Super User
Hər gün bir Şuşa xəbəri
TÜRKSOY-a üzv ölkələrin şairləri Şuşada görüşəcək
Cari ilin iyul-sentyabr aylarında Şuşada türk dünyasının tanınmış şair və yazıçılarının iştirakı ilə ədəbi-bədii tədbirlər təşkil olunacaq.
Bu barədə qərar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin təsdiq etdiyi Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planında yer alıb.
Bu tədbirlərə Vaqif poeziya günləri çərçivəsində TÜRKSOY-a üzv ölkələrin şairlərinin görüşü, Mir Möhsün Nəvvab Qarabağinin 190 illiyinə həsr olunmuş sərginin açılması və “Mir Möhsün Nəvvab Qarabağinin silah kolleksiyası” adlı kitab-kataloqun təqdimatı, həmçinin “Məclisi-üns” ədəbi məclisinin təşkili daxildir.
Tədbirlərin icrası ilə bağlı işlər Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə tapşırılıb.
“Ədəbiyyat və incəsənət”
(24.02.2023)
Yunus Oğuzun “Tarix ibrətdir” tarixi-fəlsəfi-publisistik əsərində Ümummilli lider Heydər Əliyev obrazı
“Ədəbiyyat və incəsənət” portalı Filologiya üzrə fəlsəfə doktoru, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi Elnarə Qaragözovanın Yunus Oğuz yaradıcılığı barədə məqaləsini təqdim edir.
Yunus Oğuzun fəlsəfi, tarixi, publisist düşüncələrinin toplusu olan, "Keçmişdən gələcəyə nə daşıyırıq?" kimi ağır, məna çoxqatlılığı ilə seçilən bir sualın cavabı kimi meydana çıxan "Tarix ibrətdir" (Bakı, 2022) kitabı təzadlı və xalqımız, dövlətimiz üçün həlledici bir dövrün şahidinin qələmə aldığı salnamədir. Kitabın əvvəlində müəllif yazır: "İstər elmi, istərsə də bədii əsərlərimdə xalqımın, dövlətimin gələcəkdə möhkəm və qüdrətli olması üçün onun pisi və yaxşısı ilə dörd əsas amili önə çəkmişəm. Məhz bu amillər millətimi keçmişdən gələcəyə daşıyır, etnosun və xalqın yaratdığı dövlətin davamlılığını təmin edir.
Bunlar:
1.Milli ruhumuz və dilimiz;
2. Milli kimliyimizin tarixi;
3. Etnososial psixologiyamız;
4. Maddi və qeyri- maddi mədəni sərvətlərimizdir." ". Yunus Oğuz "Tarix ibrətdir" kitabında məhz bu amillərin işığında dövlətçilik tariximizin müasir etapına - milli-azadlıq mücadiləsindən bu günədək olan dövrünə nəzər salmağı qarşısına məqsəd qoymuş və bu məqsədinə nail olmuşdur. Yunus Oğuzun bu hadisələrin şahidi və birbaşa iştirakçısı kimi qənaətləri sayəsində bu əsərdə həmin dövrün tarixi mənzərəsi tam şəkildə, bütün aspektləri ilə açılır.
Müstəqilliyin qazanıldığı ilk illərdən bu günə qədər xalq və dövlət olaraq aldığımız yaxud almalı olduğumuz ibrət dərslərinə analitik baxışı sərgiləyən bu kitabda ümummilli lider Heydər Əliyevin obrazı mühüm yer tutur. "Tarix ibrətdir" həmin dövrün hadisələrində, azadlıq mübarizəsinin əsasının qoyumasında və yetişməsində ümummilli liderin birbaşa və dolayı yolla iştirakını əsaslı faktlarla ortaya qoyur. Heydər Əliyev fenomeninin xalqımız və onun varlığının qorunub saxlanılması üçün önəmini vurğulamaq üçün Yunus Oğuz tarixə ekskurs edərək azadlıq mübarizəsinin ilkin rüşeymlərini doğuran faktorun - erməni azğınlığının təkrar alovlanmasına rəvac verən, onları təcavüzə cəsarətləndirən məqamı diqqətə çatdırır: "Azərbaycan üçün bu 1987-ci ildə başladı. Belə ki, imperiyanın Baş katibinin köməkçisi akademik Aqambekyan Fransada olarkən qəzetlərin birində müsahibəsində bildirmişdi ki, Dağlıq Qarabağın Ermənistanın tərkibinə verilməsi haqqında artıq məsələ həll olunub. Bu zaman Moskvada Azərbaycanın haqq səsi uğrunda mübarizə aparmaq üçün daha heç kim qalmamışdı, Çünki Qorbaçov və onun erməni havadarları Heydər Əliyevi Siyasi Büro üzvlüyündən artıq uzaqlaşdırmışdılar. Deyilənə görə həmin gün İrəvanda bu münasibətlə toy- bayram etdilər. Ümid yalnız xalqa və onun ziyalılarına qalmışdı. Parisdə olduğu kimi, Moskvada da ermənilər bu ölkənin siyasətinə təsir edəcək ikinci və üçüncü dərəcəli vəzifələri öz əllərində saxlayırdılar. Oradakı tək səsimiz H. Əliyev isə