Super User

Super User

Martın 4-də Heydər Əliyev Sarayında məşhur rumın ifaçı Aksentin solo konserti olacaq.

 

DJ Adrian Claudiu Sana 1999-cu ildə özünün pop-qrupunu ərsəyə gətirmək qərarına gəlib və yaratdığı qrupu “Akcent” adlandırıb. Musiqiçilər mahnılarını ingilis, fransız və ispan dillərində ifa ediblər. Qrup dinləyicilərinə xaus, avrodans, avrodisko, pop kimi janrlarda mahnılar təqdim edib. 2013-cü ildən qrupda tək qalan DJ elə Aksent adı ilə solo konsertlər verməyə başlayıb.

Sənətçinin məşhur trekləri arasında “Jokero”, “On And On”, “My Passion”, “Enigma”, “Amor Gitana” və başqalarını qeyd etmək olar. Aksent Rumıniyanın 10 ən məşhur sənətçisindən biridir.

Onun “YouTube” platformasındakı 10 bəstəsi 100 milyona yaxın baxış toplayıb.

“Spotify”da hər ay ərzində üç-beş milyon istifadəçi onu dinləyir.

 

Biletləri iTicket.az saytından və onun Bakı şəhərində yerləşən kassalardan əldə etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(23.02.2023)

Məşhur rusiyalı parodist, komediya ustası, teleaparıcı, kinoaktyor və müğənni Maksim Qalkin Bakı Konqres Mərkəzində böyük solo konsert verib. Və konsert barədə bu xəbər Ən çox oxunan xəbər olub. 

 

“Ədəbiyyat və incəsənət” bizim.media-ya istinadən xəbər verir ki, tamaşaçıları salamlayan sənətçi 20 ildir Azərbaycanın paytaxtında çıxış etdiyini deyib. O, zala toplaşanlarla Azərbaycan dilində söhbət edib.

M.Qalkin qeyd edib ki, onun üçün Azərbaycan dilini öyrənmək müasir rus artistlərini parodiya etməkdən daha asandır.

O vurğulayıb ki, pasport yoxlaması zamanı ondan Bakıya gəlişinin məqsədi soruşulmayıb. Ancaq özü təbəssümlə əsas məqsədin "yemək!" olduğunu bildirib və zarafatla bu dəfə Bakıya Hacı Nuranla şəkil çəkdirmək üçün gəldiyini əlavə edib.

Sənətçi pik saatlarda Bakıda "Toyota Prius"la gəzintisini ekstremal adlandırıb. Parodist azərbaycanlı müğənni Jony (Cahid Hüseynov) haqqında da danışıb və onun heyrətamiz səsə malik olduğunu bildirib.

 

“Ədəbiyyat və incəsənət”

(23.02.2023)

Cümə axşamı, 23 Fevral 2023 10:15

Günün fotosu: Tarixdə hələ belə şey olmayıb!

Günün fotosu: Tarixdə hələ belə şey olmayıb!

 

Bəli, seysmoloq alimlər bildirirlər ki, fevral ayının ilk iyirmi günü ərzində Türkiyədə 7 mindən çox (!!!) zəlzələ qeydə alınıb. Tarixdə heç vaxt buna yaxın gələn bir şey olmayıb.

Foto: AP

 

“Ədəbiyyat və incəsənət”

(23.02.2023)

Ədəbiyyatşünas Sərvanə Dağtumasın Fransız ədəbiyyatı barədə silsilə yazılarını təqdim edirik.

 

 “Keçmiş zamanların yeniyetməsi” romanı.

