Super User

Super User

Professor Əlibala Məhərrəmzadə “Ev tapşırığı: Uğur düsturunu tapacağıq”  layihəsini sizlərə təqdim edir

 

 

 

Əslində, uğur formulası ümumi olduğu qədər də spesifikdir, yəni bir xalq üçün lazım olan uğur qazanmaq keyfiyyətləri başqa bir xalq üçün aparıcı olmaya da bilər. Məsələn, Azərbaycanda (ümumən Şərqdə) uğur formulasında mental qayda-qanunlara, davranış tərzinə istinadı, möhkəm ailə faktorunun, nümunəvi tərbiyənin rolunun hegemonluğunu, milli kökə və dini mənsubiyyətə bağlılıq faktorunu spesifikliyə aid edə bilərik.

Mən öz şəxsi təcrübəm, eləcə də illərdir ki, davam edən müşahidələrim nəticəsində uğurun qazanılmasında aşağıdakı parametrləri xüsusi olaraq qabardardım:

 

12) Nikbin olmaq.

Nikbinlik – həyatda ancaq yaxşı cəhətlərə diqqət etmək, uğura, müvəffəqiyyətə, gözəl gələcəyə inanmaq, şən və gümrah olmaq dünyagörüşüdür. Sinonimi optimizm (optimus – latın dilində «ən yaxşı») olan «nikbinlik» həyat baxışı olaraq iddia edir ki, dünya gözəldir, istənilən çətin şəraitdən çıxmaq mümkündür, hər şeyin axırı yaxşı olacaq! Bir özünüz düşünün, uğura doğru yolda nikbin olmaq necə böyük əlavə dividendlər gətirir insana. İndi «nikbinlik» sözünün antonimi olan «bədbinlik» sözünə diqqət edin. İnamsızlığı, hər şeyin pis olmasını ifadə edən, qara rənglərə tapınan bu həyat baxışı insana necə uğur gətirə bilər axı?

Nikbinliklə bədbinliyin qarşıdurmasının ən məşhur misalı yarım stəkan suyun vəziyyətinin şərhidir. Nikbin deyir ki, stəkan yarıyacan doludur. Bədbin deyir ki, stəkan yarıyacan boşdur.

Fəlsəfədə alman filosofu Qotfrid Leybnitsin «Biz ən mümkün dünyaların ən yaxşısında yaşayırıq» sözləri ilə fəlsəfi təlim səviyyəsinədək yüksələn nikbinlik tək uğur qazanmaqçün yox, ümumən insan həyatı üçün faydalıdır. Belə ki, elmi tədqiqatlar sübut ediblər ki, nikbinlik insan sağlamlığına hədsiz fayda verir:

 - köməksizlik və çarəsizlik halının yaranmasını aradan qaldırmaqla immunitetin möhkəmlənməsinə dəlalət edir;

 - Sağlam həyat tərzinə, istənilən narahatlıq duyan kimi həkimə müraciətə sövq edir;

 - dostluq, yoldaşlıq münasibətlərinə daha rahat nail olmaqla insanlar özlərinə sosial dəstək yaradırlar ki, bu da sağlamlığın qorunması şərtlərindən biridir.

Əziz oxucularım, həyatda nikbin olun, uğursuzluqları müvəqqəti sayın, problemlərin hamısını keçəri hesab edin, bədbəxt hadisələri təsadüfi hadisə sanın, əksinə, yaxşı hadisələri qanunauyğun, təbii sanın. Nə qədər nikbin olsanız, uğura doğru yolunuz bir o qədər sürətli olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(20.02. 2023)

 

Bazar ertəsi, 20 Fevral 2023 10:00

Azər Turanın ilk tamaşası bəyənilib

Azərbaycan Teatr Xadimləri İttifaqının səhnəsində C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının "Atam, anam, qardaşım, mən və Stalin" tamaşasının premyerası keçirilib. Azər Turanın eyniadlı dramı əsasında ərsəyə gətirilən tamaşa dahi şair-dramaturq Hüseyn Cavidin 140 illiyinə həsr olunub. 

