Azərbaycanlıların 2-ci dünya müharibəsində qələbəyə töhfələri kitaba köçürülüb

İctimai xadim, Rusiya Azərbaycanlılarının Regionlararası Assosiasiyasının Əlaqələndirmə Şurasının həmsədri, “Kursk şəhəri Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” ictimai təşkilatının rəhbəri Qasım Kərimovun “Azərbaycanın 1941-1945-ci illərdə faşizm üzərində Qələbəyə töhfəsi” kitabının təqdimatı keçirilib. Tədbir Bakıdakı Rus evində baş tutub. 

 

Xalq yazıçısı Çingiz Abdullayevin iştirakı tədbirə rəng qatıb. Habelə, tədbirdə Rusiyanın Azərbaycandakı səfirliyinin birinci katibi Pavel Kuznetsov, Xalq artisti Oqtay Mirqasımov, Arxangelsk vilayəti Azərbaycanlıları Assosiasiyasının rəhbəri Tərlan Qasımov, kitabda adları çəkilən qəhrəmanların yaxınları, diplomatik korpusun, yaradıcı ziyalıların nümayəndələri və s. iştirak ediblər. 

Tədbirin moderatoru – kitabın həmmüəllifi, Bakı Slavyan Universitetinin dosenti Antonina Tretyakova təqdimatın əvvəlində qonaqları salamlayaraq, kitabın yaranma ideyası barədə söhbət açıb. 

Tədbirdə İkinci Dünya müharibəsində Sovet İttifaqının tarixi qələbəsinə Azərbaycanın verdiyi böyük töhfədən danışılıb. Kitab barədə müəllif və naşir, Kursk Cənub-Qərb Dövlət Universitetinin dosenti Qasım Kərimov, tarix elmləri doktoru Vəfa Quliyeva, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşı Hökumə Ağayeva, Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunun müdiri Şəfa Mövsümov söhbət açıblar. 

Tədbirin bədii hissəsi Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi Alyona İnyakina və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının artisti Ruslan Persan tərəfindən hazırlanıb. 

Kitabda İkinci Dünya müharibəsində Azərbaycan xalqının qəhrəman övladlarının keçdiyi döyüş yolundan, milli Azərbaycan diviziyalarında göstərdikləri şücaətdən bəhs olunur. 

Nəşrə, eləcə də Sovet İttifaqı qəhrəmanlarına, təyyarəçilərə, cəbhə və cəbhəarxası çalışan tibb işçilərinə, yazıçılara, müəllim və alimlərə blokadaçılara həsr olunan məqalələr daxil edilib.

 

“Ədəbiyyat və incəsənət”

(22.02.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.