Roman atasını və gənc qardaşını itirmiş, anasıyla böyük bir malikanədə yaşayan Alen adlı yeniyetmədən və onun eşqlə etiqad arasında keçirdiyi iztirablardan bəhs edir. Alen mənsub olduğu burjua mühitinə nifrət edir, arzuları, xəyalları ilə yaşayır, təhsil almaq haqqında düşünür. Əsərdə yüksək katolik dairələrin həyatı bütün müsbət və mənfi tərəfləri ilə birgə qələmə alınıb. Əsər avtobioqrafik xarakter daşıyır, birinci şəxsin dilindən yazılıb. Görünür, Alen keşiş və ya sahibkar olmaqdan daha çox yazıçılığa can atır, daha çox mənəvi həyat sürmək istəyir. Müəllif insanın mənəvi yüksəlişi ideyasının ən inandırıcı təcəssümünə yeniyetmənin obrazında müvəffəq olur. İstənilən zamanın yeniyetməsi tamhüquqlu unikal şəxsiyyət qeyri-məhdud mənəvi sərvətə sahibdir, özünə inam hissi olan maraqlı bir şəxsiyyətdir. Hər yaşda olan bir yeniyetmə saf və məsumdur, hörmətə, sevgiyə, şəfqətə layiqdir.

 

“Sevgi səhrası” romanı.

Səhranın istiliyi mənəvi ehtiyacı simvollaşdırır. Səhra müqəddəs yazılarda insanın Allahla görüşdüyü, tövbə, mənəvi yoxsulluq, seçim və mənəvi azadlıq əldə etdiyi bir yer kimi görünür. Bu, ikili obrazdır: məhrumiyyət, təhlükə, cəza yeri və Allahın insanları xilas etdiyi, özünü göstərdiyi yer. Səhra nemətə lənət kimi məskunlaşan torpağa qarşıdır. Səhra boşluqdur, yəni sevgi yoxdur, amma sevgi əbədidir. Səhra sakini bir sevgiyə rast gəlmək, rahatlaşdırıcı sərin suya qərq olmaq, həm bədənini, həm də hisslərini sərinlətmək arzusundadır. Müəllifə görə, “sevgi Allahdır” və Allaha ehtiyacın dərk edilməsi yalnız əzab-əziyyətlə olur, buna görə də sevgisiz, səhra vəziyyətində əzab çəkən insan ruhunun sevgini tapmaq üçün yalnız bir yolu var, o da Allaha gəlməkdir. Əsl məhəbbət mümkündür, ancaq Tanrının vasitəsilə. Yazıçı əsəri ilə bunu demək istəyir. Onun qəhrəmanı Allaha cazibə və cismani, dünyəvi ehtiraslar arasında parçalanır. Allahın səsi səhranın səsidir, harada olursa, olsun-yerdə və ya qəlbdə. Allah insanı oturaq həyat tərzini tərk etməyə və köçəri həyat tərzini qəbul etməyə çağırır. Yalnız maddi dünyaya bağlılığı aradan qaldırmaqla insan Allahla münasibətini qaydaya sala bilər, çünki imtahan insanı elə vəziyyətə gətirir ki, o, əslində kim olduğunu insana göstərməlidir. İnsan Allahla tək qalır. “Sevgi səhrası” simvolunu yaradan zaman yazıçı kilsəni - onun başında duran ruhaniləri nəzərdə tuturdu. Kilsə də insanlardır, insanlar isə təbiətcə günahkardır, axı Tanrı sevgidir və hər şey Onun vasitəsilə mümkündür.

Əsər din, günah, xilas mövzularından bəhs edir. Yazıçı tənhalığın tələyə düşdüyü 3 personajın psixologiyasını, uğursuzluq astanasında olan dünyada yaşadıqları bədbəxtliyi və hisslərinin sıxışdırılmasını, sevgi üçbucağını canlandırır. Kişilərin və qadınların yaşadıqları (eyni qadını sevən ata və oğul) xeyirlə şər arasındakı daxili mübarizənin psixoloji təhlilləri kifayət qədər çoxdur.

 

“Ədəbiyyat və incəsənət”

(23.02.2023)

 

 

Cümə axşamı, 23 Fevral 2023 14:00

2 manatlıq bahalı paltı

“Ədəbiyyat  və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir. Növbəti təqdim edilən İlham Namiq Kamaldır.

 

 

İLHAM NAMİQ KAMAL

(1949)

***

Məni lətifə deyən adam kimi də tanıyırlar. İmkan düşmüşkən sizə teatrla bağlı bir neçə lətifə danışım.

Demək, tamaşa gedir. Səhnədə aktyorlar həkim rolu oynayırlar. İşıqlar sönüb, tam sakitlikdir. Birdən ön sıradakı tamaşaçılardan biri çığırır:

– Zalda həkim var?

