Super User

Super User

Bazar ertəsi, 27 Fevral 2023 09:30

3 minə yaxın tələbənin “613” fləşmobu

Dünən Xocalı faciəsinin növbəti ildönümü idi, “Xocalıya Ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində  paytaxtdan olan 3 minə yaxın tələbənin iştirakı ilə “613” adlı fləşmob keçirildi. 

Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə

keçirilən fləşmobun başlıca məqsədi Xocalı həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq idi. 

 

Gənclər və İdman Nazirliyinin məlumatına görə, “Nə tarix, nə bizlər unutmadıq!” şüarı ilə reallaşan fləşmobda tələbələrdən ibarət formalaşdırılan “613” kompozisiyası erməni silahlı birləşmələri tərəfindən soyqırımına məruz qalmış günahsız Xocalı sakinlərinin sayını göstərirdi. 

Dəniz Kənarı Bulvar ərazisində həyata keçirilən fləşmob və onun tərkib hissəsi olan kompozisiya şəhər sakinlərinin marağına səbəb oldu. Bunu deməyə izləyənlərin say hesabı əsas verirdi. 

 

“Ədəbiyyat və incəsənət”

(27.02.2023)

Müharibə nə qədər istedadlımızı apardı. Nə qədər rejissoru, yazıçını, rəssamı, bəstəkarı itirdik. Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində şəhid mayor Murad Məmmədovun əl işlərinin sərgisi keçirilib.

Həmçinin nazirliyin dəstəyi ilə “ƏSA” teatrının hazırladığı “Qonşu” film-tamaşasının təqdimatı baş tutub. 

 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli, Milli Məclisin üzvləri Musa Quliyev, Arzu Nağıyev, “ƏSA” teatrının rəhbəri Nihad Qulamzadə, qeyri-hökumət təşkilatlarının nümayəndələri, eləcə də şəhid Murad Məmmədovun ailə üzvləri, dostları, xidmət yoldaşları, digər şəhid ailələri üzvləri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər və film-tamaşanın yaradıcı heyəti və digər şəxslər iştirak edib. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

V.Nəsirli bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin keçmiş sovet ordusunun Xankəndidəki 366-cı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin əhalisinə qarşı törətdiyi soyqırımı insanlığa qarşı dəhşətli cinayətlərdən biridir. Qeyd olunub ki, soyqırımı zamanı içərisində uşaqlar, qadınlar, yaşlı insanlar da olmaqla 613 nəfər qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib. 1275 sakin girov götürülüb, 487 nəfər ağır yaralanıb, 150 nəfərin taleyi hələ də naməlum qalıb.

Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilməsi istiqamətində Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətləri qeyd olunub. Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin bir istiqaməti kimi, ötən dövrdə Xocalı soyqırımına beynəlxalq səviyyədə hüquqi qiymətin verilməsi, habelə bu sahədə Heydər Əliyev Fondu tərəfindən, Fondun vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya ədalət!” kampaniyası çərçivəsində aparılmış işlər qeyd olunub. Xocalı soyqırımının artıq bir çox ölkələrin parlament aktlarında tanındığı bildirilib.

Vurğulanıb ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Ordumuz möhtəşəm Zəfər əldə etdi. Doğma torpaqlarımız Ermənistanın işğalından azad edildi, düşmənə sarsıdıcı zərbələr vurularaq şəhidlərimizin qisası alındı.

Şəhidlərimizin xatirəsini daim ehtiramla anırıq. “Qaraheybət” poliqonunda baş vermiş helikopter qəzasında şəhid olmuş Murad Məmmədovun əl işləri sərgisinin təşkili bunun bir təzahürüdür. Şəhid ailələri üzvlərinin məşğulluğuna da dəstək göstərilir, onların bir qismi, həmçinin şəhid Murad Məmmədovun həyat yoldaşı Aysel Məmmədova Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində işə qəbul olunub.

Nazirliklə inklüziv teatr olan “ƏSA” teatrı arasında daimi əməkdaşlıqdan bəhs olunaraq qeyd edilib ki, hazırkı tədbirin keçirildiyi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi Cənubi Qafqazda ilk dəfə olaraq kifayət qədər çoxşaxəli fəaliyyət sahələrini əhatə edən ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanıdır.

