Ədəbiyyatşünas alim Əliabbas Müznibin 140 illik yubileyi qeyd olunub

Bakıdakı 298 nömrəli tam orta məktəbdə Əliabbas Müznibin anadan olmasının 140 illiyinə həsr edilmiş tədbir keçirilib.

Bu barədə AzərTAC Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) istinadən məlumat verilib. 

 

Bildirilib ki, öncə qonaqlar şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirib, şagirdlərin ifasında məktəb himnini dinləyiblər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Xatirə Hacıyeva Ümummilli Liderin zəngin irsinin şagirdlər arasında təbliğinin mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb və Azərbaycan ədəbi-ictimai fikir tarixində əbədiləşən şair, publisist, ədəbiyyatşünas alim və tərcüməçi kimi tanınan Əliabbas Müznibin çoxşaxəli yaradıcılığa malik qələm sahibi olduğunu deyib.

BŞTİ-nin müdiri Mehriban Vəliyeva məktəblərdə Azərbaycanın dəyərlərinə olan ehtiramı müşahidə etməyin xoş təəssüratlar yaratdığını bildirib və milli ictimai-fikir tariximizin qürurla andığımız şəxslərindən birinin də XX əsrdə yaşamış, həyatını xalqının milli azadlığı uğrunda mübarizəyə qurban vermiş vətənpərvər şair Əliabbas Müznib olduğunu qeyd edib.

M.Vəliyeva “Heydər Əliyev İli” çərçivəsində xalqımızın müstəqillik idealının gerçəkləşdirilməsində, Azərbaycanın tarixi dövlətçilik ənənələri zəminində milli dövlət quruluşunun dirçəldilməsində, milli istiqlal ideyalarının geniş yayılmasında böyük xidmətlər göstərmiş görkəmli ictimai-siyasi xadimlərin keçdikləri ömür yolu barədə şagirdlərin məlumatlandırılması məqsədilə məktəblərdə təşkil edilən bu cür tədbirlərin zəruri olduğunu vurğulayıb.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Əliabbas Müznibin qiymətli irsini öyrənmək, onu gələcək nəsillərə çatdırmaq, yaradıcılığını gənc nəslə və oxuculara tanıtmağın vətənpərvər şairimizin irsinə ən dəyərli töhfə olduğunu bildirib. Q.Paşayeva Ə.Müznibin ədəbiyyatımız, tariximiz qarşısındakı xidmətlərinin Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra tədqiq edildiyini, əsərlərinin üzə çıxarılaraq nəşr olunduğunu vurğulayıb. 

Komitə sədri Ə.Müznibin bütün fəaliyyətində özünü həmişə bir məqsədə – Vətənin və xalqın milli azadlığı mübarizəsinə həsr etdiyini deyib. 

Tədbirdə çıxış edən “Unity company” şirkətinin direktoru Fikrət Əliyev Azərbaycan ictimai-bədii fikir tarixində şair, tədqiqatçı, publisist, tərcüməçi, hər şeydən əvvəl, istismarçı və işğalçı qüvvələrə qarşı barışmaz mübariz kimi xüsusi yeri olan Əliabbas Müznibin həyat yolu barədə məlumat verib, onun ürəklərdə şeirləri, səhnələrdəki mənzum əsərləri ilə yaşadığını söyləyib.

Tədbirdə şagirdlər “Həqiqət əhli daim yüksəklikdə aşiyan eylər” ədəbi-bədii kompozisiyasını nümayiş etdirib, şeirlər, mahnılar səsləndiriblər.

Tədbirdə 298 nömrəli məktəbin şagirdlərinin iştirakı ilə Ə.Müznibin yutub səhifəsinin yaradılması qərara alınıb.

Sonda Q.Paşayeva tərəfindən şagirdlərə müxtəlif kitablar hədiyyə edilib. Həmçinin “Unity company” şirkəti tərəfindən 1 məktəblinin təhsil xərclərinin qarşılanacağı açıqlanıb.

 

“Ədəbiyyat və incəsənət”

(23.02.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.