Siyasi Bürodan artıq istefaya göndərilmişdi.". Bəli Heydər Əliyevin siyasi, inzibati səhnədən uzaqlaşdırılması Azərbaycan üçün gələcək faciələrin əsasını qoydu. Azadlıq mübarizəsi alovlandı. Lakin təcrübəli siyasi rəhbərin yoxluğu səbəbindən bir sıra faciələrə səbəb olacaq səhvlərə yol verildi. Vulkan kimi püskürən, azadlıq eşqi ilə alovanan passionarları düzgün yönləndirmək, azadlıq mübarizəsini həm maddi, həm insani, həm də mənəvi kapital baxımından daha az itki ilə yekunlaşdırmaq olardı. Əgər həmin dövrdə Heydər Əliyev kimi təcrübəli siyasi lider rəhbərlikdə olsa idi azadlıq mübarizəsində iştirak edən insanların mübarizə bitdikdən sonra düzgün yönləndirilməsi, Azərbaycan siyasi elitasının, vətənpərvər siyasi xadimlərin daha erkən formalaşdırılması mümkün bilərdi: "1988-ci ildən hərəkata qoşulanların və onların liderlərinin əksəriyyəti gənc və çox passionar idik. Bəzilərimizin fikirləri ifrat radikallığa qədər gedib çıxırdı. O zaman heç kim bilmirdi ki, Xalq Hərəkatı və Milli Azadlıq Hərəkatı hər kəsin gələcək taleyini müəyyənləşdirib. Indi hadisələrin üstündən otuz iki il keçib. Dönüb geriyə baxanda görürsən ki, bütöv iki nəsil keçmişin nisgililə yaşayır, çünki bəziləri inersiya ilə hərəkatçılıqlarını siyasi partiyalarda, bəziləri millət vəkili olmaqda, bəziləri biznesdə, kimlərsə vəzifələrdə qalmaqda davam etdirirlər. Amma, çoxları ortalıqda itib batdılar, heç kim Xalq Hərəkatının iştirakçılarına nə mitinqlərdə, nə də mətbuatda başa salmırdı ki, bəs bu hərəkat qələbə çaldıqdan sonra əksəriyyət yenə də öz işinə qayıtmalıdır. Bəlkə də lazım deyildi bunu demək, çünki müstəqil dövlətə yeni siyasi elita və milli burjuaziya lazım idi. Bunu bir o qədər vəhşicəsinə, savadsız və təcrübəsiz etdik ki, nəticədə bütün bunların əsasını rəhmətlik Heydər Əliyev qoydu. O belə şeylərin ustası idi".
Yunus Oğuz "Tarix ibrətdir" əsərində Azərbaycan milli azadlıq hərəkatının, yeni dövlətçilik ənənələrinin yaranmasının, formalaşmasının fəlsəfi köklərinə enir, ideoloji baxışla dövrün hadisələrinin mahiyyətini, qanunauyğunluqları açır. Onun müstəqillik tariximizə baxışının obyektivliyi sayəsində həm tarixi hadisələr, həm də bu hadisələrin gələcəkdə yaratdığı əks-sədalar publisistik bir dillə, məhz vətənpərvərlik mövqeyindən şərh olunur.
Fəlsəfə tariximizdə ilk dəfə Yunus Oğuz bu əsərində müstəqillik tariximizi bir filosof kimi "milli təfəkkür" və "dövlətçilik təfəkkürü" anlayışlarının qovşağında bir daha təhlil edərək bu dövrün fəlsəfi -ideoloji mənzərəsinin obyektiv elmi şərhini təqdim edir. Yunus Oğuz müstəqilliyimizin ilk illərində yaranan problemlərin, "Gəncə qiyamı"nın kökündə vətəndaşlarda vətən anlayışının üstünlüyünün, dövlət təfəkkürünün hələ formalaşmamasının dayandığını qeyd edərək Heydər Əliyev fenomeninin önəmini, onun milli təfəkkürlə idarə olunan bir cəmiyyətə dövlət təfəkkürlü idarəetmə gətirməklə xalqın gələcəyinin qurtarıcısı olmasını vurğulayır.
" Heydər Əliyev 2003-cü ildə Azərbaycandan ayrıldıqdan sonra daha nəhəng görünür. Onun ölümündən on yeddi il keçib, amma baxırsan ki, uzaqda bir zirvə kimi durur. İllər keçdikcə bu zirvə daha da nəhəngləşir. O özü bir nəhəng fikir babası, siyasi-ictimai xadim olduğundan və Azərbaycanın özü zaman-zaman getdikcə nəhəngləşdiyindən onun dövlətdə yeri və rolu, xidməti indi daha çox başa düşülür. ". Ümummilli liderin layiqli varisi, Qarabağı, Şuşanı xalqımıza yenidən qaytaran, Azərbaycanın adını dünyanın qüdrətli ölkələri ilə bir sırada yazdıran Prezident İlham Əliyevin rəhbərlik etdiyi müasir Azərbaycanın vətəndaşı, tariximizi romanlarında təbliğ edərək yaşadan, milli azadlıq mübarizəsinin iştirakçısı Yunus Oğuzun Heydər Əliyev fenomeni haqqında bu sözləri yetkin elmi-fəlsəfi qənaətdir və gələcəkdə ümummilli liderin bədii obrazının yaradılması üçün istinadgahdır.
