlibala Məhərrəmzadə “Ev tapşırığı: Uğur düsturunu tapacağıq”  layihəsini sizlərə təqdim edir

 

Əslində, uğur formulu ümumi olduğu qədər də spesifikdir, yəni bir xalq üçün lazım olan uğur qazanmaq keyfiyyətləri başqa bir xalq üçün aparıcı olmaya da bilər. Məsələn, Azərbaycanda (ümumən Şərqdə) uğur formulasında mental qayda-qanunlara, davranış tərzinə istinadı, möhkəm ailə faktorunun, nümunəvi tərbiyənin rolunun hegemonluğunu, milli kökə və dini mənsubiyyətə bağlılıq faktorunu spesifikliyə aid edə bilərik.

Mən öz şəxsi təcrübəm, eləcə də illərdir ki, davam edən müşahidələrim nəticəsində uğurun qazanılmasında aşağıdakı parametrləri xüsusi olaraq qabardardım:

 

13) Planlaşdırılmış həyat yaşamaq.

Uğur qazanmanın daha bir parametrinin planlaşdırılmış, qayda-qanuna tabe bir həyatın olduğunu zənn edirəm. Məncə, kortəbii, biz azərbaycanlıların  təbirincə desək, «harda qırıldı, qırıldı» devizi ilə yaşanan, zərurətlərə deyil, daha çox təsadüflərə hesablanmış həyatda uğur qazanmaq qeyri-mümkündür.

Həyatınızı lokal (gündəlik rejim) və qlobal (nail olmaq istədiyiniz mərtəbə) şəklində planlaşdırıb dəqiq xətt üzrə hərəkət edin. Yuxudan durma, qidalanma, iş və istirahət vaxtları – hamısının dəqiq vaxtı bəlli olunsa yaxşıdır. Təhsil alırsınızsa hansı sahədə çalışıb hansı mərtəbəyə yüksələcəyinizi, işləyirsinizsə dünyada hansı izləri qoymaq istədiyinizi, kimlərlə eyni mərtəbədə dayanmaq istəyinizi özlüyünüzdə planlaşdırmağınız yalnız sizə fayda verə bilər. Planlaşdırılmış həyatda təsadüfi nəsnələr, süni əngəllər, bağlı şlaqbaumlar az olur, xaotik, kortəbii həyatda isə addımbaşı gözlənilməzliklərlə, anlaşılmaz situasiyalarla üzbəüz qalmalı olursan.

Uğurunuza doğru planlı şəkildə irəliləyin, dostlar.

 

“Ədəbiyyat və incəsənət”

(21.02. 2023)

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elmi-metodika şöbəsi tərəfindən yazıçı, dramaturq, tənqidçi, ədəbiyyatşünas, Xalq yazıçısı Elçin Əfəndiyevin 80 illik yubileyi münasibətilə hazırlanan “Müqəddəs söz-sənət ocağının nurlu varisi – Elçin Əfəndiyev” adlı metodik vəsait virtual rejimdə istifadəçilərə təqdim edilib.

 

Kitabxananın məlumatına görə, vəsaitin əvvəlində yazıçının həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilib. Vəsaitin ikinci hissəsində isə metodik köməklik məqsədilə yubilyarla bağlı kitabxanalarda, orta və ali təhsil müəssisələrində keçirilə biləcək tədbirlərin planı təqdim edilib.

Təqdim edilən vəsait kitabxanaçılar, metodistlər, müəllimlər, tələbələr ümumilikdə bütün istifadəçilər üçün nəzərdə tutulub. Vəsaitin sonunda Respublika Uşaq Kitabxanasının fondu əsasında hazırlanmış yazıçının öz əsərlərindən və onun haqqında yazılan kitablardan ibarət ədəbiyyat siyahısı təqdim edilir.

 

“Ədəbiyyat və incəsənət”

(21.02.2023)

“Ədəbiyyat və incəsənət” portalının sevilən “Güneydən gələn səslər” rubrikasında portalımızın Güney Azərbaycan təmsilçiləri Əli Çağla və Vida Heşməti oxucularımızı güneyli yazarlarımızla hər həftə tanış edirlər. Bu dəfə sizlərə Məhsa Əbdüləlizadənin hekayəsi təqdim edilir.

