Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün növbədə Şeir vaxtıdır, şair Günay Nərimanın şeirləridir.

 

 

 

ŞEİR VAXTI

 

Günay Nəriman

 

MƏN HARDAN BİLƏYDİM?

 

Mən hardan biləydim, körpə uşaqkən

Kağıza çəkdiyim o cızma-qara

Sonradan alnıma həkk olunacaq,

Kağıza saldığım bütün qaralar

Yığışıb bəxtimi qaraldacaqmış...

 

Mən hardan biləydim, çilli qurbağa

Onu susdurmağa atdığım daşı

Qalxıb göy üzündən atacaq mənə…

O qədər olacaq başımın daşı,

Başdaşım atdığım o daş olacaq.

 

Mən hardan biləydim, boğduğum quşun

Ahı bir gün gəlib məni tutacaq...

Günahsız boğulan o quşcuğaztək

Ruhum çırpınaraq candan çıxacaq...

Yalandan paslanmış üzümü mənim 

Qara torpaq örtüb ağardacaqmış.

Mən hardan biləydim, hardan biləydim,

Torpağın yuduğu o ağ üzümü

Geydiyim ağ kəfən qaraldacaqmış...

 

 

NİYƏ DAŞA DÖNMÜSƏN?

Sən ki məni içində

Böyüdüb adam etdin,

Məni böyütdüyünə

İnsafın böyüyəydi,

Atıb getməzdin belə.

 

Bəlkə, Tanrıya inad

Dünyaya gətirmisən,

Heç  özün də bilmədən,

Yoxsa etməzdin belə?..

 

Səni  mələk sanırdım,

Bu yerlərin mələyi.

Üz çevirib getmisən,

Səsimə səs vermədən.

Gəl bax, böğuluram mən.

 

Quru nəfəs vermədən

Üz çevirib getmisən.

Yerlər sənə dardımı?

Ay göylərin mələyi.

 

Nə olar bircə “hay” ver,

Məni ki daş doğmadı,

Niyə daşa dönmüsən?

Buz bağlayıb ürəyin,

Əlimi üşüdürsən.

Nəfəsimi dondurub,

Dilimi üşüdürsən.

 

Cavab ver, suallarım

İçimdə buz bağlayıb.

Məni bir mələk doğdu,

Məni ki daş doğmadı,

Niyə daşa dönmüsən?

 

 

SƏNSİZ YAMAN ÖLÜRƏM

 

Böyük günahlarımın balaca savabısan,

Günahında qovrulub savabında yandığım.

Mənim ən böyük cəzam sənsizliyim boydadır,

Ən şirin cəzam da sən, dilindən aldandığım.

 

Mənmi  səni  yaratdım, sənmi məni, bilmirəm?

Bircə dənə bildiyim sənin varlığınla mən,

Nəfəs alıb-verirəm.

Hərdən də nəfəsimi elə yaman kəsirsən, 

Yaradanım da sənsən, yaşadanım da sənsən.

 

Varsan deyə, mən varam, uzaqlarda naçaram,

İkiüzlü həyatın biri sən, biri ölüm.

Mən də sənin kimiyəm, sənsizliyə düçaram,

Sənsiz yaman ölürəm, ay sənə qurban olum.

 

“Ədəbiyyat və incəsənət”

(22.02. 2023)

 

 

Çərşənbə, 22 Fevral 2023 10:30

Bu gün “Nəsimi” baleti nümayiş olunacaq

Bu gün Akademik Opera və Balet Teatrında Fikrət Əmirovun "Nəsimi" baleti nümayiş olunacaq.

