Super User

Super User

Sabah Xətai Sənət Mərkəzində “Hisslər və rəsmlər” adlı təsviri sənət sərgisi açılacaq. Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə açılacaq sərgiyə əsər qəbulu da sabah bitir.

 

Əsərlərin mövzusu, ölçüsü və texnikası sərbəstdir, 18 yaşdan yuxarı istənilən vətəndaş müraciət edə bilər.

Bir müəllif tərəfindən ən çox 3 əsər göndərilməsinə icazə verilir.

Qeyd edək ki, əsəri seçilmiş müəlliflərin siyahısı Xətai Sənət Mərkəzinin media hesablarında yayımlanacaq. Bir müəllifin 1 və ya 2 əsəri sərgilənə bilər. Əsəri seçilmiş müəlliflərə sertifikat təqdim olunacaq.

Tamaşaçıların seçdiyi ən yaxşı əsərin müəllifi də hədiyyə ilə təltif olunacaq.

Əlavə suallar üçün (051) 310 74 01 nömrəsi ilə əlaqə saxlamaq mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(24.02.2023)

Cümə, 24 Fevral 2023 14:00

Bu gün göydən üç alma düşəcək

Xəbər verdiyimiz kimi Azərbaycan Milli Xalça Muzeyində Xalq rəssamı Arif Hüseynovun əsərlərindən ibarət “Azərbaycan nağılı” adlı sərgi açılıb. Sərgi  Arif Hüseynovun 80 illik yubileyi və yaradıcılığının 55-ci ili münasibətilə Milli Məclisinin Mədəniyyət komitəsi, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi, “Azərxalça” ASC və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilir.

 

Sərgidə görkəmli qrafika ustası Arif Hüseynovun geniş və rəngarəng yaradıcılıq aləmindən bir silsilə – onun Azərbaycan xalq nağıllarına, hər kəsin tanıdığı və sevdiyi nağıl obrazlarına həsr etdiyi 54 qrafik lövhə nümayiş olunur.

“Azərbaycan nağılı” sərgisinin ekspozisiyasına daxil olan, rəssamın ilk dəfə rəqəmsal çap formatında işlədiyi rəsm əsərlərində nağıllarımıza parlaq və fərdi cizgilərlə yeni həyat bəxş edilib, onlardakı sehr, müdriklik, gözəllik, ülviyyət, xalqımızın mifoloji dünyagörüşü xüsusi peşəkarlıqla təsvir olunub. Arif Hüseynovun özünəməxsus, orijinal üslubda əsl sənətkarlıq və sevgi ilə yaratdığı bu əsərlər Azərbaycanın xovsuz və xovlu xalçalarının məşhur kompozisiyaları ilə haşiyələnib.

Bu gün sərginin son günüdür.

 

“Ədəbiyyat və incəsənət”

(24.02.2023)

Fevralın 25-də və 26-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Kod adı V.X.A” tamaşası növbəti dəfə nümayiş olunacaq.

Böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın anadan olmasının 130 illiyinə və repressiyaya məruz qalmış görkəmli fikir adamlarının xanımlarına, eləcə də repressiya qurbanlarının 85 illiyinə həsr olunmuş tamaşada teatrın 70 nəfərlik böyük heyəti rol alıb.

 

Teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin müəllifi və quruluşçu rejissoru olduğu tamaşa tarixi-sənədli faktlara istinad edərək, ötən əsrin 30-cu illərinin mənzərəsini təsvir edir.

Qeyd edək ki, Şükriyyə Axundzadənin timsalında 26 min qadının məşəqqətli həbs və sürgün həyatına həsr olunmuş sənədli, bədii, tarixi hadisələrdən bəhs edən səhnə əsərinin quruluşçu rəssamı Mustafa Mustafayev, bəstəkarı Azər Hacıəsgərlidir. İşıq üzrə rəssamı Vadim Kuskov, plastik həlli Ceyhun Dadaşova məxsus olan yeni səhnə əsərinin rejissorları Nihad Qulamzadə, Gülnar Hacıyeva, rejissor assistentləri isə Günay Qasımova və Sevda Hacışəmiyevadır.