 

Məhsa Əbdüləlizadə 1990-cı ildə Xiyov şəhərində anadan olmuşdur. 2011-ci ildən ədəbiyyata maraq göstərmiş və “Paysız Yalqız” təxəllüsü ilə şeir və hekayə sahəsində fəaliyyət etmişdir. Məhsanın yaradıcılığı 20-dən 23 yaşına qədər olmuşdur. O, 2016-cı ildə gənc ədəbiyyatşünas və etimoloq kimi tanınan Şahin bəy Muradi ilə ailə qurmuşdur. Amma 2018-ci ilin payız fəslində ömrünü xəzana çəkib, beyin infarktı səbəbindən altı ay xəstə olduqdan sonra, nəhayət 27 fevral, 2019-cu ildə dünyasını dəyişmişdir. Məzarına nur dolsun.

 

 

 

 

 

Yenə səslərini başlarına atıblar. Heç gecə-gündüz də düşünmürlər. Beynimi kazarma edib hər an parad getməkləri əsəblərimi qarışdırır. Səsləri anamla atamın savaşdıqlarını anımsadır. Sanıram atam yenə patı çəkib anamın canını əlinə alıbdır. Kölgəsi artıq qısalmış, gözyaşı otağımın divarına hopur. Kölgənin anam olduğunu, atamın şilləsini, saçının otağımda tapılmasından sezirəm. Atamdan sonra kimsə onu belə vura bilməzdi. Anamın səsi divarların arasından gəlir, düşünürəm.

 

Kölgələr otağımdakı divarlarda savaşanda, heç görmədiyim sinemada oturub, sonu yox bir filmə baxıram sanki. Yaxınlaşdıqca yerimin içində sıxılıb, uşaqlıqda həsrətində qaldığım qırmızı neylon topa oxşayıram.

 

Kölgələr savaşırdılar. Əsəblərim bir-birilərini bıçaqlayırdılar. Anamın qarnından damcılayan qan, alnımın ortasına sıçrayır. Diksinib atamın əlindən bıçağı alıram. Eləyə bildiyim qədər çığırıb divara sarı yürüyürəm.

 

Anam divara sərilir. Divarı qucaqlayıb uca səslə ağlayıram. Əllərimi anamın qarnında gəzdirdiyimdə qarnımın içi gicişir. Bıçaqla qarnımı qurdalayıb içimdəkiləri tökməyim gəlir. Əlim bıçağa sarı getdikdə kölgəsinin divara əsməsini duyuram. Əlimi kəpənək edib kölgəsi ilə oynamağım gəlir.

 

Patı çəkənlər adamları olduqları kimi görmürlər. Dünən tərəvəz arıtladığımda qəzetdəki titri zığ bürümüşdü. Əlimlə təmizləyib oxumuşdum. "Bir kişi 12 yaşlı uşağını meymun gördüyünə başını kəsdi!"

 

Anamın kölgəsinin qıçından yapışıb, son gücümlə silkələyirəm. Boyumun qıssa olduğundan gözlərinə baxa bilmirəm.

 

Otağın guşəsindəki çarpayını gətirib üstünə çıxıram. Özümü onun gözlərinə soxuram. İllər boyu ürəyimə yığdığım sözləri deməyim gəlir. Əlindəki qanlı bıçağın kölgəsindən qorxub, "Səndən zəhləm gedir" - deyə bilmirəm.

 

Baş barmağımı gözünə soxub, çıxardır. "İndi de görüm məni nə cür görürsən?" Çığırıram. Səsim otağıma yayılır. Səsim təzə yetkinlik yaşında olan oğlanların səsinə oxşayır. Səsimdən qorxub pişik kimi divarı cırmaqlayıram. Çarpayıdan yerə axınıram. Alt köynəyim masanın qırağına ilişib cırılmağının səsi qulağıma dolur.

 

Atam iki-üç il öncə çarpayının üstünə çıxıb, zirzəmidə özünü asmışdı. Anam yeralma-soğan gətirməyə ora getməsəydi, indi neçə kəfən çürütmüşdü. Çığırmağını eşitdiyimdə "Yəqin yenə siçan ya pişik ölüsü görüb ha..." - deyib, zirzəmiyə qaçdım. Atamın üz-gözü göyərmiş, zirzəminin ortasında böyürü üstdə qalmışdı. Boğazında kəndirin izini gördüyümdə, bir an xəfələnib, örtüyümün düyününü boşaltdım. Anam məni görcək üz-gözünü didib "Yeri qonşulara hay sal, yox ey, əminə zəng vur" - deyib, yaşı min yerdən tökürdü. “Bu kişi hər kim olsa da, uşaqlarımın atasıdır” - deyə ömür boyu yaşayırdı. Qırmızı kəndir ilan kimi atamın gövdəsinə yayılmışdı...

