Poetik qiraət rubrikasında daimi müəllifimiz - şair Əlizadə Nuri öz “Sənə gül atdılar, mənə də güllə” şeiri ilədir.
Dolub gözlərimə bu eşqin qumu,
Gecə yatağımdan qovur yuxunu.
Ayrılıq məktubu, vida məktubu
“Qara kağız” kimi çətin oxunur…
Üşüyən bu gülün od-ocağı yox,
O yandan fevral da gəlir qarıyla.
O yetim uşağın oyuncağı yox,
O uşaq oynayır göz yaşlarıyla…
…Çəkib öz komama gətirdim bu gün
Qorxdum ki, bayırda darıxa bu qəm.
Qəmi övladlığa götürdüm bu gün-
Onu balam kimi böyüdəcəyəm…
Biz hara gedirik bu boş könüllə?
Bir ayın içində ayrı həftəyik.
Sənə gül atdılar, mənə də güllə-
Yaxşı ki, ikimiz bir hədəfdəyik…
Əsən ayrılıqdı, yel deyil əsən,
Bu bəxti tikməyə mənə sap verin.
Niyə əllərini qoyub getmisən
Səni soruşanda nə cavab verim?!..
“Ədəbiyyat və incəsənət”
(23.02.2023)