Super User

Super User

Şahbaz Xuduoğlu yazır

 

Ağır maddi durumda olan Əlisa Nicatla bağlı sosial şəbəkədə yazdığım xırda yazı böyük dönüşə səbəb oldu. Gecə boyu onun kartına pul köçürüldü. Yardım edənlər bəzi halda qəbzlərini də mənə atırdılar. 1, 10, 20, 50, 100, hətta 200 manat yardım edən də vardı.  

Səhər ustalar Əlisa bəyin evinə gedib istilik sistemi üçün  büdcə çıxardılar. Bir gün sonra, yəni bu gün artıq istilik sistemi quraşdırılır. 

Oğlu Üzeyir yardımların məbləğini öyrənmək üçün atasının kartını  bankomata saldı. Üzeyir gözlərinə inanmadı "vay dədə, bu nədi ədə" dedi. 6987 manat yazılmışdı. Bu, yalnız bir gecədə toplanan məbləğdir. 

Mən bir anlıq qanadlandım. 

Dünən və bu gün yardımlar davam etdi. Yardım edənlər adlarının açıqlanmasını istəməsələr də yazmağı özümə mənəvi borc bilirəm. 

 

@İrşad Elektronics şirkətindən zəng edib, istilik sisteminin çəkilişini öz üzərinə götürməyi təklif etdilər. İstilik sistemi üçün lazım olan bütün xərcləri ödədilər. Məbləğ 2339 manat etdi.

Ardından, Baku Electronics-dən zəng etdilər, istilik sistemini quraşdırmağı təklif etsələr də, dedim ki, artıq  o işi başqa şirkət öz üzərinə götürüb, siz soyuducu, elektron soba və ya mebel işini həll edə bilərsiniz.

Dəyərli futboçumuz Qara Qarayev də istilik sistemi ilə bağlı yardım  təklifi etdi. 

"Görüş"restoranının sahibi Asif bəy dedi ki, bundan sonra onun bütün ərzaq, yemək təminatını özüm həll edəcəm. 

Bir nəfər yazmışdı ki, mən "santexnikəm", bütün işləri pulsuz görərəm. 

Tikinti firmalarından zəng edib evinin təmirini təklif etdilər. 

Elçin Əlibəyli isə yazdı ki, “Rafi” Group Təmir və tikinti şirkəti evin təmirini öz üzərinə götürür, "Sobsan" Boyaları bütün rəngləmə materiallarını pulsuz verir.

Bir neçə nəfərin timsalında aylıq 100, 200 manat məbləğində maaş  təklif edənlər də var.

Yardım təklifləri, yardımların ardı-arası kəsilmir. 

Əlisa bəylə bu gün danışdım, deyir, kimin əvvəli, kiminin sonu. Gec də olsa, bu günləri gördüyüm üçün xoşbəxtliyimin həddi -hüdudu yoxdur.  

İnsanlar yardım etmək fürsətindən yararlandıqları üçün məmun qalıb. Həm yardım, həm də təşəkkür edirlər.

Az , ya çox, heç fərq etməz, əsas odur ki, Əlisa Nicat faktoru minlərlə insanı bir araya gətirdi.

Bir daha əmin oldum;  bu xalq möhtəşəmdir!

Biz birlikdə güclüyük!

 

“Ədəbiyyat və incəsənət” (03.12.2022)

 

Ölkə Prezidentinin 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında müvafiq Sərəncamına uyğun olaraq Mədəniyyət Nazirliyi Heykəltaraşlıq Müsabiqəsi keçirib. Müsabiqənin əsas məqsədi Azərbaycan incəsənətinin tarixi mərkəzi, Qarabağın baş tacı, Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhərinin zəngin mədəni irsinin təbliği, həmçinin bu irsi özündə təcəssüm etdirən heykəltaraşlıq abidələrinin ərsəyə gətirilməsi və qorunmasına dəstək olmaqdır.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, müsabiqəyə ölkəmizin rəssamları tərəfindən 47 əsər təqdim olunub. Təsdiq olunmuş işlərin dəyərləndirilməsi və müsabiqənin yekun nəticələrinin müəyyən olunması məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nəzdində yaradılmış komissiya tərəfindən qaliblər seçilib.

