Super User
60 milyonuncu “ASAN xidmət” müştərisi Zəngilanda qeydə alınıb
Ölkə həyatına əsilcə nüfuz edən, çətin işlərimizi asanlaşdıran “ASAN xidmət”ə 60 milyonuncu vətəndaş müraciətinin qeydə alınması ilə bağlı tədbir keçirilib.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, bu müraciət Zəngilan rayonunun Ağalı kəndində Dövlət Xidmətləri Mərkəzindəki “ASAN xidmət” köşkünə Nihat Orucov tərəfindən edilib.
O, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidmətindən yararlanıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəhbərliyi Ağalı tam orta məktəbinin 9-cu sinif şagirdi Nihat Orucovu təbrik edib. “ASAN xidmət”ə 60 milyonuncu vətəndaş müraciətinin sahibi kimi ona hədiyyə və təşəkkürnamə təqdim olunub.
Ağalı kəndində Dövlət Xidmətləri Mərkəzi 2022-ci il avqustun 4-də fəaliyyətə başlayıb. Burada “ASAN xidmət” köşkü vasitəsilə kənd sakinlərinin dövlət xidmətlərinə rahat çıxışı təmin edilir. Belə ki, “ASAN xidmət” əməkdaşı tərəfindən onlara müəyyən onlayn xidmətlər üzrə yerində, digər növ xidmətlər üzrə isə müraciətləri qəbul edilməklə Səyyar ASAN xidmət vasitəsilə xidmət göstərilir.
“Ədəbiyyat və incəsənət”
(21.02.2023)
Əbu-Dabidə Qadınların Qlobal Sammiti öz işinə başlayıb
Qadınlar Birliyinin (GWU) sədri, Analar və Uşaqlar üzrə Ali Şuranın prezidenti, Ailə İnkişafı Fondunun Ali sədri Ülyahəzrət Şeyxa Fatimə bint Mübarəkin dəstəyilə Dünya Müsəlman İcmaları Şurası (TWMCC) və BƏƏ-nin Qadınlar Birliyi (GWU) tərəfindən təşkil edilən və Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) qadınların səsvermə hüququ əldə etməsinin 100 illiyinə həsr olunmuş Qadınların Qlobal Sammiti bu gün Əbu-Dabidə öz işinə başlayıb.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, Şeyxa Ülyahəzrət Şeyxa Fatimə bint Mübarəkin müraciəti tədbir iştirakçılarına çatdırılıb. “Qadınların Qlobal Sammiti bəşəriyyətin yolunu işıqlandırmaq üçün şam yandırmağa ehtiyac duyduğu tarixi bir dönəmə təsadüf edir və bu məqamda qadınların rolu çox vacibdir. Zirvə bütün iştirakçılar üçün öz təcrübələrini bölüşmək, beləliklə bəşəriyyətin gələcəyinin indikindən daha yaxşı olması şərait yaradır”, - deyə müraciətdə qeyd olunur. Bildirilib ki, BƏƏ yarandığı gündən qadınların cəmiyyətdəki roluna böyük inam var və dövlət ölkədə işçi qüvvəsinin yarıdan çoxunu təmsil edənə qədər qadınları müxtəlif sahələrdə və sektorlarda maarifləndirmək üçün çalışır.
Tədbirin açılışında, həmçinin Qadınlarım Global Sammitinin Ali Komitəsinin sədri, Əlahəzrət Dr. Əli Rəşid Əl Nuaimi, Hindistanın Prezidenti Droupadi Murmu və Serbiyanın Mədəniyyət və informasiya naziri, Gender Bərabərliyi üzrə Əlaqələndirmə Orqanının Prezidenti Maya Qoykoviç də çıxış edərək qadın düşüncələrinin və yaradıcı ideyalarının bəşəriyyətin inkişafında mühüm rolunu vurğulayıblar.
“Ədəbiyyat və incəsənət”
(21.02.2023)
Bu gün Beynəlxalq Ana Dili Günüdür
Bu gün Beynəlxalq Ana Dili Günüdür və bu gün ən müxtəlif səviyyələrdə qeyd olunmaqdadır. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında da həmçinin.
