Super User
“Çöldə Yaşam Öyüdləri”nin növbəti qonağı şair Əkbər Qoşalı olub
Qafqaz TV, El TV və Kanal S televiziyalarında yayımlanan "Çöldə Yaşam Öyüdləri" verilişinin yeni bölümü çəkilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, əsrarəngiz Quba təbiətində çəkilən proqramın qonağı tanınmış türkoloq, şair və publisist Əkbər Qoşalı olub. Layihənin rəhbəri Eltən Törəçi qonaqla ağappaq qarın üstündə, ocaq başında gözəl bir söhbət aparıb.
İzləməyə dəyər.
“Ədəbiyyat və incəsənət”
(20.02.2023)
Poylu qəsəbəsində Nəriman Həsənzadə sevgisi
Xəbər verdiyimiz kimi, şənbə günü Azərbaycan poeziyasının, ümumən ədəbi-ictimai fikrinin görkəmli nümayəndələrindən olan Xalq şairi Nəriman Həsənzadənin anadan olmasının 92-ci ildönümü tamam olub.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu münasibətlə Nəriman Həsənzadənin doğulub böyüdüyü Qazax - Akstafa bölgəsinin Poylu qəsəbəsinin şagirdləri özünəməxsus bir fləşmob təşkil ediblər. Onlar əllərində şairin “Poylu beşiyim mənim” şeirlər kitabını, habelə Salatın Əhmədovanın Nəriman Həsınzadəyə həsr etdiyi “Poylu beşiyindən məktub” adlı kitabı nümayiş etdiriblər.
“Ədəbiyyat və incəsənət”
(20.02.2023)
Açıq portfel: Ötən ay ixrac edilən xam neft və neft məhsullarının dəyəri 1,3 milyard dollar olub
Yanvar ayında Azərbaycandan 2 milyon 246,1 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib. İxrac edilən neft və neft məhsullarının dəyəri isə 1 milyard 397,7 milyon ABŞ dolları olub.
Bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Xatırladaq ki, 2022-ci ilin eyni ayında ölkədən 3 milyon 505,5 min ton xam neft və neft məhsulları ixrac olunub, ixracın dəyəri 2 milyard 31,4 milyon dollar təşkil edib.
“Ədəbiyyat və incəsənət”
(20.02.2023)
Dəri ayaqqabının ucuyla işıldaböcək öldürməyə dəyərmi?
“Ədəbiyyat və incəsənət” portalı gənc imza Şəfa Vəlinin “Biz kimik?” essesini oxucularına təqdim edir.
İlk düşünən kim olub və nə haqqında düşünüb? Əbədi suallardan daha biri... Və bizi - insanları çeşidləyən də məhz belə əbədi suallardır. Cavabını bilmirəm, amma əminəm ki, ilk düşüncənin içində də "mən kiməm?" sualı cilvələnirdi.
Xətrinizə dəyməsin "çeşidlənən insanlar" deməyim. Düşününcə bu da olur. Düşünməyin də əleyhinə deyiləm; gəldiyim qənaətlər düşüncəmin məhsuludur. İnsanlar çeşidləndikcə, düşüncələr də "dövr" adlı dolabın güzgülü dolablarında "səliqəylə" düzülür. Pərakəndə düşüncələri yalnız dövrün qapısının eşiyində görə bilərsiniz. "Biz kimik?" sualı o pərakəndə düşüncələrin xammalıdır...
Mağaradakı ulu babam özü haqqında nə fikirləşirdi, kolxozun tütün sahəsində toxa döyən nənəm əl-üzünü yuduğu çaydakı əksində kimi görürdü, bilmirəm. Amma mən hər yeni gündə yeni bir "mən"lə tanış oluram.
Bir gün meşədəki itburnu çiçəyinin ətrinə valeh olan, sabahısı gül dükanından üstünə ətir səpilmiş gül almaq üçün növbəyə durandır içimdəki "mən". Mikroavtobusdakı kəndli xalanın üstündən gələn qoxuya ürəyi bulanan, supermarketdə "Təbii qatıq" yazılı plastik qutunu işığa tutub "içindəkilər" bölməsini diqqətlə oxuyan "mən"dən çəkdiyim də az deyil...
Dəri ayaqqabımın ucuyla işıldaböcək öldürən, sosial şəbəkədə "təbiəti qoruyaq" haştağı paylaşan dövrün insanıyam mən. Özümü tanımaqçün, sadəcə, özümlə keçirəcəyim zamana ehtiyacım var, bilirəm. Amma son model telefonuma gələn mesajın səsi ən içəri otaqdan da eşidilir.
Bilsə də, "bilirəm" deməyə ar edən insanları oxuyuruq kitablarda; "çox oxuyaq, çox bilək" şüarıyla "bilmirəm" deməyə ar edirik. Bilmədiyimizdən ağızdolusu, şövqlə danışmağımız bundandır. Düşüncələrimizi də belə cilalayırıq... Amma bu cila almaz cilası deyil, uzağı, su sızdıran bir divarın müvəqqəti cilalanmasıdır. Axar suyun qabağında dağ dayanmaz... Demişkən, Norveçdə dağların altından su sızır, yaxın 15 ildə 80 metrlik sunami yaranacağı ehtimalı var.
