Super User
Açıq portfel: Qeyri-neft-qaz məhsullarının ixracı artıb
Ötən ildə qeyri-neft-qaz məhsullarının ixracı 2021-ci illə müqayisədə faktiki qiymətlərlə 12,3 faiz, real ifadədə 4,2 faiz artaraq 3047,7 milyon dollara bərabər olub.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, qeyri-neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (30,5 faiz), Türkiyəyə (23,4 faiz), Gürcüstana (7,5 faiz), İsveçrəyə (6,5 faiz), Qazaxıstana (3,4 faiz), Niderlanda (2,3 faiz), ABŞ-yə (2,2 faiz), Rumıniyaya (2 faiz), İtaliyaya (1,8 faiz), Bolqarıstana (1,8 faiz), Özbəkistana (1,5 faiz), Ukraynaya (1,5 faiz), Belarusa (1,2 faiz), Çinə (1,1 faiz) və Hindistana (1 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.
“Ədəbiyyat və incəsənət”
(22.02.2023)
Rəsm qalereyası: Rəfael Əsədov, “Mənzərə”
Günün fotosu: Təkrar zəlzələ panika yaradıb
Günün fotosu: Təkrar zəlzələ panika yaradıb
Bazar ertəsi axşam Suriyada və Türkiyənin Hatay bölgəsində təkrar zəlzələnin olması, ardıcıl yeraltı təkanlar (maksimal 6 bal) əhali arasında panika yaradıb. Bölgədə bundan sonra yaşamağın özü belə sual predmetinə çevrilib.
Foto: AP
“Ədəbiyyat və incəsənət”
(22.02.2023)
Şuşa və Veliko Tırnovo əlaqələri genişləndirirlər
Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimovun rəhbərliyi altında xüsusi nümayəndəliyin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin məsul əməkdaşları Şuşa ilə qardaşlaşmış Bolqarıstanın Veliko Tırnovo şəhərində rəsmi səfərdədirlər.
Səfərin əsas məqsədi tarixi paytaxt Veliko Tırnovo ilə Şuşa şəhərləri arasında mədəniyyət əlaqələrini genişləndirmək və bu məqsədlə qarşılıqlı səfərlər təşkil etməkdir. Səfər çərçivəsində xüsusi nümayəndə Veliko Tırnovo şəhərinin meri Daniyel Panov və vilayətin qubernatoru Georgi Guguçkov ilə görüşlər keçirib, hər iki tarixi şəhərin daha da sıx əməkdaşlığı istiqamətində fikir mübadiləsi aparıb.
Səfər zamanı Aydın Kərimov Heydər Əliyev Fondu tərəfindən 2016-cı ildə bərpa edilmiş Veliko Tırnovo şəhərindəki “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunda da olub. Bununla yanaşı, qonaqlara “Səs və işıq” adlı audio-vizual proqram təqdim olunub.
“Ədəbiyyat və incəsənət”
(22.02.2023)
Oynadığı rola görə xəcalət çəkdi, sevdiyi qadına görə bıçaqlandı - Ramiz Novruz haqqında faktlar
Xalq artisti Ramiz Novruz vəfat etdi. İndi hər yerdə ondan danışılır. Sağlığında qiymət verin adamlara çağırışı yenə aktualdır. Kulis.az mərhum aktyor haqqında maraqlı faktları təqdim edib. Daycest bölümündə onları diqqətinizə çatdırırıq.
Ramiz Qəvvam oğlu Novruzov 25 may 1955-ci ildə Biləsuvar rayonunun Səmədabad qəsəbəsində doğulub. 1974-cü ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub. Rejissor Adil İsgəndərovun rəhbərlik etdiyi kursda təhsil alaraq oranı 1978-ci ildə bitirib.
Təyinatla H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına göndərilib. Burada Knyaz Zvezdiç (“Maskarad”), Məsxərəçi (“Muradın kələkləri”), General Şıxlinski (“Bütün Şərq bilsin”) rollarını ifa edib.
