Qənirə Paşayeva: “Bu il mənə çiçək göndərməyin!” Featured

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın müraciətini diqqətinizə çatdırırıq.

 

Bütün dostların diqqətinə! Əziz dostlar! Hər il 7 Mart doğum günüm (pasportda 24 Mart getsə də dostlar əsl doğum gününün 7 Mart olduğunu bilirlər) və 8 Mart Qadınlar bayramında məni bir dəstə çiçək göndərərək təbrik etdiyiniz üçün çox minnətdaram. Amma sizdən çox xahiş edirəm, bu il məni təbrik üçün gül göndərməyəsiniz. O gülün pulunu insanlarımız üçün daha faydalı işlərə ayıraq gəlin. 

“Tarixə adını yazan Azərbaycan Qadınları” adlı yeni kitabım mənim bu il qadınlarımıza, böyüyən qızlarımıza 8 Mart hədiyyəmdir. Bu kitabda xalqımız və vətənimiz üçün böyük işlər görmüş çox sayda dəyərli ziyalı qadınlarımızın həyat hekayəsi var. Böyüyən qızlarımız üçün faydalı kitab olduğunu düşünürəm. Kitabın satışından əldə olunan bütün vəsait isə Türkiyədə zəlzələdən zərər çəkmiş insanlarımıza bağışlanır. Təbrik üçün alacağınız və 1 gün sonra solacaq çiçəklərin əvəzinə kitab alın. Həm daha çox qızımız maariflənsin, həm də zəlzələdən zərər çəkmiş yüzlərlə uşağımızın qarnı doysun. İnanın ki, bu, mənə heç bir çiçəyin verə bilməyəcəyi daha böyük xoşbəxtlik, sizin kitab alaraq bu düşüncəyə dəstək olmanız isə ən qiymətli hədiyyə olar. Alınan bütün kitablarda imzam olacaq. Az sayda insanın iştirakı ilə keçiriləcək təqdimat mərasimi 7-i Martda baş tutacaq. Mərasimə ən çox kitab alaraq bu düşüncəyə dəstək olan insanlar dəvət olunacaq və orada onların simasında qatqısı olan hər kəsə təşəkkür elan edəcəyik. Hər birinizə öncədən təşəkkürümü bildirirəm. Var olun!

 

“Ədəbiyyat və incəsənət”

(23.02.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.