Super User

Super User

Yazıçı Xeyrəddin Qocanın növbəti satirik hekayəsi Gülüş Klubunun bugünkü buraxılışında diqqətinizə çatdırılır. 

 

 

Prokurorun söhbəti

 

Rayonların birinə prokuror təyin olunmuşdum. Birinci gün işə çıxmışdım. Təzəcə oturmuşdum ki, qəbul otağından səs eşitdim. Katibəni çağırıb soruşdum, "bəlkə qəbuluma gələnlər var?". Katibə bildirdi ki, "bəli, hörmətli prokuror, gəliblər". Dedim, "bir-bir burax, keçsinlər içəri".

Heç demə, onlara da elə bu lazım imiş: bir-bir içəri girib, "ürək söhbəti" eləmək istəyirlərmiş...

Bir ağsaqqal kişi içəri girib salam-kəlamdan sonra ədəb-ərkanla əyləşdi. Döş cibindən bir zərf çıxarıb qoydu masamın üstünə. Soruşdum:

- Kişi, şikayətin nədir?

Nə cavab versə yaxşıdır?

- Allah eləməsin biz şikayət-zad yazaq, hörmətli prokuror!

- Bəs masamın üstünə qoyduğun şikayət məktubu deyil?

- Əşi, yəni düşünürsən mən bu ağsaqqal vaxtımda şikayətə gəlmişəm? Şirkət başçısıyam, gəldim sizi görüm, gedim. Zərfdə üç min dollar var. Hər ayın başında yenə bir o qədər gətirəcəyəm.

Hirs vurdu təpəmə, dilləndim:

- Ağsaqqal kişisən, zərfi götür, get. Mən sən deyən prokurorlardan deyiləm!

Kişi çıxdı. Qəbuluma gələnlər bir-bir masamın üstünə zərflər qoydular, mən də onları bir-bir qovdum, getdilər.

Birinci günüm belə keçdi.

İkinci gün yenə təzəcə işə başlamışdım, katibə bildirdi ki, "hörmətli prokuror, dünənki ağsaqqal yenə gəlib". Fikirləşdim yəqin, üzr istəməyə gəlib.

Kişi içəri girər-girməz, köhnə dostlar kimi mənə yaxınlaşdı, bir əli ilə əlimi tutdu, o biri əli ilə döş cibindən bir zərf çıxarıb qoydu masamın üstünə.

Yenə soruşdum "a kişi, bu nədir?" Kişi yazıq-yazıq dilləndi:

- Üstünü düzəltdim, hörmətli prokuror! Altı min dollar elədim.

Elə bil, başımda ildırımlar çaxdı. Kişiyə necə qışqırdımsa, zərfi götürüb, o gedən getdi.

Sonradan mənə bildirdilər ki, bu adamlar hər ayın başında məndən əvvəl işləyən prokurorlara beləcə "baş çəkirlərmiş"... İndi gəl, belə rayonda işlə görüm, necə işləyirsən?!

 

“Ədəbiyyat və incəsənət”

(22.02.2023)

YARAT Müasir İncəsənət Mərkəzində rejissor Asif Rüstəmovun “Mərmər soyuğu” filmi nümayiş olunacaq. Bu gün göstəriləcək ekran əsəri uğursuz rəssam və sevgilisinin qarışıq münasibətlərindən bəhs edir. 

 

Uzunmüddətli həbs həyatından sonra evə qayıdan ata ən radikal yollarla oğlunun həyatına müdaxilə etməyə çalışır.

Film, Tallin “Black Nights” Film Festivalı daxil olmaqla, bir sıra festivallarda iştirak edib və bir neçə mükafata layiq görülüb.

Filimdə rolları aktyorlar Qurban İsmayılov, Elşən Əsgərov, Natavan Abbaslı ifa edirlər. 

Xronometrajı 88 dəqiqə olan ekran əsəri ingilis dilində subtitrlərlə göstəriləcək.

 

(22.02.2023)

Fevralın 25-də və 26-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Kod adı V.X.A” tamaşası növbəti dəfə nümayiş olunacaq.

Böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın anadan olmasının 130 illiyinə və repressiyaya məruz qalmış görkəmli fikir adamlarının xanımlarına, eləcə də repressiya qurbanlarının 85 illiyinə həsr olunmuş tamaşada teatrın 70 nəfərlik böyük heyəti rol alıb.

 

Teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin müəllifi və quruluşçu rejissoru olduğu tamaşa tarixi-sənədli faktlara istinad edərək, ötən əsrin 30-cu illərinin mənzərəsini təsvir edir.