Əşşi, bizə nə ey, Norveçdən? Qlobal istiləşmə bizə qalıb?! Son statusumu bəyənməyən dayım qızı özünə təzə don alıb. Görəsən, qiyməti neçəyədir? O günü də qonşumuz qəşəng iki torba dolusu bazarlıqla gəldi evinə. Yəqin, anasının təqaüd kartını alıb əlindən...
İndi özünüz deyin, bu qədər düşüncənin içində, "mən kiməm?" sualına cavab axtarmağa vaxt qalır? Yox! Stefan Zweig "Dünyaya açılan qapı: kitab" əsərində texnologiyanın heç vaxt kitaba qalib gəlmədiyini yazıb. Mən onun bu əsərini "səsli kitab" kimi internetdən dinləmişəm...
“Təzadların uşaqlarıyıq biz..." Təsəllimizə bax...
“İnsanıq biz..." Bəhanəmizə bax...
"Səhv etmək hamının haqqıdır..." - deyirdi bir Hollivud filminin qəhrəmanı... Bəraətimizə bax...
"Oxumaqdan başları xarab olanların" şəkilləndirdiyi dünyada, elə onların yarımçıq ömürlərindən qalan heykəllərinin önündə özçəkim edirik. Öz çəkdiyimizi də nadirən bəyənirik. Özgüvənimiz hamam otağında pop musiqisi oxumaq qədərdir çox vaxt.
“Mən kiməm?" sualını özümüzə verdikdə cavabsız qalmırıq, yox... Amma verdiyimiz cavabların heç birindən əmin deyilik... Hətta, adımızı söylədiyimizdə belə bir anlıq tərəddüdümüzün səbəbi var: biz özümüzü tanımırıq.
Başqasıyla getdiyimiz bahalı restoranda bir həftəlik qazancımızı bir başqasının cibinə ötürürük yarım saatda... Qonşumuzun xoşuna gəlsin deyə onun sevdiyi rəngdə gödəkçə alırıq. Çəkmələrimiz addımlarımızın rahatlığına yox, hər 50 ildən bir eyni şeyi "yeni dəb" kimi sırıyanların bank hesablarına "xidmət edir". Xidmət demişkən, evimizə, maşınımıza, evdəki əşyalarımıza həsr edirik ömrümüzü; halbuki bütün bunlar insanlara xidmət etməsi üçün yaradılıb.
Bir öynəlik yeməyin pulunu bir həftəyə qazanan adamı yaxşı tanısaq, bir daha addımımızı o bahalı restorana atmarıq... Gördünüz? Tanımırıq özümüzü... Heç tanımırıq...
“Mən kiməm?" sualındakı "mən"i tanısaq, onunla dost olsaq, onun qayğısına qalsaq, sonrakı etapda "biz" anlamını qavraya bilərik. "Biz" uğrunda edilən hər fədakarlıq sonunda sağlam cəmiyyətə, keyfiyyətli həyata aparıb çıxarır...
Həm növlərimizin (ki, təbiətdə biz də canlı növüyük) əlini "biz"dən çoxdan çəkdiyi, "mən"i yanlış anladığı bir dövrdə "biz kimik?" sualına cavab axtarmaq cəsarətdirmi? Cəsarətliləri qorxaqların fəndi yenir həmişə... Aydınlıqdırmı? Pərdələri aynaları qapatmaq üçün icad ediblər zülməti sevənlər... Və də yaman bahadır pərdələr... Bahalı və məcburidir, üstəlik...
Demişkən, iş otağımdakı pərdəni yeniləsəm, barı... Yeni pərdədən əvvəl, pəncərəyə təzə çərçivə saldırım, bəlkə? O taxta qapı son model pəncərə çərçivəsinə uyuşacaqmı?
...Bu da mənə "Didro effekti"...
...İndi özünüz deyin, bu qədər düşündüm, bu qədər anlatmağa cəhd etdim, kim olduğumu anladınızmı?
Bilirəm cavabınızı. Böyük hərflərlə özü də: "YOX!"
Nolar, bizdən də keçər, qoy bir az da bizdən sonrakılar düşünsün: "Biz kimik?"
“Ədəbiyyat və incəsənət”
(20.02.2023)
Açıq portfel: Strateji valyuta ehtiyatları manatla pul kütləsini 3,4 dəfə üstələyib
2022-ci il dekabrın 31-nə ölkənin strateji valyuta ehtiyatları 35 aylıq mal və xidmət idxalına kifayət edib (2022-ci ilin 9 ayı üzrə mal və xidmət idxalı götürülməklə).
Mərkəzi Bankın məlumatına görə, strateji ehtiyatlar ÜDM-in 74 faizinə bərabər olmaqla manatla pul kütləsini (M2) 3,4 dəfə üstələyib (2023-cü il yanvarın 1-nə olan M2 pul aqreqatı götürülməklə).
