Ölkəmizdə hər hansı film festivalının keçirilməsi əlbəttə ki, çox şərəflidir. Bu il dördüncü dəfə keçiriləcək Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı builki proqramda iştirak üçün dünyanın hər yerindən filmlərin qəbulunu açıq elan edib.
Festivala sənədli filmlər “FilmFreeway” ( https://filmfreeway.com/Sevilfilmfest) platforması vasitəsilə qəbul edilir.
Aşağıdakı tələblərdən ən azı birinə cavab verən filmlər “Sevilfest 2023”də iştirak etmək üçün qəbul edilir:
- Qadın rejissorların müəlliflik etdiyi və ya birgə rejissorluq etdiyi müstəqil filmlər,
- Filmin baş qəhrəmanı qadındır,
- Filmin məzmunu qadınlar və onların həyatına təsir edən məsələlərdən ibarətdir,
- Filmdə qadınların uğur hekayələri, gender bərabərliyi, qadınların cəmiyyətdəki rolu, məişət zorakılığı və gender kontekstində digər münasib mövzular hər hansı şəkildə vurğulanır.
Əlilliyi olan və hər bir yaş kateqoriyasından olan insanlar müsabiqəyə müraciət edə bilərlər.
Göndərilən filmlər seçki komissiyası tərəfindən dəyərləndiriləcək və seçilən filmlər müxtəlif nominasiyalar üzrə müsabiqə proqramında iştirak edəcək.
Bu il festivalda “tamaşaçı mükafatı” da yer alır. Bu mükafat tamaşaçılar tərəfindən səsvermə yolu ilə seçiləcək.
Qeyd edək ki, “Sevilfest”in 2022-ci il proqramı çərçivəsində Almaniyanın “goEast” film festivalı ilə əməkdaşlıq nəticəsində festivalın ötən ilki qalibi “goEast” festivalı nəzdində keçirilən “East-West Talent Lab”da iştirak haqqı qazanıb.
Adını Cəfər Cabbarlının “Sevil” pyesindən götürmüş Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı 2020-ci ilin sentyabrında fəaliyyətə başlayıb. Festival müstəqil yerli sənədli film sahəsinin inkişafına töhfə vermək, sənədli film üzrə yerli və xarici peşəkarlar arasında təcrübə mübadiləsi üçün platforma yaratmaq, yeni yerli sənədli filmlərin, eləcə də beynəlxalq müştərək məhsulların yaradılmasını təşviq etmək, eyni zamanda, sənədli filmlər vasitəsilə gender məsələlərinə diqqət çəkmək məqsədilə yaradılıb.
“Ədəbiyyat və incəsənət”
(20.02.2023)