 

“Ədəbiyyat və incəsənət”

(24.02.2023)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə bu gün Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə yağışın sulu qarla qarışıq yağacağı, səhərin erkən saatlarında Abşeron yarımadasının şimalında qısamüddətli qara keçəcəyi gözlənilir. 

 

Günün ikinci yarısında yağıntılar tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında mülayim şimal-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 0°-yə yaxın, gündüz 3°-dək isti olacaq. Atmosfer təzyiqi 766 millimetr civə sütunundan 776 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 faiz təşkil edəcək. 

Azərbaycanın rayonlarının bəzi yerlərində havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşam əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-6° isti, dağlarda gecə 8-13°, gündüz 3-8° şaxta olacaq. Yollar buz bağlayacaq. 

Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarının bəzi yerlərində havanın yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Arabir duman olacaq. Qərb küləyi əsəcək, sürəti saniyədə 5-10 metr, bəzi yerlərdə arabir 15-18 metr olacaq. Havanın temperaturunun gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı proqnozlaşdırılır. 

Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Ağdam, Daşkəsən, Gədəbəy rayonlarının bəzi yerlərində havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10°, gündüz 0-5° şaxta olacağı bildirilir. Yollar buz bağlayacaq. 

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarının bəzi yerlərində havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 13°-dək şaxta, gündüz 0-5° şaxta olacağı ehtimalı var. Yollar buz bağlayacaq. 

Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Füzuli rayonlarının bəzi yerlərində havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşam yağıntı tədricən kəsiləcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2-6° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı ehtimal edilir. 

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarının bəzi yerlərində havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti, dağlarda gecə 5-10°, gündüz 0-5° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq. 

Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarının bəzi yerlərində havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Axşam yağıntı tədricən kəsiləcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, sürəti saniyədə 5-10 metr, arabir 15-18 metr olacaq, bəzi yerlərdə arabir 20-25 metrədək güclənəcək. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-6° isti olacağı proqnozlaşdırılır. 

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarının bəzi yerlərində havanın yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşam yağıntı tədricən kəsiləcək. Arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-3°, gündüz 3-6° isti, dağlarda gecə 2-4°, gündüz 0-2° şaxta olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(24.02.2023)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında narkomaniyaya qarşı maarifləndirmə tədbiri keçirilib. 

 

Bu barədə AzərTAC-a nazirliyin mətbuat xidmətindən məlumat verilib. 

Akademiyanın rəisi Baba Salayev narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlərdən danışaraq bildirib ki, böyük sosial bəla sayılan narkomaniya bütün cəmiyyətlərin faciəsidir və bu problemə qarşı fəal mübarizə aparmaq hər bir vətəndaşın ən ümdə vəzifəsidir. Bu bəlanın əsasən gənclər arasında yayıldığına diqqəti çəkən Akademiya rəisi həmin problemin aradan qaldırılması üçün irimiqyaslı maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu diqqətə çatdırıb. O, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin, istərsə də narkomaniya əleyhinə aparılan maarifləndirmə tədbirlərinin bu gün aktual xarakter daşıdığını bildirib. Prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nı xatırladan Baba Salayev vurğulayıb ki, bu sənəd sözügedən problemlə sistemli mübarizə aparılması baxımından mühüm əhəmiyyət daşıyır. Proqramdan irəli gələn vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsi istiqamətində ciddi səylər göstərilir və atılan addımlar davamlı xarakter daşıyır.

Narkoloq-həkim Asif Kəngərli cəmiyyətin ciddi bəlasına çevrilən narkomaniyanın yaratdığı təhlükələr və fəsadlar barədə geniş məlumat verib. Narkomaniyanın yayılmasına səbəb olan amillər, narkomaniyaya qarşı mübarizədə hüquq-mühafizə orqanlarının, təhsil və səhiyyə işçilərinin qarşısında duran vəzifələrdən bəhs edib.

