Super User

Super User

Mayın 29-da Heydər Əliyev Sarayında bir çox müsabiqələrin mükafatçısı, gənc və istedadlı ifaçı Almaxanım Əhmədlinin ilk böyük solo konserti keçiriləcək.

Sarayın mətbuat xidmətindən bildirilib ki, konsertdə A.Əhmədli öz repertuardakı mahnılarla yanaşı, muğamlar, xalq və bəstəkar mahnılarını da səsləndirəcək.

Biletləri şəhərin bütün kassalarından, “Gənclik” və “28 Mall” ticarət mərkəzlərindəki kassalardan, www.iticket.az saytından onlayn və “ASAN xidmət” mərkəzlərindəki kassalardan əldə etmək olar.

 

“Ədəbiyyat və incəsənət”

(23.02.2023)

Növbəti Ekspress-sorğuda əməkdaşımız Habil Yaşar “Müasir Azərbaycan ədəbiyyatında hansı mövzuda əsərlərin yazılmasını istərdiniz?” sualına cavab alıb. 

 

 1. Hənifə Əzizəliyeva-müəllimə: Sağlam ailə, sağlam düşüncə, vətənpərvərlik ruhunďa.

 

 2. Anar Əzizəliyev-müəllim: Məhəbbət mövzusunda ve dedektiv janrlı.

 

 3. Sövkət Zeynalova-müəllimə:  Mən ən çox istərdim qanı ilə bizə sevinc yaşadan, işğaldan torpaqlarımızı azad edən şəhidlərimizin, qazilərimizin həyatı və yaradıcılığı işıqlandırılsın.

 

 4. Zülfiyyə Məmmədova-müəllimə: Sevgi mövzusunda daha çox yazılmasını istərdim.

 

 5. Vəfadar Nəsibov-proqraqmçı: Fəlsəfi, fantastik. Qalaktikalararası səyahət, yerin yaranması haqqında və s.

 

6. Fərid Qədirov-musiqiçi: Daha çox milliyətimizə aid, milli mənəvi dəyərlərimiz barədə yazılsa xoş olar.

 

7. İradə Allahverdiyeva-müəllimə: Sevgi, maarifləndirmə və vətənpərvərlik mövzusunda əsərlər arzulayıram.

 

“Ədəbiyyat və incəsənət”

(23.02.2023)

Cümə axşamı, 23 Fevral 2023 11:15

Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) “Kamera ansamblı” kafedrası tələbələrinin Xocalı soyqırımının 31-ci il dönümünə həsr olunmuş konserti olub. 

 

Akademiyanın yaydığı məlumata görə, konsertdə professorlar Kəmalə Neymanova, Töfhə Babayeva, Fəridə Əhmədbəyova, Xanım Abdullayevanın tələbələri - Rəşad Abdullayev, Məryəm Məmmədova, Lamiyə Sərxanova, İlahə Məmmədova, Lalə Gözəlova, Renata Abubəkirova, Əzizə Abdullayeva, Əli Günəşov, Əhməd Əhmədov, Rəşad Ağayev, Jalə İslamova, Zərrin Əliyeva, Orxan Cumayev, Nərminə İsmayılova, Osman Mustafazadə çıxış ediblər.

Tədbirdə Lüdviq Van Bethovenin, F.Şubertin, Klod Debüssinin, Dmitri Şostakoviçin, Mixayıl İvanoviç Qlinkanın və Fazil Sayın əsərləri səsləndirilib.

 

“Ədəbiyyat və incəsənət”

(23.02.2023)

“Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının 30 illiyi münasibəti ilə: 2-ci məqalə

 

 

Öz məqsədlərinin həyata keçirilməsi və missiyasının gerçəkləşməsi üçün fəaliyyətinin lap əvvəlindən Assosiasiya tərəfindən Azərbaycanda ilk dəfə kulturologiya sahəsində peşəkar tədqiqatlara başlandı. Kulturologiyanı insanın ağlı, hisləri və əməyi ilə yaranmış “ikinci süni təbiət” kimi qiymətləndirən “Simurq” AMA «Homo sapiens» -dən (“ağıllı insan”) yüksək bilik, bacarıq, təşkilatçılıq, mənəviyyat səviyyəsinə və yaradıcılıq fəaliyyətinə malik yeni insan tipi «Homo culturalis» -ə (“mədəni insan”) keçidi strateji vəzifəsi elan edib.

