Səhnəmizin Ramiz Novruzunu itirdik Featured

Dövlət Akademik Milli Dram Teatrı xalq artisti Ramiz Novruzun vəfatı ilə əlaqədar başsağlığı verib. Başsağlığında deyilir:

“Azərbaycanın teatr və kino aktyoru, Azərbaycanın Respublikasının Xalq Artisti, Prezident təqaüdçüsü, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası Ramiz Novruz vəfat edib.

Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətovun və kollektivimiz adından Ramiz Novruza Allahdan rəhmət diləyir, ailə üzvləri və yaxınlarına səbr arzulayırıq.

Ruhu şad olsun!"

 

“Ədəbiyyat və incəsənət”in əməkdaşı Elman Eldaroğlunun aktyorun ölümü ilə bağlı yazısını təqdim edirik:

 

XX əsr Azərbaycanın intibah dövrü kimi yadda qalıb və ölkəmizin tarixində elmin, incəsənətin, mədəniyyətin və eləcə də təhsilin inkişafında silinməz izlər buraxıb. Bir sıra nailiyyətlərimiz kimi, kinomuz da həmin dövrdə yaranaraq inkişaf edib. Elə filmlər ərsəyə gətirilib ki, Sovetlər birliyində yaşamasaydıq bəlkə də aralarında “Oskar” mükafatına layiq görülənləri də olardı. Bizim Adil İsgəndərov, Ələsgər Ələkbərov, Lütfəli Abdullayev, Əliağa Ağayev, Ağasadıq Gəraybəyli, Nəsibə Zeynalova, Həsən Məmmədov, Şahmar Ələkbərov, Səməndər Rzayev, Həsənağa Turabov, Hamlet Xanızadə, Fuad Poladov kimi kinoda möcüzə yaradan aktyorlarımız olub. Onların yaratdıqları obrazlar heç də dünyada tanınan aktyorların yaratdıqlarından geri qalmır... 

Bu gün sizə kinomuzun tarixinə adı qızıl hərflərlə yazılan, geniş tamaşaçı kütləsinin rəğbətini qazanan bir aktyordan danışmaq istəyirəm, xalq artisti Ramiz Novruzdan. O, 1955-ci ildə Biləsuvar rayonuunun Səmədabad qəsəbəsində dünyaya gəlmişdi. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində ali təhsil almışdı. Azərbaycanın Xalq artisti idi. 2018-ci ildən Prezidentin fərdi təqaüdünü alırdı...

“Sizi dünyalar qədər sevirdim” bədii filmində yaratdığı general Həzi Aslanov obrazı Azərbaycan durduqca onu yaşadacaq. Axı biz general Həzi Aslanovu məhz onun ifasında yaxından tanıdıq, onun simasında sevdik. Bəli, bu gün Ramiz Novruzun adı çəkiləndə Azərbaycanın qəhrəman oğlu Həzi Aslanov, Həzi Aslanovun adı səslənəndə isə Ramiz Novruzun siması ilk yada düşür...

Baharda dünyaya gəlmişdi, qışda vəfat etdi. Ölənlə ölmək olmur ki...

Yeri behişt olsun!

 

“Ədəbiyyat və incəsənət”

(21.02.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.