Sonda mövzu ətrafında müzakirələr aparılıb.

 

“Ədəbiyyat və incəsənət”

(24.02.2023)

Bu gün Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş "Heydər Əliyev və milli teatr sənəti" layihəsi çərçivəsində Cəlil Məmmədquluzadənin "Ölülər" pyesi nümayiş olunacaq. 

 

Tamaşa Heydər Əliyev Mərkəzinin və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təqdimatında göstəriləcək.

Tamaşa 2 hissədən ibarət olacaq:

1-ci hissə - 65 dəqiqə Antrakt - 15 dəqiqə 2-ci hissə - 65 dəqiqə

 

“Ədəbiyyat və incəsənət”

(24.02.2023)

“Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının 30 illiyi münasibəti ilə: 3-cü məqalə

 

“Simurq” AMA-nın elmi və maarifləndirici fəaliyyəti YUNESKO-nun beynəlxalq fəaliyyət dəyərləri və istiqamətlərinə yaxındır. O, Azərbaycan cəmiyyətində tərəqqipərvər dəyişikliklərə nail olmağa təkan verən əqli, etik, hüquqi və idarəetmə mədəniyyətinin dövlət prioritetlərinə dəstəyə yönəlib. Assosiasiya vətəndaşların kulturoloji özünütəhsil, özünüdərk, özünütərbiyə və özünüidarəsi hesabına Azərbaycan cəmiyyətinin sosiallaşmasını sürətləndirən kulturologiya metodologiyası və metodlarının təkmilləşməsinə, vətəndaş mədəniyyəti, mədəni identiklik və müxtəlif xalqların, etnosların və dinlərin nümayəndələrinin həmrəyliyi proseslərinin inkişafına kömək etməyə səy göstərir.

 

Əsas fəaliyyət istiqamətləri, iş metodologiyası və metodları

Assosiasiyanın əsas fəaliyyət istiqamətləri – sistemli kulturoloji tədqiqatlar, monoqrafiyaların, dərs vəsaitlərinin, kitabların, topluların, broşurların hazırlanması və dərc edilməsi, dünya mədəniyyəti və sivilizasiyasının tarixi və nəzəriyyəsi məsələləri üzrə “Simurq” beynəlxalq kulturologiya jurnalının çap edilməsi, milli və beynəlxalq kulturoloji konfransların, seminarların, müzakirələrin və dəyirmi masaların, insanın həyat fəaliyyəti mədəniyyətinin aktual problemlərini işıqlandıran kulturoloji televiziya verilişlərinin hazırlanması və keçirilməsidir.

Assosiasiya insanlararası və beynəlxalq münasibətlər mədəniyyəti, kulturologiyanın dəyişdirici imkanları, elm, təhsil və maarifləndirmə, incəsənət, informasiya və mətbuat, dünya xalqlarının mədəniyyəti, əmək, xidmət və idarəetmə mədəniyyəti, istehsal və istehlak mədəniyyəti kimi mühüm məsələlər üzrə universal kulturoloji biliklərin mütəxəssislərə, gənclərə və cəmiyyətin müxtəlif kateqoriyalarına interaktiv şəkildə ötürülməsini həyata keçirir. Onun maarifləndirici fəaliyyəti hüquqi mədəniyyət, tibbi və ekoloji mədəniyyət, demokratiya və meritokratiya mədəniyyəti, məsuliyyət mədəniyyəti, sosial etika, sülh mədəniyyəti, mədəni siyasət, ailə, gənclər, qadınlar, uşaqlar mədəniyyəti, bəşəriyyətin ruhi və maddi mədəniyyətinin başqa sahələri kimi mövzuları da əhatə edir.