“Ədəbiyyat və incəsənət”
(24.02.2023)
Uğurlu insan olmaqda nəsil faktoru
Professor Əlibala Məhərrəmzadə “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsini sizlərə təqdim edir. Bu dəfəki mövzumuz “Uğurlu insan olmaqda nəsil faktoru”dur.
Biz Məhərrəmovlar nəsliyik. Mənim ulu babamın adı Səttar olub, babamın adı Əlibala, atamın adı Səttar olub. Mənim adım Əlibaladır, oğlumun adı Səttar. Nəvəmin də adı Əlibala olacaq. Mən adların energetikasına inanan adamam. Məncə, hər bir adam öz nəslində həm də özündən əvvəlkilərin həyatlarının davamını yaşayır.
Haradasa, yüngül atletikanın estafet qaçışını xatırlayın. Bir komandanın üzvləri estafet çubuğunu bir-birilərinə ötürərək startdan finişə doğru yol alırlar. Eynən bir nəslin mövcudiyyatı da bu cür – yaranışdan yox oluncaya qədər nəsil üzvləri arasında genetik kodun bir-birinə ötürülməsiylə mümkün olur.
Bizim nəsildə yüz illərdir ki, alimlər və həkimlər yetişirlər, hamısının da kifayət qədər uğur göstəriciləri vardır.
Mən 3 oğlu olan və hər üçü də elmlər doktoru olan ata babam barədə danışmaq istəyərdim. Əlibala Məhərrəmov barədə. O, yaşadığı 65 illik ömründə «el ağsaqqalı» kimi şərəfli ada layiq görülüb, neçə-neçə insana həkimlik peşəsinin sirlərini öyrədib, neçə-neçə insana həyatın qanunlarını, insanlıq münasibətlərinin dərinliklərini agah edib, içi mən qarışıq, nə qədər insan üçün nümunə götürəcəyi uğurlu insan simvolu sayılıb.
Babam maksimalist idi, nəyə əl qoyurdusa ondan ideal nəticə götürürdü. O, peşəcə diş həkimi olub, mahalın ən məşhur diş həkimiydi, hər yerdən insanlar şəfa tapmağa onun yanına gəlirdilər. Həm öz pasientlərini müalicə edirdi, həm də nə qədər gəncə təmənnasız diş həkimliyinin sirlərini öyrədir, öz ardıcıllarını yetişdirirdi.
Babam tanınmış ictimai xadim idi, ağsaqqal nüfuzu ilə yanaşı bax bu statusunu da qoruyub saxlayırdı. Rayona hər dəfə yeni rəhbər təyin olunanda həmin rəhbərin ilk olaraq babamla görüşüb ondan xeyir-dua alması xoş bir ənənə şəklini almışdı. Hətta kommunizmin qatı illərində dini inanclara yasaq qoyulan müddətdə Sovet Azərbaycanına islam dininin ən müqəddəs abidələrinə evsahibliyi edən Səudiyyə Ərəbistanından gələn nümayəndə heyətini respublika rəhbərliyi Qubaya – babamla görüşə yönəltmişdi.
Babamın ətrafı tam olaraq akademiklər, ictimai və siyasi xadimlər, tanınmış mədəniyyət xadimlərindən ibarət idi. Sovet Azərbaycanının, ümumən, SSRİ-nin o dövrlərdəki ən məşhur şairlərdən olan Səməd Vurğun da babamın dostu idi. Səməd Vurğun babamla görüşməyə gələndə bütün Quba onların tamaşasına gələrmiş.
Babam söz xəzinəsi idi, o qədər məsəllər, əhvalatlar bilirdi, onunla söhbət etməyə hamı can atır, hər dəfəsində ondan nəsə qiymətli bir şey öyrənirdilər.
Bu insanın o qədər çox enerjisi var idi ki, daim qurub yaratmaq, hər bir sahədə yaxşı izlər qoymağa can atırdı. Babam elə bir bağ salmışdı ki, orada dünyanın hər bir güşəsində bitən güllərə rast gəlmək olardı. İnsanlar dəstə-dəstə gəlib həyatlarında ilk dəfə astra, qladiolus, xrizantema, qlorioza, kala, iris, krokus, lavanda, liliya, lotos, maqnoliya, orxideya kimi çiçəklərə heyranlıqla tamaşa edirdilər.
Babam əsl zoopark da yaratmışdı. Burada ceyran, cüyür, qartal, tovuzquşu vardı, tək elə qırqovulun onlarca növünə rast gələrdin.
Məktəblilər bəzi hallarda biologiya, zoologiya dərslərini gəlib burada canlı olaraq bitkilərlə, heyvan və quşlarla təmasda keçirdilər.
Babam 1981-ci ildə – mənim 5 yaşım olarkən vəfat edib. Onu çox az görmüşəm, çox dumanlı xatırlayıram, amma sonradan həmişə nənəm mənə babamdan danışıb, rayonun hər bir küçəsində, dalanında rastlaşdığım adamlar babamı etiramla yad edib, mənə sayqılarını göstəriblər.