 

Səhnə əsəri böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin həyatından bəhs edir. Tamaşanın quruluşçu baletmeysteri Opera və Balet Teatrı balet truppasının bədii rəhbəri, Xalq artisti Kamilla Hüseynova, libretto müəllifi Əjdər Ulduz, musiqi rəhbəri və dirijoru Azərbaycanın Xalq artisti, professor Yalçın Adıgözəlov, quruluşçu rəssamı Azərbaycanın Əməkdar rəssamı Nüsrət Hacıyev, kostyumlar üzrə rəssam Xalq rəssamı, Dövlət mükafatı laureatı Rafiz İsmayılovdur.

Birpərdəli baletdə əsas rolları Əməkdar artistlər Anar Mikayılov, Nigar İbrahimova, aparıcı solistlər İslam Məmmədov, Dinara Şirinova, Edvard Arazov ifa edəcəklər. 

Biletlər teatrın kassası ilə yanaşı, şəhərin bütün kassalarından və iticket.az saytından əldə etmək olar.

Qeyd edək ki, bu balet ilk dəfə 1973-cü il sentyabrın 23-də nümayiş etdirilərək tamaşaçıların böyük rəğbətini qazanıb, 1974-cü ildə isə Dövlət mükafatına layiq görülüb.

 

“Ədəbiyyat və incəsənət”

(22.02.2023)

Professor Əlibala Məhərrəmzadə “Ev tapşırığı: Uğur düsturunu tapacağıq”  layihəsini sizlərə təqdim edir

 

Əslində, uğur formulu ümumi olduğu qədər də spesifikdir, yəni bir xalq üçün lazım olan uğur qazanmaq keyfiyyətləri başqa bir xalq üçün aparıcı olmaya da bilər. Məsələn, Azərbaycanda (ümumən Şərqdə) uğur formulasında mental qayda-qanunlara, davranış tərzinə istinadı, möhkəm ailə faktorunun, nümunəvi tərbiyənin rolunun hegemonluğunu, milli kökə və dini mənsubiyyətə bağlılıq faktorunu spesifikliyə aid edə bilərik.

Mən öz şəxsi təcrübəm, eləcə də illərdir ki, davam edən müşahidələrim nəticəsində uğurun qazanılmasında aşağıdakı parametrləri xüsusi olaraq qabardardım:

 

14) Bir neçə planla hərəkət edə bilmək.

Uğur qazanmaq yolunda çoxplanlılıq da ən vacib faktorlardandır. Həyatda uğur qazanmış əksər liderlərin tərcümeyi-halına baxanda mütləq onların fəaliyyət yollarında A, B və hətta C planlarının olması aydın sezilir. Bir planla irəliləmək ilk məğlubiyyətdəcə mübarizəni dayandırmaq deməkdir. Amma yardımçı planlar mübarizəni davam etdirmək, son nəticədə nəyin bahasına olursa olsun qalibiyyətə qovuşmaq üçün əlavə şanslar deməkdir.

 

 “Ədəbiyyat və incəsənət”

(22.02. 2023)

Çərşənbə, 22 Fevral 2023 09:30

Hər gün bir Şuşa xəbəri

Şuşada Uşaq Yaradıcılıq Festivalı keçiriləcək

 

Bu ilin iyun ayında Şuşada Uşaq Yaradıcılıq festivalı keçiriləcək.  Bu barədə qərar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin təsdiq etdiyi Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planında yer alıb. 

Festivalla bağlı işlərin icrası Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə həvalə olunub.

 

Ədəbiyyat və incəsənət”

(22.02.2023)

İctimai xadim, Rusiya Azərbaycanlılarının Regionlararası Assosiasiyasının Əlaqələndirmə Şurasının həmsədri, “Kursk şəhəri Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” ictimai təşkilatının rəhbəri Qasım Kərimovun “Azərbaycanın 1941-1945-ci illərdə faşizm üzərində Qələbəyə töhfəsi” kitabının təqdimatı keçirilib. Tədbir Bakıdakı Rus evində baş tutub. 