Assosiasiyanın intellektual fəaliyyəti tarixilik, məntik və dialektika prinsiplərindən istifadəni nəzərdə tutan müasir kulturoloji metodologiyanın əsasında qurulur. Bu prinsiplərə əsaslanma vəzifələrin düzgün qoyulmasını, konkret problemlərin həllini, fərdi, peşəkar, milli və beynəlxalq səviyyələrdə düzgün qərarların qəbul edilməsini təmin edir. Bu məqsədlə səkkiz məntiqi səviyyədən ibarən “kulturoloji piramida” istifadə olunur. Onun vasitəsilə tədricən “öyrənmə”, “dərk etmə” və “yaratma” intellektual səviyyələrinə çatmaq olar. Bununla yanaşı, düzgün strateji və taktiki qərarlar qəbul etmək üçün əvəzsiz əhəmiyyətə malik 12 sistemli kulturoloji təhlilin metodundan istifadə olunur.

Assosiasiya insan kapitalının, universal kulturoloji biliklərə yiyələnmiş yüksək mədəniyyətli şəxsiyyətlərin və liderlərin formalaşmasına dəstəyə hədəflənmiş konsepsiyalar, proqramlar, layihələri hazırlayır, onları həyata keçirir.

Assosiasiya üzvləri sırasında müxtəlif bilik sahələrinin təcrübəli mütəxəssisləri – respublikada və xaricdə yaxşı tanınan kulturoloqlar, sosioloqlar, filosoflar, iqtisadçılar, hüquqşünaslar, politoloqlar, fiziklər, mühəndislər, bioloqlar, həkimlər, memarlar, şairlər, heykəltaraşlar, rejissorlar, idmançılar, rəssamlar, jurnalistlər, sənətçilər,

təmsil olunub. “Simurq” AKA üzvlərinin çoxu düzgün siyasi qərarların qəbul edilməsi üçün əhəmiyyətli olan sistemli kulturoloji, sosial, iqtisadi, politoloji və strateji xarakterli digər tədqiqatlar aparmağa qadir

olan elm, təhsil, idarəetmə, bazar iqtisadiyyatı sahələrində yüksək səviyyəli mütəxəssislərdir.

 

“Ədəbiyyat və incəsənət”

(24.02.2023)

1. İsti havaya aldanıb qışda gül açmaq, isti münasibətə aldanıb qəlb açmaq hər canlıya xasdır.

 

2. Çay içmək üçün söhbət etmək qabiliyyəti olmalıdır.

 

3. Sevgi təcrübəli oğru kimi qəlbə girməmişdən əvvəl ağılı söndürür.

 

4. Sağsansa, qalan hər şey ikinci dərəcəlidir.

 

5. Hər kəs ona aidiyyatı olmayan işlərin bilicisidir.

 

6. Dünən çox yaxın görünsə də, ora qayıtmaq mümkünsüzdür.

 

7. Od əldə etmək istəyən tüstü udmağa hazır olmalıdır.

 

8. Atdığın hər addımda qorxu hissini də adlamırsansa, istiqamətin uğura deyil.

 

9. Pislər yaxşılardan yaxşı bəhrələnirlər.

 

10. Karyera zirvəsi dağ zirvəsi kimidir, orada da insan müvəqqəti qalır, soyuq və təklik isə onun kirəkeşləri olur.

 

“Ədəbiyyat və incəsənət”

(24.02.2023)

Cümə, 24 Fevral 2023 13:00

Alber Kamü və absurdizm

 “Ədəbiyyat və incəsənət” oxucularını ədəbiyyatşümnas Sərvanə Dağtumasın fransız ədəbiyyatı barədə silsilə yazıları ilə tanış etməkdədir.