 

Qaliblərin siyahısı təqdim olunur:

 

1-ci yer (2 nəfər) –

 

Əhmədov Xanlar – “Xan Şuşinski”

 

Zakir Əhmədov – “Zəfər Yolu”

 

2-ci yer (2 nəfər)

 

Rzayev Zamik - “Qayıdış”

 

Nəbiyeva Gülarə - “Azadlıq qanadları”

 

3-cü yer (1nəfər)

 

Məmmədov Fərid – “Bizim zaman”

 

Həvəsləndirici mükafat (10 nəfər)

 

Qaryağdı Cəlil – “Natəvan”

 

Hüseynov Namiq – “Yaddaş”

 

Heydərov Müşfiq – “Xarı Bülbül”

 

Heydərov Müşfiq – “Xanəndə”

 

Hüseynov Ramiz, Əhmədov Xanlar  –  “Pənahəli Xan”

 

Qaryağdı Cəlil – “Cabbar Qaryağdı oğlu”

 

Rüstəmov Süleyman – “Quruluş” Pənaxəli xan

 

Bəhram Xəlilov  – “Qarabağ-Azərbaycandır!”

 

Samir Səmədov  – “Xəzinə yüklü Qarabağ gözəli”

 

Aybəniz Yusubova  – “Natəvan”

 

Şəkildə: qalib Xanlar Əhmədov.

 

“Ədəbiyyat və incəsənət” (02.12.2022)

 

Mədəniyyət Nazirliyi və “Teatro.az” sənət portalının birgə təşkilatçılığı ilə keçirilən “Şuşa İli”nə həsr olunmuş II “4.4” Qısa Tamaşalar Festivalına yekun vurulub. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Festival pandemiya dövründə durğunlaşmış teatr mühitini yenidən canlandırmaq, teatra yeni nəfəs vermək məqsədilə keçirilib. Ötənilki kimi, bu dəfə də maraqlı səhnə əsərlərinin nümayişi, panel müzakirələr, ustad dərsləri ilə yadda qalıb.

Mədəniyyət naziri Anar Kərimov yekun mərasimində çıxış edərək söyləyib:

 

“Belə layihələrin davamlı olması çox  əhəmiyyətlidir. Ötən ildən keçirilən festivala böyük maraq var. Festivalın məqsəd və məramı şanlı Zəfərimiz, 44 günlük haqq savaşımızı ehtiva etməklə, onun sənət vasitəsilə əbədiləşdirilməsinə nail olmaqdır. Teatrlarımız bu işə öz töhfəsini verdi və biz Qələbəmizdən ilhamlanaraq ona “4.4” adını verdik. Pandemiyanın bir çox sahələr kimi mədəniyyətə, teatra mənfi təsirlərini aradan qaldırmağa hesablanan bu layihəmiz ötən il də yüksək səviyyədə reallaşdı və pandemiyanın yaratdığı məcburi fasilədən sonra teatr prosesinin canlanmasına vəsilə oldu. Festival regionlarda fəaliyyət göstərən teatrlarımızı da stimullaşdırmağa, onlara paytaxtda, irimiqyaslı festivalda öz imkanlarını nümayiş etdirməyə şərait yaratdı. İlk festivalın uğuru onun ənənə halı almasına rəvac verdi. Festivalın əsas özəlliyi həm də onun artıq beynəlxalq müstəvini əhatə etməsidir. Festivala xaricdə yaşayan azərbaycanlı teatr mütəxəssislərinin də cəlb olunması xüsusilə əhəmiyyətlidir”.