Qeyd edək ki, Şükriyyə Axundzadənin timsalında 26 min qadının məşəqqətli həbs və sürgün həyatına həsr olunmuş sənədli, bədii, tarixi hadisələrdən bəhs edən səhnə əsərinin quruluşçu rəssamı Mustafa Mustafayev, bəstəkarı Azər Hacıəsgərlidir. İşıq üzrə rəssamı Vadim Kuskov, plastik həlli Ceyhun Dadaşova məxsus olan yeni səhnə əsərinin rejissorları Nihad Qulamzadə, Gülnar Hacıyeva, rejissor assistentləri isə Günay Qasımova və Sevda Hacışəmiyevadır.

 

“Ədəbiyyat və incəsənət”

(22.02.2023)

Çərşənbə, 22 Fevral 2023 14:00

Azərbaycan-Özbəkistan Dostluq Muzeyi yaradılacaq

Azərbaycan ədəbiyyatının böyük şairi, dahi mütəfəkkir Nizami Gəncəvinin adını daşıyan Daşkənd Dövlət Pedaqoji Universiteti Özbəkistanın Azərbaycanla elm, mədəniyyət, ədəbiyyat sahəsində əlaqələrin inkişafında mühüm rol oynayır. Universitetin bazasında Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti fəaliyyət göstərir. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Universitetlə daim əməkdaşlıq edir.

 

Mərkəzin məlumatına görə, mərkəzin direktoru Samir Abbasov Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru Abduqaffar Qırğızbayevlə görüşüb. 

Rektor Özbəkistan-Azərbaycan mədəni əlaqələrin tarixi, iki ölkə arasında yüksək səviyyəli əməkdaşlıq, habelə mədəni əlaqələrimizin möhkəmlənməsi istiqamətində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rolu və fəaliyyətini yüksək qiymətləndirib. 

A.Qırğızbayev 25 minə yaxın tələbənin oxuduğu Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin Özbəkistanda müqəddəs bir missiyanı həyata keçirdiyini, pedaqoji kadrlar hazırlayaraq ölkənin tərəqqisinə töhfə verdiyini söyləyib. Bildirib ki, universitetdə Azərbaycan mədəniyyəti və ədəbiyyat mərkəzi açılıb, Azərbaycan mədəniyyətinə aid hər il çox sayda konfranslar, görüşlər keçirilir. 

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan dövlətinin Özbəkistanla hər bir sahədə olduğu kimi humanitar, elm, təhsil və mədəniyyət sahələrində də əməkdaşlığa önəm verdiyini, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin əlaqələrimizdə xüsusi əhəmiyyət daşıdığını qeyd edib. O, universitetin dünya poeziyasının zirvəsi, dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıması və bu təhsil ocağının bazasında Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin fəaliyyət göstərməsini xüsusi dəyərləndirib. 

S.Abbasov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci ildə Özbəkistan Respublikasına ardıcıl üç səfərini xatırladaraq Azərbaycan dövlətinin Özbəkistanla əlaqələrə və əməkdaşlığa mühüm əhəmiyyət verdiyini və eyni zamanda, dövlətimizin başçısının iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsinə dair tapşırıqlar verdiyini diqqətə çatdırıb. 

O, 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Azərbaycan Mədəniyyət Mərkəzinin geniş və silsilə tədbirlər planlaşdırdığını və bu tədbirlərdə Daşkənd Dövlət Pedaqoji Universitetinin də yaxından iştirakını arzu etdiyini bildirib. 

Diplomat “Heydər Əliyev İli” münasibətilə Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Özbəkistanın 3 aparıcı universitetinin əlaçı tələbəsi üçün “Heydər Əliyev təqaüdü”nün təsis etdiyini və Daşkənd Dövlət Pedaqoji Universitetinin bir əlaçı tələbəsinin sözügedən təqaüdə layiq görüləcəyini bildirib.

Görüşdə ikitərəfli əməkdaşlığın, ölkələrimizin ali təhsil ocaqları arasında əlaqələrin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi sahəsində məsələlər müzakirə olunub.

Sonra tərəflər qarşılıqlı olaraq xatirə hədiyyələrini təqdim ediblər. Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Xurşidbanu Natəvanın özbək dilində tərcümə və nəşr edilmiş şeirlər kitabı və Şuşa şəhərini simvolizə edən suvenir-tablo rektor Abduqaffar Qırğızbayevə hədiyyə edilib.

 

“Ədəbiyyat və incəsənət”

(22.02.2023)

Çərşənbə, 22 Fevral 2023 10:15

Oğul üçün ata dağı

Xalq artisti Ramiz Novruz dəfn edilib

 

Azərbaycanın teatr və kino aktyoru, Xalq artisti Ramiz Novruz Bakının “Qurd qapısı” qəbiristanlığında dəfn edilib. Dəfn  mərasimində Mədəniyyət Nazirliyinin nümayəndələri, incəsənət xadimləri, mərhumun ailə üzvləri, sənət dostları, yaxınları və sadə insanlar iştirak ediblər.

