“Hər gün saçlarımdan asılıram” - Mina Rəşidin şeirləri Featured

“Ədəbiyyat və incəsənət” portalı “Redaksiyanın poçtundan” rubrikasında sizlərə Mina Rəşidin Xocalı dərdinə sığınmış şeirlərini təqdim edir.

 

 

QARAM, BİLİRƏM Kİ, GÜNAHKARAM MƏN

 

Yaman günahkaram, yağmayaydım kaş,

O gün Xocalıya mən də dərd oldum.

Axı çox sevirdi məni uşaqlar,

O gecə yağmaqla mən namərd oldum.

 

O gün dizə qədər qana batdım mən,

Bir körpə çığırdı, yerimdə dondum...

Onu çox incitdim soyuqluğumla,

Dərdinin üstünə şaxta, buz qoydum.

 

Söndürə bilmədim yanan qəlbini

Donmuş gözlərimlə baxdım tüstünə.

Düşmən bir tərəfdən, nən də bir yandan

Vaxtsız qonaq kimi yağdım üstünə.

 

Mən soyuq olsam da, qəm yaddaşımda

Gör neçə körpənin solğun üzü var.

Qaram, bilirəm ki, günahkaram mən,

Üstümdə ömürlük qan izləri var.

 

 

QARĞIŞ

 

Novruz tonqalından

atlana bilmədi

Xocalı uşaqları,

qaldı yağı əlində…

Ay zalım düşmən,

səni odda yanasan,

suda batasan,

çörəyimiz tutsun səni,

boğulasan,

daşın daş üstə qalmasın heç,

Bu qərib, kövrək

Novruz günündə

Görüm qarğışımız tutsun səni…

  

 

UNUTMAQ BİZƏ HARAM!

 

...Hər gün saçlarımdan asılıram,

yeddi qat dərim soyulur,

gözlərim oyulur...

Xocalıda dərisi soyulan,

gözləri oyulan,

başı kəsilən körpələrin anası kimi

ölüb-ölüb yenə dirilirəm.

Unuda bilmirəm,

Unutmaq istəmirəm də!

Unutduqca dərdimiz təzələndi,

Ürəyimiz güllələndi.

Unutmaq bizə yasaq,

Unutmaq bizə haram!

 

 

İSTƏYİRƏM QAR YAĞSIN

 

İstəyirəm qar yağsın,

Qara gün qarda batsın.

Adamlar bir-birinə

Güllə deyil, qar atsın.

 

Qara qəlblər ağarsın,

Dünyaya yağsın bu qar.

Qışın tən ortasında

Günəştək doğsun bu qar.

 

Müharibə sözünü

Görüm qar, çovğun alsın.

Qar yağsın, qoy silahlar

Qarın altında qalsın!

 

 

“Ədəbiyyat və incəsənət”

(24.02.2023)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.