O, 1981-ci ildə Azərbaycan Akademik Milli Dram Teatrının truppasına daxil olub. Elə ilk günlərdən kollektivdə hazırlanan tamaşalarda ona irihəcmli və mürəkkəb xarakterli rollar tapşırılıb. O, Akademik Milli Dram Teatrında “Xurşidbanu Natəvan”, “Şeyx Xiyabani”, “Mahnı dağlarda qaldı”, “Sevgililərin cəhənnəmdə vüsalı”, “Bizim qəribə taleyimiz”, “Hökmdar və qızı”, “Maqbet”, “Kral Lir”, “Medeya”, “İblis”, “Mənim sevimli dəlim”, “Hələ “sevirəm” deməmişdilər…”, “Xəcalət”, “Silindr”, “Müfəttiş”, “Topal Teymur”, “Kreyser sonatası”, “Dodaqdan qəlbə”, “Yad qızı” tamaşalarında aparıcı rollar ifa edib.
Ramiz Novruz həm də bir neçə pyes yazıb və bunlardan ikisi tamaşaya qoyulub. İlk pyesi olan “At ilinin birinci ayı” adlı 20 yanvar hadisələrindən bəhs edən pyes 1992-ci ildə Gəncə teatrında B.Osmanovun rejissorluğu ilə tamaşaya qoyulub. 1996-cı ildə yazdığı “Hələ sevirəm deməmişdilər” pyesi B.Osmanovun rejissorluğu ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında 2002-ci ildə tamaşaya qoyulub. Bundan əlavə Eduardo de Filipponun “Silindr” əsərini rus dilindən Azərbaycan dilinə tərcümə edib və rejissor kimi tamaşaya qoyub, həmçinin bu əsərdə Attillio rolunu ifa edib.
Emosional, həssas təbiətə malik olan aktyor müəyyən dövrlərdə həmkarları ilə xoşagəlməz qalmaqallar da yaşayıb. Sənət dostu Ramiz Məliklə münaqişə yaşayıb, onunla əlbəyaxa davaya çıxıb. Ramiz Məlik onu polisə verərək bildirib ki, Ramiz Novruz Akademik Milli Teatrının kollektivinin qarşısında ondan üzr istədiyi halda onu bağışlaya bilər. Ramiz müəllim isə öz tərəfindən açıqlama verərkən deyib:
“Məsələni həll etdik və artıq münasibətimiz yaxşıdır, barışmışıq. Bu məsələni ətrafda bəzi adamlar bilə-bilə şişirtdilər. Niyə belə etdilər, bilmirəm? Hüquq-mühafizə orqanlarına təqdim etdiyim birinci ərizəmdə də yazmışdım ki, etdiyim hərəkətə görə üzr istəyirəm. İnanın ki, avqust da daxil olmaqla son iki ayı öz yaradıcılığım ilə məşğul olmuşam. Heç düşünməzdim ki, belə bir hadisə yaşana bilər. İllərlə bir yerdə işləmişik”.
Aktyor müsahibələrinin birində jurnalistin xəyanətlə bağlı sualına belə cavab verib:
“Xəyanət çox ciddi məsələdir. Xırda məsələlərə görə heç vaxt mübahisə etməmişəm. Amma bu yaxınlarda ağır xəyanətin işartılarını hiss elədim. Üstəlik, bu, dost bildiyim adamlardan gəldi. O insanlar, hətta polisdə üzümə durub məni tutdurmağa hazır idilər. Əlbəttə ki, özümə yaxın bildiyim adamların xəyanəti məni bir qədər sarsıtdı. Başıma gələnləri romanlarda oxusaydım, deyərdim ki, yazıçı hadisəni şişirdib. Bütün yaşananlar məni çaşdırsa da, onlara xüsusi reaksiya vermədim”.