 

Absurdizm insanın "öz həyatına məna qatmaq" kimi ən təməl ehtiyacına kainatın "yersiz sükut"la qarşılıq verməsidir. Kamü insan həyatının absurdluğunu yunan mifologiyasındakı Sizif obrazının vəziyyətinə bənzədir. Belə ki, tanrılar onu iri bir daş parçasını dağ ilə üzüyuxarı qaldırmaqla cəzalandırırlar və o, daşın sonda yenə də aşağıya yuvarlanacağını bildiyi halda, bu mənasız tapşırığı ömrünün sonuna qədər yerinə yetirməyə məhkumdur. Həqiqətən vacib olan yeganə fəlsəfi problemin intihar olduğunu düşünən Kamü bu suala cavab verməyi qarşısına məqsəd qoyur: həyatın mənasızlığını və absurdluğunu anlamaq mütləq şəkildə intihar etməyi gərəkdirir? O, sualına cavab axtarmağa absurd vəziyyəti təsvir etməklə başlayır: biz həyatımızı sabaha olan ümidimizin üzərində qururuq, buna baxmayaraq, sabahki gün bizi ölümə daha da yaxınlaşdırır və əsas düşmənimizdir; insanlar həyatını sanki ölümün qaçılmazlığından xəbərsizmiş kimi yaşayır. Romantikləşmiş düşüncələri bir kənara qoysaq, dünya yad və qeyri-insani bir yerdir. Gerçək bilik dediyimiz şeyin mövcud olması mümkün deyil. Rasionallıq və elm dünyanı izah etməkdə acizdir, çünki onların irəli sürdüyü şeylər sadəcə mənasız abstraksiyalar və metaforalarla nəticələnir. Əslində, absurd olan dünyanın özü yox, insanın dünya haqda fikirləridir: insanın anlamaq ehtiyacı dünyanın mənasızlığı, “mütləq və vahid olana duyduğu aclıq” isə “bu dünyanı rasional və ağlabatan bir prinsipə uyğunlaşdırmağın mümkünsüzlüyü” ilə üz üzə gələndə absurd baş qaldırır.

Absurdu qəbul etmək bu mənasız dünyanın insana təklif etdiyi hər şeyə qucaq açmaq deməkdir. Məna olmayan həyatda heç bir dəyər bölgüsü də yoxdur. Beləliklə, sonda Kamü absurdluğunun fərqinə vararaq onunla yaşamağın üç şeylə nəticələndiyi fikrində dayanır: üsyan, azadlıq və ehtiras.

Şopenhauer və Nitşedən təsirlənən Kamü həyatın mahiyyətcə mənasız olduğunu iddia edir, baxmayaraq ki, insanlar varlığa nizam-intizam tətbiq etməyə və cavabsız suallara cavab axtarmağa davam edirlər. 

Kamü tanrılar tərəfindən əbədiyyətə məhkum edilmiş Sizif haqqında Yunan əfsanəsindən metafor kimi istifadə edir. Həyatın əsas absurdluğuna qarşı fərdin inadlı mübarizəsinə görə. Kamüya görə, fərdin atmalı olduğu ilk addım bu absurd həqiqəti qəbul etməkdir. Sizifə gəlincə, intihar mümkün cavab deyilsə, yeganə alternativ daş daşı təpəyə yuvarlamaqla sevinərək üsyan etməkdir. Kamü daha sonra iddia edir ki, məğlubiyyətə qarşı mübarizənin sevinclə qəbul edilməsi ilə fərd tərif və şəxsiyyət qazanır.

Absurd, həyata məna vermək üçün əsas insan ehtiyacı ilə cavab olaraq kainatın "əsassız sükutu" arasında qarşıdurmadadır. Kamü iddia edir ki, absurdun həyata keçirilməsi intihara haqq qazandırmır və bunun əvəzinə "üsyan" tələb edir. Daha sonra o, absurd həyata bir neçə yanaşmanı təsvir edir. Son fəsildə Kamü insan həyatının absurdluğunu yunan mifologiyasının simalarından olan Sizifin vəziyyəti ilə müqayisə edir. Daşı dağa itələmək kimi eyni mənasız işi əbədi olaraq təkrarlamağa məhkum edilmişdi, ancaq yenidən yuvarlandığını görmək üçün. Oçerk belə yekunlaşır: "Mübarizənin özü... insanın ürəyini doldurmaq üçün kifayətdir. Sizifi xoşbəxt təsəvvür etmək lazımdır".