Assosiasiya rəhbər ideyası olan “yüksək mədəniyyətli insanların inkişafı” və “insanın davranışı onun mədəniyyətinin dəyişməsi ilə dəyişir” fikrini nəzərdə tutan L.A. Uayt qanunundan çıxış edərək, innovativ kulturoloji fəaliyyətinin şüarı qismində “Əgər dünya mədəniyyəti müdafiə edərsə, mədəniyyət dünyanı xilas edər” kəlamını seçib.

Assosiasiya könüllü olaraq yüzlərlə üzvü birləşdirir, onların arasında 30-dan çox akademik, milli və beynəlxalq elmlər akademiyalarının müxbir üzvləri, tanınmış incəsənət xadimləri, müəllimlər, ictimi xadimlər, diplomatlar, jurnalistlər, istedadlı gənclər var.

“Simurq” AMA-nın dəyərləri

Assosiasiyanın məqsədləri bir tərəfdən - insanın müsbət həyat fəaliyyətinin “yumşaq gücü” kimi azərbaycanlıların yüksək ruhi mədəniyyət dəyərləri, digər tərəfdən – “müdriklik haqqında elm kimi” müasir kulturologiyanın nailiyyətləri üzərində qurulur.

Assosiasiyanın dəyərlərinin əsasında insan inkişafı və milli inkişafın tələblərini ödəməyə, zamanın çağırışlarına layiqincə cavab verməyə imkan yaradan yüksək mədəniyyətli vətəndaşların yetişdirilməsi və çətin həyati problemlərin həlli əsnasında düzgün qərarların seçimi üçün əhəmiyyətli olan psixoloji oriyentirlər dayanır.

Bunlar xeyir, ədalət, həqiqət, bilik, sevgi, dostluq, vicdan, insan ləyaqəti, nəciblik, cəsurluq, namus, şəxsiyyətə hörmət, etika, estetika, ailə mədəniyyəti, humanizm, vətənpərvərlik, inam, böyüklərə ehtiram, uşaqlara məhəbbət, qonaqpərvərlik və başqa mənəvi dəyərlərdir. Onlar həmçinin elm, təhsil, maarif, meritokratiya, yaradıcı fəaliyyət, rifah, sülh mədəniyyəti, özünütəkmilləşdirmə, əmək və idarəetmə mədəniyyəti, peşəkar səriştə, şəxsi məsuliyyət, həyat qabiliyyətli və güclü dövlət, davamlı inkişaf, rəqabətqabiliyyətlilik, milli təhlükəsizlik və s. sosial və siyasi dəyərlərdir.

 

“Ədəbiyyat və incəsənət”

(23.02.2023)

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün növbədə Poema vaxtıdır, şair İradə Aytelləyik.

 

 

 

 

İradə Aytel

 

 

ZƏFƏR NƏĞMƏSI

 

O gün...

14 İyul gecəsi

Hər ürək Polad oldu,

Hər bilək polad oldu!

Külündən doğularaq

Ocaq oldu, od oldu,

Ayağa durdu Vətən!

 

Ayağa durdu Vətən!

Dalğalandı üç rəngdə,

Üç söz çıxdı dilindən:

Polad! Qarabağ! Ölüm!

 

Od püskürən nəfəslər

Dünyaya meydan dedi!

Gözlərdən çıxan atəş

Yatana Oyan! dedi!

Ayağa durdu Vətən!

 

Polad əbası üstdən

Alov geydi, od geydi!