Xocalı soyqırımının 31-ci ildönümü ərəfəsində təqdim olunan “Qonşu” film-tamaşası da yeni inklüziv yaradıcılıq nümunəsidir.

Tədbirdə M.Quliyev, A.Nağıyev, N.Qulamzadə, həmçinin şəhidin ailə üzvləri çıxış ediblər. Tədbir film-tamaşanın təqdimatı ilə davam edib və yaradıcı heyət səhnəyə dəvət olunub.

Bir erməni ailəsinin qonşuları olmuş, onlara daim xeyirxahlıq etmiş bir azərbaycanlı ailəsinə qarşı xəyanətini ifşa edən film-tamaşa möhtəşəm Zəfərimizi əks etdirən nikbin, qürurverici sonluqla yekunlaşır: 30 ilə yaxın dövrdə Ermənistanın işğalı altında qalmış yurd yerlərimiz azad edildiyi kimi, həmin dövrdə erməni ailəsinin xaincəsinə sahibləndiyi qonşu ev - azərbaycanlı ailənin doğma evi də azad edilir. Evi azad edən də bir zaman elə o evdə doğulan igid Azərbaycan əsgəridir.

Film-tamaşada əsas rollardan birini də elə İkinci Qarabağ müharibəsi veteranı Elvin Şahmərdan ifa edir.

 

“Ədəbiyyat və incəsənət”

(27.02.2023)

 

Fevralın 25-də Azərbaycan Opera və Balet Teatrının səhnəsində italyan bəstəkar C.Verdinin “Aida” operası nümayiş olunacaq.

 

Bu tamaşada Aida obrazını Əməkdar artist Afaq Abbasova canlandıracaq. Digər rolları Xalq artistləri Əvəz Abdulla, Əkrəm Poladov, Əməkdar artist Səbinə Vahabzadə, solistlər Fatimə Cəfərzadə, Fəhmin Əhmədli, Türkiyənin Samsun Dövlət Opera və Balet Teatrının solisti Tuncay Kurtoğlu və Almaniyanın Manheym Milli Operasının solisti İrakli Kaxidze ifa edəcəklər.

Unudulmaz operaların müəllifi olan Cüzeppe Verdinin "Aida" operası qədim Misir sərkərdəsi Ramadeslə, hökmdar qızı Aidanın sevgi uğrunda apardıqları mübarizəyə həsr olunur.

Tamaşanı Əməkdar artist dirijor Əyyub Quliyev idarə edəcək.

Biletlər teatrın kassası ilə yanaşı, şəhərin bütün kassalarından və iticket.az saytından əldə etmək olar.

 

“Ədəbiyyat və incəsənət”

(24.02.2023)

“Ədəbiyyat və incəsənət” portalı “Redaksiyanın poçtundan” rubrikasında sizlərə Mina Rəşidin Xocalı dərdinə sığınmış şeirlərini təqdim edir.

 

 

QARAM, BİLİRƏM Kİ, GÜNAHKARAM MƏN

 

Yaman günahkaram, yağmayaydım kaş,

O gün Xocalıya mən də dərd oldum.

Axı çox sevirdi məni uşaqlar,

O gecə yağmaqla mən namərd oldum.

 

O gün dizə qədər qana batdım mən,

Bir körpə çığırdı, yerimdə dondum...

Onu çox incitdim soyuqluğumla,

Dərdinin üstünə şaxta, buz qoydum.

 

Söndürə bilmədim yanan qəlbini

Donmuş gözlərimlə baxdım tüstünə.

Düşmən bir tərəfdən, nən də bir yandan

Vaxtsız qonaq kimi yağdım üstünə.

 

Mən soyuq olsam da, qəm yaddaşımda

Gör neçə körpənin solğun üzü var.

Qaram, bilirəm ki, günahkaram mən,

Üstümdə ömürlük qan izləri var.

 

 

QARĞIŞ

 

Novruz tonqalından

atlana bilmədi

Xocalı uşaqları,

qaldı yağı əlində…

Ay zalım düşmən,

səni odda yanasan,

suda batasan,

çörəyimiz tutsun səni,

boğulasan,

daşın daş üstə qalmasın heç,

Bu qərib, kövrək

Novruz günündə

Görüm qarğışımız tutsun səni…

  

 

UNUTMAQ BİZƏ HARAM!

 

...Hər gün saçlarımdan asılıram,

yeddi qat dərim soyulur,

gözlərim oyulur...