 

Tamaşada Cavidlər ailəsinin – Hüseyn Cavid, Mişkinaz Cavid, Ərtoğrul Cavid və Turan Cavidin – Stalin repressiyası səbəbindən məruz qaldıqları məşəqqətli ömür yollarından bəhs olunur. Faciəvi həyat və onu şərtləndirən qeyri-sağlam dövlət quruluşu, cəmiyyət. 

Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov, tərtibatçı rəssamı Vahid Mürsəliyev, musiqi tərtibatçısı Çingiz Xəlilov, rejissor köməkçisi İmaməli İmaməliyevdir. 

Rolları Əməkdar artist Esmiralda Şahbazova, aktyorlar Samir Əliyev, Pərvin Dadaşova, Niyaməddin Səfərəliyev ifa ediblər.

Səhnə əsəri tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Onlar aktyorları alqış yağışına tutublar.

 

“Ədəbiyyat və incəsənət”

(20.02.2023)

Ölkəmizin Belçika Krallığındakı səfirliyi Brüsseldə dünyaşöhrətli foto-jurnalist Reza Deqatinin “Xocalı: Yaralı ruhlar” adlı foto-sərgisini keçirib.

 

“Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən xəbər verir ki, sərginin açılışında əvvəlcə Türkiyədə, Suriyada və Xoy şəhərində baş vermiş dağıdıcı zəlzələlər nəticəsində həyatını itirmiş insanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Səfir Vaqif Sadıqov çıxış edərək, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni qaniçənləri tərəfindən 613 mülki şəxsin öldürüldüyünü, o cümlədən 8 ailənin tamamilə yox edildiyini, 1300 nəfərin əsir götürüldüyünü, yüzlərlə azyaşlının valideynsiz qaldığını bildirib, insanlığa qarşı cinayət olan Xocalı soyqırımı haqqında ətraflı məlumat verib. 

Reza Deqati çıxışında bir vaxtlar əsas sənəti olan memarlığı atıb foto-jurnalistika ilə məşğul olmasının məhz insanlığa qarşı sevgisindən irəli gəldiyini söyləyib, həqiqətlərin mədəniyyət və sənət vasitəsilə yayılmasının ən qüvvətli vasitə olduğuna inandığını qeyd edib. O, insanların ölümünə, binaların, tarixi abidələrin, həyati infrastrukturun dağılmasına səbəb olan müharibələrin, təbii fəlakətlərin, böhranların sağ qalan insanların yaddaşlarında sağalmayan yaralar açdığını bildirib.

Tədbir çərçivəsində ölməz bəstəkarımız Fikrət Əmirovun nəvəsi, istedadlı pianoçu-bəstəkar Nəzrin Əfəndiyevanın Belçikada yaratdığı “Trio Manestri” üçlüyünün ifasında Xocalı faciəsinin qurbanlarının xatirəsinə həsr olunmuş konsert keçirilib. Pianoda Nəzrin Əfəndiyevanın, skripkada Mari-Karmen Suarezin və fleytada Astrid Gallezin ifasında Azərbaycan xalq mahnıları, F.Əmirovun, A.Rozmanın, K.Azedianın, L.Einaudinin, V.Azaraşvilinin bəstələri və N. Əfəndiyevanın “613 xatirəsinə” və xüsusilə bu tədbir üçün ərsəyə gətirdiyi “Azərbaycan miniatürləri” kompozisiyaları səsləndirilib.

Açılış mərasiminə qatılan diplomatik korpusun nümayəndələri, Avropa İttifaqının rəsmiləri, Belçikanın mədəniyyət, mətbuat və akademik dairələrinin nümayəndələri və digərləri sərgiyə böyük maraq göstərərək, hər bir fotoşəkil haqqında məlumat alıblar.