Çox erkən yaşda aktyor sevib seçdiyi Xoşavaz xanımla nişanlanıb. Həyat yoldaşı kənddə yaşadığından Ramiz bəy universitetdə təhsil aldığı illərdə tez-tez nişanlısının yaşadığı kəndə gedib, onunla görüşə can atıb. Belə günlərin birində kənddə nişanlısı ilə bağlı baş verən davaya qoşulub, hətta bu dava zamanı aktyoru bıçaqlayıblar da.
Təhsilini başa vurandan sonra onlar ailə qurublar. Ramiz Novruz hərbi xidmətə yollanıb. Qızı Şəfəqin bir yaşı olanda, Ramiz müəllim hərbi xidmətdə olub. Sonra onların Cavidan adlı bir oğulları da dünyaya gəlib.
Aktyor 90-cı illərin ortalarında pedaqoji fəaliyyətlə də məşğul olub. Üç ilə yaxın Mədəniyyət və İncəsənət Universitetində dərs deyən Xalq artisti sonralar tələbələrin azlığından, aktyorluğa maraq göstərmədiklərindən bezib pedaqoji fəaliyyətini dayandırıb.
Aktyor “Dodaqdan qəlbə” serialındakı roluna çəkilmək istəməyib. Hətta sonralar bu rola görə xəcalət çəkdiyini bildirib. Ancaq serialın rejissoru Lütfi Məmmədbəyov Ramiz Novruzu bu rola çəkməkdə israr edib. Müsahibələrinin birində aktyor deyib:
“Demişdim ki, bu rol mənə görə deyil. Bunu ya Füzuli Hüseynov, ya da Nurəddin Mehdixanlı oynaya bilər. Onu da bilirdim ki, onlar Bakıda olmadığı üçün rejissor bu rolu mənə təklif etdi. Bir neçə dəfə imtina etdim. O zaman 1 May küçəsində (indiki Dilarə Əliyeva küçəsi) yaşayırdım. Bir də gördüm ki, gəlib qapını döyür. Mən də pəncərədən baxırdım. Bilirdim ki, bu məsələyə görə gəlib, ona görə qapını açmadım. Bir də gördüm ki, qapının ağzında nəsə kiçik qələm-kağız çıxardı və nəsə yazandan sonra çıxdı getdi. O gedəndən sonra gəlib gördüm ki, qapıya kağız yapışdırıb. Yazıb ki, “Ramiz, ömrümün axırıdır, ola bilsin bu mənim son işimdir. Çəkilməsən, peşman olarsan”. Ondan sonra sındım və gəldim çəkildim. Amma bilirdim ki, mənim rolum deyil”.
Ramiz Novruz “Cavad xan”, “Cavid ömrü”, “Qorxma, mən səninləyəm”, “Nizami”, “Sarı gəlin”, “Sizi dünyalar qədər sevirdim”, “Sonuncu dərviş”, “Ümid” filmlərinə çəkilib. Ancaq aktyora ən böyük uğuru “Sizi dünyalar qədər sevirdim” filmindəki Həzi Aslanov rolu gətirib.