Kamü qeyd edir ki, " Şəxs Allaha inanmasa belə, intihar qanuni deyil".

Ölümü zəncirlə bağlayan Sizif əfsanəsini təsvir edir ki, heç bir insan ölməsin. Absurdu qəbul etmək, ağılsız dünyanın təklif etdiyi hər şeyi qəbul etməyi nəzərdə tutur. Həyatın mənası yoxdursa, dəyərlər miqyası da yoxdur. Kamü Sizifi həyatı doyunca yaşayan, ölümə nifrət edən, mənasız işə məhkum edilən absurd qəhrəman kimi görür. Sizifin aramsız və mənasız zəhmətini fabriklərdə və ofislərdə boş işlərdə işləməklə keçən müasir həyatların metaforası kimi təqdim edir. "İndiki işçi həyatında hər gün eyni işlərlə məşğul olur və bu aqibət heç də az absurd deyil. Ancaq şüurlu olduğu nadir anlarda faciəli olur." Ölümü zəncirlə bağlayan Sizif əfsanəsini təsvir edir ki, heç bir insan ölməsin. Absurdu qəbul etmək, ağılsız dünyanın təklif etdiyi hər şeyi qəbul etməyi nəzərdə tutur. Həyatın mənası yoxdursa, dəyərlər miqyası da yoxdur. İnsan absurddan qaça bilməz. Kamü üçün insan absurd vəziyyətdədir. Absurd, bir tərəfdən dünyanın mənasızlığı ilə insanın məna və ya mənalı hərəkətə olan həsrəti arasındakı gərginlikdə yatır. O iddia edir ki, Sizif öz tapşırığının mənasızlığını və taleyinin əminliyini etiraf etdikdə, o, öz vəziyyətinin absurdluğunu dərk etmək və razılıqla qəbul etmək vəziyyətinə gəlməkdən azad olur. Əgər absurd varsa, o, yalnız insan aləmindədir. Absurdluqla mübarizənin üç ardıcıl səviyyəsi var: onun idrak, onların fərziyyəsi, yüksələn üsyan.