Xocalıda dərisi soyulan,

gözləri oyulan,

başı kəsilən körpələrin anası kimi

ölüb-ölüb yenə dirilirəm.

Unuda bilmirəm,

Unutmaq istəmirəm də!

Unutduqca dərdimiz təzələndi,

Ürəyimiz güllələndi.

Unutmaq bizə yasaq,

Unutmaq bizə haram!

 

 

İSTƏYİRƏM QAR YAĞSIN

 

İstəyirəm qar yağsın,

Qara gün qarda batsın.

Adamlar bir-birinə

Güllə deyil, qar atsın.

 

Qara qəlblər ağarsın,

Dünyaya yağsın bu qar.

Qışın tən ortasında

Günəştək doğsun bu qar.

 

Müharibə sözünü

Görüm qar, çovğun alsın.

Qar yağsın, qoy silahlar

Qarın altında qalsın!

 

 

“Ədəbiyyat və incəsənət”

(24.02.2023)

 

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etmişlər. Fevralın 26-sı səhər saat 5-ə kimi şəhər erməni işğalçıları tərəfindən zəbt olunmuş, bir gecənin içərisində Xocalı yerlə-yeksan edilmişdir. Azərbaycan xalqı Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır. Ümummilli lider Heydər Əliyev 1 mart 1994-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə 26 fevralı "Xocalı soyqırımı və milli matəm günü" elan etmişdir.

 

23 fevral tarixində Firidun bəy Köçərli adına Respublika Uşaq kitabxanasında Xocalı faciəsinə həsr olunmuş “Sonuncu ölən ümidlər” adlı tədbir keçirilib. Tədbirdə tanınmış yazıçı Varisin Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevə həsr etdiyi “Qırmızı ləçəklər” kitabının müzakirəsi baş tutub. Tədbir Azərbaycan Dövlət Himninin səslənməsi və Xocalıda amansızcasına qətlə yetirilmiş soydaşlarımızın bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Müzakirədən sonra Varis kitabxanada təcrübə keçən gənclərə karyerada uğur qazanmağın yollarından, bunun üçün atılmalı olan addımlardan söhbət açaraq ona ünvanlanan sualları cavablandırıb. Sonda kitabxana əməkdaşlari tərəfindən hazırlanmiş slayd tədbir iştirakçılarına təqdim edilib.

Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında bədii ədəbiyyatın roluna diqqət yetirməkdən, həmçinin, kitabların gənclərin inkişafında, formalaşmasında və gələcək karyeralarında əhəmiyyətli yer tutması barədə maarifləndirici məlumatlar verməkdən ibarət idi.

 

“Ədəbiyyat və incəsənət”

(24.02.2023)

 

 

 

 

 

 

 

Xəbər verdiyimiz kimi, bu gün Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş "Heydər Əliyev və milli teatr sənəti" layihəsi çərçivəsində Cəlil Məmmədquluzadənin "Ölülər" pyesi nümayiş olunacaq. 

 

Bu tamaşa Heydər Əliyev Mərkəzinin və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təqdimatında göstəriləcək.

Tamaşanın quruluşçu rejissoru və rəssamı Xalq artisti Azər Paşa Nemətovdur. Səhnə əsərində SSRİ Xalq artisti Qara Qarayevin “Ölülər” üçün bəstələdiyi musiqi yeni versiyada təqdim ediləcək. Musiqi Xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri tərəfindən ifa olunacaq.

İki hissəli tamaşada Şeyx Nəsrullahı Xalq artisti Nurəddin Mehdixanlı, İsgəndəri isə Əməkdar artist Anar Heybətov canlandıracaq. Eləcə də səhnəyə xalq artistləri Əli Nur, Hacı İsmayılov, Kazım Abdullayev, Laləzar Mustafayeva, Rafiq Əzimov, Sabir Məmmədov, əməkdar artistlər Aslan Şirin, Elxan Quliyev, Elşən Rüstəmov, Əlfida Cəfərov, Kazım Həsənquliyev, Mətləb Abdullayev, Məzahir Cəlilov, Mirzə Ağabəyli və teatrın digər aktyorları çıxacaqlar.

