1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etmişlər. Fevralın 26-sı səhər saat 5-ə kimi şəhər erməni işğalçıları tərəfindən zəbt olunmuş, bir gecənin içərisində Xocalı yerlə-yeksan edilmişdir. Azərbaycan xalqı Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır. Ümummilli lider Heydər Əliyev 1 mart 1994-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə 26 fevralı "Xocalı soyqırımı və milli matəm günü" elan etmişdir.
23 fevral tarixində Firidun bəy Köçərli adına Respublika Uşaq kitabxanasında Xocalı faciəsinə həsr olunmuş “Sonuncu ölən ümidlər” adlı tədbir keçirilib. Tədbirdə tanınmış yazıçı Varisin Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevə həsr etdiyi “Qırmızı ləçəklər” kitabının müzakirəsi baş tutub. Tədbir Azərbaycan Dövlət Himninin səslənməsi və Xocalıda amansızcasına qətlə yetirilmiş soydaşlarımızın bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Müzakirədən sonra Varis kitabxanada təcrübə keçən gənclərə karyerada uğur qazanmağın yollarından, bunun üçün atılmalı olan addımlardan söhbət açaraq ona ünvanlanan sualları cavablandırıb. Sonda kitabxana əməkdaşlari tərəfindən hazırlanmiş slayd tədbir iştirakçılarına təqdim edilib.
Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında bədii ədəbiyyatın roluna diqqət yetirməkdən, həmçinin, kitabların gənclərin inkişafında, formalaşmasında və gələcək karyeralarında əhəmiyyətli yer tutması barədə maarifləndirici məlumatlar verməkdən ibarət idi.
“Ədəbiyyat və incəsənət”
(24.02.2023)