Professor Əlibala Məhərrəmzadə “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsini sizlərə təqdim edir. Bu dəfəki mövzumuz “Uğurlu insan olmaqda nəsil faktoru”dur.
Biz Məhərrəmovlar nəsliyik. Mənim ulu babamın adı Səttar olub, babamın adı Əlibala, atamın adı Səttar olub. Mənim adım Əlibaladır, oğlumun adı Səttar. Nəvəmin də adı Əlibala olacaq. Mən adların energetikasına inanan adamam. Məncə, hər bir adam öz nəslində həm də özündən əvvəlkilərin həyatlarının davamını yaşayır.
Haradasa, yüngül atletikanın estafet qaçışını xatırlayın. Bir komandanın üzvləri estafet çubuğunu bir-birilərinə ötürərək startdan finişə doğru yol alırlar. Eynən bir nəslin mövcudiyyatı da bu cür – yaranışdan yox oluncaya qədər nəsil üzvləri arasında genetik kodun bir-birinə ötürülməsiylə mümkün olur.
Bizim nəsildə yüz illərdir ki, alimlər və həkimlər yetişirlər, hamısının da kifayət qədər uğur göstəriciləri vardır.
Mən 3 oğlu olan və hər üçü də elmlər doktoru olan ata babam barədə danışmaq istəyərdim. Əlibala Məhərrəmov barədə. O, yaşadığı 65 illik ömründə «el ağsaqqalı» kimi şərəfli ada layiq görülüb, neçə-neçə insana həkimlik peşəsinin sirlərini öyrədib, neçə-neçə insana həyatın qanunlarını, insanlıq münasibətlərinin dərinliklərini agah edib, içi mən qarışıq, nə qədər insan üçün nümunə götürəcəyi uğurlu insan simvolu sayılıb.
Babam maksimalist idi, nəyə əl qoyurdusa ondan ideal nəticə götürürdü. O, peşəcə diş həkimi olub, mahalın ən məşhur diş həkimiydi, hər yerdən insanlar şəfa tapmağa onun yanına gəlirdilər. Həm öz pasientlərini müalicə edirdi, həm də nə qədər gəncə təmənnasız diş həkimliyinin sirlərini öyrədir, öz ardıcıllarını yetişdirirdi.
Babam tanınmış ictimai xadim idi, ağsaqqal nüfuzu ilə yanaşı bax bu statusunu da qoruyub saxlayırdı. Rayona hər dəfə yeni rəhbər təyin olunanda həmin rəhbərin ilk olaraq babamla görüşüb ondan xeyir-dua alması xoş bir ənənə şəklini almışdı. Hətta kommunizmin qatı illərində dini inanclara yasaq qoyulan müddətdə Sovet Azərbaycanına islam dininin ən müqəddəs abidələrinə evsahibliyi edən Səudiyyə Ərəbistanından gələn nümayəndə heyətini respublika rəhbərliyi Qubaya – babamla görüşə yönəltmişdi.
Babamın ətrafı tam olaraq akademiklər, ictimai və siyasi xadimlər, tanınmış mədəniyyət xadimlərindən ibarət idi. Sovet Azərbaycanının, ümumən, SSRİ-nin o dövrlərdəki ən məşhur şairlərdən olan Səməd Vurğun da babamın dostu idi. Səməd Vurğun babamla görüşməyə gələndə bütün Quba onların tamaşasına gələrmiş.
Babam söz xəzinəsi idi, o qədər məsəllər, əhvalatlar bilirdi, onunla söhbət etməyə hamı can atır, hər dəfəsində ondan nəsə qiymətli bir şey öyrənirdilər.
Bu insanın o qədər çox enerjisi var idi ki, daim qurub yaratmaq, hər bir sahədə yaxşı izlər qoymağa can atırdı. Babam elə bir bağ salmışdı ki, orada dünyanın hər bir güşəsində bitən güllərə rast gəlmək olardı. İnsanlar dəstə-dəstə gəlib həyatlarında ilk dəfə astra, qladiolus, xrizantema, qlorioza, kala, iris, krokus, lavanda, liliya, lotos, maqnoliya, orxideya kimi çiçəklərə heyranlıqla tamaşa edirdilər.