***

Cəlil Məmmədquluzadənin “Ölülər” tragikomediyası ümummilli lider Heydər Əliyevin ən çox sevdiyi əsərdir. Ulu öndər özü müsahibələrində belə deyirdi: “Yuxarı siniflərdə oxuyarkən mən teatra böyük maraq göstərir, tez-tez yerli dram teatrının tamaşalarına gedib baxırdım... Beləliklə, teatrımız Mirzə Cəlilin "Ölülər" pyesini tamaşaya qoydu və mən də böyük məmnuniyyətlə bu tamaşaya bir neçə dəfə baxdım. "Ölülər" pyesi dərin fəlsəfi əsərdir. Öz fəlsəfi siqlətinə görə, o, Azərbaycan ədəbiyyatının dramatik əsərləri arasında ilk cərgədə durur. Eyni zamanda onu digər əsərlərdən fərqləndirən cəhət dərin milli ruhu, xəlqiliyidir... Mən Şekspirdən başlayaraq bütün dram əsərlərini bilirəm. Hesab edirəm ki, "Ölülər" kimi əsəri heç kim yarada bilməyib. Çünki bu cür mövzu tapmaq özü bir fəlsəfədir, dahilikdir..."

***

Heydər Əliyev hələ gənc yaşlarından teatra çox bağlı idi. Məktəb və tələbəlik illərində dram dərnəklərində səhnədə çıxışlar edən Heydər Əliyev teatrı çox sevirdi və o, Azərbaycan milli teatrını bizim milli sərvətimiz adlandırırdı. Müntəzəm olaraq teatr tamaşalarını izləyən ümummilli lider yaradıcı heyətlə görüşüb, öz tövsiyə və tapşırıqlarını verirdi.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar Heydər Əliyev Mərkəzi bir sıra layihə və tədbirlərin keçirilməsini planlaşdırır. “Heydər Əliyev və milli teatr sənəti” layihəsi çərçivəsində isə Heydər Əliyev Mərkəzində silsilə teatr tamaşalarının nümayişi nəzərdə tutulur. 

 

“Ölülər” tamaşasına biletləri Mərkəzin kassasından, iTicket.az satış məntəqələri və saytından əldə etmək mümkün idi. Və təsəvvür edin ki, tamaşaya bir həftə qalmış bütün biletlərin satılması barədə elanlarla rastlaşdıq. 

Bu, günümüzün sensasiyası deyilmi? 

 

“Ədəbiyyat və incəsənət”

(24.02.2023)

 

Şair, AYB-nin mətbuat katibi Xəyal Rzanın kino sahəsində debütü “Maya” filmi ilə gerçəkləşib. 

Bu axşam saat 19.00-da “Nizami” Kino Mərkəzində filmin nümayişi olacaq. 

 

Xəyal Rza “Maya”nın həm rejissoru, həm ssenari müəllifidir. Prodüsseri  Tahir Tahiroviç, operatoru Rafiq Əliyev, operator assisenti Kənan Fərzəliyev, montajçısı Aydan Əhmədova olan filmin bədii rəhbəri Oktay Mir-Qasımdır.

Xəyal Rza kinosevərləri əmin edir ki,  çox maraqlı bir film ərsəyə gətirilib. Və onları “Nizami” Kino Mərkəzinə dəvət edir. 

 

“Ədəbiyyat və incəsənət”

(24.02.2023)

 

Azərbaycan mədəniyyətinə itki üz verib. Tanınmış vokalçı, Xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Əli Əsgərov fevralın 23-də ömrünün 62-ci ilində vəfat edib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir. 

 

Əli Rəhim oğlu Əsgərov 1961-ci il noyabrın 25-də Bakıda anadan olub. O, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) vokal şöbəsini və aspiranturasını bitirib. 1989-cu ildən Akademik Opera və Balet Teatrının solisti idi. Teatrın səhnəsində bir çox opera tamaşalarında, eləcə də Fransa, Almaniya, Rusiya, Türkiyə, Ukrayna, Gürcüstan və s. ölkələrdə opera festivallarında, vokal müsabiqələrində çıxış edib, laureat adını qazanıb. 1997-ci ildə Bakıda Bülbül adına Vokalçılarin I Beynəlxalq Müsabiqəsinin “Qran Pri” mükafatçısı olub.

1998-ci ildə Azərbaycan Respublikasının “Əməkdar artisti”, 2012-ci ildə “Xalq artisti” fəxri adlarına, dəfələrlə Prezident mükafatına layiq görülüb.