Kitabxana Beynəlxalq Ana Dili Günü münasibətilə videomaterial, virtual və ənənəvi kitab sərgisi hazırlanıb.
Kitabxananın yaydığı məlumata görə, bu günün tarixindən, məqsəd və əhəmiyyətindən bəhs edən videoçarxda hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalı fikri rəhbər tutulub. Videoçarxda bu günün ölkəmizdə keçdiyi inkişaf mərhələsindən ətraflı bəhs edilib, bu sahədə Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin müdrik siyasətinə dair fikirlər, imzalanan qanun və sərəncamlar da öz əksini tapıb.
Kitabxana əməkdaşları tərəfindən hazırlanan virtual kitab sərgisində Şah İsmayıl Xətai, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Həsən bəy Zərdabi, Firidun bəy Köçərli kimi görkəmli ədəbiyyat nümayəndələrinin dil və dilçilik haqqında söylədikləri müdrik ifadələr yer alıb. Burada Beynəlxalq Ana Dili Günü haqqında “Heydər Əliyevin dil siyasəti”, “Qədim Türk yazılı abidələrinin dili”, “Xarici dildə ünsiyyət”, “Dillərin inkişafında dil əlaqələrinin rolu” kimi 15-dən çox kitabın biblioqrafik təsviri təqdim edilib.
“Ədəbiyyat və incəsənət”
(21.02.2023)
Bu gün Su çərşənbəsidir
Beləcə, gəlib ömrün növbəti baharını haqladıq. Bu gün Novruzun ilk çərşənbəsi - su çərşənbəsidir. Xalq arasında bu çərşənbəyə əzəl çərşənbə də deyirlər. Əsrlərin sınağından çıxan mənəvi dəyərləri, adət-ənənələri özündə yaşadan, bayramlarımızın şahı sayılan Novruzun nəfəsi duyulur.
Novruz təbiətin canlanması, torpağın oyanması, ruhun təzələnməsi bayramıdır. Novruz təzə ili, baharın ilk gününü qarşılamaq, gecə-gündüz bərabərliyi deməkdir. Xalqımız yeni gün olan Novruz ərəfəsində çərşənbələrə daha böyük önəm verir. Deyilənə görə, Tanrı ilk insanı - Adəmi yaradarkən torpağa su qatıb, palçıqdan insan düzəldib, sonra ona isti nəfəs verib, baharda çiçəkləri, otları, ağacları oyadan yellərə əmr edib ki, onu canlandırsın. İnsan da bu dörd ünsürdən yarandığı üçün onları müqəddəsləşdirib, hərəsinə bir gün ayırıb. Beləcə, yazın, Novruzun müjdəçiləri olan su, od, yel, torpaq çərşənbələri yaranıb.
Su çərşənbəsi ilə bayrama hazırlıqlar başlayır. Deyirlər ki, Tanrı ilk olaraq suyu yaradıb. Buna görə su ilk çərşənbə kimi qeyd edilir. Su çərşənbəsində suyun müqəddəs mahiyyəti bir daha ifadə olunur. Bütün mifik mətnlərdə su həyat verən, dirildən, xoşbəxtlik gətirən müqəddəs bir inam obyekti kimi çıxış edir. Su çərşənbəsi boz ayın dörd müqəddəs çərşənbəsinin ilkidir. Xalq arasında o, “əvvəl çərşənbə”, “gözəl çərşənbə”, “sular Novruzu”, “gül çərşənbə” kimi də tanınır. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Qorxulu yuxuların suya danışılması ilə insanı izləyən qəzaların dəf olunması inamı türk mifoloji mətnlərinin əsasını təşkil edir.
Su üstündən atlanmaq, arzularını, diləklərini suya danışmaq, sübh tezdən evə bulaq suyu gətirmək və s. bu ayinlərdəndir. İnanclara görə, sübh tezdən bulaqdan götürülən su min bir dərdin dərmanıdır. Su çərşənbəsi ilə bağlı su falları da mövcuddur. Deyirlər, su həyat mənbəyi, aydınlıq rəmzidir. Su çərşənbəsində hamının həyətində tonqal qalanır və bayram ovqatının yaxınlaşdığı nəzərə çatdırılır. Həmin gün insanların bir-birinin üzərinə su atması da uğura işarədir.