“Ədəbiyyat və incəsənət”
(20.02.2023)
Film Festivalı üçün sənədli film qəbulu elan olunub
Ölkəmizdə hər hansı film festivalının keçirilməsi əlbəttə ki, çox şərəflidir. Bu il dördüncü dəfə keçiriləcək Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı builki proqramda iştirak üçün dünyanın hər yerindən filmlərin qəbulunu açıq elan edib.
Festivala sənədli filmlər “FilmFreeway” ( https://filmfreeway.com/Sevilfilmfest) platforması vasitəsilə qəbul edilir.
Aşağıdakı tələblərdən ən azı birinə cavab verən filmlər “Sevilfest 2023”də iştirak etmək üçün qəbul edilir:
- Qadın rejissorların müəlliflik etdiyi və ya birgə rejissorluq etdiyi müstəqil filmlər,
- Filmin baş qəhrəmanı qadındır,
- Filmin məzmunu qadınlar və onların həyatına təsir edən məsələlərdən ibarətdir,
- Filmdə qadınların uğur hekayələri, gender bərabərliyi, qadınların cəmiyyətdəki rolu, məişət zorakılığı və gender kontekstində digər münasib mövzular hər hansı şəkildə vurğulanır.
Əlilliyi olan və hər bir yaş kateqoriyasından olan insanlar müsabiqəyə müraciət edə bilərlər.
Göndərilən filmlər seçki komissiyası tərəfindən dəyərləndiriləcək və seçilən filmlər müxtəlif nominasiyalar üzrə müsabiqə proqramında iştirak edəcək.
Bu il festivalda “tamaşaçı mükafatı” da yer alır. Bu mükafat tamaşaçılar tərəfindən səsvermə yolu ilə seçiləcək.
Qeyd edək ki, “Sevilfest”in 2022-ci il proqramı çərçivəsində Almaniyanın “goEast” film festivalı ilə əməkdaşlıq nəticəsində festivalın ötən ilki qalibi “goEast” festivalı nəzdində keçirilən “East-West Talent Lab”da iştirak haqqı qazanıb.
Adını Cəfər Cabbarlının “Sevil” pyesindən götürmüş Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı 2020-ci ilin sentyabrında fəaliyyətə başlayıb. Festival müstəqil yerli sənədli film sahəsinin inkişafına töhfə vermək, sənədli film üzrə yerli və xarici peşəkarlar arasında təcrübə mübadiləsi üçün platforma yaratmaq, yeni yerli sənədli filmlərin, eləcə də beynəlxalq müştərək məhsulların yaradılmasını təşviq etmək, eyni zamanda, sənədli filmlər vasitəsilə gender məsələlərinə diqqət çəkmək məqsədilə yaradılıb.
“Ədəbiyyat və incəsənət”
(20.02.2023)
Əlli beş il bundan əvvəl… - Vaqif Yusifli yazır
Bu yaxınlarda 55 yaşını qeyd edən, Azərbaycan ədəbi gəncliyinin mayakı olan, yüksək ədəbi zövqün formalaşmasına xidmət edən “Ulduz” jurnalı barədə tanınmış tənqidçi Vaqif Yusiflinin “Əlli beş yaşlı “Ulduz”umuz” yazısını diqqətinizə çatdırırıq. “Ulduz”umuz o qədər parlaqdır ki, onun barəsində nə qədər deyilsə, yenə də azdır.
Altmışıncı illərin ortalarıydı. Ədəbiyyatımız yeni bir inkişaf mərhələsinə qədəm qoyurdu. Ədəbi həyat ötən onilliklərdən fərqli olaraq daha gur və canlı, daha demokratik və hamının arzuladığı bir axarda davam edirdi, yeni meyillər, tendensiyalar şeirimizə, nəsrimizə, dramaturgiyamıza öz təsirini göstərir, nəticədə yeni, orijinal bədii əsərlər yaranırdı. Ədəbiyyatda şəxsiyyətin, insan amilinin qüvvətli şəkildə meydana çıxdığı, köhnə, şablon ifadə tərzinin tədricən aradan qalxdığı, janrlarda mühüm dəyişikliklərin diqqəti cəlb etdiyi, yeni ədəbi nəslin isə özünü təsdiqlədiyi bir dövr idi. Təbii ki, bütün bu proseslərin, xüsusilə ədəbi gəncliyin daha intensiv şəkildə özünü ifadəsi üçün yeni bir dərgiyə ehtiyac hiss olunurdu. 1923-cü ildən nəşr olunan "Azərbaycan" jurnalı, 1934-cü ildən çıxan "Ədəbiyyat və incəsənət" qəzeti cavanların yaradıcılığına biganə qalmayıb, yeri gəldikcə öz saylarında gəncliyə də diqqətini artırıb. Amma hər iki dərgidə əsasən yaşlı və tanınmış yazıçıların əsərlərinə daha çox yer verildiyindən ədəbi gənclik bəzən özünə yer tapa bilmirdi. Məhz 1967-ci ilin yanvarından işıq üzü görən "Ulduz"un nəşri bu boşluğu aradan qaldırdı.