Filmə çəkilməsi barədə aktyor müsahibələrinin birində deyib:
“Günlərin birində kinostudiyaya getmişdim. Dublyaja çağırmışdılar. Bir dostum mənə demişdi ki, Həzi Aslanov haqqında film çəkilir, rollar çoxdur, siz də gəlin. Dublyajdan çıxanda bu söz yadıma düşdü. Düşündüm ki, kinostudiyaya həmişə gələn deyiləm. Gəlmişkən elə bir şəkil də çəkdirim. Kinostudiyaya giriş buraxılış vərəqəsi ilə olduğundan tez-tez gedə bilmirdik. Kinostudiyaya bir yerdə getdiyim dostum Salehə fikrimi bildirdim. O çəkdirmədi. Mən isə çəkdirdim. Salehi qınamalı deyildi. Bizim hər birimizdə belə bir stereotip yaranmışdı ki, onsuz da, baş rola çəkiləcək aktyoru qabaqcadan bilirlər. Sadəcə plan doldurub quş qoymaq xətrinə bizi də çəkirlər ki, beş-altı aktyoru sınadıq. Bir həftə sonra məni kinostudiyaya çağırdılar. Gördüm Ramiz Fətəliyev (ssenari müəllifi) və Rasim İsmayılov (rejissor) mənim şəkillərimə baxırlar. Ramiz müəllim şəkillərə baxa-baxa söylədi ki, Hamlet Xanızadə deyib ki, Ramiz Novruzov çox istedadlı oğlandır, onu da yoxlayın. Xeyirxah münasibətinə görə Hamlet Xanızadənin ruhuna bu gün də dualar oxuyur, rəhmət diləyirəm. Sınağa iyirmi aktyor çəkildik. Ələndi, beş-altı nəfər qaldı. Qalan beş-altı aktyordan biri Belarusda yaşayan azərbaycanlı idi. Çəkilişlərdə hiss edirdim ki, rejissorun gözü artıq məni tutub. O birilər təcrübəli aktyorlar idilər. Bilirdilər ki, kamera qarşısında necə dayanmaq lazımdır. Kino qanunlarını bildiklərinə görə, bir az sıxıntılı oynamışdılar. Mən isə bunları bilmədiyimə görə, təbii oynamışdım. Sonra dedilər ki, səni göstərəndə zalda hamı əl çaldı”.
Teatr sənətindəki xidmətlərinə görə, Ramiz Novruz 1993-cü ildə Azərbaycan Respublikasının Əməkdar artisti və 1998-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adlarına layiq görülüb. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə və 1 may 2017-ci ildə Prezident Mükafatına layiq görülüb.
Uzun sürən xərçəng xəstəliyindən əziyyət çəkən Xalq artisti 21 fevral 2023-cü il tarixində müalicə aldığı xəstəxanada vəfat edib.
Oğlu Cavidan Novruz aktyor və müğənnidir. Qızı Şəfəq Novruz stilistdir.
“Ədəbiyyat və incəsənət”
(22.02.2023)
Prezidentin Arif Babayevi təltif sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan musiqi mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Arif İmran oğlu Babayev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 fevral 2023-cü il
Xalq rəssamı, heykəltaraş Ömər Eldarova 1-ci dərəcəli “Əmək” ordeni təqdim edilib
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Ömər Eldarov 2022-ci il dekabrın 20-də 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilmişdi.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Xalq rəssamı ilə Heydər Əliyev Mərkəzində keçirilən görüşdə Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov, Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, elm və təhsil naziri Emin Əmrullayev, mədəniyyət nazirinin birinci müavini Adil Kərimli, Rəssamlıq Akademiyasının rektoru Natiq Əliyev iştirak edib.
Ömər Eldarovun Azərbaycan mədəniyyətinin inkişafındakı əvəzolunmaz xidmətləri, onun əsərlərinin Azərbaycan mədəniyyətinin zənginləşməsində rolu vurğulanıb. Eyni zamanda Rəssamlıq Akademiyasına rəhbərlik etdiyi illərdə gənc kadrların yetişməsində Xalq rəssamının böyük xidmətləri qeyd olunub.
“Ədəbiyyat və incəsənət”
(22.02.2023)
Səhər məşqləri artıq çəkidən qurtulmaq üçün daha təsirlidir
“Proceedings of the National Academy of Sciences” jurnalında dərc olunan araşdırmanın nəticələrinə əsasən alimlər səhər məşqlərinin artıq çəkidən qurtulmaq üçün daha təsirli olduğu qənaətinə gəliblər.
MyLondon saytı bildirir ki, siçanlar üzərində aparılan tədqiqatlar çərçivəsində alimlər onların insanlarda səhər idmanına uyğun gələn “aktiv erkən mərhələ” adlanan intensiv idmandan sonra bədən yağ nisbətini araşdırıblar. Tədqiqatın nəticələrinə görə, aktiv idman siçanların maddələr mübadiləsini sürətləndirib.