Əzəl Çərşənbəniz mübarək! Ömrünüz su qədər uzun və pak olsun!
Qeyd edək ki, fevralın 28-də Od, martın 7-də Yel, martın 14-də isə axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq. Novruz bayramı axşamı isə martın 20-nə təsadüf edəcək.
Xatırladaq ki, bu il üçün yaz fəslinin Azərbaycana gəlişi martın 21-i Bakı vaxtı ilə saat 01:24:24-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 33 dəqiqə 23 saniyə olacaq.
“Ədəbiyyat və incəsənət”
(21.02.2023)
Səhnəmizin Ramiz Novruzunu itirdik
Dövlət Akademik Milli Dram Teatrı xalq artisti Ramiz Novruzun vəfatı ilə əlaqədar başsağlığı verib. Başsağlığında deyilir:
“Azərbaycanın teatr və kino aktyoru, Azərbaycanın Respublikasının Xalq Artisti, Prezident təqaüdçüsü, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası Ramiz Novruz vəfat edib.
Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətovun və kollektivimiz adından Ramiz Novruza Allahdan rəhmət diləyir, ailə üzvləri və yaxınlarına səbr arzulayırıq.
Ruhu şad olsun!"
“Ədəbiyyat və incəsənət”in əməkdaşı Elman Eldaroğlunun aktyorun ölümü ilə bağlı yazısını təqdim edirik:
XX əsr Azərbaycanın intibah dövrü kimi yadda qalıb və ölkəmizin tarixində elmin, incəsənətin, mədəniyyətin və eləcə də təhsilin inkişafında silinməz izlər buraxıb. Bir sıra nailiyyətlərimiz kimi, kinomuz da həmin dövrdə yaranaraq inkişaf edib. Elə filmlər ərsəyə gətirilib ki, Sovetlər birliyində yaşamasaydıq bəlkə də aralarında “Oskar” mükafatına layiq görülənləri də olardı. Bizim Adil İsgəndərov, Ələsgər Ələkbərov, Lütfəli Abdullayev, Əliağa Ağayev, Ağasadıq Gəraybəyli, Nəsibə Zeynalova, Həsən Məmmədov, Şahmar Ələkbərov, Səməndər Rzayev, Həsənağa Turabov, Hamlet Xanızadə, Fuad Poladov kimi kinoda möcüzə yaradan aktyorlarımız olub. Onların yaratdıqları obrazlar heç də dünyada tanınan aktyorların yaratdıqlarından geri qalmır...
Bu gün sizə kinomuzun tarixinə adı qızıl hərflərlə yazılan, geniş tamaşaçı kütləsinin rəğbətini qazanan bir aktyordan danışmaq istəyirəm, xalq artisti Ramiz Novruzdan. O, 1955-ci ildə Biləsuvar rayonuunun Səmədabad qəsəbəsində dünyaya gəlmişdi. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində ali təhsil almışdı. Azərbaycanın Xalq artisti idi. 2018-ci ildən Prezidentin fərdi təqaüdünü alırdı...
“Sizi dünyalar qədər sevirdim” bədii filmində yaratdığı general Həzi Aslanov obrazı Azərbaycan durduqca onu yaşadacaq. Axı biz general Həzi Aslanovu məhz onun ifasında yaxından tanıdıq, onun simasında sevdik. Bəli, bu gün Ramiz Novruzun adı çəkiləndə Azərbaycanın qəhrəman oğlu Həzi Aslanov, Həzi Aslanovun adı səslənəndə isə Ramiz Novruzun siması ilk yada düşür...
Baharda dünyaya gəlmişdi, qışda vəfat etdi. Ölənlə ölmək olmur ki...
Yeri behişt olsun!