İlk nömrənin çapından düz əlli beş il keçib. Əgər "Ulduz"u insan ömrü ilə müqayisə etsək, o artıq orta yaşlı bir insanın ömrünü xatırladar. Ancaq bu müqayisəyə heç bir ehtiyac yoxdur, çünki "Ulduz" jurnalı hələ gəncliyini yaşayır və zənnimcə, illər keçdikcə elə cavan "Ulduz" olaraq qalacaq.
İlk sayı çapdan çıxanda mən heç tələbə də deyildim, orta məktəbdə oxuyurdum, amma ədəbiyyat həvəskarı olduğumdan rayon mərkəzindəki köşkdən böyük həvəslə əlimi "Ulduz"a uzatdım və mən əlli beş ildir ki, əlimi ondan çəkmirəm. Həm bir oxucu, həm də müəllif kimi...
Jurnalın baş redaktoru Qulu Ağsəsin təşəbbüs və başçılığı ilə bu ilin sentyabr-oktyabr birgə sayı "Ulduz"un əlli beş ildə keçdiyi "ömür yolu"nu, daha doğrusu, ədəbi həyat yolunu işıqlandıran yubiley nömrəsi ilə çoxsaylı oxucularının görüşünə gəlib. Çox gözəl, olduqca dəyərli bir təşəbbüsdür.
Bu yubiley nömrəsini səhifə-səhifə gözdən keçirirəm. 1967-ci ildən ta bugünümüzə qədər jurnalda dərc edilən bədii, publisistik, elmi-tənqidi yazıların əksəriyyəti mənə tanışdır, vaxtilə o yazıları böyük maraqla oxumuşam.
Elə ilk saylarından başlayaraq "Ulduz" təkcə gənclərin yazılarını dərc etməyib, eyni zamanda yaşlı yazıçıların da yazılarına müraciət edib. Bu mənada "Ulduz" bütün ədəbi nəsillərin və yaşından asılı olmayaraq bütün oxucuların sevimli dərgisinə çevrilib. Təbii ki, yaşlı sənətkarların yazılarında gənclərin mənəvi inkişafına, xüsusən onların ədəbi tərbiyəsinə kömək edən məsələlər ön plana çıxarılıb. Deyim ki, görkəmli ədibimiz Mir Cəlalın didaktik məzmunlu "Abadlıq" hekayəsi (1967), yazıçı-publisist Nurəddin Babayevin o zaman cavanlar arasında böyük rezonans doğuran "Qızlar, sözüm sizədir" ("Ulduz"-1971) bədii-publisistik oçerklər silsiləsi məhz bu jurnalda cavanların, xüsusən indi çoxdan nənə olmuş, amma o zaman cavan olan qızların sevə-sevə oxuduqları yazılar idi. Biz Nurəddin müəllimin – bu görkəmli publisist yazarın gənclərin tərbiyəsi ilə bağlı digər əsərlərini də unutmamışıq. O əsərlər indi də aktuallığını itirməyib. Anarın "Qarabağ şikəstəsi" yazısı isə o illərdə Qarabağ haqqında yazılan ən gözəl yazılardan biri idi. Bu sıraya jurnalın nəşr olunduğu ayrı-ayrı illərdə İ.Şıxlının, O.Sarıvəllinin, B.Vahabzadənin, Qabilin, Hüseyn Arifin, Əli Kərimin, Məmməd Arazın, Nəriman Həsənzadənin, Xəlil Rzanın, Anarın, Eçinin, Əkrəm Əylislinin, İsa İsmayılzadənin, Ələkbər Salahzadənin, Camal Yusifzadənin, Tofiq Bayramın, Musa Yaqubun, Sabir Rüstəmxanlının, Sabir Azərinin, Vahid Əzizin, Vaqif Nəsibin və digər tanınmış yazarların əsərlərini də əlavə edirik.
Jurnalın bu yubiley nömrəsini vərəqlədikcə ilk növbədə 60-80-ci illərin ədəbi gəncliyi gözlərimiz qarşısında canlanır. O zamankı cavan şair və nasirlərin ilk kitabları təzəcə işıq üzü görürdü, çox keçmədən onların əksəriyyəti etiraf olundu. Yaradıcılığa şeirlə başlayan, sonralar bir nasir kimi şöhrətlənən Seyran Səxavətin, sevgi şeirləri ilə gənc qızların, oğlanların ürəyinə yol tapan Nüsrət Kəsəmənlinin, elə ilk yazılarından özünü istedadlı bir şair kimi tanıdan Eldar Baxışın, ilk hekayələri ilə ədəbi ictimaiyyətin diqqətini cəlb edən Afaq Məsudun, Saday Budaqlının "Ulduz"dakı yazıları müasir Aərbaycan ədəbiyyatında başlanan və davam edən yeniləşmənin təzahürləri idi.