 

Əlimi arxama uzadıb, köynəyimin harası cırıldığını axtarıram. Kürəyim göynəyir. Baş barmağımda bir damcılıq qan izi qalır. Divardakı kölgələrin filmi bitmiş kimi, səslərin freskanı azalmışdı.

 

Atamın sələmçidən pul götürdüyü gündən hər nə başlamışdı. Borclular həyətin ortasında yaxasından yapışıb, pullarını istəyirdilər.

 

Bizə xor baxanda cınqırını çıxarda bilmirdi. Nənə-bacı yamanını eşidəndə, həyətə çıxıb abırını tökməyim gəlirdi. Oyuncaq kimi qucaqdan qucağa atılırdım demək. Sanırdım uşaqlıq etmədən, boy atıram. Uşaqlara qoşulmağım gəlmirdi artıq. Gözümün qabağında onların oynadıqları oyunların anlamını unudurdum.

 

Ayın işığı otağın ortasında, sanki LED çırağı yanırdı. Bacım yuxudan durmasın deyə çarpayını yavaşca yerinə qaytarıram. Dil-dodağım quruyub. Otaqdan çıxıram. Yavaşca otağa gedirəm. Soyuducunun qapısını açdığımda sarı işıq ayağımın altından otağın divarına sarı süzüb bacımın sifətində dayanır. Dodağının üstündəki qara xala dalıram. Sanki anamın başını kəsib onun sinəsinə qoyubdurlar. Üzdə qara saçını darayıb hörüyümdə hıçqırığımı udub gizlədirəm. Haçansa "Yenə ağlayırsan" - sorğusunu soruşanda bir cavab tapa bilmirdim.

 

Soyuducunun içindəki düzülmüş araqların qoxusu burnumu gicişdirir. Qonşuların anama "Bu kişidən sənə bir şey aid olmaz, boşan, çıx get" - söz yadıma düşür. Xəyal quşum ərik ağacımızın budağında oturub mən ilə bacımın hovuzun başında ağladığımıza baxır. Anam çadrasını başına atır. Qolumdan yapışır. Həyətdən eşiyə çıxırıq. Seyid Əmi küçədə anamın qabağını alıb onu danlayır. Danışarkən əlini oynadanda təsbehinin səsi qulağıma dolur. Özü öldükdən sonra təsbehi arvadının əlindən düşmür. Yekə muncuqlu göy rəngli təsbehdir. Anam evlərini təmizləyəndə gizlicə götürüb baxmışdım. Muncuqların üstünə Allah, Məhəmməd yazılmışdı. Arvad deyirdi qayın atam bunu Kərbəladan gətirmişdi. Qurban olduqlarım qəbirlərinə sürtülüb deyəndə küçənin arvadları təsbehi gözlərinə Qoyub öpürdülər. Böyük nənəm gilə yetişənədək anam dodağının altında danışırdı. "Biqeyrət kişi, təkcə arvad almağın qalmışdı." Eşitdiyim sözlərin anlamını düşünmədən yaşımı gizlətmək üçün dostlarımdan ayrılıram. Atamın hər günki işi idi. Ayın başı gəlmədən anamın gözünün altında badımcan əkib onun aylığını verirdi. Dırnaqlarımı anamın yayın istisində düzəltdiyi sarıkök bəstəsi kimi dərmədən yeyirdim.

 

Dayılarım onu arvadı ilə gördüklərini anama deyən gündən evdən eşiyə çıxa bilmədim. Dostlarımın məktəbdən gələndə səslərini küçədən eşidirəm. Eşiyə çıxa bilmədiyimə dişlərim bir-birinə sürtülürdü. Daha ən yaxın yoldaşım atamın hər günki cibimdən oğurladığım siqara və böyük anam düzəltdiyi taxta matışqası olmuşdu. Səhər bacımı qabağıma qoyub eyvanda darıxmalarımı onunla paylaşırdım. Ağlayarkən dodağım əsəndə Səhər ovunurdu. Güləndə təzə çıxmış iki dişi görsənirdi. Yatağından tutub "Dovşanımsan" - deyirdim. Anam evdə olmayanda daha çıxıb məktəbdən gülə-gülə gəldiyimiz yola donuxub bir bucağa sıxılıram. Siqaraya qullab vurub, atam kimi hər nəyə xəyalsız olmaq istəyirdim.