 

Xalq yazıçısı Çingiz Abdullayevin iştirakı tədbirə rəng qatıb. Habelə, tədbirdə Rusiyanın Azərbaycandakı səfirliyinin birinci katibi Pavel Kuznetsov, Xalq artisti Oqtay Mirqasımov, Arxangelsk vilayəti Azərbaycanlıları Assosiasiyasının rəhbəri Tərlan Qasımov, kitabda adları çəkilən qəhrəmanların yaxınları, diplomatik korpusun, yaradıcı ziyalıların nümayəndələri və s. iştirak ediblər. 

Tədbirin moderatoru – kitabın həmmüəllifi, Bakı Slavyan Universitetinin dosenti Antonina Tretyakova təqdimatın əvvəlində qonaqları salamlayaraq, kitabın yaranma ideyası barədə söhbət açıb. 

Tədbirdə İkinci Dünya müharibəsində Sovet İttifaqının tarixi qələbəsinə Azərbaycanın verdiyi böyük töhfədən danışılıb. Kitab barədə müəllif və naşir, Kursk Cənub-Qərb Dövlət Universitetinin dosenti Qasım Kərimov, tarix elmləri doktoru Vəfa Quliyeva, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşı Hökumə Ağayeva, Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunun müdiri Şəfa Mövsümov söhbət açıblar. 

Tədbirin bədii hissəsi Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi Alyona İnyakina və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının artisti Ruslan Persan tərəfindən hazırlanıb. 

Kitabda İkinci Dünya müharibəsində Azərbaycan xalqının qəhrəman övladlarının keçdiyi döyüş yolundan, milli Azərbaycan diviziyalarında göstərdikləri şücaətdən bəhs olunur. 

Nəşrə, eləcə də Sovet İttifaqı qəhrəmanlarına, təyyarəçilərə, cəbhə və cəbhəarxası çalışan tibb işçilərinə, yazıçılara, müəllim və alimlərə blokadaçılara həsr olunan məqalələr daxil edilib.

 

“Ədəbiyyat və incəsənət”

(22.02.2023)

Çərşənbə axşamı, 21 Fevral 2023 20:00

Sabahkı hava proqnozu

 

Ölkə ərazisində sabaha -  fevralın 22-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Güclü cənub-qərb küləyi əsəcək, gündüz mülayim şimal küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 4-6°, gündüz 11-16° isti olacaq. Atmosfer təzyiqi 755 millimetr civə sütunundan 759 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 55-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin bəzi dağlıq ərazilərdə havanın arabir yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-7°, gündüz 12-17° isti, dağlarda gecə 3-8°, gündüz 0-3° şaxta olacağı ehtimal edilir.

 

“Ədəbiyyat və incəsənət”

(21.02.2023)

 

Ölkə həyatına əsilcə nüfuz edən, çətin işlərimizi asanlaşdıran “ASAN xidmət”ə 60 milyonuncu vətəndaş müraciətinin qeydə alınması ilə bağlı tədbir keçirilib.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsinin  məlumatına görə, bu müraciət Zəngilan rayonunun Ağalı kəndində Dövlət Xidmətləri Mərkəzindəki “ASAN xidmət” köşkünə Nihat Orucov tərəfindən edilib. 

 

O, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidmətindən yararlanıb. 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəhbərliyi Ağalı tam orta məktəbinin 9-cu sinif şagirdi Nihat Orucovu təbrik edib. “ASAN xidmət”ə 60 milyonuncu vətəndaş müraciətinin sahibi kimi ona hədiyyə və təşəkkürnamə təqdim olunub. 

Ağalı kəndində Dövlət Xidmətləri Mərkəzi 2022-ci il avqustun 4-də fəaliyyətə başlayıb. Burada “ASAN xidmət” köşkü vasitəsilə kənd sakinlərinin dövlət xidmətlərinə rahat çıxışı təmin edilir. Belə ki, “ASAN xidmət” əməkdaşı tərəfindən onlara müəyyən onlayn xidmətlər üzrə yerində, digər növ xidmətlər üzrə isə müraciətləri qəbul edilməklə Səyyar ASAN xidmət vasitəsilə xidmət göstərilir.