"Ulduz" da dərc edilən şeirləri elə o illərdə də sevə-sevə oxuyurdum. Hiss edirdim ki, "Ulduz"da ilk şeirləri ilə çıxış edən cavanların əksəriyyəti doğru yoldadırlar. Onlar şerimizin yaşarı ənənələrinə sadiqdirlər, xalq poeziyasından bəhrələnirlər, amma kimsəni təkrar etmirlər.
Yanıb-sönən ocaq gördüm,
Boz külü közündən baha.
Yüz bulaqlı bir dağ gördüm,
Dərəsi düzündən baha.
Ömür verin gülcə mənə –
Toxunmayın bircə mənə.
Ürək istər bu çəmənə
Qönçənin gözündən baxa.
Desəm yoxdur dərd duyanım,
Demə dərdin, dərddi yanım,
Mən görürəm bu dünyanın
Astarı üzündən baha.
Taleyimin çağasıyam,
Ürəyimin ağasıyam.
Bu yoxuşu çıxasıyam, –
Tutmayın dizimdən, bax ha…
Bu şeir Adil Cəmilindir və Adil Cəmil 40 il bundan əvvəl "Ulduz"da dərc etdirdiyi bu şeiri ilə ənənəvi heca şeirində seçilə bildi. Tək deyildi Adil Cəmil, 60-80 və sonrakı onilliklərdə də bizim ənənəvi şeirin özəlliklərinə sadiq qalan, amma yeni bədii təfəkkürün işığına bürünən gənc şairlər az deyildi. Zəlimxan Yaqubdu, Ağacəfər Həsənliydi, Nisəbəyimdi, Əbülfət Mədətoğluydu, Sabir Sarvandı, İbrahim İlyaslıydı, İslam Sadıqdı, Məmməd İlqardı, Arif Fərzəliydi, Barat Vüsaldı, Ramiz Qusarçaylıydı, Sahib İbrahimliydi, Elçin İskəndərzadəydi, Ədalət Əskəroğluydu, Akif Səməddi, Kəramət Şükürlüydü, Sabir Yusifoğluydu, Qəşəm Nəcəfzadəydi, Fərqanəydi, Ramiz Kərəmdi, Qulu Ağsəsdi və s. Adını çəkdiyim bu şairlərin, demək olar ki, hamısının yaradıcılığı barədə məqalələr, resenziyalar yazmışam. Özü də etiraf edim ki, ilk dəfə onların şeirlərini "Ulduz"da oxumuşam. İndi o sıradan altı şair dünyasını dəyişib. Və şəxsən məni Akif Səmədin qəfil ölümü xeyli həyəcanlandırdı. Şeirimizə ürfani bir ruh gətirdi Akif:
Ömrün boyu umdun, küsdün,
Dünya sənin nəyindi ki?
Arxasınca asdın, kəsdin,
Dünya sənin nəyindi ki?
Yan, oduna yanan deyil,
Bir dərdini qanan deyil,
Atan deyil, anan deyil,
Dünya sənin nəyindi ki?
Dağlarda qara bax, oğlan,
Qəlbində yara, bax, oğlan,
Ağlama, qarabığ oğlan,
Dünya sənin nəyindi ki?
"Ulduz" jurnalında müasir Azərbaycan nəsrinin son əlli beş ildəki mənzərəsini də izləmək olar. Yubiley nömrəsində Xalq yazıçısı İsmayıl Şıxlının "Mənim rəqibim", Elçin Hüseynbəylinin "Bred Pitin saqqalı, Ancelina Colinin çənəsi və mənim körpəm", Afaq Məsudun "Qəza" hekayələri təqdim edilir. Bu hekayələr müasir Azərbaycan nəsri üçün səciyyəvi olan üslubi çalarları əks etdirir. Əlbəttə, "Ulduz"un əlli beş illik nəsr sərgisini bu üç hekayə ilə məhdudlaşdırmırıq. Anarın, Elçinin, Sabir Süleymanovun, Əkrəm Əylislinin, İsi Məlikzadənin, Fərman Kərimzadənin, Seyran Səxavətin, Sabir Azərinin, Vaqif Nəsibin, Aqil Abbasın 70-80-ci illərdə qələmə aldıqları və oxucuların böyük maraqla oxuduqları povestlər məhz "Ulduz"da dərc edilib. Yeri gəlmişkən, qeyd edim ki, Azərbaycan povestinin son 55 illik inkişafını izləmək istəyirsinizsə, ilk növbədə "Ulduz" jurnalına müraciət edə bilərsiniz.