Medianın kamerasına mərasim zamanı Xalq artistinin aktyor oğlu Cavidan Novruz tuş gəlib.

Cavidan göz yaşı içində atasını son mənzilə yola salıb. Bir anlıq Cavidan özünü pis hiss edib. Ailə üzvləri ona yaxınlaşaraq, sakitləşdirməyə çalışıblar.

 

Qeyd edək ki, teatr sənətindəki xidmətlərinə görə Ramiz Novruz 1993-cü ildə Əməkdar artist, 1998-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. R.Novruzun yaradıcılığında teatrla yanaşı, kino fəaliyyəti də mühüm yer tutur. O, "Nizami" filmində Dərbənd elçisi, "Sizi dünyalar qədər sevirdim" filmində general Həzi Aslanov və s. rollara çəkilib. H.Cavidin "Topal Teymur" (Divanbəy), L.Tolstoyun "Kreyser sonatası" (Musiqi müəllimi), V.Şekspirin "Antoni və Kleopatra" (Antonio), "Yad qızı" (Nihad) və s. maraqlı rollar oynayıb.

Ramiz Novruz həm də bir neçə pyes yazıb və bunlardan ikisi tamaşaya qoyulub.

 

“Ədəbiyyat və incəsənət”

(22.02.2023)

Çərşənbə, 22 Fevral 2023 13:30

Şabranda London, yaxud Nyu-York mövzusu

Təbii ki, bu xəbər sahibkarlar üçün maraqlı olacaq. Martın 10-da Şabran şəhərində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Mərkəzi Bank, Bakı Fond Birjası və investisiya şirkətlərinin iştirakı ilə “İnvestisiya səyahəti” layihəsi çərçivəsində tədbir təşkil olunacaq. 

 

KOBİA-nın məlumatına görə, Şabran Heydər Əliyev Mərkəzində keçiriləcək tədbirdə regionda fəaliyyət göstərən biznes subyektləri kapital bazarının imkanları və Bakı Fond Birjasında listinqin üstünlükləri barədə məlumatlandırılacaq. Tədbirdə qiymətli kağızlar bazarına dair məlumatlılıq səviyyəsinin yüksəldilməsi, regionlarda bu sahəyə marağın artırılması və biznes ictimaiyyətinin diqqətinin kapital bazarına yönəldilməsi istiqamətində təqdimatlar keçiriləcək. Həmçinin tədbir çərçivəsində investisiya şirkətləri tərəfindən kapital bazarı vasitəsilə maliyyələşməyə marağı olan biznes subyektlərinin təsərrüfatlarına yerində baxış keçiriləcək, onların maliyyələşmə imkanları dəyərləndiriləcək.

Qeyd edək ki, bu, sayca yeddinci belə tədbirdir. Bundan əvvəl layihə çərçivəsində tədbirlər Gəncə, Xaçmaz, Lənkəran, Yevlax, Qəbələ və Şamaxı şəhərlərində təşkil olunub. Mütəmadi olaraq keçirilən “investisiya səyahəti” tədbirlərinin məqsədi regionlarda fəaliyyət göstərən biznes subyektlərini alternativ maliyyələşmə mənbəyi olan qiymətli kağızlar bazarı barədə məlumatlandırmaqdı.

 

“Ədəbiyyat və incəsənət”

(22.02.2023)

“Ədəbiyyat  və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir. Növbəti təqdim edilən Fuad Poladovdur.

 

FUAD POLADOV

(1948-2018)

***

Bu yaxınlarda Aliyə adlı bir jurnalistə müsahibə verirdim. Məndən:

– Fuad müəllim, dinə inanırsızmı? – xəbər aldı.

– O qədər də yox!

– O biri dünyanın oduğuna inanmırsız? – sualı başqa şəkildə təkar etdi. 

– İnanmıram. Amma bilirsiniz necədir? Deyəsən, Volterin sözüdür, deyir, Allah olmasaydı belə onu uydurmaq lazım gələrdi. İnsan nəyəsə inanmalıdır. Şüurum məndən görmədiyim şeyə inanmamağı tələb edir, amma hiss edirəm ki, bu tələbi edən şüuru da bizə Allah verib…

 

 “Ədəbiyyat və incəsənət”

(22.02.2023)

 

 

Çərşənbə, 22 Fevral 2023 12:30

Teymur Əmrah: “Çox peşimanam”

“Saxta insanlar efirdə oturub dahi bir müğənni, aktyor haqqında danışanda mən orada otura bilmirəm. Saxtalığı sevmirəm, mahnıda da, aktyorluq oyununda da səmimi olacaqsan".

