Super User

Super User

Azərbaycan Milli Kulinariya komandası ilk dəfə nüfuzlu Qlobal Aşpazlar Müsabiqəsinə qatılıb və uğurlu nəticə göstərərək üç bürünc medal qazanıb. 

Bəli, Dövlət Turizm Agentliyinin yaydığı məlumat ürəkaçandır!

 

Məlumata görə, azərbaycanlı aşpazlar Ümumdünya Kulinariya Cəmiyyətləri Birliyinin (“Worldchefs”) təşkil etdiyi dünya miqyaslı yarışmanın Avropa üzrə yarımfinalının ilk günündə bütün kateqoriyalar üzrə fərqlənməyi bacarıblar. 

Azərbaycan Milli Kulinariya komandası İtaliyanın Rimini şəhərində keçirilən “Avropa Qran -Prisi 2023: Qlobal Aşpazlar Müsabiqəsi”ndə Dövlət Turizm Agentliyinin dəstəyi ilə iştirak edir. Azərbaycanlı aşpazlar yarışmada dörd kateqoriya üzrə çıxış edirlər. Baş aşpaz Sərxan Məmmədov və köməkçi aşpaz Abdulla Abdullayev “Qlobal usta aşpazlar müsabiqəsi” kateqoriyasında bürünc medal, baş qənnadçı Gülnar Rəsulova və köməkçi Zinyət Axundova “Qlobal şirniyyat hazırlanması üzrə aşpaz” kateqoriyasında, baş aşpaz Nicat Babayev və köməkçi Leyla Vəliyeva isə “Qlobal veqan aşpaz” kateqoriyası üzrə yarışmada bürünc medal əldə ediblər. 

Bu qələbələr Azərbaycan komandasının üzvlərinə gələn il Sinqapurda keçiriləcək “Dünya aşpazlarının konqresi 2024” tədbirinin final mərhələsinə vəsiqə qazandırıb. 

Rimini Ekspo Mərkəzində keçirilən “Avropa Qran-Prisi 2023: Qlobal Aşpazlar Müsabiqəsi”ndə Xorvatiya, Belçika, Macarıstan, Kipr, Rumıniya, Latviya, Almaniya, Serbiya, Estoniya, Portuqaliya, Sloveniya, İspaniya, Lüksemburq və digər ölkələrdən komandalar iştirak edir. Tədbir məkanında Dövlət Turizm Agentliyi tərəfindən “Qarabağ, Şuşa” mövzusunda milli turizm brendinə əsasən destinasiya məlumat stendi quraşdırılıb. 

Azərbaycan Turizm Bürosunun Qastronomiya turizminin idarəedilməsi sektorunun müdiri Səkinə Əsgərova bildirir ki, “Avropa Qran-Prisi 2023” uğrunda yarışan milli komanda üzvlərinin seçimi Worldchefs-in assosiativ üzvü Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası (ACSA) və CASA Kulinariya Sənətləri Məktəbinin məzunlarının köməyi ilə aparılıb. 2023-cü il ərzində Milli Kulinariya komandasının üzvləri daha bir neçə beynəlxalq yarışmada bacarıqlarını nümayiş etdirəcəklər.

 

“Ədəbiyyat və incəsənət”

(23.02.2023)

 

Parisdə UNESCO və Banqladeşin UNESCO yanında Daimi Nümayəndəliyinin birgə təşkilatçılığı ilə qurumun mənzil-qərargahında Ana Dili Günü qeyd olunub. 

 

“Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən xəbər verir ki, tədbirdə Azərbaycan da daxil olmaqla 22 ölkənin Daimi nümayəndəliyi iştirak edib. 

UNESCO baş direktorunun təhsil üzrə müavini Stefania Ciannini çıxış edərək, ana dili, yerli dillərin qorunmasının vacibliyi, ana dilinə əsaslanan təhsildən danışıb, dünyada danışılan 6700-dən çox dilin ən azı 40 faizinin uzunmüddətli perspektivdə yox olmaq təhlükəsi ilə üzləşdiyini bildirib. 

Tədbirdə UNESCO yanında Daimi nümayəndəliklərin Ana Dili Günü münasibətilə hazırladıqları videolar yayımlanıb. Hər bir ölkə ana dillərində “Mən öz ana dilimdə danışıram, mən öz ana dilimi sevirəm” şüarı altında çıxış edib. 

Beynəlxalq Ana Dili Günü münasibətilə təşkil olunmuş tədbir çərçivəsində ölkələr musiqi, poeziya, rəqs vasitəsilə mədəniyyətlərini təqdim ediblər. Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyi tərəfindən xalqımızın qədim xalq rəqsi “Uzundərə”ni nümayiş olunub.

Bu gün dünyada 50 milyondan çox insan Azərbaycan dilində danışır.