Babam əsl zoopark da yaratmışdı. Burada ceyran, cüyür, qartal, tovuzquşu vardı, tək elə qırqovulun onlarca növünə rast gələrdin.
Məktəblilər bəzi hallarda biologiya, zoologiya dərslərini gəlib burada canlı olaraq bitkilərlə, heyvan və quşlarla təmasda keçirdilər.
Babam 1981-ci ildə – mənim 5 yaşım olarkən vəfat edib. Onu çox az görmüşəm, çox dumanlı xatırlayıram, amma sonradan həmişə nənəm mənə babamdan danışıb, rayonun hər bir küçəsində, dalanında rastlaşdığım adamlar babamı etiramla yad edib, mənə sayqılarını göstəriblər.
Mən bir neçə kəlmə ana babam barədə də danışmaq istəyirəm: Hacı Babazadə barədə. Anamgil əslən bakılıdırlar, onlar da çox məşhur bir nəsildirlər: İçərişəhərin ən qədim nəsillərindən olan Halvaçılar nəslindən. Təkcə onu deyim ki, bolşevik inqilabının ən məşhur xadimlərindən biri olan, kommunist diktaturasını heç vaxt qəbul etməyən, bolşevik imperializminin qatı düşməni olaraq xalqların öz müqəddəratını könüllü həll etməsi xəttinin ardıcıl tərəfdarı olan Məşədi Əzizbəyov mənim ana babamla doğma əmioğlu olublar.
Ana babamın həyatından örnək götürüləsi çox şey var. Elmlər doktoru, pedaqoq, paliqlot, dramaturq olan babam Mingəçevin SES-inin həm də ilk direktoru olub. Ata babam kimi onun da həyat devizi «çalışqanlıq və yalnız çalışqanlıq» olub.
Bakının bir məşhur küçəsi var, Zevin küçəsi (hazırda Əziz Əliyevin adınadır). İndi orada boy-boya brend mağazalar yerləşir. Bir vaxtlarsa orada ana babamın atasının baqqal dükanları yerləşirmiş. Ana babam 8 yaşına çatanda atası rəhmətə gedir, dükanlar başsız qalmasın deyə anası onu dükanda işləməyə yollayır. Amma o, oxuyub savad almaq arzusuyla yandığından dükanda işləməyəcəyini bəyan edir. Bununla belə, evdə onun oxumaq istəyinə yasaq qoyulur.
Həmin vaxtda ibtidai məktəb olaraq Rus-tatar məktəbləri fəaliyyət göstərirdi, təhsil almaq üçün hökmən uşağı valideyini gətirib məktəbə yazdırmalı idi. Bu vəziyyətdə oxumaq arzusunu reallaşdırmaq üçün balaca Hacı bilirsiniz nə edir? Həmin o baqqal dükanında gözüyaşlı oturaraq Zevin küçəsiylə keçənlərə göz qoyarkən bir intellegent insana gözü sataşır, çıxıb onu haqlayır, xahiş edir ki, həmin o insan məktəbə onun atası kimi gedib onun orada oxumasını təmin etsin. Həmin xeyirxah şəxs belə də edir. Nəticədə ana babam təhsil almağa başlayır. Qısa müddətdə məktəbin ən nümunəvi şagirdinə çevrilir. Anası isə onun təhsil almaq arzusunun qarşısında duruş gətirə bilməyəcəyini anlayıb təslim olur.
Mən uğurlu insan olmaqda insanın təmsil etdiyi nəslin rolunu tam aydınlığı ilə sizlərə göstərməkçün öz nəslimdən nümunə gətirdim. Yazımın sonunda bu olduqca əhatəli mövzuya sübut kimi bir neçə fakt da göstərmək istəyirəm.