Arxa sıralardan səs gəlir.

– Bəli, var! Mən həkiməm.

– Kolleqa, bu necə həkimlərdir bizə göstərirlər?

 

 

***

Demək tamaşadan sonra rejissor aktyoru danlayır.

– Tamaşaya sərxoş gəlməyini demirəm, rolun yarısını unutduğun da bir yana qalsın, yaxşı, bəs sələmçi arvadı niyə baltalamadın, boğdun, hə?

– Əşşi, mən neynim ey, ömrüm boyu Otello oynamışam, arvadı Dezdomona ilə səhv saldım.

 

***

Kişi teatrın qarderobçusuna 2 manat verib paltonu götürür. Arvadı onun üstünə çığırır.

– Heç qarderobçuya 2 manat verərlər?

– Sss, sakit ol, 2 manata mənim nimdaş paltomu bahalı paltoya dəyişdi…


“Ədəbiyyat və incəsənət”

(23,02.2022)

Cümə axşamı, 23 Fevral 2023 16:00

“Sənə gül atdılar, mənə də güllə…”

Poetik qiraət rubrikasında daimi müəllifimiz - şair Əlizadə Nuri öz “Sənə gül atdılar, mənə də güllə” şeiri ilədir. 

 

Dolub gözlərimə bu eşqin qumu,

Gecə yatağımdan qovur yuxunu.

Ayrılıq məktubu, vida məktubu 

“Qara kağız” kimi çətin oxunur…

 

Üşüyən bu gülün od-ocağı yox,

O yandan  fevral da gəlir  qarıyla.

O yetim uşağın oyuncağı yox,

O uşaq oynayır göz yaşlarıyla…

 

…Çəkib öz komama gətirdim bu gün

Qorxdum ki, bayırda darıxa bu qəm.

Qəmi övladlığa götürdüm bu gün-

Onu balam kimi böyüdəcəyəm…

 

Biz hara gedirik bu boş könüllə?

Bir ayın içində ayrı həftəyik.

Sənə gül atdılar, mənə də güllə-

Yaxşı ki, ikimiz bir hədəfdəyik…

 

Əsən ayrılıqdı, yel deyil əsən,

Bu bəxti tikməyə mənə sap verin.

Niyə əllərini qoyub getmisən

Səni soruşanda nə cavab verim?!..

 

“Ədəbiyyat və incəsənət”

(23.02.2023)

Professor Əlibala Məhərrəmzadə “Ev tapşırığı: Uğur düsturunu tapacağıq”  layihəsini sizlərə təqdim edir

 

Əslində, uğur formulu ümumi olduğu qədər də spesifikdir, yəni bir xalq üçün lazım olan uğur qazanmaq keyfiyyətləri başqa bir xalq üçün aparıcı olmaya da bilər. Məsələn, Azərbaycanda (ümumən Şərqdə) uğur formulasında mental qayda-qanunlara, davranış tərzinə istinadı, möhkəm ailə faktorunun, nümunəvi tərbiyənin rolunun hegemonluğunu, milli kökə və dini mənsubiyyətə bağlılıq faktorunu spesifikliyə aid edə bilərik.

Mən öz şəxsi təcrübəm, eləcə də illərdir ki, davam edən müşahidələrim nəticəsində uğurun qazanılmasında aşağıdakı parametrləri xüsusi olaraq qabardardım:

 

15) Özünəinam.

Nəhayət, uğur qazanmaq yolunda ən vacib parametrlərdən biri olan «özünəinam»a gəlib çıxdıq. Ən sonda ən vacib olan parametrə toxunuruq, belə ki, özünəinam, bütün böyük uğurların məhz startıdır, bu hiss yoxdursa hansı uğurdan söhbət gedə bilər axı? «Özünəinam» insanın hər şeyə nail olacağına qəti əminliyidir, ən çətin vəziyyətdə, ən ağır şəraitdə özünə güvənməsidir.

Özünə necə inanmalı? Adi sualdır, amma adi olduğu qədər də bəzən həlli müşküllük yaradan situasiyalara işarə edən sualdır.