 

Siqara çəkdiyim gündən anam ilə də ara açırdım. Qorxurdum məni qucaqlayıb üzümdən öpəndə siqaranın qoxusunu paltarımdan duysun. Həyətimizdə əkdiyim qızılgüllərini yeyirdim. Evdə az danışırdım.

 

Soyuducunun içindən su parçını götürüb nənəliyimin vasvası olduğunu vecimə almadan başıma çəkirəm. Hər gün həyətdən tualetin kafelinədək təmizləyir. Atam evə gələndə həyətdəki hamama saldırmayınca evə qoymur. Suyun soyuqluğu beynimdəkiləri doldurub məni sitildədir. Nənəliyimin yuxu davaları ərinin araq şüşələri kimi soyuducuda sıralanmışdı. Əlimi uzadıb birini götürürəm. Minlər fikir beynimə gəlir, gedir. Anamın kölgəsi aşpazxananı canına çəkir.

 

Qabaqlar qonşumuzun qızı bu davalardan qaçmaq üçün, özünü damdan atıb öldürmüşdü. Yazıq atası zorla ərə vermək istəyirdi. Nənəsi hamıya "Qızımı ərim öldürdü. Yoxsa on beş yaşında bir qız nə bilir özünü öldürmək yəni nə?" - deyirdi.

 

Anam bu sözü eşitdiyi gündən tualetə də gedəndə bizim arxamızca gəlirdi.

 

Davanı o qədər əlimdə sıxmışdım, ovcumdakı tər muncuq kimi üstündə qalmışdı. Onu yerinə qaytarıb otağa qayıdıram. Atamla arvadının üst qatdan gülüşmələrinin səsi qabaqkı evimizin tavanı kimi başıma yağır. Köhnə yaralarım göynəyir. Anamın bir dəfə əri ilə ürəkdən gülmə səsi arzusunda qaldığı yadıma düşür. Dişlərimin qıcıldamasından tüküm biz-biz durur. Sanıram atam yenə patı çəkibdir. Nənəliyimin gülməsinin səsi daha ucalır. Divarların dörd bir yandan gövdəmi sıxmasını hiss edirəm.

 

Addımlarımı otağa sarı atıb qapının astanasından Səhərə baxıram. Üstü açıq qalmış yerinin içində neylon toplara oxşayır! Yuxu davalarını atmaq fikri gözlərimdən axan yaş kimi beynimə axır. Atamla arvadının səsi ilan kimi içimə süzülürlər. Fısıltılı səsi ürəyimi sancır. Ağ mələfəni Səhərin üstünə çəkdiyimdə sanki ölü birisinin üstünü çəkdim. Üşüyürdüm. Yuxum gəlmədən yatmaq istəyirdim. Səhəri qucaqlayıb öpmədən sarı işığın yolunu tutub gəldiyim yolu geri qayıdıram...

 

 

 

Qeyd: Orfoqrafiyaya toxunulmamışdır.

 

 

 

“Ədəbiyyat və incəsənət”

 

(21.02.2023)

 

 

 

 

 

 

 

 

 

 

 

 

Çərşənbə axşamı, 21 Fevral 2023 10:15

“Mən xoşbəxtəm ki, anlamağa qadirəm” - Rəsul Rza

“Oğlum! İnsan anlamağa qadirdisə, heç bir məhrumiyyət, çətinlik, zərbə onu sarsıda bilməz. Mən xoşbəxtəm ki, anlamağa qadirəm. Bu söz sənə özündən dəm vurmaq, «özünü bəyənən ağam vay!» qəbilindən gəlməsin. Mən söz gəzdirənlərin nə üçün belə etdiklərini anlamasaydım, qəzəblərinə səbəb olan nədir bilməsəydim,  bəlkə də məyus olar, ruhdan düşərdim. Bütün bunların şah səbəbini aydın-aşkar gördüyüm üçün, anladığım üçün bu hadisələr(əgər bunları hadisə adlandırmaq olsa) məndə bir təbəssümdən, bəlkə də təəsüfdən başqa bir şeyə səbəb olmur. Yeni yaradıcılıq səfərinə, yeni mübarizələrə özümdə hər zaman olduğundan artıq qüvvət hiss edirəm.  Həyat belədir, oğlum, gün çıxır, göy buludlanır, yaz olur, qış olur. İnsanın ən böyük ləyaqəti ondadır ki, bütün bu istilər, soyuqlar, işıqlar, qaranlıqlar içində yolunu İnsan kimi keçsin..."