Mən bir neçə kəlmə ana babam barədə də danışmaq istəyirəm: Hacı Babazadə barədə. Anamgil əslən bakılıdırlar, onlar da çox məşhur bir nəsildirlər: İçərişəhərin ən qədim nəsillərindən olan Halvaçılar nəslindən. Təkcə onu deyim ki, bolşevik inqilabının ən məşhur xadimlərindən biri olan, kommunist diktaturasını heç vaxt qəbul etməyən, bolşevik imperializminin qatı düşməni olaraq xalqların öz müqəddəratını könüllü həll etməsi xəttinin ardıcıl tərəfdarı olan Məşədi Əzizbəyov mənim ana babamla doğma əmioğlu olublar.
Ana babamın həyatından örnək götürüləsi çox şey var. Elmlər doktoru, pedaqoq, paliqlot, dramaturq olan babam Mingəçevin SES-inin həm də ilk direktoru olub. Ata babam kimi onun da həyat devizi «çalışqanlıq və yalnız çalışqanlıq» olub.
Bakının bir məşhur küçəsi var, Zevin küçəsi (hazırda Əziz Əliyevin adınadır). İndi orada boy-boya brend mağazalar yerləşir. Bir vaxtlarsa orada ana babamın atasının baqqal dükanları yerləşirmiş. Ana babam 8 yaşına çatanda atası rəhmətə gedir, dükanlar başsız qalmasın deyə anası onu dükanda işləməyə yollayır. Amma o, oxuyub savad almaq arzusuyla yandığından dükanda işləməyəcəyini bəyan edir. Bununla belə, evdə onun oxumaq istəyinə yasaq qoyulur.
Həmin vaxtda ibtidai məktəb olaraq Rus-tatar məktəbləri fəaliyyət göstərirdi, təhsil almaq üçün hökmən uşağı valideyini gətirib məktəbə yazdırmalı idi. Bu vəziyyətdə oxumaq arzusunu reallaşdırmaq üçün balaca Hacı bilirsiniz nə edir? Həmin o baqqal dükanında gözüyaşlı oturaraq Zevin küçəsiylə keçənlərə göz qoyarkən bir intellegent insana gözü sataşır, çıxıb onu haqlayır, xahiş edir ki, həmin o insan məktəbə onun atası kimi gedib onun orada oxumasını təmin etsin. Həmin xeyirxah şəxs belə də edir. Nəticədə ana babam təhsil almağa başlayır. Qısa müddətdə məktəbin ən nümunəvi şagirdinə çevrilir. Anası isə onun təhsil almaq arzusunun qarşısında duruş gətirə bilməyəcəyini anlayıb təslim olur.
Mən uğurlu insan olmaqda insanın təmsil etdiyi nəslin rolunu tam aydınlığı ilə sizlərə göstərməkçün öz nəslimdən nümunə gətirdim. Yazımın sonunda bu olduqca əhatəli mövzuya sübut kimi bir neçə fakt da göstərmək istəyirəm.
Siz heç vaxt düşünməyin ki, braziliyalıların kütləvi olaraq yaxşı futbolçu, yəhudilərin maliyyə oliqarxı, italiyalıların tenor, almanların mühəndis, fransızların aşbaz və modelyer, isveçrəlilərin saat mütəxəssisi, rusların silah ustası, türklərin inşaatçı yetişdirməkləri səbəbsizdir. Elə lap dar çərçivədə gürcü qanuni oğrularını, çeçen muzdlu döyüşçülərini götürün.
Bütün bunlar min illərdir ki, xalqların yaddaşlarına həkk olunmuş bilik və bacarıq xüsusiyyətlərinin nəsil-nəsil ötürülməsinin «ənənə» adlı sübutudur.
Bunlar ümumi kontekstdə baş verən ənənədir. Şəxsi ənənələr də var. Konkret olaraq bir nəslin timsalında üzə çıxan belə ənənələrə də çoxlu nümunə gətirmək olar:
Potşildlər sülaləsi (Almaniyadan bankir və maliyyəçilər), Nerular nəsli (Hindistandan siyasətçilər), Rokfellerlər sülaləsi (Amerikadan neft sənayeçiləri), Pritskerlər nəsli (Amerikadan otel biznesçiləri), Fondalar nəsli (Amerikadan aktyor və aktrisalar) və s.
Məsələn, bizim Azərbaycanda Məmmədyarovlar ailəsi var. Ailənin bir üzvü Şəhriyar Məmmədyarov şahmat qrosmeysteridir, dünyada 20 yaşadək şahmatçılar arasında ikiqat dünya çempionu tituluna sahib olan yeganə şahmatçıdır. Dünyada 2800 Elo reytinq balını keçmiş 13-cü şahmatçı olub. Şəhriyar 2017-ci ildə FİFA reytinqinə görə dünyanın 3 ən güclü şahmatçısı sırasına yüksəlib. Onun böyük bacısı Zeynəb şahmat üzrə beynəlxalq dərəcəli qrossmeysterdir. Onun kiçik bacısı Türkan da beynəlxalq dərəcəli qrosmeysterdir. Bacılar da kifayət qədər yerli və beynəlxalq səviyyəli yarışların mükafatçısıdırlar.
Bu 3 qrossmeyterin atası Həmid Məmmədyarov da vaxtı ilə şahmatçı olub, uşaqlarına şahmatın sirlərini məhz o öyrədib.