 

Bu dəfə festivala göndərilən 20 tamaşadan nümayiş üçün 12-si seçilib. Onlardan 6-sı Bakı, 4-ü bölgələrdə fəaliyyət göstərən dövlət teatrları, 2-si isə müstəqil teatrlara aiddir. Maraqlıdır ki, builki festivala dram teatrları ilə yanaşı, kukla teatrları da qatılıb. Proqramda müxtəlif ölkə teatrlarının repertuarındakı ən maraqlı əsərlərin sırasından seçilmiş 6 müsabiqədənkənar tamaşa yer alıb. Builki festivala xüsusi rəng qatan özəlliklərdən biri də müsabiqədənkənar proqrama daxil edilmiş xarici tamaşadır. Belə ki, xəbər verdiyimiz kimi, festival günlərində seyrçilər K.Marcanişvili adına Tbilisi Dövlət Akademik Teatrının Lev Tolstoyun eyniadlı povesti əsasında hazırladığı “Kreyser sonatası” tamaşasına da baxıblar. 

Beş gün davam edən festivala qalib tamaşaların mükafatlandırılması ilə yekun vurulub. Nəzərinizə çatdıraq ki, qaliblər siyahısını daha sonrakı saatlarda diqqətinizə çatdıracağıq.

 

“Ədəbiyyat və incəsənət” (02.12.2022)

1993-cü ilin avqust ayında işğal olunan Füzuli şəhəri bir talelər toplusu olaraq bizə iki əks qütblü yolun yolçusu olan Füzuli sakinlərini nümayiş etdirir. Bu, erməni artilleriyasının dayanmadan şəhəri dağıdan mərmilərindən şəhəri məcburən tərk edən gənc, iki balaca uşaq anası, müəllimə Hürrüyə Hüseynova və əksinə, Bakıdan gələn, Füzulini qorumaq üçün əlinə silah alan bəstəkar-şair Rasim Müzəffərlinin hekayələridir.

Hər iki hekayə 1993-cü ildə reportyor Vahid Naxışın kamerasına həkk olunaraq tamaşaçının ixtiyarına “Qaytarılan torpaq” sənədli filmi ilə 2022-ci ildə rejissor Vahid Mustafayevin dramaturju xətti ilə təqdim olunur.

 

“Ədəbiyyat və incəsənıt” portalı xəbər verir ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə, ANS Şirkətlər Qrupunun, Milli Qəhrəman Çingiz Mustafayev adına Fondun, Balans Milli Rəqəmsal Bərpa Studiyasının təqdimatında Cinema Plus kinotearında ssenarist və rejissor Vahid Mustafayevin “Qaytarılan Torpaq” sənədli filminin təqdimatı baş tutub. 

1993-cü ildə ekstremal şəraitdə, güllələrin altında çəkilən real insan taleləri, illər sonra filmin qəhrəmanlarının yenidən o yerlərdən keçərək yaşadığı hisslər, yarımçıq qalan və yenidən doğan ümidlər və əlbəttə 30 il əvvəl qəhrəmanların Füzulidən çıxaraq itirdikləri və qoruduqları dəyərlər filmin ana xəttini təşkil edir. 

Filmin leytmotivində Torpağa olan münasibətdən bəhs edilir... Müəllifin fikirincə, biz torpaqları tərk edəndə o viranə və xaraba qalır və əksinə biz onun hətta bir ovucunu da olsa qoruyanda hər zaman onun tam şəkildə qaytarılmasına ümid qalır!

Vahid Mustafayev, çəkdiyi real kadrlardakı məkanları 2022-ci ildə yenidən filmində müqayisəli istifadə edərək,  1993-cü il avqustun 23-də olan vəziyyəti tam aydınlıqla bizə nümayiş etdirir. Gözəl və 90-cı illər üçün müasir infrastruktura malik şəhər 29 il Ermənistan hərbi qüvvələrinin işğalı altında qalaraq görünməyən vandallıqla tamamilə ləğv olunub. Bu dəhşətli hadisələri Füzulini tərk edən Hürrüyə xanım və əksinə şəhərə daxil olan Rasim Müzəffərli necə xatırlayırlar? Niyə Hürrüyə xanım doğma şəhərini tərk etdi və ya niyə Rasim müəllim əlindəki silahla Füzulini xilas edə bilmədi? Bu və digər tariximizi formalaşdıran suallara “Qaytarılan Torpaq” filmində cavab tapılır.