(Rəsul Rzanın Anara məktubundan...)

 

“Ədəbiyyat və incəsənət”

(21.02.2023)

Fevralın 20-də Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev “Heydər Əliyev İli”nə həsr olunmuş XIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları ilə görüşüb. Görüşdə deputatlar Emin Hacıyev, Jalə Əhmədova, Ramil Həsən və Könül Nurullayeva iştirak ediblər.

 

“Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən xəbər verir ki, tədbir iştirakçılarını Azərbaycan parlamentində görməkdən məmnunluğunu bildirən Adil Əliyev onlara Milli Məclisin sədri Sahibə Qafarovanın salamlarını çatdırıb. O, Beynəlxalq Multikulturalizm Qış Məktəbi çərçivəsində qonaqların Azərbaycanın multikulturalizm ənənələri ilə yaxından tanış olacağını qeyd edərək, onlara Azərbaycanda həyata keçirilən gənclər və idman siyasəti haqqında məlumat verib. Bildirilib ki, Azərbaycan multikulturalizm ölkəsi olmaqla yanaşı, həm də dövlət rəhbərinin həyata keçirdiyi uğurlu siyasət nəticəsində dünyada idman ölkəsi kimi də tanınır.

Milli Məclisin sədr müavini rəhbərlik etdiyi parlament komitəsinin gənclər və idman sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində gördüyü işlərdən danışıb, gənclər siyasətinin əsas hədəfinin fiziki və mənəvi baxımdan sağlam, yaxşı təhsilli və vətənpərvər gənclər yetişdirmək olduğunu vurğulayıb. Gəncliyin müasir dövrün neqativ təsirlərinə qarşı dayanıqlı olmasının da vacibliyinə toxunan komitə sədri bu istiqamətdə gənclərimizin ideoloji təhlükəsizliyinin təməlində duran azərbaycançılıq məfkurəsindən söz açıb.

Gənclərin beynəlxalq idman yarışlarında, digər müxtəlif tədbirlərdə bir araya gəlməsinin onların bir-birini tanıması, ünsiyyəti üçün önəmli platformalar olduğunu deyən Adil Əliyev Beynəlxalq Multikulturalizm Qış Məktəbinin keçirilməsini buna əyani misal kimi göstərib, bu tədbiri multikulturalizmin praktik və real bir modeli kimi xarakterizə edib. O, Multikulturalizm Qış Məktəbinin öz işini uğurla başa vuracağına və iştirakçıların Azərbaycandan xoş təəssüratlarla ayrılacaqlarına inamını ifadə edib.

Görüşdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İnformasiya təminatı və sənədlərlə iş şöbəsinin müdiri Yadigar Məmmədli səmimi görüş üçün minnətdarlığını bildirib, XIII Beynəlxalq Multikulturalizm Qış Məktəbi barədə danışıb.

Sonra qonaqların sualları cavablandırılıb və onları maraqlandıran mövzular müzakirə edilib.

Sonda görüş iştirakçıları Ulu Öndər Heydər Əliyevin parlamentin inzibati binasının foyesində ucaldılmış abidəsi və burada yaradılmış Zəfər Guşəsi, həmçinin Milli Məclisin plenar iclas zalı ilə tanış olublar.

 

“Ədəbiyyat və incəsənət”

(21.02.2023)

Çərşənbə axşamı, 21 Fevral 2023 09:30

“Acın acımız, canın canımızdır, Türkiyə...”

Afaq Məsudun essesi Türkiyə portallarında yayımlanıb

 

Azərbaycanın Xalq yazıçısı Afaq Məsud baş vermiş təbii fəlakətlə bağlı qardaş türk xalqına “Acın acımızdır, Türkiyə” adlı esse ünvanlayıb. Essedə yazılıb:

 

“Acın acımız, canın canımızdır, Türkiyə... Sinənə çəkilən bu dağ, qoynunda açılan qanlı yaralar, minlərlə bacı-qardaşımızı, oğul-qızlarımızı, körpələrimizi udan yarğanlar bütün Azərbaycanın, ümumilikdə böyük türk dünyasının qəlbini yaraladı, ruhunda dərin, dibsiz uçurumlar açdı...