 

“Ədəbiyyat və incəsənət”

(20.02.2023)

“Simurq” Azərbaycan Mədəniyyəti Assosiasiyasının qərarı ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva “Simurq quşu” Beynəlxalq Mükafatına layiq görülüb, ona “Ruhi mədəniyyətin görkəmli yaradıcısı” ictimai fəxri adı verilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı “Simurq” Azərbaycan Mədəniyyəti Assosiasiyasının Rəyasət Heyətinin 18 fevral 2023-cü il tarixli qərarına  istinadən xəbər verir.

 

“Simurq quşu” beynəlxalq mükafatı - Azərbaycan Mədəniyyət Assosiasiyası tərəfindən Azərbaycan Respublikasının və xarici ölkələrin layiqli şəxsiyyətlərini - elm, təhsil və incəsənət xadimlərini, ictimai xadimləri, diplomatları və digər mütəxəssisləri mükafatlandırmaq məqsədilə təsis edilib. O, cəmiyyətin ruhi - əqli və mənəvi mədəniyyətinin inkişafında müstəsna töhfəyə, böyük, uzunmüddətli xidmətlərinə görə verilir. Mükafat Azərbaycan mifologiyasında xeyirxahlığın və yeni həyata dirçəlişin və fədakarlığın qədim rəmzi olan əfsanəvi Azərbaycan quşunun heykəlciyi formasında hazırlanır.

“Simurq quşu” mükafatının təsis edilməsi Azərbaycan Mədəniyyət Assosiasiyasının kulturoloji inkişaf konsepsiyasına və Azərbaycan Respublikasının mədəniyyət siyasətinin maraqlarına uyğundur. Mükafat cəmiyyətin həyatının əsası kimi Azərbaycan ruhi mədəniyyətinin daha da inkişafına, milli inkişafın bərpa oluna bilən strateji resursu və insan kapitalının əsas hərəkətverici qüvvəsi olan yüksək mədəniyyətli azərbaycanlıların formalaşmasına ictimai motivasiyanı təşviq etmək məqsədi daşıyır. Eyni zamanda, Azərbaycanın bu yeniliyi digər ölkələrdə də ruhi mədəniyyətin, sülh və beynəlxalq əməkdaşlıq mədəniyyətinin inkişafı üçün motivasiya rolunu oynayacaq, bəşəriyyətin davamlı inkişafı sahəsində BMT və YUNESKO-nun qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsinə töhfə verəcək.

Azərbaycan cəmiyyətinin ruhi mədəniyyətinin inkişafına xüsusi diqqət Ümummilli Lider Heydər Əliyev tərəfindən formalaşdırılan Azərbaycan dövlətçilik mədəniyyətində qoyulmuşdur. Heydər Əliyev ruhi mədəniyyətə, quruculuğa, yaradıcılığa, mənəvi dəyərlərə və yüksək mədəniyyətə malik insanlara böyük önəm verir, qeyd edirdi ki, “insanların ən böyük mənəvi sərvəti olan mədəniyyət, elm və təhsil sabit inkişafı təmin edən mühüm amillərdən biridir. O, “ziyalıların, mədəniyyət və elm xadimlərinin cəmiyyətdə nüfuzunun yüksəldilməsinə” çağırış edərək, “dünyanın yaradıcılıq sayəsində yaşadığını və inkişaf etdiyini”, “xalqa həmişə öz ziyalısı tərəfindən qiymət verildiyini” vurğulamışdır. “Yüksək mədəniyyətə malik xalq daim irəli gedəcək, yaşayacaq, inkişaf edəcəkdir”, - deyirdi Heydər Əliyev. Eyni zamanda, Azərbaycan xalqının müdrik siyasi lideri elmin və alimlərin xüsusi rolunu vurğulayaraq, tənqidi təhlilin əhəmiyyətinə, xalqa və cəmiyyətə real fayda əldə etmək üçün elmin praktika ilə birləşməsinin vacibliyinə diqqəti çəlb edirdi.