Və yaxud, Azərbaycanda Sovetlər dönəmində çox məşhur şairlər vardı, Rəsul Rza və Nigar Rəfibəyli. Onlar ailə həyatı qurmuşdular. Övladları Anar da məşhur yazıçı oldu. Hazırda Azərbaycan Yazıçılar Birliyinin sədridir. Anarın qızı Günel Anarqızı da kifayət qədər istedadlı yazıçıdır.
Beləliklə, mən sizə həm öz nəslimin, həm də bir neçə başqa nəslin timsalında uğur qazanmaq yolunda nəsil ənənəsinin rolundan danışdım.
İstedadın, xüsusiyyətlərin, vərdişin irsən keçməsindən bəhs etdim. Uğurlu insanın formalaşmasında onun göz açdığı mühitin, aldığı tərbiyənin necə vacib olmasını şərtləndirən sübutlarla tanış etdim.
Amma bu o demək deyil ki, indiyədək hansısa nəsildə uğurlu adam olmayıbsa, bundan sonra da ola bilməz.
Əziz oxucum. Əgər sən təmsil olduğun nəslin uğur daşıyıcılarının estafetini qəbul etməmisənsə, davamçı ola bilməyəcəksənsə bundan heç də sıxılma. Sən nəslinin ilk uğurlu insanı ol, başlanğıc qoy səndən başlasın, davamçılar isə səndən sonra gəlsinlər.
“Ədəbiyyat və incəsənət”
(24.02. 2023)
Heç nə unudulmur!
İstiqlal Muzeyində “Xocalıda ruhum qalıb” adlı tədbir keçirilib
Azərbaycan İstiqlal Muzeyində “Xocalıda ruhum qalıb” adlı tədbir-sərgi keçirilib. Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar təşkil olunan sərgidə tanınmış rəssam-heykəltaraşlar Xanlar Əhmədov və Əşrəf Heybətov, Zakir Əhmədov, Cəlil Qaryağdı, Nəriman Tağıyev, Yusif Mirzə, Elnarə Xanlarova, İslam Abdullayevin şəxsi kolleksiyasında, Rahib Qarayev, Cavid Bayramlı və Nazim Məmmədovun isə muzeyin fondlarında qorunub saxlanılan, uzun illərdən bəri erməni millətçilərinin xalqımıza qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin unudulmayacaq “Xocalı səhifəsi”nə bədii münasibətlərini özündə əks etdirən müxtəlif təsviri və tətbiqi sənət nümunələri nümayiş olunub.
Tədbir zamanı rəssam Yusif Mirzənin muzeyə hədiyyə etdiyi “Xocalı ruhları” və “Müharibə siluetləri silsiləsindən” adlı rəsm əsərlərinin təqdimatı keçirilib.
“Ədəbiyyat və incəsənət”
(24.02.2023)
Bu dəfə Əliqulu Qəmküsarın “Qatış-bulaş” felyetonu
Ədəbiyyatımıza töhfə verən hər bir media layihəsi diqqətçəkəndir. O cümlədən də “ASAN Radio” və “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun birgə həyata keçirdiyi “Ədibin Evi”ndən hekayələr” media layihəsi. Layihə barədə ilkin məlimatınız vardı, layihə davam etməkdədir.
Əsas məqsədi rəqəmsal mühitdə gənc nəsli mütaliəyə həvəsləndirmək, ədiblərimizin klassik hekayələrini daha geniş auditoriyaya tanıtmaq olan layihənin növbəti buraxılışında görkəmli satirik şair, publisist “Molla Nəsrəddin” jurnalının aparıcı müəlliflərindən Əliqulu Qəmküsarın (1880-1919) “Qatış-bulaş” felyetonu təqdim edilib.
“Molla Nəsrəddin” dərgisinin 4 noyabr 1907-ci il 41-ci sayında dərc olunan əsəri aktyor, rejissor Rövşən İsax qiraət edib.
“Ədəbiyyat və incəsənət”
(23.02.2023)
Yaponiyanın “KUNI-KEN” Şamisen rok qrupu Bakıda konsert verib
Fevralın 22-də Yaponiyanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində Azərbaycanda ilk dəfə “KUNI-KEN” Şamisen rok qrupunun konserti təşkil olunub.
“Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən xəbər verir ki, “Yapon küləyi” tədbirlər silsiləsi çərçivəsində keçirilən konsertdə əvvəlcə Yaponiyanın ölkəmizdəki səfiri Vada Cuniçi “KUNI-KEN” Şamisen rok qrupu haqqında məlumat verərək, qrupun özünəməxsusluğundan, unikallığından danışıb: “Bu ilin fevral-mart aylarında Yaponiya səfirliyi Azərbaycanda “Yapon küləyi” adlı silsilə tədbirlər keçirməkdə davam edir. Bununla ölkənizin sakinlərinin Yaponiya mədəniyyəti və adət-ənənələri ilə tanış olmaq imkanı yaranıb. Bakı küləklər şəhəri olduğuna görə Yaponiya ilə bağlı mədəniyyət tədbirləri də burada həzin küləklər kimi əsir. "KUNI-KEN” Şamisen qrupunun üzvləri olan Kuniaki və Kenci qardaşları dünyanın bir çox ölkələrində konsertlər verərək öz ifaları ilə pərəstişkarlarının qarşısına çıxırlar".