 

“Ədəbiyyat və incəsənət”

(24.02.2023)

 

Bu gün Əli bəy Hüseynzadənin doğum günüdür

 

Bu gün XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri Əlibəy Hüseynzadənin anadan olmasının 159-cu ildönümü tamam olur. Və görkəmli ədibin anadan olmasının 150 illiyi Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə silsilə tədbirlərlə qeyd olunmuşdu, gəlin unutmayaq!

Türk xalqlarının mədəni inteqrasiyasının məfkurə kimi təşəkkül tapmasında mühüm rol oynayan, müasir cəmiyyət quruculuğunda demokratik prinsiplərin ənənəvi dəyərlər zəminində bərqərar olmasının vacibliyini irəli sürən və müstəqil dövlətçiliyin nəzəri əsaslarının işlənib hazırlanmasında yaxından iştirak edən Əli bəy Hüseynzadə zəngin fəlsəfi-publisistik, ədəbi-elmi irsi ilə Azərbaycan maarifçiliyi tarixinə qiymətli töhfələr verib.

Əli bəy Hüseynzadə 1864-cü il fevralın 24-də Salyan şəhərində anadan olub, uşaq yaşlarından babasının - Qafqazın şeyxülislamı Axund Əhmədin himayəsi altında böyüyüb. Tiflis gimnaziyasında, Sankt-Peterburq Universitetinin fizika-riyaziyyat, İstanbul Universitetinin hərbi tibb fakültələrində təhsil alıb, türk, fars, ərəb, alman və rus dillərini öyrənib.

Gənc yaşlarından ictimai-siyasi proseslərə biganə qalmayan Əli bəy Hüseynzadə Rusiya və Türkiyədə olarkən tələbə hərəkatına qoşulmuş, müxtəlif tədbirlərdə fəal iştirak edib. O, 1897-1900-cu illərdə türk-yunan müharibəsində İtaliyada hərbi həkim kimi çalışıb. Üç ildən sonra İstanbula qayıdıb və təhsil aldığı universitetdə professor köməkçisi işləyib, tibbə dair bir sıra əsərlər yazıb. Əlibəy Hüseynzadə “İttihad və tərəqqi” firqəsinin əsasını qoyanlardan və ən fəal xadimlərindən biri olub.

1904-cü ildə Bakıya qayıdan Əli bəy Hüseynzadə ictimai-siyasi işlə yanaşı, jurnalistlik fəaliyyətinə də başlayıb, “Həyat” qəzetinin redaktorlarından biri, “Kaspi” qəzetinin müvəqqəti redaktoru, “Füyuzat” jurnalının isə redaktoru olub. Qeyd olunan mətbuat orqanlarında onun ictimai-siyasi hadisələrə, doğma xalqının tarixinə, mədəniyyətinə, dilinə, dininə, adət-ənənəsinə dair çoxsaylı məqalələri, həmçinin dünya ədəbiyyatından tərcümələri yer alıb.

Əli bəy Hüseynzadənin publisistikası ictimai-siyasi və mədəni mühitə yeni nəfəs gətirib, ümumxalq dünyagörüşünün məntiqi əsaslarını yeni prinsiplərlə zənginləşdirib.

Onun Azərbaycan ictimai-mədəni həyatı və milli mətbuatımızın tarixindəki xidmətlərindən ən çox diqqəti cəlb edəni söz və mətbuat azadlığı uğrunda mübarizədir. Əli bəy Hüseynzadə bəzən azadlığı obrazlı təqdim etmiş, azad sözü “pəriyi-hürriyyət” adlandırmış, “Kuhi-Qaf və Simurq” məqaləsində azadlığı Qaf dağlarına zəncirlə bağlanmış Prometeyə bənzədib.

Bakıda, eyni zamanda, pedaqoji fəaliyyətlə də məşğul olan Əli bəy Hüseynzadə yenilikçi müəllim kimi 1908-ci ildə “Səadət” Xeyriyyə Cəmiyyətinin məktəbində müdir işləyib. O, millətin inkişafında, mədəni yüksəlişində maarifin rolunu yüksək qiymətləndirib.

Gənc Türklər İnqilabından (1908) sonra Bakıda Əli bəy Hüseynzadənin fəaliyyətinə süni əngəllər törədilib və o, iki il sonra Türkiyəyə qayıdaraq qısa bir müddətdə İstanbul Universitetinin professoru olub.