Oğullar dövrələndi,

Oğullar nərə çəkdi!

Düşmənin səmasına

Qara buludlar çökdü,

Ayağa durdu Vətən!

 

Albertlər, Mübarizlər,

İsgəndərlər, Elnurlar...

Bir dildə, bir ləhcədə

Sarıldılar silaha.

Toylar tutulu qaldı,

Vaylar örtülü qaldı.

Səngərlər sıralandı,

Oğullar dalğalandı,

Ayağa durdu Vətən!

 

“Hər gün bir yeni, nəğmə,

Hər gün bir yeni ilham!”

Savaşın qibləgahı,

Savaşın dini İlham!

Zəfər-zəfər yeridik,

Hünər-hünər yeridik.

Dillərdə dua ölüm!

Ayağa durdu vətən!

 

Vətən silah götürdü,

Vətən əsgərə döndü!

Vətən qürur geyindi!

Oğul verdi davaya,

Vətən anaya döndü!

Bayraqlar kəfən oldu.

Vətən odlu köksünə

Bayrağı basdı, susdu...

Vətən ataya döndü!

Vətənin dillərində

Qardaş ağısı bitdi,

Vətən bacıya döndü!

Gözü yolda qalana

Dirək oldu vətənim.

Ata deyən dillərə

Ürək oldu vətənim.

Dizləri bükülmədi,

Taqəti tükənmədi,

Ayağa durdu Vətən!

 

***

 

Ehey... sən nə ləzizsən!

Səni dadmaq nə gözəl!

Sən ana kimi əziz,

Bala kimi şirinsən!

Sən ata kimi təpər,

Zəfər!

Zəfər!

Zəfər!

 

Sən susuz dodaqlara,

Bir ovuc sərin susan!

Sən əyilən qamətə,

Rəşadətsən, qürursan!

Sən alın açıqlığı,

Sən elim boyda hünər

Zəfər!

Zəfər!

Zəfər!

 

Sən ümidsən ürəkdə,

Sən dəmirsən biləkdə.

Sən ordumsan,

Yurdumsan

Sən basılmaz qalasan!

Sən laləli talasan

Sən qalxanım, qılıncım,

Yaylığımdakı gövhər

Zəfər!

Zəfər!

Zəfər!

 

***

 

Dumandan qurduğun xeymə

Duman oldu, duman oldu...

Səsin elə inildədi,

Kaman oldu, kaman oldu...

Şəhid!

 

Ömrünün güllü yazında,

Bülbül oldun avazında.

Ahım qaldı boğazımda,

Aman oldu, aman oldu...

Şəhid!

 

Günəş doğar çənnən sonra,

Elin gülər innən sonra.

Sən yaşadın, sənnən sonra

Anan öldü, anan öldü,

Şəhid!

 

***

 

Bala deyib alışan

Dillinə canım fəda.

Şəhid məzarı üstə

bayraq kimi yellənən

əlinə canım fəda,

Şəhid anası!

 

Ağ-ağ çiçəyə dönən,

söz-söz alışan, dinən,

məzar üstündə sönən

telinə canım fəda,

Şəhid anası!

 

Qoy səsinə səs verim,

Çağıraq balamızı!

Lalan hanı soruşub,

Qınayaq talamızı!

Bala deyəndə yanan

Dodaq, dili ağlayaq…

Yeri dəyişik düşən

Qərənfili ağlayaq.

Bağlı qalan xonçanı,

Solan gülü ağlayaq.

şəhid anası!

 

***

 

Yorğun-yorğun yol gedən

Ayağına qurbanam.

Söykəndiyin bayrağa,

Dayağına qurbanam.

Şəhid atası!

 

Gözlərində inləyən

Kədərindən öpürəm.

Boğazında göynəyən

Qəhərindən öpürəm.

Şəhid atası!

 

Əyilən kürəyində

düz olan qüruruna,

dillərdə dastanlaşan,

söz olan qüruruna,

ürəyinə yol alan

göz yaşına qurbanam!