 

“Ədəbiyyat və incəsənət”

(22.02.2023)

 

Bu gün görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı, professor Süleyman Ələsgərovun anadan olmasının 99-cu ildönüm tamam olur.

 

Süleyman Ələsgərov 1924-cü il fevral 22-də Şuşada anadan olub. İlk təhsilini musiqi texnikumunun tar sinfində alıb. Yaradıcılıq ruhunu Şuşanın ecazkar təbiətindən alan gənc Süleyman ali təhsil almaq üçün Bakıya üz tutub. Konservatoriyanın bəstəkarlıq fakültəsini bitirən Süleyman Ələsgərov qısa müddət ərzində musiqi ictimaiyyətində tanınmağa başlanıb. “Üzeyir ruhlu sənətkar” kimi dəyərləndirilən Süleyman Ələsgərov ömrünün çox hissəsini pedaqoji fəaliyyətə həsr edib.

O, 1943-cü ildə Üzeyir Hacıbəylinin zəmanəti ilə Bəstəkarlar İttifaqına qəbul olunub. Süleyman Ələsgərovun yaradıcılıq uğurlarında 1942-ci ildə bəstələdiyi “Gözlə məni” mahnısı böyük rol oynayıb. Süleyman Ələsgərov on bir operettanın, o cümlədən “Ulduz”, “Özümüz bilərik”, “Milyonçunun dilənçi oğlu”, “Sevindik qız axtarır”, “Həmişəxanım”, “Hərənin öz ulduzu” musiqili komediyaların, “Bahadur və Sona”, “Solğun çiçəklər” operalarının, “Bayatı-Şiraz” simfonik muğamının, bir çox simfoniya və kantataların, tar ilə xalq çalğı orkestri üçün konsertlərin, “Vətənimdir”, “Yada düşdü”, “Sərvi xuramanım mənim” kimi sevilən romansların, iki yüzdən artıq nəğmənin müəllifi olub.

Qarabağda baş verən hadisələrə bəstəkar öz fikrini bəstələrində ifadə edib. “Yürüş mahnısı”, “Gənclik marşı”, Aslan Aslanovun sözlərinə “Bu torpağa bağlıyıq”, “Haradasan, igid oğlan”, Qurban Musayevin sözlərinə “Biz qələbə çalmalıyıq”, Bəşir Nəzərlinin sözlərinə “Bura vətəndir” mahnıları, Bəhlul Orucoğlunun sözlərinə “Əsgər marşı”, Qüdrət Əzizin sözlərinə “Güllələnən abidələr” balladası, “Azərbaycan polisi”, “Bakı-Ankara” əsərləri, orkestr üçün çoxlu sayda hərbi marşlar Süleyman Ələsgərov yaradıcılığında Vətən harayı, düşmənə qisas çağırışı olub.

Süleyman Ələsgərov 1999-cu il yanvarın 21-də vəfat edib.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(22.02.2023)

Çərşənbə, 22 Fevral 2023 13:45

Lap elə alma piroqu hazırlayın

İllərdir qabığı vitamin anbarı olan meyvələr barədə eşidirik. 

Vitaminlərlə zəngin olan meyvələrin qabıqlarında insan sağlamlığı üçün faydalı olan çoxlu antioksidantlar toplanır. Hətta deyə bilərik ki, bir çox meyvə və tərəvəzin əsas faydası qabığındadır. Bu sırada alma öndə gedir. Biz almanı sadəcə yeyirik. Salat və xörəklərdə demək olar ki, ondan istifadə etmirik. Halbuki dünya mətbəxində bir alma kultu var. Almalı piroqu hər yerdə hazırlayırlar. Almalı ördək qızartması isə Amerikadan tutmuş Çinə qədər böyük ərazidə populyardır. “Ədəbiyyat və incəsənət” olaraq sizə almanı qida rasionuna daha geniş daxil etmənizi tövsiyyə edirik. 

 

Almaxərçənglə mübarizə aparır. Almanın tərkibindəki lif və flavonoidlər insan sağlamlığı üçün vacibdir. Amma ən güclü döyüşçü hüceyrələri almanın özündə deyil, qabığında toplanır. Bəzilərinə görə qabığı ilə yeyilməsi çətin olan, bəzilərinin isə qabığı ilə yemək vərdişi olan almanı qabığını soymadan keçib şirəsini içə və ya püresini istehlak edə bilərsiniz. Ancaq birbaşa yemək vitaminlərin ölməməsi baxımından çox daha faydalıdır.

 

“Ədəbiyyat və incəsənət”

(22.02.2023)

Gənc ədəbiyyatşünas Sərvanə Dağtumas portalımızla əməkdaşlığa başlayıb. Onun bir neçə yazısını ardıcıl dərc etməyi planlaşdırırıq. İlk olaraq “Yazıçı Araz Əhmədoğlu və Kamal Abdulla yaradıcılığına nəzər” yazısı diqqətinizə çatdırılır.