 - İlk öncə, əziz oxucum, qarşınızda duran məqsəd və vəzifələrin ağırlığını, həlledilməzlik illüziyasını dağıdın, «həll edilməz məsələ yoxdur, mən hər şeyi bacarıram», «azacıq zaman lazımdır, sonda gülən tərəf mən olacağam» tipli autotreninqlərdən faydalanın. Çox vaxt insan hər hansı kiçik problemini süni olaraq böyüdür, həlledilməz həddə çatdırır, nəticədə də panikaya düşür, həyatın nəbzini itirir. Buna əsla yol verməyin!

 - Özünəinamı bərk sarsıdan faktorlardan biri də uğursuz bir şəxsdən nümunə götürməkdir. Kimsə həmin işi sizdən əvvəl görüb, onda alınmayıbsa «bu məndə də alınmaz» deyə qorxu keçirirsiniz. «Hər situasiya fərqli, hər şəxs də fərqlidir» postulatını əsas götürüb kimlərisə özünüzə nümunə gətirməyin. Yox, əgər mütləq nümunə gətirmək istəyirsinizsə, onda çalışın, uğurlu bir insanı nümunə gətirəsiniz.

 - Özünəinam hissini gücləndirməyin başqa bir yolu öz kemiş qələbələrinizi xatırlamağınız, uğurlarınıza təkrarən nəzər yetirməyinizdir, Bunlar sizə əlavə stimul verəcək, gücünüzə sanki əlavə güc qatacaq.

 - Özünəinamı formalaşdıran daha bir detal reallıqda qalmaq, xəyallarda uçmamaqdır. Nə mənada? O mənada ki, biz bəzən öz gücümüz dişarında olan işləri aşırmaq xəyalları qürur, planları cızırıq. Kiminçünsə milyonçu olmaq, kiminçünsə Olimpiya çempionluğu qazanmaq, kiminçünsə prezident seçilmək mümkün hal olduğu halda, təbii ki, böyük əksəriyyət üçün mümkünsüzdür. İnsanlar milyardlarcadır, ən uca zirvələr isə tək-tük seçilmişlər üçündür. Baxın, seçilmiş olmasına heç bir zəmin olmayanın seçilmişlik iddiası sonda təbii ki, uğursuzluqla nəticələnir və onun özünəinam hissləri zədələnir. Bu səbəbə görə də, başından uca tullanmaq planları qurmayın, özünəinamınızı real planlarda sınaqdan çıxarın.

 - Özünəinam hissini gücləndirmək üçün şəxsi mövqeyə malik olmaq, prioritetləri düzgün sıralamaq, pozitiv və uğurlu ətrafa malik olmaq, stress və depressiyalardan qaçmaq da vacib rol oynayır ki, bunlar barədə kitabın digər bölümlərində ətraflı məlumat verəcəyəm.

Beləliklə, biz bu bölümdə uğur qazanma üçün lazım olan 15 əsas keyfiyyətdən söz açdıq. Düşünürəm ki, onların hər birini yadınızda saxlaya bildiniz.

 

“Ədəbiyyat və incəsənət”

(23.02. 2023)

 

 

 

 

 

 

 

 

 

 

 

 

Cümə axşamı, 23 Fevral 2023 12:30

Motsart, Veber, Rodriqo

“Yeni adlar” layihəsi yeni mövsümdə də davam edir

 

Mədəniyyət Nazirliyinin 2022-ci ildən həyata keçirdiyi “Yeni adlar” musiqi layihəsi bu il də davam edir. Müasir Azərbaycan ifaçılıq sənətinin inkişafına, bu sahədə yeni istedadlı nəslin tanınmasına, parlaq ifaçıların yetişməsinə xidmət edən layihə bu il Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunur. 

 

Gənc ifaçıların tanınmış dirijorların rəhbərliyi altında simfonik, kamera və xalq çalğı alətləri orkestrləri ilə konsertlərinin keçirilməsi onların sənət yolunda inkişafına mühüm zəmin yaradır.

Layihənin yeni mövsümdə ilk konserti Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında gerçəkləşib.