Şəhid atası!

 

Saçında dən-dən olan

Həsrətinə qurbanam!

Vətəndə oğul olan,

Oğulda vətən olan

Qeyrətinə qurbanam!

Şəhid atası!

 

***

 

Gözünü qurban verib,

Göz oldun Qarabağa!

Dizini qurban verib,

Diz oldun Qarabağa!

Müzəffərim!

Əsgərim!

 

Səssizliyə bükülüb,

Səsini verib gəldin.

Yurd cənnət olsun deyə,

Cəhənnəm atəşini

Gözünlə görüb gəldin!

Vuruldun, əyilmədin,

Baş tacım, andım, mərdim!

Müzəffərim!

Əsgərim!

 

***

 

Başımda tufanım var,

Şəhid anasıyam!

Qışım alov geyinib,

Qışımda tufanım var,

Şəhid anasıyam!

 

Bayraq geyən balamın

Kəfəni telimdədi.

İçimnən qalxan odun

İstisi çölümdədi.

Balama ana Vətən,

Vətənə balam oğul!

Naləmə dolanaraq

ərşdə bala gəzirəm.

Sinəmdə dağa çıxıb,

Allah, lala gəzirəm.

Dərdiyim lalam hanı?

O güllü talam hanı,

Ay balalı analar,

Bəs mənim balam hanı?

Üç rəngə boyanaram,

Oğlumun ucaltdığı

Bayrağımdan güc alıb

Qürurla dayanaram.

Şəhid anasıyam!

 

***

 

Oğlum indi səngərdə,

Sipərim poladdandı.

Qürurum vətən boyda!

Zəfərimiz mübarək!

 

Qırmızı paltar geyib,

Qol götürüb süzəcəm.

Hər gün nişanda, toyda

Zəfərimiz mübarək!

 

Şəhid andını pozsam,

Qibləmi unudaram.

Həm bu tay, həm o tayda

Hünərimiz mübarək!

Zəfərimiz mübarək!

 

***

 

Haqdan gələn halal yolla

Şuşaya gedirik, Paşam!

Bilirsənmi necə abad,

Necə azadədir Şuşam!

 

Sərkərdəm əlində qılınc,

Oğulları sıraladı.

Yağı düşmən göz açmamış

Ordusunu uraladıq.

 

Hələ tarix belə birlik,

Belə döyüş görməmişdi.

İndiyəcən düşmən belə

Öz qınına girməmişdi

 

Gözsüz qalan Qarabağa

Göz oldular igidlərim.

Haldan düşmüş Kəlbəcərə

Diz oldular igidlərim.

 

Susuz qalan torpaqlarım

Suvarıldı al qan ilə.

Hasarlandı sərhədlərim,

Hasarlandı min can ilə.

 

Türkəm, tatam, talışam mən,

Oğlun sağ olsun, ay Vətən!

Zirvə-zirvə ucalasan,

Təpən dağ olsun, ay Vətən!

 

Laçınlar uçan oylağın

Barlı bağ olsun, ay Vətən!

Sən qaliblər qalibisən,

Üzün ağ olsun, ay Vətən!

 

Şuşaya gedirik, Paşam,

“Vətən bağı al-əlvandı”.

Yol üstündə xarıbülbül,

“Zəfər yolu” çıraqbandı,

Şuşaya gedirik, Paşam!

 

 

“Ədəbiyyat və incəsənət”

(23.02. 2023)

 

 

Cümə axşamı, 23 Fevral 2023 10:45

Hər gün bir Şuşa xəbəri

 “Wonderland Şuşa-2023” beynəlxalq skaut düşərgəsi təşkil olunacaq

 

Şuşa şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar “Wonderland Şuşa-2023” beynəlxalq skaut düşərgəsi təşkil olunacaq. 

Bu barədə qərar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin təsdiq etdiyi “Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planın”da yer alıb. 