Artıq çəkinin qidalanmadan asılı olmadığını deyən İsveç Karolinska İnstitutunun professoru Juleen Zierath bildirib ki, səhər idmanı maddələr mübadiləsini sürətləndirmək və yağları yandırmaq üçün axşam məşqlərindən daha təsirlidir. Alim hesab edir ki, bu artıq çəkidən əziyyət çəkən insanlar üçün mühüm tapıntıdır.
Tədqiqatçılar bioloji saatın insan orqanizmindəki funksiyası kimi, günün müxtəlif vaxtlarında edilən məşqlərin maddələr mübadiləsinə təsirinin də müxtəlif olduğunu qeyd edib.
“Ədəbiyyat və incəsənət”
(22.02.2023)
Fuad Qasımzadə, Eldar Salayev, Bəkir Nəbiyev, Polad Bülbüloğlu, Elşad Quliyev, Hacı Sabir Həsənli və digərləri
“Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının 30 illiyi münasibəti ilə: 1-ci məqalə
“Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası – kulturologiya elminin nailiyyətlərindən yaradıcı istifadə, təhsil və maarifləndirmənin inkişafı ilə Azərbaycanda demokratik cəmiyyət və hüquqi dövlətin formalaşmasında dövlətə vətəndaş dəstəyi məqsədilə 1990-cı ilin aprelində Azərbaycan elmi və mədəniyyətinin görkəmli nümayəndələri tərəfindən təsis edilən ilk çoxsahəli, yeni tipli qeyri-hökumət mədəniyyət təşkilatıdır.
“Simurq” AMA-nın nizamnaməsi Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, respublika Dövlət planı ilə razılaşdırılıb və Azərbaycan Nazirlər Şurasının 17 avqust 1990-cı il tarixli, 374 No-li qərarı ilə qeydiyyata alınmışdır. Təsis qurultayının protokolu akademik Asəf Nadirov tərəfindən imzalanıb.
Azərbaycan Mədəniyyət Assosiasiyasının yaradılmasına dair innovativ kulturoloji layihəyə onlarla nüfuzlu şəxs, elm, pedaqoji, bədii ziyalıların görkəmli nümayəndələri, elm müəssisələrinin, ali məktəblərin, dövlət strukturlarının, fondların və Azərbaycanın ictimai təşkilatlarının işçiləri tərəfindən baxılıb və təsdiq edilib. Bu təşkilatlar sırasında: Azərbaycan Elmlər Akademiyası, M. Əzizbəyov adına Azərbaycan neft və kimya İnstitutu, Azərbaycan alimlər Şurası, Mədəniyyət Nazirliyi, Bədən tərbiyəsi və idman üzrə Dövlət Komitəsi, Azərbaycan Mətbuat Komitəsi, Respublika “Bilik” Cəmiyyəti, Azərbaycan Mədəniyyət Fondu, Azərbaycan Sülh Fondu, “Dostluq” cəmiyyəti, “Vətən” Cəmiyyəti və digərləri olmuşdur.
Azərbaycan “Simurq” Mədəniyyət Assosiasiyasının yaradılmasını Azərbaycan Elmlər Akademiyasının prezidenti E.Y. Salayev, akademik A.M. Aslanov, əməkdar mədəniyyət işçisi A.M. Rəcəbli, respublikanın Xarici İşlər Naziri H. M. Sadıqov, Azərbaycan neft və kimya institutunun rektoru, akademik T.M. Əliyev, respublika Mədəniyyət Fondunun sədri, akademik B.A. Nəbiyev, AM Memarlıq və İncəsənət İnstitutunun direktoru akademik M.A. Hüseynov, Azərbaycan Dövlət Konservatoriyasının rektoru, professor Elmir Abbasov, Azərbaycanın Mədəniyyət Naziri Polad Bülbüloğlu, Respublika “Bilik” Cəmiyyətinin sədri Elşad Quliyev, Elmlər Akademiyasının “Bilik” Cəmiyyətinin sədri, akademik M.İ. Əliyev, İncəsənət muzeyinin direktoru, Azərbaycanın xalq rəssamı K.M. Kazımzadə, Azərbaycan İncəsənət İnstitutunun prorektoru dosent A.M. Əzizov, Şeyxülislamın müavini H.S. Həsənli və başqaları dəstəkləmişlər.