Daha sonra Yaponiya ilə Azərbaycan arasında bu cür mehriban münasibətlərin, qarşılıqlı hörmət və etimadın qurulmasının təqdirəlayiq olduğunu bildirən səfir, ikitərəfli münasibətlərin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb.
Sonra Mie prefekturasının Yokkaiçi şəhərindən olan Kuniaki və Kenci qardaşları özünəməxsus ifaları ilə tamaşaçıların qarşısında çıxış ediblər.
Qeyd edək ki, qrupun ifaçıları dünyanın bir çox ölkələrində konsertlər verərək, Asiya mənşəli sənətçilər kimi diqqəti cəlb edirlər. Həmçinin 2016-cı ildən Yokkaiçi şəhərinin turizm səfiri kimi fəaliyyət göstərirlər.
“Ədəbiyyat və incəsənət”
(23.02.2023)
Xalq artisti Həsənağa Turabovun anım günüdür
Bir dəfə bir kino tənqidçisi qısa və konkret yazmışdı: onun yaratdığı Gəray bəy obrazı kinonu həyatdan daha canlı olmasının isbatıdır. Söhbət XX əsrin səhnə salnaməmizin nadir simalardan biri - Xalq artisti, Dövlət mükafatı laureatı Həsənağa Turabovdan gedir. Bu gün onun vəfatından 20 il ötür.
1934-cü ilin 28 mart günündə Bakıda dünyaya göz açmış Həsənağa Turabov 31 nömrəli orta məktəbdə təhsil alıb. Orta məktəbi bitirdikdən sonra Azərbaycan İncəsənət İnstitutuna daxil olub və 1960-cı ildə aktyorluq ixtisası üzrə ali təhsilini başa vurub. Elə həmin ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb və ömrünün sonuna qədər bu teatrda aktyor, 1987-2001-ci illərdə isə teatrın direktoru və bədii rəhbəri vəzifələrində çalışıb. Onun rəhbərliyi dövründə teatr binası əsaslı təmir edilib, neçə-neçə klassik və müasir əsərlər səhnəyə qoyulub.
Görkəmli aktyor səhnə fəaliyyətinə başladığı ilk illərdən lirik-psixoloji üslubu ilə seçilib, Azərbaycan və dünya dramaturqlarının əsərlərində baş rolları ifa edib. Aktyorun yaratdığı obrazlar arasında Vahid (“Kəndçi qızı”), Azər (“Yaxşı adam”), Hamlet (“Hamlet”), Lionel (“Orman qızı”), İsgəndər (“Ölülər”), Xəyyam (“Xəyyam”) xüsusilə seçilir.
Azərbaycan kinematoqrafiyasının inkişafında da Həsənağa Turabovun xidmətləri böyükdür. Aktyorun bir sıra bədii filmlərdə, o cümlədən televiziya filmlərində yaratdığı maraqlı və yaddaqalan surətlər onun aktyor həyatının böyük bir hissəsini təşkil edib və yüksək sənətkarlıq bacarığını bariz şəkildə nümayiş etdirib. Onun iştirakı ilə çəkilmiş filmlər tamaşaçılar tərəfindən həmişə böyük maraqla qarşılanıb və Azərbaycan kinematoqrafiyasının qızıl fonduna əbədi daxil edilib.
Kinoda da özgə bir aləm yaratmışdı. Gəray bəyin (“Yeddi oğul istərəm”) misilsiz obrazı onun ifasında kinomuzun nadir qəhrəmanlarından biridir. Bu rol elə bil onun boyuna biçilmişdi. Həsən müəllim bu rolundan söz düşəndə həmişə təvazökarcasına “bu rejissorun seçimidir” deyərdi, “mən yalnız onun dediklərini etmişəm”. Yox, elə deyildi, Həsən müəllim rejissorun istəyindən qat-qat üstün ifa edərdi rolları. Onunla səhnəyə, yaxud kamera qarşısına çıxan aktyorlar həmişə ehtiyatla hərəkət edərdilər. Çünki onun sənəti məktəb idi.
“Yeddi oğul istərəm” filmindən sonra hamı onu Gəray bəy kimi tanımağa və sevməyə başlayır. Həsənağa Turabovun qızı Sevinc Turabova deyir ki, atası Gəray bəy obrazı ilə həyatını yaşayıb: “Atam Gəray bəy obrazı ilə öz həyatını yaşayıb. Elə bil Gəray bəy özüdür ki, var. Xasiyyəti eyni idi. Mərd, qürurlu idi. Heç kimə baş əyməzdi, sözündən heç vaxt dönməzdi. Baxmayaraq ki, mənfi obraz idi Gəray bəy, kişilik rəmzi kimi tanındı. Hər yerdə onu Gəray bəy deyə çağırırdılar. Hətta vəziyyət o yerə çatmışdı ki, məni də Gəray bəyin qızı Humay adlandırırdılar. Yadımdadır, 6-7 yaşım olanda nənəmgilə getmişdim. Pəncərədə dayanıb həyətdə oynayan uşaqlara baxırdım. Məni görən uşaqlar başlayırlar qışqırmağa: “Komsomolu güllələyib öldürən Gəray bəyin qızı Humaydı”. Bu, məni o qədər qəzəbləndirdi...”.