 

“Ədəbiyyat və incəsənət” bizim.media-ya istinadən bildirir ki, bu sözləri Əməkdar artist Teymur Əmrah qonaq olduğu "Söhbət musiqidən gedir" verilişində deyib.

Efirlərə az çıxmasının səbəblərindən söz açan sənətçi bu sənətə gəlməsindən peşmançılıq çəkdiyini bildirib:

"Efirə biz gəlmək istəyirik, niyə istəmirik ki? Biz o dövrdə uşaq olanda efirə gələndə istəyirdik ki, populyar olaq, bizi barmaqla göstərsinlər ki, bu Teymur Əmrahdır. Amma indi elə bir vəziyyətdir ki... Bu yaşdan sonra ayrı sənətə necə gedim? Başqa sənətə yiyələnə bilmərəm, 50-dən artıq yaşım var, gecdir. Amma peşmanam... Çox peşmanam. Bilsəydim, hakim, həkim olardım, amma heyif...".

 

“Ədəbiyyat və incəsənət”

(22.02.2023)

Çərşənbə, 22 Fevral 2023 12:00

60 saat uçqun altında qalan 20 günlük körpəyə

Aida Eyvazlı yazır

 

Anamın isti qoynundan 

Ovcuna təzə düşmüşdüm.

Atam gözlərimə baxıb, 

“Balam”-deyib qımışmışdı

 

Bir südəmər körpə idim,

Soyuqdan xəbərim yoxdur.

Əvvəl hər tərəf ağ idi, 

Qaradan xəbərim yoxdu.

 

Ağladım, anam baxmadı,

Əlı atıb saçını yoldum.

Ovcuma büküb saxladım,

Saçından qoxusun aldım.

 

Saçlarından cənnət ətri

gələn anam orda qaldı.

Məni mələklərə verdi,

Saçları ovcumda qaldı.

 

Mən Tanrıya neylədim ki,

Mənlə belə sərt davrandı.

İkicə aylıq körpəyəm,

Üstüm qandı, üzüm qandı.

 

“Ədəbiyyat və incəsənət”

(22.02.2023)

Çərşənbə, 22 Fevral 2023 11:30

Ustad dərsləri bu gün yekunlaşır

Azərbaycan Rəngkarlıq Muzeyində rəssamlığa həvəsi olan 16 yaşdan yuxarı gənclər üçün nəzərdə tutulmuş “Özünü kəşf et” adlı ustad dərsləri bu gün sona çatır.

Son dərs Bəhruz Kəngərlinin iştirakı ilə “Rəngkarlıq fakturası” mövzusunda olacaq.

 

Ustad dərsi, iştirakçılara ənənəvi rəngkarlığa yeni müasir bucaqdan baxmağa, həmçinin əsas texnika və üsullarla tanış olmağa imkan verəcək. Akril boyalar və markerlərdən istifadə edərək, iştirakçılar öz fikirlərini və ideyalarını kətan üzərinə köçürəcəklər.

Gəlin ötən dərslər barədə bir xatırlatma edək. Ötən günlərin birində dərslər Miraslan Zeynin rəhbərliyi ilə “Tekstura və kollaj” mövzusunda keçirilib. Bu ustad dərsində müasir incəsənətin qarışıq texnikalarından istifadə olunub. İştirakçılar kollaj texnikasından istifadə edərək, kətan üzərində əsərlər yaradıblar və əsərlərinə müxtəlif fakturalar veriblər.

Daha öncə isə Müşfiq Heydərovun rəhbərliyi ilə “Relyef heykəltaraşlığı” mövzusunda ustad dərsi keçirilib. 

Ustad dərsi ilk dəfə heykəltaraşlıqda özünü sınamaq və ya bu sənət növündə bacarıqları dərinləşdirmək imkanı verib. İştirakçılar öz unikal heykəltaraşlıq relyeflərini yaradıblar.

Bu ilin ilk dərsi isə fevralın 1-də Hüseyn Haqverdiyevin iştirakı ilə keçirilmişdi, “Həndəsi kodlar” mövzusuna həsr olunmuşdu. Ustad dərsinin iştirakçıları kağızdan həndəsi fiqurlar kəsib, vizual təsvirlər yaratmışdılar. Bu texnika onlara həndəsə və formalar ilə təcrübə aparmağa imkan vermişdi. 

Qeyd edək ki, təcrübəsindən asılı olmayaraq hər kəs dərslərdə iştirak edə bilir. Bütün ləvazimatlar muzey tərəfindən qarşılanır.

Yerlər məhdud olduğundan qeydiyyatdan keçmək zəruridir. Ustad dərsləri ödənişsizdir. Son şansdan yararlanın, haydı! 

 

“Ədəbiyyat və incəsənət”

(22.02.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.