İl ərzində keçiriləcək festivalla bağlı işlərin icrası Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə tapşırılıb.

 

Ədəbiyyat və incəsənət”

(23.02.2023)

Cümə axşamı, 23 Fevral 2023 10:30

Bəsitçayda bitən unikal Şərq çinarları…

Bir mövzumuz da gözəllikdir, ətraf mühiti, təbiəti qorumaq bu gözəlliyə xidmət etmək anlamındadır. Bioloji Müxtəlifliyin Qorunması Xidməti deyilən bir qurum vardır, söz açdığımız sahədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə külüng vurur. 

 

Erməni işğalından azad edilən torpaqlarımızın bərpası böyük vüsətlə davam edir. Bəsitçay Dövlət Təbiət Qoruğu da həmin ərazidədir. 

Çox təəssüf ki, 107 hektar əraziyə malik olan qoruğun 42 hektarı işğal dövründə məhv edilib. Bəsitçay Dövlət Təbiət Qoruğunun unikallığı ondan ibarətdir ki, şərq çinarının təbii mühitdə yayıldığı yeganə ərazidir. Avropada yeganə ərazi olduğundan ölkəmiz  üçün çox qiymətlidir. 

Qoruğun bərpası istiqamətində Prezident İlham Əliyevin müvafiq Sərəncamı var. Sərəncamdan irəli gələn bəzi işlər Bioloji Müxtəlifliyin Qorunması Xidməti tərəfindən həyata keçirilib. Qoruğun xəritəsi hazırlanıb, ərazidə inventarlaşma işlərinə start verilib. Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları ilə birgə əraziyə bir neçə dəfə səfər edilib. ANAMA mütəxəssisləri tərəfindən ərazilər təmizləndikcə mütəmadi olaraq həmin işlər həyata keçirilir. 22 hektar təmizlənmiş ərazidə fototələlər də quraşdırılıb ki, orada hansı heyvanların mövcud olduğu öyrənilsin. Gələcəkdə reintroduksiya tədbirlərində həmin informasiyalardan istifadə olunacaq. Artıq bir neçə fauna növü fototələlərə düşüb.

Ərazidə işlər davam etdirilir və onun bərpası istiqamətində sanitar-mühafizə zonasında şərq çinarı toxumlarının əkilməsi, digər əməli işlərin həyata keçirilməsi davam etdiriləcək.

 

Bir arayış: BƏSİTÇAY DÖVLƏT TƏBİƏT QORUĞU

 

Tanınmış təbiətşünas alim, akademik Həsən Əliyevin təşəbbüsü ilə nadir təbiət abidəsi olan çinar meşəsinin qorumaq üçün Azərbaycan SSR Nazirlər sovetinin 4 iyul 1974-cü il tarixli qərarı ilə Zəngilan rayon ərazisində 117 ha sahəni əhatə edən Bəsitçay Dövlət Qoruğu yaradılmışdır.

1980-ci ilin oktyabrında qoruğun sahəsi 10 ha azalaraq 107 ha təşkil edir. Bunun 100 ha-nı meşə, qalan 7 ha-nı Bəsitçay vadisinin daşlı və qumlu sahələri tutur.

 

“Ədəbiyyat və incəsənət”

(23.02.2023)

Cümə axşamı, 23 Fevral 2023 10:00

“Gözlərimə qan damdı, o taylara baxmaqdan…”

Bu gün Bütöv Azərbaycan mövzusu çox aktualdır. Tarixən Azərbaycanı ikiyə bölən Araz çayı ayrılıq simvolu olub, ona çoxlu bayatılar, şeirlər qoşulub. Bu gün sizə Araz çayı ilə bağlı bayatıları təqdim edirik. Bu bayatılara xalqımızın iki yüz illik nisgili, kədəri hopub. 

 

Araz, Araz Xan Araz!

Sultan Araz, xan Araz!

Çayın, çeşmən qurusun,

Mənim təki yan, Araz!