Təbii ki, "Ulduz" jurnalı hər bir sayında tənqid və ədəbiyyatşünaslığa, həmçinin publisistik yazılara da yer verir. Yubiley nömrəsində Qulam Məmmədliin "Gənclərin "Molla Nəsrəddin" müəllimi", Qara Qarayevin "Üzeyir Hacıbəyov haqqında söz", Elçinin "Azərbaycan uşaq əəbiyyatı haqqında düşüncələr", Akif Hüseynovun "Tarixi düşüncə vüsəti" yazıları təqdim olunur. Əlbəttə, bu tipli yazıların sayını artırmaq da olar. Amma "Ulduz"da elə maraqlı tənqidi yazılar dərc edilib ki, bu gün onları xatırlamamaq günah olardı. Məsələn, yetmişinci illərin əvvəllərində Anarın İsa İsmayılzadənin, Ələkbər Salahzadənin və Səyavuş Sərxanlının şeirləri barədə bir məqaləsi dərc edilmişdi və Anar yazmışdı ki, Ələkbər Salahzadə şeiri qurur, İsa İsmayılzadə rəsm edir, Səyavuş Sərxanlı isə deklamasiya edir. Bu məqalə onların yaradıcılığını forma-sənətkarlıq baxımından düzgün səciyyələndirirdi.
"Ulduz"da müxtəlif nəsildən olan tənqidçi və ədəbiyyatşünaslar çıxış ediblər. Son iyirmi ilə nəzər saldıqda Əsəd Cahangirin, Elnarə Akimovanın, Cavanşir Yusiflinin, Nərgiz Cabbarlının tənqidi yazılarına daha çox rast gəldik, bu da təbiidir, yeni tənqidçi nəsli də öz sözünü deməlidir.
Yubiley nömrəsinin bir bölümü 1967-2002-ci illərdə "Ulduz"a rəhbərlik etmiş baş redaktorların yaradıcılığına həsr olunub. Onların qısa təqdimindən sonra hər birinin yaradıcılığından bir nümunə verilir. İlk baş redaktor-Yasif Nəsirli "Bir dəstə gül" yazısında unudulmaz Mir Cəlal müəllimi xatırlayır, bu böyük sənətkara ehtiramını bildirir. Yasif müəllimin ilk baş redaktor kimi əməli fəaliyyəti ondan ibarət oldu ki, redaksiyaya əməkdaşlar cəlb elədi. O əməkdaşlardan indi yalnız biri -rəssam Ədalət Həsənov 55 ildir ki, yerindədir və siz "Ulduz"un müxtəlif saylarında onun həm tərtibçi, həm də rəssam kimi göz oxşayan işlərinin şahidisiniz. Yasif Nəsirlidən sonra "Ulduz"a Cabir Novruz baş redaktor təyin edildi və deyim ki, 1968-1972-ci illərdə "Ulduz" ən gözəl illərini yaşadı. Cabir müəllim o illərdə Azərbaycan poeziyasının və nəsrinin üzdə olan sanballı əsərlərinə müraciət etdi və həm də "altmışıncılar" ədəbi nəslinə dəstək oldu. 1972-1973-cü illərdə tənqidçi-əbəbiyyatşünas Akif Hüseynov baş redaktor seçildi. Jurnalda ədəbi tənqid ruhu gücləndi. Əhməd Cəmilin baş redaktorluğu (1973-1976) dövrünü xatırlayaq. "Ulduz" ənənəsi bu illərdə də davam etdi.
Mən Yusif Səmədoğlunun baş redaktor işlədiyi (1976-1987) dövrü "Ulduz"un ədəbi həyatının ən maraqlı illəri hesab edirəm. Yusif Səmədoğlu böyük yazıçı idi, orijinal nəsr ustası idi, "Qətl günü" romanı, "Qalaktika", "Astana", "İncə dərəsində yaz çağı", "Bayatı- Şiraz" kimi şedevr əsərlərin müəllifi… Çox yazmadı, amma yazdığı əsərlər Azərbaycan nəsrinin ən qiymətli nümunələrindən hesab olunur. Amma söhbət onun "Ulduz"dakı baş redaktorluğundan gedir. Deyim ki, "Ulduz" ənənəsi bu illərdə də öz mahiyyətini qoruyub saxladı, amma yetmiş-səksəninci illərin ədəbi gəncliyi məhz bu illərdə jurnalda göründü. Bu işi Abbas Abdulla, Ələkbər Salahzadə və Elçin Hüseynbəyli də davam etdirdi. İndi isə jurnalın baş redaktoru şair Qulu Ağsəsdir. Qulu çalışır ki, jurnalda öz dəst-xətti olsun. "Dərgidə kitab" yaxşı təşəbbüsdür. Və hər şeydən əvvəl ədəbi gəncliyin istedadlı nümayəndələrinin yaradıcılığını önə çıxarır, onlara gen-bol yer verir. Onun üçün fərqi yox, istər modernist şair olsun, istər postmodernist, istərsə də ənənəvi şeir yazsın, bu, ədəbiyyat dərgisidir. Zövqlər ayrı olsa da… Bəli, redaktorlar bir-birini əvəz edir, amma "Ulduz"un hər bir sayı yeni, daha maraqlı əsərlərlə diqqəti cəlb edir.