Həsənağa Turabov kinonu da teatr qədər sevib. Hətta, mənfi rolları da ustalıqla oynayıb. Afşin (“Babək”), Gəray bəy (“Yeddi oğul istərəm”) rolları təzadlı tiplər olsa da, sənətkarlıq baxımından yaddaqalan idi. O, müsbət rollarını sevdirə bildiyi qədər də mənfi obrazlara tamaşaçıda kəskin nifrət hissi yarada bilirdi.
Həsənağa Turabovun “Axırıncı aşırım”, “Ürək... Ürək...”, “Sevinc buxtası”, “Çarvadarların izi ilə”, “Qəm pəncərəsi” və başqa filmlərdəki rolları da öz ifa tərzi ilə seçilirdi. Amma Kəbirlinskini (“Dantenin yubileyi”) özgə bir gözəlliklə yaratmışdı. Gəray bəy nə qədər çılğın, enerjili, hirsli-hikkəli obraz idisə, Kəbirlinski bir o qədər mülayim, sakit bir insandır. O, hər iki obrazı öz xarakterinə uyğun şəkildə çox məharətlə yaratmışdı. Hətta rejissorluq etmək fikrinə də düşmüşdü. “Bəyin oğurlanması”nda rejissor rolunda çəkilmişdi. “Qaçaq Nəbi”ni isə rejissor kimi çəkmişdi. Hər ikisində Həsənağa Turabovun yaradıcılıq xüsusiyyətləri aydın hiss edilirdi. Son çəkildiyi filmlər isə “Ailə” və “Nə gözəldir bu dünya...” filmləri olmuşdu.
Azərbaycan radiosunda səsləndirdiyi “Lirika dəftərindən” adlı ədəbi-bədii veriliş Həsənağa Turabovun ecazkar səsinin, ifa tərzinin sehrini, cazibəsini bu gün də yaddaşlarda qoruyub saxlayır.
Həsənağa Turabov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru kimi pedaqoji fəaliyyətlə də məşğul olub. Gənclərin aktyorluq sənətinin incəliklərinə yiyələnməsi və Azərbaycan teatrının ənənələrini davam etdirə biləcək sənətkarların yetişdirilməsi işində əlindən gələni edib.
Xalq artisti Həsənağa Turabov 2003-cü ilin fevralın 23-də 64 yaşında vəfat edib.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(23.02.2023)
Qənirə Paşayeva: “Bu il mənə çiçək göndərməyin!”
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın müraciətini diqqətinizə çatdırırıq.
Bütün dostların diqqətinə! Əziz dostlar! Hər il 7 Mart doğum günüm (pasportda 24 Mart getsə də dostlar əsl doğum gününün 7 Mart olduğunu bilirlər) və 8 Mart Qadınlar bayramında məni bir dəstə çiçək göndərərək təbrik etdiyiniz üçün çox minnətdaram. Amma sizdən çox xahiş edirəm, bu il məni təbrik üçün gül göndərməyəsiniz. O gülün pulunu insanlarımız üçün daha faydalı işlərə ayıraq gəlin.
“Tarixə adını yazan Azərbaycan Qadınları” adlı yeni kitabım mənim bu il qadınlarımıza, böyüyən qızlarımıza 8 Mart hədiyyəmdir. Bu kitabda xalqımız və vətənimiz üçün böyük işlər görmüş çox sayda dəyərli ziyalı qadınlarımızın həyat hekayəsi var. Böyüyən qızlarımız üçün faydalı kitab olduğunu düşünürəm. Kitabın satışından əldə olunan bütün vəsait isə Türkiyədə zəlzələdən zərər çəkmiş insanlarımıza bağışlanır. Təbrik üçün alacağınız və 1 gün sonra solacaq çiçəklərin əvəzinə kitab alın. Həm daha çox qızımız maariflənsin, həm də zəlzələdən zərər çəkmiş yüzlərlə uşağımızın qarnı doysun. İnanın ki, bu, mənə heç bir çiçəyin verə bilməyəcəyi daha böyük xoşbəxtlik, sizin kitab alaraq bu düşüncəyə dəstək olmanız isə ən qiymətli hədiyyə olar. Alınan bütün kitablarda imzam olacaq. Az sayda insanın iştirakı ilə keçiriləcək təqdimat mərasimi 7-i Martda baş tutacaq. Mərasimə ən çox kitab alaraq bu düşüncəyə dəstək olan insanlar dəvət olunacaq və orada onların simasında qatqısı olan hər kəsə təşəkkür elan edəcəyik. Hər birinizə öncədən təşəkkürümü bildirirəm. Var olun!
“Ədəbiyyat və incəsənət”
(23.02.2023)
Ədəbiyyatşünas alim Əliabbas Müznibin 140 illik yubileyi qeyd olunub
Bakıdakı 298 nömrəli tam orta məktəbdə Əliabbas Müznibin anadan olmasının 140 illiyinə həsr edilmiş tədbir keçirilib.
Bu barədə AzərTAC Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) istinadən məlumat verilib.
