“Kod adı V.X.A” tamaşası yenidən nümayiş olunacaq

Fevralın 25-də və 26-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Kod adı V.X.A” tamaşası növbəti dəfə nümayiş olunacaq.

Böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın anadan olmasının 130 illiyinə və repressiyaya məruz qalmış görkəmli fikir adamlarının xanımlarına, eləcə də repressiya qurbanlarının 85 illiyinə həsr olunmuş tamaşada teatrın 70 nəfərlik böyük heyəti rol alıb.

 

Teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin müəllifi və quruluşçu rejissoru olduğu tamaşa tarixi-sənədli faktlara istinad edərək, ötən əsrin 30-cu illərinin mənzərəsini təsvir edir.

Qeyd edək ki, Şükriyyə Axundzadənin timsalında 26 min qadının məşəqqətli həbs və sürgün həyatına həsr olunmuş sənədli, bədii, tarixi hadisələrdən bəhs edən səhnə əsərinin quruluşçu rəssamı Mustafa Mustafayev, bəstəkarı Azər Hacıəsgərlidir. İşıq üzrə rəssamı Vadim Kuskov, plastik həlli Ceyhun Dadaşova məxsus olan yeni səhnə əsərinin rejissorları Nihad Qulamzadə, Gülnar Hacıyeva, rejissor assistentləri isə Günay Qasımova və Sevda Hacışəmiyevadır.

 

“Ədəbiyyat və incəsənət”

(22.02.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.