O, Bakıya sonuncu dəfə 1926-cı ildə I Ümumittifaq Türkoloji qurultayda iştirak etmək üçün gəlib, məruzə adı ilə gətirdiyi “Qərbin iki dastanında türk” əsərinin nəşrinə nail olub.

Əli bəy Hüseynzadə siyasi, fəlsəfi, ədəbi-tənqidi və estetik görüşlərində milli amili və islahatı önə çəkib, milli ideologiyanın irəli sürülməsinin tərəfdarı olub. Bütün fəaliyyəti boyu “türkləşmək, islamlaşmaq, müasirləşmək” şüarını əsas hesab edib. Təsadüfi deyildir ki, bu ideologiya Azərbaycan Xalq Cümhuriyyətinin və onun varisi olan müstəqil Azərbaycan Respublikasının dövlət bayrağında üç rənglə (mavi, qırmızı, yaşıl) öz əksini tapıb.

Görkəmli ədib Azərbaycan dilinin və ədəbiyyatının inkişafı üçün yollar axtarıb, çox qiymətli fikir və təkliflər irəli sürüb. O, türk xalqları üçün ümumi ədəbi dil yaradılmasının tərəfdarı olub. Vaxtilə reallaşmayan ideya bu gün də aktuallığını itirməmişdir. Onun elmi, ədəbi-bədii irsində Bakıda işlədiyi illərdə yazdığı və mütəxəssislər tərəfindən şah əsəri hesab edilən “Siyasəti-fürusət”, eləcə də “Füyuzat” məcmuəsi xüsusi yer tutur.

Əli bəy Hüseynzadə “Molla Nəsrəddin” jurnalının nəşrini mühüm ədəbi-ictimai hadisə hesab edib, demokratik görüşlü şair və yazıçılarımızın ədəbi fəaliyyətlərini yüksək qiymətləndirib. O, həm də rəssam kimi şöhrət qazanıb, boyakarlığın müxtəlif janrlarında işləyib, mənzərə, məişət mövzularında əsərlər və portretlər yaradıb. Onun “Bibiheybət məscidi” tablosu, “Şeyxülislam” portreti, “Azərbaycan ailəsi” və digər əsərləri həyatiliyi və bədiiliyi ilə diqqəti cəlb edir.

“Bizə fədai lazımdır! Türk hissiyyatlı, islam etiqadlı, Avropa (müasir) qiyafəli fədai!”.

XX əsrin əvvəllərində “Füyuzat” jurnalında yer almış bu uzaqgörən çağırış tarixin müxtəlif dövrlərində hərbi, ideoloji təzyiqlərə məruz qalan xalqımız, eləcə də türk dünyası üçün bir nicat yolu, qurtuluş düsturu idi. Müasirlərinin “Qafqaz müsəlmanlarının atası”, “Türk xalqlarına kimliyini bildirən dahi”, “Bütün türk dünyasının mücahidi”, “Türkçülüyün babası (atası)” adlandırdıqları, aktuallığını bu gün də saxlayan yuxarıda qeyd olunan fikirlərin müəllifi Əli bəy Hüseynzadə şərəfli ömrünü türk millətinin, o cümlədən Azərbaycan xalqının milli oyanış və özünüdərkinə, istiqlal mücadiləsinə, maarif və mədəniyyətinin yüksəlişinə, milli dövlətçiliyin formalaşdırılmasına həsr edib. 

Böyük şəxsiyyət kimi xatirələrdə, yaddaşlarda yaşayan Əlibəy Hüseynzadə 1940-cı ildə İstanbulda vəfat edib.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(24.02.2023)

Gənc yazar Ülviyyə Əbülfəzqızının "Ruhumun nəğməsi" adlı ilk şeirlər kitabının təqdimat mərasimi keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azərbaycan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının konfrans zalında baş tutan təqdimatda Azər Hacıbəyli, Habil Yaşar, Mərcan Şahbuzlu, Elmira İsmayılova, Esmira Günəş, Nigar Həsənzadə kimi dəyərli ziyalılar öz ürək sözlərini vurğulayıblar. 

Kitabın redaktoru AYB-nin və Nərimanov Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü Mərcan Şahbuzludur. 

 

“Ədəbiyyat və incəsənət”

(24.02.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.