Bu gün Azərbaycan Respublikasında həyat qabiliyyətli demokratik cəmiyyət, güclü dövlət uğurla qurulur və inkişaf etdirilir. Azərbaycan xalqı qədim və zəngin ruhi mədəniyyətə - yüksək ailə mədəniyyətinə, ənənəvi insanpərvərliyə və mehribanlığa, qabiliyyət və istedada, elmi bilik və əmək vərdişlərinə, vətənpərvərliyə, şücaət və qəhrəmanlığa malik olub, bunların müxtəlif tarixi dövrlərdə, çətin şəraitlərdə mövcudluğunu və inkişafını təmin edib. Sürətli sosial-mədəni, o cümlədən iqtisadi inkişafın nəticəsidir ki, bu gün Azərbaycan Respublikası getdikcə daha çox dinamik inkişaf edən dövlətlərdən və müasir sivilizasiyanın mədəniyyət mərkəzlərindən birinə çevrilir. Buna yüksək səmərəli dövlət inkişafı strategiyası, dövlət idarəçiliyi sahəsində əldə edilən uğurlar, elm, təhsil, iqtisadiyyat, incəsənət, tibb, ekologiya, idman, turizm və bütöv mədəniyyət sisteminin digər sahələrinin inkişafı kömək edir.

2020-ci ilin 44 günlük Vətən Müharibəsi çoxəsrlik Azərbaycan mədəniyyətinin həyat qabiliyyətinin ağır sınağı oldu. Müharibə xalqımızın mərdlik, qəhrəmanlıq, ədalət, nəcib xasiyyət, vətənpərvərlik, humanizm, möhkəm iradə, məsuliyyət, vicdan kimi ənənəvi mədəni dəyərlərə söykənən mənəvi mədəniyyətinin inanılmaz ehtiyatlarını kəşf etdi. Vətən müharibəsində azərbaycanlıların dədə-baba torpağı Qarabağ uğrunda qəhrəmancasına vuruşub  qələbə qazanması Azərbaycan xalqının ruhi mədəniyyətinin üstünlüklərini, onun güclü ruhunu, Vətən uğrunda mübarizədə həmrəyliyini və birliyini göstərdi.

Ölkənin müasir nailiyyətlərində Heydər Əliyevin layiqli davamçısı - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əvəzsiz rolu vardır. Müasir Azərbaycan Respublikasının əldə etdiyi nailiyyətlər, beynəlxalq nüfuz, erməni işğalçıları üzərində möhtəşəm qələbə daha çox Prezident İlham Əliyevin məhsuldar fəaliyyətiylə, onun müdrik sosial-mədəni siyasi və hərbi strategiyası, hərbi və diplomatik bacarıqları, dərin biliyi, erudisiya və bacarığı, peşəkarlığı ilə bağlıdır.

Respublikanın əldə etdiyi nailiyyətlərdə və Azərbaycan xalqının ruhi mədəniyyətinin inkişafında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun əvəzsiz xidmətləri vardır. Mehriban xanım həm Azərbaycanda, həm də bütün dünyada özünün yüksək ruhi mədəniyyəti və yaradıcılıq fəaliyyəti, eləcə də insanlara xeyirxahlığı və mərhəmətli ilə məşhurdur. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu yeni cəmiyyətin mədəni quruculuğunda, milli və beynəlxalq əhəmiyyətli innovativ sosial-mədəni layihələrin həyata keçirilməsində aparıcı rol oynayan milli mədəniyyətin rəmzinə çevrilən təşkilatdır.