Azərbaycanın tanınmış mədəniyyət, elm və ictimai xadimləri, habelə Füzuli ictimaiyyəti üçün təqdim edilən “Qaytarılan Torpaq” filmi tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

 

“Ədəbiyyat və incəsənət” (02.12.2022)

 

“Şuşa İli” çərçivəsində tədbirlər planına uyğun olaraq, mədəniyyət müəssislərində təşkil edilən tədbirlər davam edir. Bu məqsədlə Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində respublikanın ali təhsil müəssisələri, elmi təşkilatları və aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə “Milli mədəniyyətimizin Şuşa salnaməsi” adlı elmi-praktiki konfrans keçirilib. 

 

“Ədəbiyyat və incəsənıt” portalı Azərbaycan Dövlət Teatr Muzeyinin mediaya açıqlamasına istinadən məlumat verir ki, konfransda  muzeyin direktoru Sevinc Milkayılova çıxış edərək, mövzunun aktuallığından və əhəmiyyətindən danışıb. Ardınca Qarabağ və Şuşa mövzusuna aid muzey eksponatları əsasında hazırlanmış videoçarx izlənilib. 

Konfransda sənətşünaslıq doktoru, professor Aydın Talıbzadə “Dilin tanıtdığı müqəddəs Şuşa - semantik rekonstruksiya”, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova “Şuşa musiqiçilərinin irsi Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin interpretasiyasında”, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi Mərziyyə Nəcəfova “Azad Şuşa obrazı - Vətənpərvərliyin və milli qürurun poetik ifadəsi”, Azərbaycan Rəssamlar İttifaqının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru Arzu Zeynalova “Koroğlu, Qaçaq Nəbi və Osmanlı paşalarının obrazları Şuşada toxunmuş Qarabağ xalçalarında”, Xəzər Universitetinin müəllimi Mədinə Karahan “Əhməd bəy Ağaoğlu şəxsiyyət kimi”, Azərbaycan İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli “Qarabağda aşkarlanmış muzey sərvətlərində erməni saxtakarlığı”, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Yaqub Məmmədov “Quruçay mədəniyyəti və onun yayılma arealı”, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin böyük elmi işçisi Əli Abuzərov “Şuşa şəhərinin muzey turizmi potensialı” və digər mövzularda məruzələr dinlənilib. 

Konfrans məruzələr ətrafında diskussiyalarla davam edib. 

 

“Ədəbiyyat və incəsənət” (02.12.2022)

 

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalı dekabr ayı üçün tədbirlər planını açıqlayıb.

 

3 dekabr – “Ötən illərin xatirəsi” adlı Abonement №2 konserti. (Fikrət Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının xor qrupu)

10 dekabr - “Klassik musiqidə rəqs janrı” adlı Abonement №2 konserti. (Azərbaycan Dövlət Fortepiano Triosu)

17 dekabr – Xarici bəstəkarların əsərlərindən ibarət Abonement №2 konserti. (Azərbaycan Dövlət Simli Kvarteti)

24 dekabr - Abonement №2 konserti. (“Cadenza” orkestri)

24 dekabr - Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdlərinin konserti.

26 dekabr - Xalq artisti Fidan Hacıyevanın şagirdlərinin konserti.

 

“Ədəbiyyat və incəsənət” (02.12.2022)

 

“Qarabağın tarixi” mövzusunda elan olunan qısa videoçarxlar müsabiqəsinin nəticələri ləğv olunması barədə xəbəri ötən gün Mədəniyyət Nazirliyi APA-ya açıqlayıb. 

Bildirilib ki, Mədəniyyət Nazirliyi tərəfindən “Qarabağın tarixi” mövzusunda elan olunan qısa videoçarxlar müsabiqəsinin nəticələri ilə əlaqədar təqdim olunan videoçarxlar kəmiyyət və keyfiyyət baxımından qənaətbəxş olmadığına, müsabiqə şərtlərini ödəmədiyinə və tələb olunan texniki göstəricilərə cavab vermədiyinə görə müsabiqənin nəticələri ləğv olunub.

