Fuad Qasımzadə, Eldar Salayev, Bəkir Nəbiyev, Polad Bülbüloğlu, Elşad Quliyev, Hacı Sabir Həsənli və digərləri Featured

“Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının 30 illiyi münasibəti ilə: 1-ci məqalə

 

 

“Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası – kulturologiya elminin nailiyyətlərindən yaradıcı istifadə, təhsil və maarifləndirmənin inkişafı ilə Azərbaycanda demokratik cəmiyyət və hüquqi dövlətin formalaşmasında dövlətə vətəndaş dəstəyi məqsədilə 1990-cı ilin aprelində Azərbaycan elmi və mədəniyyətinin görkəmli nümayəndələri tərəfindən təsis edilən ilk çoxsahəli, yeni tipli qeyri-hökumət mədəniyyət təşkilatıdır.

“Simurq” AMA-nın nizamnaməsi Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, respublika Dövlət planı ilə razılaşdırılıb və Azərbaycan Nazirlər Şurasının 17 avqust 1990-cı il tarixli, 374 No-li qərarı ilə qeydiyyata alınmışdır. Təsis qurultayının protokolu akademik Asəf Nadirov tərəfindən imzalanıb.

Azərbaycan Mədəniyyət Assosiasiyasının yaradılmasına dair innovativ kulturoloji layihəyə onlarla nüfuzlu şəxs, elm, pedaqoji, bədii ziyalıların görkəmli nümayəndələri, elm müəssisələrinin, ali məktəblərin, dövlət strukturlarının, fondların və Azərbaycanın ictimai təşkilatlarının işçiləri tərəfindən baxılıb və təsdiq edilib. Bu təşkilatlar sırasında: Azərbaycan Elmlər Akademiyası, M. Əzizbəyov adına Azərbaycan neft və kimya İnstitutu, Azərbaycan alimlər Şurası, Mədəniyyət Nazirliyi, Bədən tərbiyəsi və idman üzrə Dövlət Komitəsi, Azərbaycan Mətbuat Komitəsi, Respublika “Bilik” Cəmiyyəti, Azərbaycan Mədəniyyət Fondu, Azərbaycan Sülh Fondu, “Dostluq” cəmiyyəti, “Vətən” Cəmiyyəti və digərləri olmuşdur.

Azərbaycan “Simurq” Mədəniyyət Assosiasiyasının yaradılmasını Azərbaycan Elmlər Akademiyasının prezidenti E.Y. Salayev, akademik A.M. Aslanov, əməkdar mədəniyyət işçisi A.M. Rəcəbli, respublikanın Xarici İşlər Naziri H. M. Sadıqov, Azərbaycan neft və kimya institutunun rektoru, akademik T.M. Əliyev, respublika Mədəniyyət Fondunun sədri, akademik B.A. Nəbiyev, AM Memarlıq və İncəsənət İnstitutunun direktoru akademik M.A. Hüseynov, Azərbaycan Dövlət Konservatoriyasının rektoru, professor Elmir Abbasov, Azərbaycanın Mədəniyyət Naziri Polad Bülbüloğlu, Respublika “Bilik” Cəmiyyətinin sədri Elşad Quliyev, Elmlər Akademiyasının “Bilik” Cəmiyyətinin sədri, akademik M.İ. Əliyev, İncəsənət muzeyinin direktoru, Azərbaycanın xalq rəssamı K.M. Kazımzadə, Azərbaycan İncəsənət İnstitutunun prorektoru dosent A.M. Əzizov, Şeyxülislamın müavini H.S. Həsənli və başqaları dəstəkləmişlər.

Assosiasiyanın yaradıcı fəaliyyətinin əsasında onun vitse-prezidentləri, tanınmış Azərbaycanlı alimlər – akademiklər Asəf Nadirov, Maqsud Əliyev, Fuad Qasımzadə, xalq rəssamları Kazım Kazımzadə, Arif Əziz və başqaları dayanırdılar.

Assosiasiyanın missiyası – respublikada və bütün dünyada hər bir ölkənin milli sərvəti olan və insan kapitalının nüvəsini, davamlı, rəqabətqabiliyyətli və təhlükəsiz inkişafın əsas məqsədini və strateji bərpaolunan resursunu təşkil edən yüksək mədəniyyətli, layiqli insanların “istehsalına” dəstək verməkdir.

 

“Ədəbiyyat və incəsənət”

(22.02.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.