Mədəniyyətə tam sosial sistem kimi yanaşmaqla Heydər Əliyev Fondu çoxşaxəli yaradıcılıq fəaliyyəti ilə Azərbaycan cəmiyyətinin həyatının bütün sahələrini əhatə edir. Bunlara elm, təhsil, incəsənət, mədəni irs, idman, səhiyyə, ekologiya, eləcə də Azərbaycanda və xarici ölkələrdə genişmiqyaslı xeyriyyəçilik və himayədarlıq fəaliyyəti daxildir. Bu fəaliyyətin nəticələri ruhi və maddi mədəniyyətin tərəqqisinə, insan kapitalının və vətəndaş mədəniyyətinin inkişafına, Azərbaycan xalqının rifahının yüksəlməsinə çox böyük təsir göstərir. Fond cəmiyyətin yaradıcı potensialının və həyat qabiliyyətinin yüksəldilməsini, ailələrin, qadınların, gənclərin və uşaqların inkişafını, əhalinin sosial problemlərinin həllini, ölkənin davamlı və təhlükəsiz inkişafını, beynəlxalq əməkdaşlığın genişlənməsini və dərinləşməsini, Qərb və Şərq ölkələrində Azərbaycanın çoxlu dostlar qazanmasını təmin edir. Buna xaricdə görkəmli Azərbaycan mədəniyyət xadimlərinin abidələrinin və Azərbaycan mədəniyyət mərkəzlərinin açılışı, həm Azərbaycanda, həm də dünyanın müxtəlif şəhər və ölkələrində onlarla mədəniyyət abidəsinin rekonstruksiya və bərpasına vəsaitin ayrılması şərait yaradır və təşviq edir.

“Simurq” AKA Rəyasət Heyətinin qərarı ilə Azərbaycan Respublikasının ruhi mədəniyyətinin inkişafına verdiyi böyük töhfəyə və Azərbaycan vətəndaşlarına göstərdiyi mərhəmətə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva isə “Simurq” Beynəlxalq medalı ilə təltif edilib və ona “Mədəniyyət səfiri” fəxri adı verilib.

Əfsanəvi Azərbaycan quşu Simurq ilk dəfə Müqəddəs Dağdan “Həyat Ağacı”nın tumurcuqlarını Yer kürəsinə gətirən, iri qartala bənzəyən, haqqında Avrasiya məkanında mif yaradılan çox parlaq və qədim milli simvoldur. Simurq həm Şərqdə, həm də Qərbdə yeni, əbədi həyatın ümumbəşəri simvolu kimi qəbul edilən Tanrıların xoş niyyətinin və qədim Azərbaycan rəmzi olan səkkizguşəli ulduzun semantik sinonimlərindən biridir.

Mifoloji Simurq quşu ən çox ədalət və xoşbəxtliyin peyğəmbərlik quşu, fərdlərin və onların komandalarının yaxşı himayədarı kimi qəbul edilir. Avestada “Saena” adlanan Simurq bütün quşların şahı, ilahi qartal, mifik varlıqdır ki, dahi Nizami Gəncəvi öz əsərlərində onu “Anka” adlandırır. “Avesta”ya görə, Simurq öz ibadətçisinin evini lütflə əhatə edir. Bu quş dünyanın bütün toxumlarının böyüdüyü Həyat Ağacının altında oturur, yağışın və küləyin daşıdığı bu toxumları bir qanad çırparaq bütün dünyaya səpələyir. Sonrakı rəvayətlərdə artıq Simurq - Həyat Ağacının simvolu kimi görünür.

 

“Ədəbiyyat və incəsənət”

(20.02.2023)

 

 

Şənbə, 18 Fevral 2023 20:30

Sən səhərdə bir səhərsən…

Bu gün Xalq şairi Nəriman Həsənzadənin anadan olmasının 92-ci ildönümü tamam olur

 

Azərbaycanın Xalq şairi, xalqının şairi, bütün  varlığı ilə mənsub olduğu xalqa bağlı olan, onun azadlığı, istiqlalı naminə yorulmadan yazıb-yaradan qələm Nəriman Həsənzadə - hamımızın sevimlisi. Heç vaxt unudulmayacaq - Nəriman müəllim Azərbaycan xalqının dövlət müstəqilliyi uğrunda mübarizə apardığı illərdə Ali Sovetin deputatı kimi Müstəqillik Aktına qol çəkib. Və o, ictimai olduğu qədər də lirik şairdir. Elə bircə bu bəndi onu yüz minlərə sevdirməyibmi?

 

Sən səhərdə bir səhərsən,

Çiçək kimi təzə-tərsən.