Nə baş verdiyini anlamayan yaralı körpələr... özü dağıntılar altında qala-qala, soydaşlarının, uşaqların, qadın və qocaların qurtulmasına çaba göstərən igid cavanlar, yaşlılar, yeniyetmələr... körpəsinə sarılıb onu öz canı bahasına qorumağa çalışan analar... həyatını dağıntılar altında itirmiş 15 yaşlı qızının uçuqlar arasından imdad diləyi ilə çölə asılan cansız əlini ovuclarında sanki ömrünün sonuna qədər səbirlə saxlayacaq çarəsiz ata... təkanlarının gücü getdikcə səngisə də, binaları titrətməyə davam edən zəlzələnin növbəti dağıntıları altında qalmaqdan çəkinməyən, qaçıb canını qurtarmaq əvəzinə, özünü qaynar nöqtələrin mərkəzinə atan qorxmaz tibb bacıları, fədakar həkimlər, jurnalistlər, operatorlar, xilasedicilər, sürücülər, fəhlələr... 

Bütün bu mənzərələr, ümuminsanlıq üçün oyandırıcı, sarsıdıcı hadisələr bir daha sənin yenilməzliyini, qəlbinin nəhəngliyini, gücünü Allaha, insana, həyata olan sonsuz sevgidən alan əbədi qalib ruhunun qüdrətini bütün dünyaya nümayiş etdirdi... şərəfli Türk tarixinin yeni səhifəsini yazdı...

Sarsılma, ruhdan düşmə, ey bu dünyanın sarsılmazlıq və yenilməzlik Abidəsi! Var ol, yaşa, ucal, Çiçəklən! İşığın dünyanı bürüsün!”

 

Türkiyənin “detayhaberler.com”, “erikagacioyku.com”, “dibace.net”, “guvengazetesi.com”, “ığdırım76.com” kimi aparıcı xəbər və mədəniyyət portalları essesinin yayımına başlayıblar.

 

“Ədəbiyyat və incəsənət”

(21.02.2023)

Çərşənbə axşamı, 21 Fevral 2023 09:00

“Sağ olun ki, yanımdasınız…”

Ustad sənətkar Arif Babayevin 85 illiyi möhtəşəm konsertlə qeyd olundu

 

Giriş sərbəst idi deyə iştirak etmək istəyənlərin sayı-hesabı yox idi. Bu qədər adlı-sanlı ifaçını ödəniş etmədən gəlib dinləmək, üstəlik məşhur xanəndəni yad etmək…

 

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində dünən axşam Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Xalq artisti, görkəmli xanəndə Arif Babayevin 85 illik yubileyinə həsr olunmuş konsert təşkil olunmuşdu. Gecədə xalq artistləri, ictimaiyyət nümayəndələri və sənətçinin yaxınları iştirak edirdilər.

Tədbirdə yubilyarı təbrik edənlər onun sənət dünyasından söhbət açdılar. Məzmun eyni idi, Arif Babayev sənətkarlığı, xalq musiqisi və muğamların təkrarsız ifası. 

 

Arif Babayev 1938-ci il fevralın 20-də Ağdam şəhəri yaxınlığındakı Sarıhacılı kəndində anadan olub. O, Seyid Şuşinski, Xan Şuşinski, Zülfi Adıgözəlov kimi sənətkarların ənənələrinə əsaslanaraq özünəməxsus ifaçılıq üslubu yaradıb. 1960-cı ildən başlayaraq Arif Babayevin yaradıcılıq yolu Bakı şəhəri ilə bağlı olub. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. Əvvəl Azərbaycan Dövlət Filarmoniyasına, sonra isə Azərbaycan Dövlət Opera və Balet Teatrına solist kimi dəvət olunub.

Onun yaradıcılığında “Şur”, “Segah” muğam dəsgahları, “Arazbarı”, “Qarabağ şikəstəsi” zərbi muğamları xüsusi yer tutur. Xüsusilə, “Segah” muğamını Arif Babayev təkrarolunmaz bir üslubda oxuyub. Xanəndə, həm də təsnif və xalq mahnılarının ifaçısı kimi çox sevilir.