Kamü iddia edir ki, fəlsəfənin əsas sualı həyatın yaşamağa dəyərmi sualıdır. Bu, həyat və intihar arasında seçim etmək məsələsinə köklənir. İntihar xarici aləmdə olan müəyyən bir səbəbdən baş verir, lakin onun əsasını insanın daxili vəziyyəti təşkil edir. Absurd duyğusunun müxtəlif təzahürləri intihara səbəb olur: dünyanın insana biganəlik hissi, həyatın mənasızlığı, öz ölümünü dərk etmək və ən əsası, cansıxıcılıq hissi - həyatda təkrarlanan hadisələrin mənasını itirmək. O vurğulayır ki, dünya özlüyündə absurd deyil, absurd yalnız insan üçün dünya ilə qarşılaşdıqda mövcuddur. Absurddan iki çıxış yolu var: insanı dünyadan uzaqlaşdıran fiziki intihar və “fəlsəfi”. Sonuncu dinə qaçışdır, daha yaxşı gələcəyə ümiddir, bununla belə, problemi həll etmir, ancaq onu ört-basdır edir, müəyyən ali məqsədlə iztirablara haqq qazandırır. İnsan absurddan qaçmaq əvəzinə onu qəbul edə bilər. O, həyatın sonlu, gələcəyin bilinməməsi ilə barışaraq absurdda yaşamağa davam edir. O, dünyaya "meydan oxuyur" və bununla da özünü ucaldır. Belə insan mütləq əxlaqi dəyərləri inkar edir, onun üçün hər şeyə icazə verilir, lakin bu, özbaşınalığa çağırış deyil. Absurd adamı isə hər hansı bir hərəkətin nəticələrinin bərabərliyini və peşmanlığın mənasızlığını dərk edir. Qəbul edir ki, hər bir hərəkətin başqalarının qiymətləndirməsinə görə həm yaxşı, həm də pis bir nəticəsi var və cinayət törədəndə cəzalandırılmağa hazırdır - onun üçün günah yoxdur, amma məsuliyyət var.Absurd insan yaradıcı olmalıdır və onun yaradıcılığı göstərişlərdən və ya çərçivələrdən azaddır - absurd insan sadəcə olaraq gördüklərini və yaşadıqlarını təsvir edir. Absurd yaradıcılıqda özünü göstərir və bununla da insan ona qalib gəlir. Yaradıcılığın mənası gündəlik həyatda sevinc tapmaqdır. Tanrılar inanırdılar ki, dünyada ağır və faydasız işdən daha dəhşətli bir şey yoxdur. Sizifin yaxşılığa ümidi yoxdur, həyatı mənasız və çətin keçir. Buna baxmayaraq, Kamü onu absurd qəhrəman hesab edir. Sizif daşını özü yuvarlayır, dəfələrlə dağın başına çıxır və buna görə də sevinir. Burada müəllif Sizif mifini insanın faydasız və fasiləsiz səyinin metaforası kimi təqdim edərək intihar və həyatın dəyəri məsələsini müzakirə edir. Bu yolla o,həyatımızın əhəmiyyətsiz olduğunu və yaratdığımızdan daha dəyərli olmadığını iddia edən absurd fəlsəfəsini qaldırır. "Sizifmifi"ndə mövcud olan ekzistensializm bizə hər bir insana öz varlığının mənasını verən fərdi qərarlar qəbul edərkən seçim etmək bacarığını təqdim edir. Bu, vicdan üçün xəbərdarlıqdır. Absurddan xəbərdar olmaq intihar tələb edirmi? Kamü cavab verir: Xeyr, bunun üçün üsyan lazımdır”.

Sizif öz xoşbəxtliyini bu tapşırığın mənasında deyil, üzərinə götürdüyü vəzifəni yerinə yetirməkdə tapır. Şüurlu olmaq bizə varlığımızı daha çox idarə etməyə imkan verir.“Sizif işgəncəsini yaşamaq” faktı o deməkdir ki, insan heç vaxt sonunu və kulminasiyasını görmədiyi təkrarlanan absurd bir vəziyyət yaşayır.

 

Əsərdən sitatlar:

Yalnız bir ciddi fəlsəfi problem var: o, intihardır.

Miflər təxəyyül üçün yaradılmışdır ki, onları canlandırsın.

Bu odur ki, əslində yolun əhəmiyyəti yoxdur, çatmaq istəyi hər şeyə kifayətdir .

Absurd dünyadan olduğu qədər insandan da asılıdır. 

 

“Ədəbiyyat və incəsənət”

(23.02.2.23)

İngiltərə kinematoqrafı qızıl klassikaya müraciət etməkdə israrlıdır. BBC şirkəti Aqata Kristinin “Öldürmək asandır” romanını televiziya üçün ekranlaşdırmağa hazırlaşır. Çəkilişlər yay aylarında başlanacaq. 

 

“Ədəbiyyat və incəsənət” M24.ru-ua istinadən xəbər verir ki, yeni ekran əsərinin rejissoru Britaniya-Hindistan kinematoqrafı Muni Zaur olacaq. Filmdə rolları kimlərin ifa edəcəyi yalnız yayda keçiriləcək kastinqdən sonra bəlli olacaq. 

Romanın süjetinə görə, Lyuk Fitsvilyam ad-soyadlı bir gənc və miss Pinkerton adlı yaşlı xanım qatarda yol yoldaşı olur.

Miss Pinkerton özünün yaşadığı kənddə törədilmiş silsilə qətllər barədə məlumat vermək üçün Skotlend-Yarda gedir. Lakin onu avtomobil vurur və onun nəzərdə tutduğu işi Lyuk öz üzərinə götürməli olur.

 

“Ədəbiyyat və incəsənət”

(24.02.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.