“Ədəbiyyat və incəsənət”
(21.02.2023)
Bu gün Maksim Qalkin Bakıda konsert verəcək
Bu gün Bakı Konqres Mərkəzində yumorist, teleaparıcı, şoumen kimi tanıdığımız, habelə Alla Puqaçovanın həyat yoldaşı kimi tanıdığımız Maksim Qalkinin solo konserti təşkil olunacaq. Məşhur şoumen öz duzlu-məzəli yumorları ilə pərəstişkarları qarşısında çıxış edəcək.
Maksim Qalkinin yumoru aktual, çevik və gülüş doğurucudur. Yumorist tamaşaçısını hiss edir və onunla səmimi münasibət yaradır. Miniatürlər, teatr eskizlərinin reprizləri, tamamilə yeni nömrələr, eləcə də tamaşaçılar tərəfindən çoxdan tanınan və sevilən tamaşalar M.Qalkinin ifasında bədii dəyərini itirmir, eyni zamanda onun yumoru nostalji təbəssüm yaradır.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(21.02.2023)
Günün fotosu: Baydendən Ukraynaya daha bir jest
Günün fotosu: Baydendən Ukraynaya daha bir jest
Kiyevdə səfərdə olan ABŞ prezidenti Co Bayden Ukraynaya əlavə 500 milyon dollar ayrılması barədə qərar vermişdir. O, Rusiyanın tezliklə yeniləcəyinə ümid bəslədiyini bildirmişdir.
Foto:AP
“Ədəbiyyat və incəsənət”
(21.02.2023)
Hər gün bir Şuşa xəbəri
Şuşada “Qorqud Ata Türk Dünyası” Film Festivalı təşkil olunacaq
Şuşada “Qorqud Ata Türk Dünyası” Film Festivalı təşkil olunacaq. Bu barədə qərar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin təsdiq etdiyi Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planında yer alıb.
Oktyabr ayına nəzərdə tutulan festivalın icrası ilə bağlı işlər Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə tapşırılıb.
Ədəbiyyat və incəsənət”
(21.02.2023)
Bu gün Bakıda Vladimir Vısotskiyə həsr edilmiş konsert proqramı təşkil olunacaq
Bu gün Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Vladimir Vısotskinin anadan olmasının 85 illiyinə həsr olunmuş konsert proqramı təqdim ediləcək. Bəli, bu həmin o “Görüş yerini dəyişmək olmaz” filmində baş rolu oynayan məşhur müğənnidir.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin məlumatına görə, konsert Bakıdakı Rus Evinin dəstəyi ilə “Bakı” Müəllif Mahnıları Klubu tərəfindən hazırlanıb. Tədbirdə Rusiyadan peşəkar aktyorlar və musiqili qonaqlar iştirak edəcəklər.
Sovet şairi, müğənnisi, peşəkar aktyoru, SSRİ Dövlət Mükafatı laureatı Vladimir Vısotskinin ədəbi irsinə 200-dən artıq şeir, 600-dən çox mahnı və uşaqlar üçün 1 poema daxildir. V. Vısotski mahnılarının bir hissəsini məxsusi olaraq filmlər üçün yazıb.
“Ədəbiyyat və incəsənət”
(21.02.2023)
İçərişəhərdə vandalizmə məruz qalmış tarixi binalar
İçərişəhər qədimliklə müasirliyi özündə birləşdirən, yaşı əsrlərlə ölçülə tarixi şəhərdir. İçərişəhər başdan-başa qala divarları ilə əhatə olunub. Bu divarlar sanki keçmiş və müasirlik arasında bir sədd rolunu oynayır. Ən xırda əşya qədimlikdən xəbər verir. Bunlar hər biri bizim tarixi abidələrimiz hesab olunur.
Lakin tarixi abidələrimiz vandalizmə məruz qalır. İçərişəhərin bir sıra küçə və məhəllələrində, divar və daşların üzərində xoşagəlməz yazılar yazılıb. Bunların kimlər tərəfindən yazıldığı bilinmir.
Oxu.az PhotoStock.az-ın ərazidən hazırladığı fotoreportajı təqdim edib, diqqət edək.
“Ədəbiyyat və incəsənət”
(21.02.2023)