Sonra birdən gecikərsən,

Sonra torpaq udar məni.

 

Bəli, bu gün müasir Azərbaycan poeziyasının, ümumən ədəbi-ictimai fikrinin görkəmli nümayəndələrindən olan Xalq şairi Nəriman Həsənzadənin anadan olmasının 92-ci ildönümü tamam olur.

Nəriman Həsənzadəni xoşbəxt qələm adamlarından hesab etmək olar. Ona görə ki, hər zaman həsrətlə gözlədiyi qələbə sevincini dadıb. O, tez-tez deyirdi ki, Qarabağ ürəyimizin yaralı yeridir. Ən böyük istəyim gedən quşların öz yuvalarına qayıtdığı kimi, Qarabağın qayıdışıdır. Artıq Xalq şairinin bu arzusu çin olub. 

Nəriman Həsənzadənin yaradıcılığını araşdıran tədqiqatçılar, eləcə də ədəbi tənqid şairin əsərlərinin ən böyük məziyyəti kimi, ilk növbədə, məhz səmimiyyəti, həssaslığı qeyd etmişlər...

Onun əsərləri keçmiş SSRİ və bir çox xarici ölkə xalqlarının (ingilis, fransız, alman, fars, italyan, çex, hind, ərəb, xorvat və s.) dillərinə tərcümə olunub.

Nəriman Həsənzadə ötən əsrin 50-60-cı illərində yazdığı “Qız ürəyi”, “Hadi və Əsgər”, “Körpəylə söhbət”, “Biz bir ildə doğulduq”, “Qadın”, “Heybədə gəzən şeir” (“Sabir”), “Vətənsiz”, “Əsir uşaq”, “Şahid ol, Günəş”, “Nəriman”, 70-80-ci illərə aid “Həsrət”, “Zümrüd quşu”, “Rəsul Həmzətova məktub”, “Kimin sualı var?”, 90-cı illərdən etibarən qələmə aldığı “Şəhid atası Şərif qağaya məktub”, “Qafqaz”, “Cavid”, “Qarabağdan gələn var”, “Xarı bülbül”, “Bəyanat”, “Poylu - beşiyim mənim”, “Qaçaq Kərəm”, “Nuru Paşa”, “Nizami”, “Sözü tara verin” çoxlu sayda və müxtəlif həcmli poemalarının hamısında həm epos təhkiyə-intonasiyasına, həm hadisələrin dramatizminə, həm də xarakterik detal-məqamların ictimai-estetik interpretasiyasına əsaslanmaqla bir şair, bir tarixçi, bir filosof kimi çıxış edib.

“Nəriman” epik-dramatik poeması əsasında hazırlanmış “Bütün Şərq bilsin” tamaşasının uğurundan sonra Nəriman Həsənzadəyə ikinci uğuru “Atabəylər” qazandırıb. Sonra isə “Pompeyin Qafqaza yürüşü” mənzum pyesi tamaşaya qoyulub.

Mənim də həyatım sözdü, şeirdi,

Bir isti nəfəsəm, bir səsəm belə.

İnsana diləyim ancaq xeyirdi,

Şər gəlməz əlimdən, istəsəm belə.

Bəlkə də bu misraları Nəriman Həsənzadənin bütün yaradıcılığının epiqrafı adlandırmaq olar. Ustad ədibin bütün şeir və poemalarında bir axıcılıq, həzin lirizm var ki, bu emosionallıq müasir danışıq dilimizə bənzəyir və bəzən həmin əsərləri mütaliə edərkən elə bilirsən, şairlə şirin söhbətdəsən. 

Nəriman Həsənzadə istedadlı şair olmaqla yanaşı, qələmini nəsrdə də sınayıb. Onun publisistikası milli-mənəvi dəyərləri, humanizmi, insan-cəmiyyət münasibətlərində halallığı, səmimiliyi, Azərbaycan xalqının milli müstəqilliyini müdafiə edən, güclü dövlətçilik təfəkkürünə malik vətənpərvər bir publisistikadır ki, Xalq şairinin, ictimai xadimin gərgin mübarizələrdən keçmiş şəxsiyyətinin, milli taleyinin bilavasitə ifadəsidir. Xüsusilə, Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Mənim ədəbi taleyim” əsəri Azərbaycan ədəbiyyatında yazıçı publisistikasının ən gözəl örnəklərindən biridir.