Əlbəttə, insafsızlıq olar ki, vaxtilə "Ulduz"da çalışan əməkdaşları yada salmayım. İsi Məlikzadəni, Sabir Azərini, Mövlud Süleymanlını, Vidadini, Taleh Həmidi, Vaqif Cəbrayılzadəni, Səyavuş Sərxanlını, Əhəd Muxtarı, Seyran Səxavəti unutmaqmı olar? Mən "Ulduz" da illər boyu çalışan Fərqanə Mehdiyevanı necə unuda bilərəm.
MƏN VƏ "ULDUZ"
Mənim "Ulduz" jurnalında ilk yazılarım səksəninci illərin əvvəllərində dərc edilib. 40 il ərzində 100-ə yaxın müxtəlif məzmunlu ədəbi-tənqidi məqalələrim, resenziyalarım, portret yazılarım bu jurnalda işıq üzü görüb. İndi o yazıları fərəh hissilə xatırlayıram və deyim ki, mənim bir tənqidçi kimi formalaşmağım "Azərbaycan" jurnalı, "Ədəbiyyat qəzeti" ilə yanaşı, "Ulduz"la da bağlıdır. O yüzə yaxın yazıların sırasında mən Əli Kərim, Ələkbər Salahzadə, İsa İsmayılzadə və Camal Yusifzadə ilə bağlı bir məqaləni, Nüsrət Kəsəmənli, Sabir Rüstəmxanlı və Çingiz Əlioğlu yaradıcılığını birləşdirən və fərqləndirən yazını, "Şeirimizin Ramiz Rövşən günü" oçenrk-məqaləmi, həmçinin 90-cı illərin əvvəllərindən başladığım "Yollar hayana aparır" silsiləli yazıları, "Qanadlandıq uçmağa" seriyasından neçə məqaləmi yada salıram və sevinirəm ki, bu yazıların əksəriyyətində mən bir-birini əvəz edən gəncliyin yaradıcılığını təhlil etmişəm. Beləliklə, özümü "Ulduz"un sadiq oxucusu və müəllifi sayıram.
"Ulduz"a bundan sonrakı illərdə də öz parlaqlığını itirməməyi arzu edirəm.
P.S. Ədəbiyyatşünas Abid Tahirliyə də təşəkkür edirəm – yubiley nömrəsinin tərtibçisi kimi.
“Ədəbiyyat və incəsənət”
(20.02.2023)
Heydər Əliyev ilinə Özbəkistandan töhfə
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi 2023-cü il üzrə Özbəkistan mətbuatı, ictimaiyyəti arasında ölkələrimiz və xalqlarımız arasında tarixi dostluq və əməkdaşlığa dair müsabiqə elan edib.
2023-cü ilin Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Özbəkistanda silsilə tədbirlərin və layihələrin həyata keçirilməsi plandaşdırılır. Bununla əlaqədar, Mərkəz müsabiqəyə “Heydər Əliyev və Türk dünyası”, “Heydər Əliyev və Özbəkistan” adlı nominasiyaları daxil edib.
Bu barədə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.
Bildirilib ki, TÜRKSOY tərəfindən 2023-cü ilin Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar eyniadlı nominasiya müsabiqədə yer alıb və bu nominasiya üzrə Azərbaycanın qədim şəhəri, Qarabağın mərkəzi, mədəniyyət paytaxtımız Şuşa şəhəri, onun tarixi, mədəniyyəti, turizm ehtiyatları, tanınmış şuşalılar, milli-mədəni irsimizin dağıdılması, Şuşanın məşhur abidələri, şəhərin Azərbaycan mədəniyyətinə verdiyi töhfələr və s. barədə məqalələr təqdim oluna bilər.
Mərkəzdən bildirilib ki, Azərbaycan ordusunun rəşadəti, Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Şuşanın azad olunması, işğaldan qurtarılmış Azərbaycan ərazilərində bərpa və quruculuq işləri, dinc əhalinin öz yurd yerlərinə qayıdışına dair məqalələrə, televiziya verilişlərinə nominasiyada üstünlük veriləcəkdir.
Həmçinin Özbəkistan Respublikasında 2023-cü il Prezident Şavkat Mirziyoyev tərəfindən “İnsanlara diqqət və keyfiyyətli təhsil ili” elan olunduğundan bu mövzuda müsabiqəyə nominasiya əlavə edilib.
Nominasiyalar arasında Azərbaycan-Özbəkistan dostluğu, əməkdaşlığı, tarixi əlaqələri, dövlətlərimizin strateji müttəfiqliyi mövzusu da yer alıb.
Müsabiqədə sadalanan mövzular üzrə “məqalələr”, “televiziya verilişləri”, “sənədli filmlər”, “tərcümə əsərlər”i, habelə “Azərbaycan və Özbəkistan haqqında ən çox materiallar dərc edən mətbu orqanlar (qəzet, jurnal, sayt, televiziya kanalı)”, dostluq və əməkdaşlığımızı fəal təbliğ edən dövlət və ictimaiyyət nümayəndələri Azərbaycan Mədəniyyət Mərkəzinin fəxri diplom və pul mükafatlarına layiq görüləcəklər.