 

Araz gəlir daşınnan,

Suyu qalxır başınnan.

Əzəli dumduruydu,

Bulandı göz yaşınnan.

 

Araz, Araz can Araz!

Mən sənə qurban Araz!

Zaman məni yandırdı,

Sən də alış, yan Araz!

 

Araz, Araz, xan Araz

Sultan Araz, xan Araz

Görüm səni yanasan

Bir dərdimi qan, Araz.

 

Arazdan keçən də var,

Suyundan içən də var,

Qardaş adı çəkəndə,

Ürəyi keçən də var.

 

Araza gəmi gəldi,

Mən dedim hami gəldi

Sən ağla, ay gözlərim

Ayrılıq dəmi gəldi.

 

Arazda axar qaldı,

Tərlan uçdu, sar qaldı.

Elimdən ayrı düşdüm,

Gözlərim baxar qaldı.

 

Araz gəldi, yan axdı,

Dibindən min can axdı.

Vətən sarı baxanda,

Ürəyimdən qan axdı.

 

Keçmə, Araz dərindir,

İçmə, suyu sərindir.

Həsrət baxan bu ellər,

Sənin də ellərindir.

 

Araz kimi bulannam,

Bağça kimi sulannam.

Əlim sənə catınca,

Hər tərəfi dollannam.

 

Araz axar yan verər,

Səsi mənə can verər.

Yaramı yaxşı bağla,

Pis bağlasan qan verər.

 

Araz, Araz, can Araz ,

Sultan Araz , xan Araz.

Çayın, çeşmən qurusun,

Mənim kimi yan Araz.

 

Arazda gəmim qaldı,

Əkmədim zəmim qaldı.

Arzun gözündə qalsın,

Necə ki, mənim qaldı.

 

Araz aşanda ağlar,

Kür qovuşanda ağlar.

Balalar anasından,

Ayrı düşəndə ağlar.

 

Mən Arazam, ağlaram,

Hey coşaram, çağlaram.

Ata deyib köksümü,

Çalın-çarpaz dağlaram.

 

Araz, Araz, xan Araz,

Dağlardan axan Araz.

Elimdən xəbər gətir,

Evimi yıxan Araz.

 

Araz qalmaz axmaqdan,

Şimşək doymaz çaxmaqdan.

Gözlərimə qan damdı,

O taylara baxmaqdan.

 

Araz axar, yan gedər,

Üstündə min can gedər.

Yaramı yar bağlasın,

Yoxsa axar, qan gedər.

 

Araz daşanda mələr,

Kür qarışanda mələr.

Bala öz anasından,

Ayrı düşəndə mələr.

 

Arazın başı mənəm,

Dibinin daşı mənəm.

Hər yanda qərib olsa,

Onun yoldaşı mənəm.

 

“Ədəbiyyat və incəsənət”

(23.02.2023)

Soranlara mən bu yurdun,
Anlatayım nəsiyəm:
Mən çeynənən bir ölkənin
Haqq bağıran səsiyəm.
Mən şairəm, doğru amma
Başqa dilim, diləgim.
Bu gördüyüm viranədə
Nə nəşidə söylədim?
Toxundumu yazdıqlarım
Qəlbin incə telinə?
Bax nə haqsız bir axın var
Yoxsulların elinə?..
Sən nə dersən bu sevdalı,
Həm bu derdli gedişə?
Ey yanmın həsrətilə
Boynu bükük bənövşə?
Mən qıyamam yar gəlirkən
Salladığım məndilə.
Ah ey fələk, ağlar isəm,
Göz yaşımı kim silə?

 

Bu, Azərbaycanın istiqlal şairi Əhməd Cavadın “Mən kiməm” şeiridir. Onun anadan olmasının 130 illiyi ilə əlaqədar Milli Kitabxanada tədbir təşkil olundu və kitabxananın nəşr etdirdiyi “Əhməd Cavad: Biblioqrafiya” və TÜRKSOY-un nəşr etdirdiyi “Əhməd Cavaddan seçmə şeirlər” kitablarının təqdimatı keçirildi. Həmin bu şeir də TURKSOY-un seçmə şeirlərinin tacı idi. 