Xalq şairi 34 bədii–poetik toplunun, “Tariximiz, taleyimiz” adlı irihəcmli elmi-ədəbi-tənqidi məqalələr kitabının müəllifidir. Şairin yeddicildlik “Seçilmiş əsərləri” kütləvi tirajla nəşr olunub. 100-dən artıq şeirinə musiqi bəstələnib.

Əsərləri haqqında respublika və xarici mətbuat səhifələrində məqalələr dərc olunub. “Nəriman Həsənzadənin lirikası” mövzusunda namizədlik dissertasiyası müdafiə edilib, “Nəriman Həsənzadənin yaradıcılıq yolu” adlı monoqrafiya çap olunub. Onun yaradıcılığı hər zaman yüksək dəyərləndirilib və müstəqil Azərbaycanın bir sıra ali orden və medallarına layiq görülüb.

Müsahibələrində “Mənim qarşıma həmişə yaxşı insanlar çıxıb” deyən şair bu sırada özünə mənəvi ata bildiyi istedadlı yazıçı, gözəl alim Mir Cəlal Paşayevi böyük sevgi və ehtiramla xatırlayır.

“Tale mənə şairliyi könül dostu verib”,- deyən şair inanırıq ki, qarşıdakı illərdə də əzəli və əbədi “dostu” ilə çox sirdaşlıq edəcək və neçə-neçə yeni poetik nümunələrlə oxucuları sevindirəcək.

Allah ömür versin, sevimli insan!

 

“Ədəbiyyat və incəsənət”

(18.02.2023)

Cümə, 17 Fevral 2023 17:33

Davud Nəsib işığına yığılanlar

 

Azərbaycan Yazıçılar Birliyinin, “Qazax" Xeyriyyə İctimai Birliyinin və ailəsinin birgə təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində unudulmaz sənətkar, şair, yazıçı, publisist, tərcüməçi və yaddaqalan mahnıların müəllifi Davud Nəsibin 80 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbirdə AYB- in sədri, Xalq yazıçısı Anar, AYB Ağsaqqallar Şurasının sədri, Xalq şairi Nəriman Həsənzadə, professor Qəzənfər Paşayev, "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, professor İlham Pirməmmədov, millət vəkilləri, İctimai Birliyin üzvləri, ictimaiyyət nümayəndələri, media nümayəndələri, Davud Nəsibin ailə üzvləri iştirak ediblər. 

Gecəni giriş sözü ilə Nəriman Həsənzadə açıb. Qardaş ölkə Türkiyə Respublikasında baş verən zəlzələdə həyatını itirmiş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Nəriman Həsənzadə Davud Nəsiblə 14 il bir yerdə işlədiklərini, unudulmaz xatirələrini qonaqların diqqətinə çatdırıb. 

Xatirə gecəsində Davud Nəsibin "Cavanşir" tarixi romanından səhnələr nümayiş olunub, şeirləri səsləndirilib.

Təbrizli müğənni-bəstəkar Arif Mehmandost və Aşıq Şahin Süleymanov şairin şeirlərinə

bəslənmiş musiqiləri ifa ediblər. 

Davud Nəsibin "Cavanşir" tarixi romanı və iki cildlik "Ata laylası" kitabı qonaqlara hədiyyə edilib. 

Sonda Davud Nəsibin ailəsi adından oğlu Xəyyam Nəsibov çıxış edərək qonaqlara, tədbirdə zəhməti keçən hər kəsə təşəkkürünü bildirib. 

Davud Nəsib 1942-ci il avqustun 25-də Qazax şəhərində anadan olmuşdur. Qazax şəhər 2 saylı orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsində təhsil almışdır.