Arif Babayev 1990-cı ildə tarixdə ilk dəfə muğam professoru adı alıb. Onun səhnə mədəniyyəti həm xanəndə, həm də artist üçün əsas amillərdən biridir. Arif müəllim öz səhnə mədəniyyəti ilə də seçilir. Bu, onun xasiyyətində, hərəkətində təbii xarakter daşıyır. Arif Babayev xoşbəxt sənətkardır, çünki tale ondan heç nəyi əsirgəməyib. Yaraşıqlı, boy-buxunlu, cüssəli – bu da səhnə üçün çox vacib olan amillərdəndir. Arif Babayevin yaradıcılığının inkişafında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının misilsiz rolu olub. O, uzun illər bu teatrın solisti kimi fəaliyyət göstərib, bu işdə yorulmadan çalışaraq bir-birindən gözəl obrazlar yaradıb. Burada çalışdığı müddətdə, qısa bir zaman ərzində teatrın səhnəsində muğam operalarında Məcnun, Kərəm (Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” və “Əsli və Kərəm” operaları), Aşıq Qərib (Zülfüqar Hacıbəyovun “Aşıq Qərib” operası), Camal (Şəfiqə Axundovanın “Gəlin qayası” operası), Şah İsmayil (Müslüm Maqomayevin “Şah İsmayıl” operası) kimi yaddaqalan obrazları yaradıb və dinləyici auditoriyasında böyük uğur qazanıb.

 

Musiqili gecədə Arif Babayevin tələbələri yubilyarın repertuarından əsərlər təqdim etdilər. Xalq artistləri Mənsum İbrahimov, Nəzakət Teymurova, Zabit Nəbizadə, Aygün Bayramova, əməkdar artistlər Gülüstan Əliyeva, Bəyimxanım Vəliyeva, Təyyar Bayramov, Zakir Əliyev və digərləri gecəyə rəng qatdılar.

Xalq artisti Arif Babayev bütün iştirakçılara təşəkkür edərək dedi: “Sağ olun ki, yanımdasınız”. 

 

“Ədəbiyyat və incəsənət”

(21.02.2023)

Bazar ertəsi, 20 Fevral 2023 13:40

Bu gün Fikrət Əmirovun anım günüdür

 

Dahilər unudulmaz. Bütün mövzuların başında gələr. Bu gün görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı - dahi Fikrət Əmirovun anım günüdür. 

 

Fikrət Əmirov Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi, simfonik muğam janrının banisidir, vəfatından 39 il ötsə də onun yazdığı əsərlər bu gün də aktualdır və hər zaman sevilə-sevilə dinlənilir. 

Xatırladaq ki, 2022-ci ildə bəstəkarın anadan olmasının 100 illiyi Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə və ölkə hüdudlarından kənarda silsilə tədbirlərlə qeyd olunub. Xüsusi ilə qeyd etməliyik ki, Fikrət Əmirovun anadan olmasının 100 illiyi UNESCO-nun 2022-2023-cü illər üzrə yubileylər proqramına daxil edilib və bu yubiley ötən il noyabrın 3-də Parisdə, UNESCO-nun mənzil-qərargahında qeyd edilib.

Fikrət Əmirov 1922-ci il noyabrın 22-də Gəncədə, tanınmış müğənni və tarzən Məşədi Cəmil Əmirovun ailəsində dünyaya göz açıb. O, Gəncədə musiqi məktəbinin tar sinfində, sonra Bakıda musiqi məktəbində təhsil alıb, 1939-cu ildə isə Bakı Konservatoriyasına daxil olub. Burada o, məşhur pedaqoq Boris Zeydmandan bəstəkarlığın sirlərini, dahi Üzeyir Hacıbəylidən Azərbaycan xalq musiqisinin əsaslarını öyrənib.