 

Xoyda yaşayan həmyerlimiz, yazıçı Araz Əhmədoğlunun yaradıcılığı gənc ədəbiyyatşünas olaraq, diqqətimi çəkdi. Yazıçının yaradıcılığının zirvəsini Kamal Abdullanın “Yarımçıq əlyazma” və “Sehrbazlar dərəsi” romanları haqqında yazdığı “Şahəsərin şahəsəri”(Yarımçıq əlyazma) və “İç-içə sirlər dünyası”(Sehrbazlar dərəsi) əsərləri təşkil edir. Yazdığı kitabları ilə Araz Əhmədoğlu Kamal Abdullanın romanlarına yaşadığı coğrafiyada sanki yeni bir nəfəs verdi. Bir oxucunun yazıçını tanıması, əsərlərini mütailə etməsi dünyagörüşünə, əlbəttə ki, təsir edəcək.

İlk növbədə “İç-içə sirlər dünyası” əsərinə nəzər salaq. Yazıçı əsəri şərh etmiş, süjet xəttini detallı izah etmişdir. “Yarımçıq Əlyazmada sirliliyin təməli ön sözdə qoyulur. Yarımçıq əlyazmanın fiziki görünüşü - kitabın bəzi vərəqləri yanıb mətnin aradabir qırılıb itməsi - özü oxucuya qatı açılmamış sirli bir dünyaya dönür. Oxucuya elə gəlir ki, sanki əlyazmalar institutundakı alim Dədə Qorqud Kitabının yeni əlyazma nüsxəsini tapıb... Sirlilik romanın Qorqud bölümünə keçərək, Bayındır Xan Qorqudu hüzuruna çağırıb Oğuzda bir casus olduğunu deyib Qorquddan bu məsələni çözməsinə yalnız kişi olmasını deməsi ilə ən gərgin duruma gəlir...”

 Yazıçı romanın Dədə Qorqud və Şah İsmayıl qollarında romanda iştirak edən bütün obrazları analiz etmişdir. Roman-fantaziya janrında yazılan “Yarımçıq əlyazma”da Əhmədoğlu fantaziya janrına da toxunub: “Fantaziya romanda Qorqudun nur daşından kömək alması, onun işığında dincəlib yuxuya getməsi və

sorğularının cavabını yuxuda alması ilə ən estetik səviyyəsinə qalxır. Bu fantaziya şamanizm həqiqətlərinin dünyası ilə qarışdıqda daha maraqlı səhnələr yaranır. Qazan xan darda qalanda Qorquddan aldığı bir tükünü yandırır və o da bir göz qırpımında onların hüzurunda olur”.

Əsərin quruluşunu müəllif 3 hissəyə bölür:

1. Əlyazmalar institutu;

2. Oğuz xalqının mifik çağlarda yaşadığı olaylar;

3. Şah İsmayılın Çaldıran savaşı.

Araz Əhmədoğlunun digər kitabı “İç-içə sirlər dünyası” adlanır. Müəllifin bu kitabının quruluşu çox zəngindir. Burada da obrazların şərhinə, əsərdəki simvolların izahına geniş yer verilib. “İntiqam karmasının yaratdığı, dəhşətlə dağıtdığı dünyadan günahsız bir ruhu, bir insanı qurtarmaq, çoxluqdan oluşan birliyi yaratmaq üçün Ağ Dərvişin ruhu 2-3 şagirdin arasında paylanıb və balaca oğlan gəlməyincə Ağ Dərvişin ruhu təskinlik tapa bilmir... Sehrbazlar Dərəsində şans deyilən heç nə yoxdur, oradakı hadisələrin hamısı biri o birisindən yaranır, 2-ci hadisə 1-cinin məntiqli nəticəsidir... Öz anasını öldürən Məmmədqulu yalqızlıqdan, qaçaqlıqdan qurtulmaq üçün cəlladlığa üz tutur, bu, onun işlədiyi günahın nəticəsidir, işlədiyi günahsa atasının tapşırdığı intiqamın nəticəsidir. Karmanın gücü obrazların istəyindən, iradəsindən qat-qat güclüdür...”. Və ya “Sehrbazlar Dərəsi üçbucaq formasındadır - bir ruh, bir beyin, bir bədən... Romandakı sehrbazlar əslində sehrbazlar yox, həqiqəti kəşf edib insanlara çatdırmaq istəyən bilginlərdir. Seyid Sarı ona görə Ağ Dərvişi öldürür ki, o, ilahinin sirdaşıdır və ilahi həqiqətləri başqalarına çatdırmaqdan çəkinmir. Seyid Sarı isə həqiqətin başqalarına çatdırılmasının kəskin düşmənidir, yəni həqiqətin düşmənidir...”