 

“Ədəbiyyat və incəsənət”

(21.02.2023)

Çərşənbə axşamı, 21 Fevral 2023 15:55

Əbu-Dabidə Qadınların Qlobal Sammiti öz işinə başlayıb

 

Qadınlar Birliyinin (GWU) sədri, Analar və Uşaqlar üzrə Ali Şuranın prezidenti, Ailə İnkişafı Fondunun Ali sədri Ülyahəzrət Şeyxa Fatimə bint Mübarəkin dəstəyilə Dünya Müsəlman İcmaları Şurası (TWMCC) və BƏƏ-nin Qadınlar Birliyi (GWU) tərəfindən təşkil edilən və Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) qadınların səsvermə hüququ əldə etməsinin 100 illiyinə həsr olunmuş Qadınların Qlobal Sammiti bu gün Əbu-Dabidə öz işinə başlayıb. 

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, Şeyxa Ülyahəzrət Şeyxa Fatimə bint Mübarəkin müraciəti tədbir iştirakçılarına çatdırılıb. “Qadınların Qlobal Sammiti bəşəriyyətin yolunu işıqlandırmaq üçün şam yandırmağa ehtiyac duyduğu tarixi bir dönəmə təsadüf edir və bu məqamda qadınların rolu çox vacibdir. Zirvə bütün iştirakçılar üçün öz təcrübələrini bölüşmək, beləliklə bəşəriyyətin gələcəyinin indikindən daha yaxşı olması şərait yaradır”, - deyə müraciətdə qeyd olunur. Bildirilib ki, BƏƏ yarandığı gündən qadınların cəmiyyətdəki roluna böyük inam var və dövlət ölkədə işçi qüvvəsinin yarıdan çoxunu təmsil edənə qədər qadınları müxtəlif sahələrdə və sektorlarda maarifləndirmək üçün çalışır.

Tədbirin açılışında, həmçinin Qadınlarım Global Sammitinin Ali Komitəsinin sədri, Əlahəzrət Dr. Əli Rəşid Əl Nuaimi, Hindistanın Prezidenti Droupadi Murmu və Serbiyanın Mədəniyyət və informasiya naziri, Gender Bərabərliyi üzrə Əlaqələndirmə Orqanının Prezidenti Maya Qoykoviç də çıxış edərək qadın düşüncələrinin və yaradıcı ideyalarının bəşəriyyətin inkişafında mühüm rolunu vurğulayıblar.

 

“Ədəbiyyat və incəsənət”

(21.02.2023)

Çərşənbə axşamı, 21 Fevral 2023 15:54

Bu gün Beynəlxalq Ana Dili Günüdür

 

Bu gün Beynəlxalq Ana Dili Günüdür və bu gün ən müxtəlif səviyyələrdə qeyd olunmaqdadır. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında da həmçinin. 

 

Kitabxana Beynəlxalq Ana Dili Günü münasibətilə videomaterial, virtual və ənənəvi kitab sərgisi hazırlanıb. 

Kitabxananın yaydığı məlumata görə, bu günün tarixindən, məqsəd və əhəmiyyətindən bəhs edən videoçarxda hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalı fikri rəhbər tutulub. Videoçarxda bu günün ölkəmizdə keçdiyi inkişaf mərhələsindən ətraflı bəhs edilib, bu sahədə Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin müdrik siyasətinə dair fikirlər, imzalanan qanun və sərəncamlar da öz əksini tapıb. 

Kitabxana əməkdaşları tərəfindən hazırlanan virtual kitab sərgisində Şah İsmayıl Xətai, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Həsən bəy Zərdabi, Firidun bəy Köçərli kimi görkəmli ədəbiyyat nümayəndələrinin dil və dilçilik haqqında söylədikləri müdrik ifadələr yer alıb. Burada Beynəlxalq Ana Dili Günü haqqında “Heydər Əliyevin dil siyasəti”, “Qədim Türk yazılı abidələrinin dili”, “Xarici dildə ünsiyyət”, “Dillərin inkişafında dil əlaqələrinin rolu” kimi 15-dən çox kitabın biblioqrafik təsviri təqdim edilib.