Qeyd edək ki, müsabiqədə qalib gələn Özbək jurnalistlər ənənəvi olaraq hər ilin yay aylarında Azərbaycana təşkil olunan mediaturda iştirak etmək imkanı əldə edəcəklər.
Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən bu mediatur zamanı Özbəkistanın aparıcı media nümayəndələri ölkəmizin paytaxtı Bakı və respublikamızın tarixi məkanları, işğaldan azad edilmiş bölgələrdə olaraq, mədəniyyət, turizm məkanlarını ziyarət edir, orada çəkilişlər aparır, xüsusi məqalələr hazırlayırlar.
Müsabiqəyə göndərilən materiallara hər iki ölkənin ictimaiyyət, mədəniyyət, mətbuat sahəsində tanınmış şəxslərin iştirak etdiyi xüsusi Təşkilat Komitəsi tərəfindən baxılır və qiymətləndirilir. Materialların qiymətləndirilməsi müstəqil ekspertlər – müvafiq sahədə zəngin bilik və təcrübəyə, ictimai nüfuza malik, müsabiqənin nəticəsində marağı olmayan peşəkar şəxslər tərəfindən həyata keçiriləcək.
Müsabiqə üçün nəzərdə tutulan materialların surəti və elektron variantı Azərbaycan Mədəniyyət Mərkəzinin Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçtuna göndərilməsi tələb olunur. Hər jurnalist müsabiqəyə yalnız bir məqalə təqdim edə bilər. Materialların təqdim olunma müddəti elan dərc olunduğu tarixdən başlayır. Son təqdim olunma tarixi 2023-cü il noyabrın 30-na müəyyən edilib.
“Ədəbiyyat və incəsənət”
(20.02.2023)
“12-ci aldadılmış şəxs”
“Ədəbiyyat və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir. Növbəti təqdim edilən Rafael Dadaşovdur.
RAFAEL DADAŞOV
(1946-2020)
***
1990-cı ilin əvvəlləri idi. Atam, xalq artisti Məlik Dadaşov incəsənət institutunda aktyor sənətindən dərs deyirdi. Bir gün elə oldu ki, institutda onunla görüşməliydim. Pillələri qalxırdım, üz-üzə bir tələbə oğlan əlində eyni kitabçadan haradasa bir 20 dənə tutub, aşağı enə-enə:
– Sensasiya, dəhşət, 11 nəfər aldadılıb, – deyirdi.
Maraq mənə güc gəldi.
– O kitabdan birini də mənə ver, – dedim, – neçəyədir?
– İki manata.
Pulunu verib kitabı aldım və Məlik Dadaşovun dərs dediyi otağa qalxdım. Dərsə mane olmamaq üçün bir kənara çəkilib oturdum, kitabı vərəqləməyə başladım. Maraqsız bir kitab idi və ümumiyyətlə aldadılmaq barədə heç nə yazılmamışdı. Elə bu vaxt qapı açıldı və bir qədər əvvəl mənə kitab satan tələbə, üzr istəyib içəri keçdi, tələbələrlə bir yerdə diplom tamaşasının məşqinə başladı. Dərsdən sonra Məlik Dadaşovla söhbət edərkən, oğlan əlində 2 manat bizə yaxınlaşdı.
– Rafael müəllim, əslində siz, aldadılmış 12-ci adam oldunuz, amma sizi bu siyahıdan çıxardıram.
Xeyli güldüm. Pulu almadım və:
– Aldada bildin, ona görə də məni o siyahıdan çıxartma, – dedim.
“Ədəbiyyat və incəsənət”
(20.02.2023)
Gülhüseyn Kazımlının yaradıcılıq gecəsi keçirilib
Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda şair, tədqiqatçı Gülhüseyn Kazımlının yaradıcılıq gecəsi keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, gecəni giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini, Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid açaraq ədibin həm muğam irsimizinin tədqiqatçısı, həm də şair kimi yaradıcılıq xüsusiyyətlərimdən bəhs edərək sözü tədbirin aparıcısı, tənqidçi, “Azərbaycan” jurnalının baş redaktorunun müavini Əsəd Cahangirə verib.
Gecədə xalq artistləri Sərdar Fərəcov, Ənvər Sadıqov, Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov, sənətşünaslıq doktoru Abbasqulu Nəcəfzadə, məşhur xanəndə Zahid Quliyev, tədqiqatçı-naşir Turan İbrahimov, şairlər İlqar Türkoğlu, İslam Sadıq, Maşallah Məftun, Zaur Ustac, Elmira Aslanxanlı, Gülnarə Cəmaləddin, nasir Hümbət Quliyev, “Kredo” qəzetinin baş redaktoru Əlirza Xələfli, gözəl mahnılar müəllifi Kəmalə Abıyeva və başqaları çıxış ediblər. Ədib
“Turan Birliyi” medalı və “İsa Muğanna” diplomu ilə də təltif edilib.
“Ədəbiyyat və incəsənət”
(20.02.2023)