 

Mədəniyyət Nazirliyinin, TÜRKSOY-un və Milli Kitabxananın birgə təşkilatçılığı ilə təşkil olunan tədbiri giriş sözü ilə açan Milli Kitabxananın direktoru, professor Kərim Tahirov bildirdi hər iki nəşr çox dəyərli abidədir. Sonra natiq kitabxana tərəfindən tərtib olunan “Əhməd Cavad: Biblioqrafiya” kitabından geniş bəhs etdi, bildirdi ki, görkəmli şair haqqında son vaxtlara qədər çap olunan bütün materiallar bu kitabda  əhatə edilib. 

Milli Kitabxananın TÜRKSOY-la 2006-cı ildən etibarən əməkdaşlıq etdiyini qeyd edən K.Tahirov bildirdi ki, bu ənənə hələ də davam etməkdədir. 

Tədbirdə çıxış edən TÜRKSOY-un Baş katibi Sultan Rayev rəhbərlik etdiyi təşkilatın bir çox mədəniyyət adamlarının yaradıcılığının işıqlandırılması istiqamətində reallaşdırdığı layihələrdən danışdı. Azərbaycan şeir sənətinin görkəmli nümayəndələrindən olan, qiymətli əsərlər müəllifi Əhməd Cavad haqqında kitabların hazırlanmasında əməyi keçən hər kəsə təşəkkür etdi. 

Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli bildirdi ki, Mədəniyyət Nazirliyi TÜRKSOY ilə birlikdə bir çox layihələr həyata keçirib. Bu layihələr türk dünyasının gücünün göstəricisidir. Əhməd Cavadın Ankarada heykəlinin qoyulması, eləcə də silsilə tədbirlərin təşkili TÜRKSOY-un ona verdiyi dəyərin nümunəsidir. 

Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxışında bildirdi ki, Əhməd Cavad türk dünyasının böyük şairidir və daim türk xalqlarının birliyi üçün çalışıb. Bu baxımdan “Çırpınırdın Qara dəniz” şeiri çox böyük əhəmiyyətə malikdir. O, Türkiyədə Əhməd Cavadın kitabının nəşr olunmasına çox şad olduğunu bildirdi. 

TÜRKSOY-u türk dünyasının UNESCO-su adlandıran AMEA-nın prezidenti, N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibəyli qeyd etdi ki, himn yazmaq böyük bir tarixdir. Ə.Cavad bununla öz adını Azərbaycan tarixinə qızıl hərflərdə həkk edib. Akademik daha sonra Milli Kitabxananın hazırladığı biblioqrafiyanın əhəmiyyətindən bəhs edərək, dedi ki, bu biblioqrafiya dahi ədəbin nəsr əsərlərinin tədqiq olunmasında çox böyük əhəmiyyətə malikdir və yeni tədqiqatların başlanğıcı olacaqdır. 

Tədbirdə Əməkdar elm xadimi Qəzənfər Paşayev, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun layihə rəhbəri Nuri Aksu, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Asif Rüstəmli, Mədəniyyət Nazirliyinin TÜRKSOY-da daimi nümayəndəsi Elçin Qafarlı, ADPU-nun Türk araşdırmaları bölməsinin müdiri, professor Elman Quliyev çıxış edərək Əhməd Cavadın yaradıcılığını çox yüksək qiymətləndirdiklərini və onun adının Azərbaycan ədəbiyyatında daima yaşayacağını qeyd etdilər. 

Bildirdilər ki, maarifçi və ictimai xadim Əhməd Cavad bizim ədəbiyyatımızın, mədəniyyətimizin, tariximizin qurucusudur. Dahi şair nəinki Azərbaycan himninin, həm də ilk hərbi marşın müəllifidir.