Fikrət Əmirov musiqinin demək olar ki, bütün janrlarına müraciət edərək çox dəyərli sənət əsərləri yaradıb. Onun əsərləri musiqi tariximizin parlaq səhifələridir. Bu əsərlər öz bədii məzmunu, etik əhəmiyyəti, yüksək fəlsəfi və psixoloji cəhətləri ilə həmişə aktualdır. Çünki bəstəkarın zəngin və rəngarəng yaradıcılığının əsas qayəsi milli üslubda professional musiqi əsərləri yaratmaqdır. Bütün yaradıcılığı boyu bu ideyaya sadiq qalan Fikrət Əmirov hətta bu istiqamətdə yeni bir janr da yaratdı. Dünya musiqisində heç bir analoqu olmayan simfonik muğam janrıdır. Bəstəkarın bu janrda ilk əsəri 1949-cu ildə yazdığı “Şur” simfonik muğamıdır. Sonralar o, bu janrda “Kürd-ovşarı” və “Gülüstan-Bayatı-Şiraz” simfonik muğamlarını da yaratdı. Bu əsərlər Fikrət Əmirov yaradıcılığının xüsusi mərhələsidir. O, şifahi ənənəli klassik musiqi janrı olan muğam dəsgahlarına müraciət edərək bu əsərləri özünəməxsus bəstəkarlıq texnikası, yaradıcı təxəyyülü ilə zənginləşdirib, orkestr boyalarının əlvanlığına nail olub. Simfonik muğam janrında Fikrət Əmirov iki klassik musiqi janrını muğamı və simfoniyanı üzvü-surətdə qovuşdura bilib. Odur ki, simfonik muğam janrında muğama və simfoniyaya xas olan forma, quruluş, inkişaflı süjet xətti və s. cəhətlər öz əksini tapır. Məhz buna görə də bəstəkarın simfonik muğamları dünyanın müxtəlif ölkələrində səslənib, Niyazi, G.Rojdestreenski, Stokovski, Abendrot və başqa məşhur dirijorlar bu əsərlərin interpretatoru olub. Bu gün də bəstəkarın simfonik muğamları dünya simfonizminin ən gözəl nümunələri kimi daim ifaçıların diqqətini cəlb edir. Bu əsərlər Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasında xüsusi əhəmiyyət kəsb edir.

Onu da qeyd etməliyik ki, Fikrət Əmirovun yaratdığı bu janr digər bəstəkarlar üçün də bir mənbə oldu. Belə ki, ondan sonra Niyazi “Rast”, S.Ələsgərov “Bayatı-Şiraz”, V.Adıgözəlov “Segah”, T.Bakıxanov “Humayun”, “Nəva” və s. simfonik muğamlar yazıblar.

Ümumiyyətlə, bəstəkarın özünəməxsus musiqi dili olduğuna görə onun simfonizmi çox möhtəşəmdir. Bunun da əsas səbəbi bəstəkarın milli musiqini dərindən bilməsi və onu Qərb musiqi alətlərinin dilinə çevirmək bacarığından irəli gəlir. Bu cəhətlər Fikrət Əmirovun bütün əsərlərində sanki qırmızı xətlə keçir.

Bəstəkarın böyük istedad və yüksək professionallıqla qələmə aldığı əsərlər bu gündə böyük maraq və sevgi ilə dinlənilir. “Sevil” operası, “Ürəkçalanlar”, “Gözün aydın” musiqili komediyaları, “Nəsimi” dastanı, “Min bir gecə”, “Nizami” baletləri, “Azərbaycan süitası”, “Simfonik rəqslər”, “Azərbaycan qravürləri”, fortepiano üçün “12 miniatür” uşaq pyesləri, skripka ilə fortepiano üçün “Muğam poema”, “Sonata” müxtəlif şairlərin sözlərinə bəstələdiyi mahnılar, romanslar və digər əsərlərdə Fikrət Əmirov ecazkar sənət dünyasını yarada bilib. Bu sənət dünyasının əsas qayəsi onun ürəyindən süzülüb gələn gözəl melodiyalardır. Fikrət Əmirov yaradıcılığının əbədiyaşarlığı da həmin gözəl melodiyaların ustalıqla musiqi dilinə çevrilməsidir.

Fikrət Əmirov sənəti daim yüksək qiymətləndirilib. O, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı kimi yüksək fəxri adlara, dövlət təltiflərinə layiq görülüb. Amma sənətkar üçün ən qiymətli olan amil xalq məhəbbətidir ki, o da heç vaxt Fikrət Əmirov yaradıcılığından əskik olmayıb. Çünki o daim xalq musiqisindən bəhrələnib. Bu mənada bəstəkarın çoxlu sayda xalq mahnıları və rəqsləri əsasında işləmələrini, bu nümunələrdən öz əsərlərində istifadə etməsini misal göstərə bilərik. Bir sözlə, Fikrət Əmirov xalq musiqimizə sadəcə bəstəkar kimi deyil, onun keşiyində duran və onu qoruyan, yaşadan bir sənətkar kimi yanaşıb.

Azərbaycan və Şərq musiqisinin inkişafında böyük rol oynamış görkəmli bəstəkar 1984-cü il fevralın 20-də Bakıda vəfat edib.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(20.02.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.