Siz heç vaxt düşünməyin ki, braziliyalıların kütləvi olaraq yaxşı futbolçu, yəhudilərin maliyyə oliqarxı, italiyalıların tenor, almanların mühəndis, fransızların aşbaz və modelyer, isveçrəlilərin saat mütəxəssisi, rusların silah ustası, türklərin inşaatçı yetişdirməkləri səbəbsizdir. Elə lap dar çərçivədə gürcü qanuni oğrularını, çeçen muzdlu döyüşçülərini götürün.
Bütün bunlar min illərdir ki, xalqların yaddaşlarına həkk olunmuş bilik və bacarıq xüsusiyyətlərinin nəsil-nəsil ötürülməsinin «ənənə» adlı sübutudur.
Bunlar ümumi kontekstdə baş verən ənənədir. Şəxsi ənənələr də var. Konkret olaraq bir nəslin timsalında üzə çıxan belə ənənələrə də çoxlu nümunə gətirmək olar:
Potşildlər sülaləsi (Almaniyadan bankir və maliyyəçilər), Nerular nəsli (Hindistandan siyasətçilər), Rokfellerlər sülaləsi (Amerikadan neft sənayeçiləri), Pritskerlər nəsli (Amerikadan otel biznesçiləri), Fondalar nəsli (Amerikadan aktyor və aktrisalar) və s.
Məsələn, bizim Azərbaycanda Məmmədyarovlar ailəsi var. Ailənin bir üzvü Şəhriyar Məmmədyarov şahmat qrosmeysteridir, dünyada 20 yaşadək şahmatçılar arasında ikiqat dünya çempionu tituluna sahib olan yeganə şahmatçıdır. Dünyada 2800 Elo reytinq balını keçmiş 13-cü şahmatçı olub. Şəhriyar 2017-ci ildə FİFA reytinqinə görə dünyanın 3 ən güclü şahmatçısı sırasına yüksəlib. Onun böyük bacısı Zeynəb şahmat üzrə beynəlxalq dərəcəli qrossmeysterdir. Onun kiçik bacısı Türkan da beynəlxalq dərəcəli qrosmeysterdir. Bacılar da kifayət qədər yerli və beynəlxalq səviyyəli yarışların mükafatçısıdırlar.
Bu 3 qrossmeyterin atası Həmid Məmmədyarov da vaxtı ilə şahmatçı olub, uşaqlarına şahmatın sirlərini məhz o öyrədib.
Və yaxud, Azərbaycanda Sovetlər dönəmində çox məşhur şairlər vardı, Rəsul Rza və Nigar Rəfibəyli. Onlar ailə həyatı qurmuşdular. Övladları Anar da məşhur yazıçı oldu. Hazırda Azərbaycan Yazıçılar Birliyinin sədridir. Anarın qızı Günel Anarqızı da kifayət qədər istedadlı yazıçıdır.
Beləliklə, mən sizə həm öz nəslimin, həm də bir neçə başqa nəslin timsalında uğur qazanmaq yolunda nəsil ənənəsinin rolundan danışdım.
İstedadın, xüsusiyyətlərin, vərdişin irsən keçməsindən bəhs etdim. Uğurlu insanın formalaşmasında onun göz açdığı mühitin, aldığı tərbiyənin necə vacib olmasını şərtləndirən sübutlarla tanış etdim.
Amma bu o demək deyil ki, indiyədək hansısa nəsildə uğurlu adam olmayıbsa, bundan sonra da ola bilməz.
Əziz oxucum. Əgər sən təmsil olduğun nəslin uğur daşıyıcılarının estafetini qəbul etməmisənsə, davamçı ola bilməyəcəksənsə bundan heç də sıxılma. Sən nəslinin ilk uğurlu insanı ol, başlanğıc qoy səndən başlasın, davamçılar isə səndən sonra gəlsinlər.
“Ədəbiyyat və incəsənət”
(24.02. 2023)