Əhməd Cavadın nəticəsi Cavad Axundzadə ailəsinin adından çıxış edərək, belə bir tədbiri təşkil etdiyi üçün Mədəniyyət Nazirliyinə, Milli Kitabxanaya və TÜRKSOY-a təşəkkürünü bildirdi. 

Sonda TÜRKSOY-un Baş katibi professor Sultan Rayev başçılıq etdiyi təşkilatın on illər ərzində Azərbaycan Milli Kitabxanası ilə sıx əməkdaşlığına böyük töhfə verdiyinə görə TÜRKSOY-un xatirə hədiyyəsini Milli Kitabxananın direktoruna təqdim etdi. 

 

“Ədəbiyyat və incəsənət”

(23.02.2023)

Azərbaycan Milli Kulinariya komandası ilk dəfə nüfuzlu Qlobal Aşpazlar Müsabiqəsinə qatılıb və uğurlu nəticə göstərərək üç bürünc medal qazanıb. 

Bəli, Dövlət Turizm Agentliyinin yaydığı məlumat ürəkaçandır!

 

Məlumata görə, azərbaycanlı aşpazlar Ümumdünya Kulinariya Cəmiyyətləri Birliyinin (“Worldchefs”) təşkil etdiyi dünya miqyaslı yarışmanın Avropa üzrə yarımfinalının ilk günündə bütün kateqoriyalar üzrə fərqlənməyi bacarıblar. 

Azərbaycan Milli Kulinariya komandası İtaliyanın Rimini şəhərində keçirilən “Avropa Qran -Prisi 2023: Qlobal Aşpazlar Müsabiqəsi”ndə Dövlət Turizm Agentliyinin dəstəyi ilə iştirak edir. Azərbaycanlı aşpazlar yarışmada dörd kateqoriya üzrə çıxış edirlər. Baş aşpaz Sərxan Məmmədov və köməkçi aşpaz Abdulla Abdullayev “Qlobal usta aşpazlar müsabiqəsi” kateqoriyasında bürünc medal, baş qənnadçı Gülnar Rəsulova və köməkçi Zinyət Axundova “Qlobal şirniyyat hazırlanması üzrə aşpaz” kateqoriyasında, baş aşpaz Nicat Babayev və köməkçi Leyla Vəliyeva isə “Qlobal veqan aşpaz” kateqoriyası üzrə yarışmada bürünc medal əldə ediblər. 

Bu qələbələr Azərbaycan komandasının üzvlərinə gələn il Sinqapurda keçiriləcək “Dünya aşpazlarının konqresi 2024” tədbirinin final mərhələsinə vəsiqə qazandırıb. 

Rimini Ekspo Mərkəzində keçirilən “Avropa Qran-Prisi 2023: Qlobal Aşpazlar Müsabiqəsi”ndə Xorvatiya, Belçika, Macarıstan, Kipr, Rumıniya, Latviya, Almaniya, Serbiya, Estoniya, Portuqaliya, Sloveniya, İspaniya, Lüksemburq və digər ölkələrdən komandalar iştirak edir. Tədbir məkanında Dövlət Turizm Agentliyi tərəfindən “Qarabağ, Şuşa” mövzusunda milli turizm brendinə əsasən destinasiya məlumat stendi quraşdırılıb. 

Azərbaycan Turizm Bürosunun Qastronomiya turizminin idarəedilməsi sektorunun müdiri Səkinə Əsgərova bildirir ki, “Avropa Qran-Prisi 2023” uğrunda yarışan milli komanda üzvlərinin seçimi Worldchefs-in assosiativ üzvü Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası (ACSA) və CASA Kulinariya Sənətləri Məktəbinin məzunlarının köməyi ilə aparılıb. 2023-cü il ərzində Milli Kulinariya komandasının üzvləri daha bir neçə beynəlxalq yarışmada bacarıqlarını nümayiş etdirəcəklər.

 

“Ədəbiyyat və incəsənət”

(23.02.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.