Konsertdən əvvəl qardaş Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Gecədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (dirijor – Əməkdar artist Fuad İbrahimov) müşayiəti ilə respublika və beynəlxalq müsabiqələr laureatları Canel Nəcəfli (violin), Səid Bağırzadə (klarnet) və Zaur Məmmədov (gitara) öz ifaları ilə musiqisevərlərin könlünü oxşadılar.

Canel Nəcəflinin ifasında V.A.Motsartın “Violin və orkestr üçün 3 nömrəli konsert” (sol major, op.216), Səid Bağırzadənin ifasında K.Veberin “Klarnet və orkestr üçün 1 nömrəli konsert” (fa minor, op.73), Zaur Məmmədovun təqdimatında isə X.Rodriqonun klassik gitara və orkestr üçün “Concierto de aranjues” əsərləri alqışlarla qarşılanıb.

 

“Ədəbiyyat və incəsənət”

(23.02.2023)

Cümə axşamı, 23 Fevral 2023 11:45

“Kino gözlə söz arasında”

Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə heyətinin üzvü, sənətşünas, ssenarist Nadir Bədəlovun “Kino gözlə söz arasında” kitabı işıq üzü görüb. Azərbaycan Kinematoqrafçılar İttifaqının maliyyə dəstəyi ilə çap edilmiş, “Kinematoqrafçının kitabxanası” seriyasından olan kitab 3 hissədən- “Filmin dramaturgiyası”, “Filmin estetikası”, “Filmlərə baxış” bölümündən ibarətdir.

 

Kitabda söz və sözün izahı, dramaturgiya nədir və filmdə dramaturgiyanın rolu, mimesis – təqlid gerçəkliyin əksi kimi, realizm, Hegel – dünyanın dramaturji qəlibi kimi, Aristotel təlimi, və s. məqamlar geniş yer alıb.

“Filmin estetikası” hissəsi, adından göründüyü kimi, filmin estetikasında həlledici olan film rejissorluğu haqqındadır. Kitabın orijinal aspektlərindən biri filmdə müəllifin, müasir rejissorlardan Emil Quliyevin “Pərdə” trilogiyası, Azərbaycan kinoklassiklərindən Rüstəm İbrahimbəyovun, Həsən Seyidbəylinin filmləri, dünya klassikasından Roman Polanski və Nuri Bilgə Ceylanın filmləri tamamilə yeni rakursdan analiz edilir.

Kitabı gənc kinodramaturqlar üçün dəyərli edən cəhət, dünyada ən populyar ssenari ustadlarının, Con Trubi, Sid Fild, Kristofer Voqler və Robert Makkinin müəllifi olduğu təlimlərin ensiklopediyasıdır. Müəllif hər bir təlimi ətraflı izah edir.

Yeni çıxan kitabın dərslik vəsaiti kimi də əhəmiyyəti yüksəkdir. 

“Kino gözlə söz arasında” kitabının layihə rəhbəri Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor Əli İsa Cabbarov, redaktoru Məqsəd Nur, rəssamı Sevinc Quliyevadır.

 

“Ədəbiyyat və incəsənət”

(23.02.2023)

1. Arzular təfəkkürün problemlərlə dolu gerçəkliklərdən qaçıb gizləndiyi xoş yerdir.

 

2. Ağlı olan heç vaxt tək olmur.

 

3. Həmişə ağıllı olmaq darıxdırıcıdır, hərdən axmaqlıqdan da imkan kimi istifadə etmək lazımdır.

 

4. Qadını tanımağa kişi ağlı acizdir, yalnız qəlb buna kömək ola bilir.

 

5. Arxadan kürəyə vurmaq zəmanəsi keçdi, indi üzbəüz, gözə baxa-baxa vururlar.

 

6. Gücü az olanın səsi çox çıxar.

 

7. Dünyanın ən böyük dəyəri özünsən, bütün başqa dəyərlər sən olduğuna görə mövcuddurlar.

 

8. Başımızın üstündəki sonsuz səma sonsuz böyüməyimiz üçün imkandır.

 

9. Kişinin qadınlar haqqında bilməli olduğu yeganə şey odur ki, onlar nağılları sevirlər.

 

10. Özünü yaxşı saymaq başqaları haqda məlumatsızlıqdan doğur.

 

“Ədəbiyyat və incəsənət”

(23.02.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.