Bildirilib ki, öncə qonaqlar şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirib, şagirdlərin ifasında məktəb himnini dinləyiblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Xatirə Hacıyeva Ümummilli Liderin zəngin irsinin şagirdlər arasında təbliğinin mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb və Azərbaycan ədəbi-ictimai fikir tarixində əbədiləşən şair, publisist, ədəbiyyatşünas alim və tərcüməçi kimi tanınan Əliabbas Müznibin çoxşaxəli yaradıcılığa malik qələm sahibi olduğunu deyib.
BŞTİ-nin müdiri Mehriban Vəliyeva məktəblərdə Azərbaycanın dəyərlərinə olan ehtiramı müşahidə etməyin xoş təəssüratlar yaratdığını bildirib və milli ictimai-fikir tariximizin qürurla andığımız şəxslərindən birinin də XX əsrdə yaşamış, həyatını xalqının milli azadlığı uğrunda mübarizəyə qurban vermiş vətənpərvər şair Əliabbas Müznib olduğunu qeyd edib.
M.Vəliyeva “Heydər Əliyev İli” çərçivəsində xalqımızın müstəqillik idealının gerçəkləşdirilməsində, Azərbaycanın tarixi dövlətçilik ənənələri zəminində milli dövlət quruluşunun dirçəldilməsində, milli istiqlal ideyalarının geniş yayılmasında böyük xidmətlər göstərmiş görkəmli ictimai-siyasi xadimlərin keçdikləri ömür yolu barədə şagirdlərin məlumatlandırılması məqsədilə məktəblərdə təşkil edilən bu cür tədbirlərin zəruri olduğunu vurğulayıb.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Əliabbas Müznibin qiymətli irsini öyrənmək, onu gələcək nəsillərə çatdırmaq, yaradıcılığını gənc nəslə və oxuculara tanıtmağın vətənpərvər şairimizin irsinə ən dəyərli töhfə olduğunu bildirib. Q.Paşayeva Ə.Müznibin ədəbiyyatımız, tariximiz qarşısındakı xidmətlərinin Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra tədqiq edildiyini, əsərlərinin üzə çıxarılaraq nəşr olunduğunu vurğulayıb.
Komitə sədri Ə.Müznibin bütün fəaliyyətində özünü həmişə bir məqsədə – Vətənin və xalqın milli azadlığı mübarizəsinə həsr etdiyini deyib.
Tədbirdə çıxış edən “Unity company” şirkətinin direktoru Fikrət Əliyev Azərbaycan ictimai-bədii fikir tarixində şair, tədqiqatçı, publisist, tərcüməçi, hər şeydən əvvəl, istismarçı və işğalçı qüvvələrə qarşı barışmaz mübariz kimi xüsusi yeri olan Əliabbas Müznibin həyat yolu barədə məlumat verib, onun ürəklərdə şeirləri, səhnələrdəki mənzum əsərləri ilə yaşadığını söyləyib.
Tədbirdə şagirdlər “Həqiqət əhli daim yüksəklikdə aşiyan eylər” ədəbi-bədii kompozisiyasını nümayiş etdirib, şeirlər, mahnılar səsləndiriblər.
Tədbirdə 298 nömrəli məktəbin şagirdlərinin iştirakı ilə Ə.Müznibin yutub səhifəsinin yaradılması qərara alınıb.
Sonda Q.Paşayeva tərəfindən şagirdlərə müxtəlif kitablar hədiyyə edilib. Həmçinin “Unity company” şirkəti tərəfindən 1 məktəblinin təhsil xərclərinin qarşılanacağı açıqlanıb.
“Ədəbiyyat və incəsənət”
(23.02.2023)
ADA Universitetində Xalq rəssamı Arif Hüseynovla görüş olub
Fevralın 22-də görkəmli qrafika ustası, Xalq rəssamı Arif Hüseynovun ADA Universitetinin tələbələri ilə görüşü keçirilib. Tədbir Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunub.
Görüşdə A.Hüseynov 31 il əvvəl sovet ordusunun hərbi qüvvələri və erməni silahlı birləşmələrinin Xocalıda Azərbaycan xalqına qarşı törətdikləri qırğınlardan bəhs edib.
Tədbirdə bu il 80 illik yubileyini qeyd edən rəssamın “Qarabağnamə. Tarixin səhifələri” kitabı haqqında da məlumat verilib.
Qeyd olunub ki, “Qarabağnamə - tarixin səhifələri” kitabında əbədi və əzəli torpaqlarımızı, mədəniyyətimizi özündə əks etdirən 45 tabloda rəssam qədim Albaniya dövründən Xocalı faciəsi və Qarabağ Zəfərinədək bütün tariximizə işıq salıb. “Qarabağnamə” silsiləsində bütün kompozisiyalar real faktları əks etdirir. Ağ-qara cizgilərlə işlənmiş tablolarda, həmçinin bir sıra tarixi şəxsiyyətlərin - əfsanəvi generallar, xanəndə və aşıqlar, rus zadəganların portretləri və memarlıq abidələri əks olunub.
Sonda suallar cavablandırılıb.
Qeyd edək ki, görüş "Azərbaycanşünaslıq" dərsi çərçivəsində təşkil olunub.
“Ədəbiyyat və incəsənət”
(23.02.2023)