 

“Ədəbiyyat və incəsənət”

(21.02.2023)

Çərşənbə axşamı, 21 Fevral 2023 08:54

Bu gün Su çərşənbəsidir

Beləcə, gəlib ömrün növbəti baharını haqladıq. Bu gün Novruzun ilk çərşənbəsi - su çərşənbəsidir. Xalq arasında bu çərşənbəyə əzəl çərşənbə də deyirlər. Əsrlərin sınağından çıxan mənəvi dəyərləri, adət-ənənələri özündə yaşadan, bayramlarımızın şahı sayılan Novruzun nəfəsi duyulur. 

 

Novruz təbiətin canlanması, torpağın oyanması, ruhun təzələnməsi bayramıdır. Novruz təzə ili, baharın ilk gününü qarşılamaq, gecə-gündüz bərabərliyi deməkdir. Xalqımız yeni gün olan Novruz ərəfəsində çərşənbələrə daha böyük önəm verir. Deyilənə görə, Tanrı ilk insanı - Adəmi yaradarkən torpağa su qatıb, palçıqdan insan düzəldib, sonra ona isti nəfəs verib, baharda çiçəkləri, otları, ağacları oyadan yellərə əmr edib ki, onu canlandırsın. İnsan da bu dörd ünsürdən yarandığı üçün onları müqəddəsləşdirib, hərəsinə bir gün ayırıb. Beləcə, yazın, Novruzun müjdəçiləri olan su, od, yel, torpaq çərşənbələri yaranıb.

Su çərşənbəsi ilə bayrama hazırlıqlar başlayır. Deyirlər ki, Tanrı ilk olaraq suyu yaradıb. Buna görə su ilk çərşənbə kimi qeyd edilir. Su çərşənbəsində suyun müqəddəs mahiyyəti bir daha ifadə olunur. Bütün mifik mətnlərdə su həyat verən, dirildən, xoşbəxtlik gətirən müqəddəs bir inam obyekti kimi çıxış edir. Su çərşənbəsi boz ayın dörd müqəddəs çərşənbəsinin ilkidir. Xalq arasında o, “əvvəl çərşənbə”, “gözəl çərşənbə”, “sular Novruzu”, “gül çərşənbə” kimi də tanınır. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Qorxulu yuxuların suya danışılması ilə insanı izləyən qəzaların dəf olunması inamı türk mifoloji mətnlərinin əsasını təşkil edir.

Su üstündən atlanmaq, arzularını, diləklərini suya danışmaq, sübh tezdən evə bulaq suyu gətirmək və s. bu ayinlərdəndir. İnanclara görə, sübh tezdən bulaqdan götürülən su min bir dərdin dərmanıdır. Su çərşənbəsi ilə bağlı su falları da mövcuddur. Deyirlər, su həyat mənbəyi, aydınlıq rəmzidir. Su çərşənbəsində hamının həyətində tonqal qalanır və bayram ovqatının yaxınlaşdığı nəzərə çatdırılır. Həmin gün insanların bir-birinin üzərinə su atması da uğura işarədir.

Əzəl Çərşənbəniz mübarək! Ömrünüz su qədər uzun və pak olsun!

Qeyd edək ki, fevralın 28-də Od, martın 7-də Yel, martın 14-də isə axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq. Novruz bayramı axşamı isə martın 20-nə təsadüf edəcək.

Xatırladaq ki, bu il üçün yaz fəslinin Azərbaycana gəlişi martın 21-i Bakı vaxtı ilə saat 01:24:24-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 33 dəqiqə 23 saniyə olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(21.02.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.