Qeyd olunub ki, müsabiqəyə təqdim olunan işlərə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən, bu sahənin tanınmış mütəxəssislərindən ibarət Ekspert Şurası tərəfindən baxılıb.

 

“Ədəbiyyat və incəsənət” (02.12.2022)

 

Azərbaycanın turizm potensialı Özbəkistanın Daşkənd şəhərində keçirilən “Daşkənd Beynəlxalq Turizm Sərgisi – TİTF 2022”də tanıdılır.

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə sərgidə ölkəmizin turizm imkanları, xüsusilə müalicəvi və sağlamlıq turizm potensialı təbliğ olunur. 

 

“Ədəbiyyat və incəsənət” portalı Dövlət Turizm Agentliyinin məlumatına əsasən bildirilir ki, “İpək Yolu turizmi” mövzusuna həsr edilmiş sərginin ilk günündə baş tutmuş plenar sessiya zamanı Agentlik sədrinin müşaviri Kənan Quluzadə Azərbaycanın turizm sahəsindəki bu günədək olan təcrübələr və gələcək planlar haqqında təqdimatla çıxış edib.

Dekabrın 2-dək davam edəcək sərgidə Özbəkistandan olan turizm şirkətləri ilə ikitərəfli əməkdaşlıq əlaqələrinin qurulması üçün B2B (Biznesdən biznesə) görüşlər təşkil olunur, Azərbaycanın turizm məhsulları, müalicəvi kurortlar və hotellər haqqında məlumat verilir. 

Qeyd edək ki, cari ilin yanvar-sentyabr aylarında Özbəkistandan Azərbaycana səfər edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 6 dəfə çoxdur.

 

“Ədəbiyyat və incəsənət” (02.12.2022)

 

Uşaq yazarı Mehriban Nağıyevanın yeni şeir kitabı işıq üzü görüb. "Sunayın rəng dünyası" adlı kitabda balaca oxucular üçün bir-birindən maraqlı şeirlər yer alıb. 

Bu kitab müəllifin sayca 13-cü kitabıdır. Rəngarəng şəkillərlə dolu kitabdakı rəsmlərin müəllifi isə 275 nömrəli tam orta məktəbin sinif şagirdi Sunay Salmandır. Sunay rəsm çəkməyi çox sevir. Sinif rəhbəri Mədinə Məmmədova Sunayın bu istedadını görərək maraqlı təşəbbüs irəli sürüb. O, bu şəkilləri toplayaraq uşaq yazarı Mehriban Nağıyevaya göndərib və Sunayla bərabər kitab hazırlamaq ideyasını irəli sürüb. Nəticədə uşaqlar üçün çox maraqlı bir kitab ərsəyə gəlib. Kitabda yer alan “Xarıbülbül”, “Zəfər nəğməsi”, “Sunayın rəng dünyası” və digər şeirlər balaca oxucuların marağına səbəb olacaq.

 

“Ədəbiyyat və incəsənət” (02.12.2022)

“Ədəbiyyat və incəsənət” portalı Poetilk qiraət rubrikasında gənc şair İntiqam Yaşarın “Yağış” adlı yeni şeirini təqdim edir. 

 

 

Yenə yağış yağır bu boş şəhərə,

Yenə ağacların duası çindir.

Adamsız şəhərdə bir ağac olmaq,

Susuz səhralardan daha çətindir.

 

Meyvəsi kölgədir, kölgəsi meyvə,

Uduzur ömrünü gündə bir yoxa.

Bu ağac bəxtindən haçan yarıya,

Öyrənib ümidi hey boşa çıxa.

 

Göylər...ümid yeri...son güman yeri,

Göylər əl uzadar yerdəkilərə...

Yarı yolda qalmaz göydən gələnlər,

Gec də olsa çatar yerdəkilərə.

 

“Ədəbiyyat və incəsənət” (02.12.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.