Yazıçı bundan başqa, əsərində qaçış və ya yorumlayıcı ədəbiyyat, “Çexovun tüfəngi” prinsipi, şaşdırma və ya sürpriz elementi, Freytaq piramidası, obrazların birbaşa və ya dolayısı təqdimatı, yastı və dəyirmi obraz, dramatik kinayə, ədəbiyyatda şəxsləşdirmə kimi başlıqlara yer verərək, zəngin məlumatlarla oxucunun dünyagörüşünü zənginləşdirir. Yazıçının hər iki kitabı oxucunu maarifləndirir, Kamal Abdulla yaradıcılığının dərk olunmasında oxucuya işıq tutur. Hər iki kitabı kitabxanalardan və ADU-dan əldə etmək mümkündür.

Müəllifə ədəbi fəaliyyətində uğurlar arzu edirəm.

 

 

“Ədəbiyyat və incəsənət”

(22.01.2023)

Çərşənbə, 22 Fevral 2023 12:45

“Gözümdə yaşım tək sevdim…”

Cicək Mahmudqızının şair Məmməd İlqarın doğum günü münasibəti yazdığı şeirini təqdim edirik. 

 

Bu dünyada Məmməd İlqar adlı bir sevgi də yaşadıq. Sevgimizin ünvanı,könlümüzün Sultanı --Məmməd İlqar, doğum günün mübarək...

 

Pirdi, ocaqdı bilmirəm,

Yurddu, torpaqdı bilmirəm,

Səsdi, soraqdı bilmirəm,

Məmməd İlqar, Məmməd İlqar

 

Torpağım, daşım tək sevdim

Gövhərim, qaşım tək sevdim

Gözümdə yaşım tək sevdim,

Məmməd İlqar, Məmməd İlqar

 

Düşsə yerə bu son yarpaq-

Son ümidim varaq- varaq,

Gözümə tökülən torpaq--

Məmməd İlqar, Məmməd İlqar

 

Yandırın məni köz-köz,

Ağlayın məni göz-göz,

Özümü bükdüyüm Son Söz--

Məmməd İlqar, Məmməd İlqar!

 

“Ədəbiyyat və incəsənət”

(22.02.2023)

Çərşənbə, 22 Fevral 2023 17:30

Ramil Əhməd təltif olunub

TÜRKSOY təşkilatı və Macarıstanın təşkilatçılığı ilə görkəmli macar şairi Şandor Petefinin doğumunun 200 illiyi münasibəti ilə həyata keçirilən Beynəlxalq Şeir Tərcümə Müsabiqəsinin nəticələri məlum olub. Azərbaycanlı şairlər Ramil Əhməd və Cavid Mövsümü də müsabiqənin qaliblərindən olublar.

 

Bu barədə Ramil Əhməd məlumat verib. O bildirib ki, müsabiqədə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistandan olan şairlər, tərcüməçilər iştirak ediblər.

Mükafat martın 15-də Budapeşt şəhərində təqdim ediləcək.

Qeyd edək ki, müsabiqə çərçivəsində tərcümə olunan şeirlər kitab halında nəşr ediləcək.

 

“Ədəbiyyat və incəsənət”

(22.02.2023)

Ötən ildə qeyri-neft-qaz məhsullarının ixracı 2021-ci illə müqayisədə faktiki qiymətlərlə 12,3 faiz, real ifadədə 4,2 faiz artaraq 3047,7 milyon dollara bərabər olub. 

 

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, qeyri-neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (30,5 faiz), Türkiyəyə (23,4 faiz), Gürcüstana (7,5 faiz), İsveçrəyə (6,5 faiz), Qazaxıstana (3,4 faiz), Niderlanda (2,3 faiz), ABŞ-yə (2,2 faiz), Rumıniyaya (2 faiz), İtaliyaya (1,8 faiz), Bolqarıstana (1,8 faiz), Özbəkistana (1,5 faiz), Ukraynaya (1,5 faiz), Belarusa (1,2 faiz), Çinə (1,1 faiz) və Hindistana (1 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.

 

“Ədəbiyyat və incəsənət”

(22.02.2023)

Rəsm qalereyası: Rəfael Əsədov, “Mənzərə”

Çərşənbə, 22 Fevral 2023 12:15

Günün fotosu: Təkrar zəlzələ panika yaradıb

Günün fotosu: Təkrar zəlzələ panika yaradıb

 

Bazar ertəsi axşam Suriyada və Türkiyənin Hatay bölgəsində təkrar zəlzələnin olması, ardıcıl yeraltı təkanlar  (maksimal 6 bal) əhali arasında panika yaradıb. Bölgədə bundan sonra yaşamağın özü belə sual predmetinə çevrilib.

Foto: AP

 

“Ədəbiyyat və incəsənət”

(22.02.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.