Assosiasiyanın yaradıcı fəaliyyətinin əsasında onun vitse-prezidentləri, tanınmış Azərbaycanlı alimlər – akademiklər Asəf Nadirov, Maqsud Əliyev, Fuad Qasımzadə, xalq rəssamları Kazım Kazımzadə, Arif Əziz və başqaları dayanırdılar.
Assosiasiyanın missiyası – respublikada və bütün dünyada hər bir ölkənin milli sərvəti olan və insan kapitalının nüvəsini, davamlı, rəqabətqabiliyyətli və təhlükəsiz inkişafın əsas məqsədini və strateji bərpaolunan resursunu təşkil edən yüksək mədəniyyətli, layiqli insanların “istehsalına” dəstək verməkdir.
“Ədəbiyyat və incəsənət”
(22.02.2023)
“Prokurorun söhbəti”- Xeyrəddin Qocanın satirik hekayəsi
Yazıçı Xeyrəddin Qocanın növbəti satirik hekayəsi Gülüş Klubunun bugünkü buraxılışında diqqətinizə çatdırılır.
Prokurorun söhbəti
Rayonların birinə prokuror təyin olunmuşdum. Birinci gün işə çıxmışdım. Təzəcə oturmuşdum ki, qəbul otağından səs eşitdim. Katibəni çağırıb soruşdum, "bəlkə qəbuluma gələnlər var?". Katibə bildirdi ki, "bəli, hörmətli prokuror, gəliblər". Dedim, "bir-bir burax, keçsinlər içəri".
Heç demə, onlara da elə bu lazım imiş: bir-bir içəri girib, "ürək söhbəti" eləmək istəyirlərmiş...
Bir ağsaqqal kişi içəri girib salam-kəlamdan sonra ədəb-ərkanla əyləşdi. Döş cibindən bir zərf çıxarıb qoydu masamın üstünə. Soruşdum:
- Kişi, şikayətin nədir?
Nə cavab versə yaxşıdır?
- Allah eləməsin biz şikayət-zad yazaq, hörmətli prokuror!
- Bəs masamın üstünə qoyduğun şikayət məktubu deyil?
- Əşi, yəni düşünürsən mən bu ağsaqqal vaxtımda şikayətə gəlmişəm? Şirkət başçısıyam, gəldim sizi görüm, gedim. Zərfdə üç min dollar var. Hər ayın başında yenə bir o qədər gətirəcəyəm.
Hirs vurdu təpəmə, dilləndim:
- Ağsaqqal kişisən, zərfi götür, get. Mən sən deyən prokurorlardan deyiləm!
Kişi çıxdı. Qəbuluma gələnlər bir-bir masamın üstünə zərflər qoydular, mən də onları bir-bir qovdum, getdilər.
Birinci günüm belə keçdi.
İkinci gün yenə təzəcə işə başlamışdım, katibə bildirdi ki, "hörmətli prokuror, dünənki ağsaqqal yenə gəlib". Fikirləşdim yəqin, üzr istəməyə gəlib.
Kişi içəri girər-girməz, köhnə dostlar kimi mənə yaxınlaşdı, bir əli ilə əlimi tutdu, o biri əli ilə döş cibindən bir zərf çıxarıb qoydu masamın üstünə.
Yenə soruşdum "a kişi, bu nədir?" Kişi yazıq-yazıq dilləndi:
- Üstünü düzəltdim, hörmətli prokuror! Altı min dollar elədim.
Elə bil, başımda ildırımlar çaxdı. Kişiyə necə qışqırdımsa, zərfi götürüb, o gedən getdi.
Sonradan mənə bildirdilər ki, bu adamlar hər ayın başında məndən əvvəl işləyən prokurorlara beləcə "baş çəkirlərmiş"... İndi gəl, belə rayonda işlə görüm, necə işləyirsən?!
“Ədəbiyyat və incəsənət”
(22.02.2023)