Ədəbi fəaliyyətə 1956-cı ildə "Qalibiyyət bayrağı" (Qazax rayonu) qəzetində dərc edilən "Mənim doğma çayım — Mənim Kür çayım" adlı ilk şeiri ilə başlamışdır. Həmin vaxtdan fəal poetik yaradıcılıqla məşğul olmuşdur. SSRİ xalqları poeziyasından bədii tərcümələri də vardır. Macar şairi Mikloş Radnotinin şeirlər kitabını Azərbaycan dilinə çevirmişdir. Onun Moskvada "Sovetski pisatel" nəşriyyatı tərəfındən "Anama məktublar" (1974), "Ocaq daşları" (1981) şeirlər kitabları çap olunmuşdur.

1966–1969-cu illərdə Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində incəsənət redaksiyasında redaktor işləmişdir.

Moskvada, SSRİ Yazıçılar İttifaqı nəzdində olan ikiillik ali ədəbiyyat kursunu bitirmişdir (1971–1972). Sonra Bakıya qayıtmış, "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi, təsviri sənət şöbəsinin müdiri olmuş, sonra burada poeziya şöbəsinə rəhbərlik etmişdir. Azərbaycan Yazıçılar İttifaqı Rəyasət Heyətinin üzvü idi. 1978–1980-ci illərdə Macarıstan Xalq Respublikasında yaradıcılıq ezamiyyətində olmuşdur.

Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanına (1984), Ümumittifaq və Azərbaycan komsomolu Fəxri fərmanlarına layiq görülmüşdür.

2003-cü il martın 26-da qəzaya uğrayıb dünyasını vaxtsız dəyişmişdir.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(17.02.2023)

 

Media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətləri nəticəsində əldə etdikləri gəlirləri, o cümlədən reklam gəlirləri, habelə onlara müvafiq dövlət qurumu tərəfindən verilən maddi yardımlar gəlir vergisindən, mənfəət vergisindən və sadələşdirilmiş vergidən azad ediləcək. 

 

“Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən xəbər verir ki, bu məsələ Milli Məclisin fevralın 17-də keçirilən plenar iclasının gündəliyinə daxil edilmiş Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətləri nəticəsində əldə etdikləri gəlirlərin, o cümlədən reklam gəlirlərinin, habelə onlara müvafiq dövlət qurumu tərəfindən verilən maddi yardımların gəlir vergisindən, mənfəət vergisindən və sadələşdirilmiş vergidən azad edilməsi təklif olunub. Eyni zamanda, media subyektləri tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi də əlavə dəyər vergisindən azad edilir. Azadolmalar 2023-cü il yanvarın 1-dən tətbiq olunmaqla 3 il müddətində qüvvədə olacaq.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda təsdiq edilib.

 

“Ədəbiyyat və incəsənət”

(17.02.2023)

Cümə, 17 Fevral 2023 18:00

Sabah hava yağmursuz olacaq

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti  Azərbaycanda fevralın 18-nə gözlənilən hava proqnozunu açıqlayıb.

 

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən cənub küləyi əsəcək. Havanın temperaturu gecə 0-3°, gündüz 6-10° isti olacaq. Atmosfer təzyiqi 770 millimetr civə sütunundan 766 millimetr civə sütununa enəcək. Nisbi rütubət 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə 10-15°, gündüz 0-5° şaxta olacağı bildirilir.

Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.

 

“Ədəbiyyat və incəsənət”

(17.02.2023)

 

Bu gün Əlağa Vahidin anadan olmasının  128-ci ildönümüdür

 

Hər dəfə Masazırdan keçəndə bur abidə önündə onu yad edən insanlar və tər çiçəklər görmək olur. Bu, Əliağa Vahidin abidəsidir. Azərbaycanda, eləcə də Yaxın Şərqdə məşhur qəzəlxan şair kimi şöhrət qazanmış Əlağa Vahidin yaradıcılıq bioqrafiyası çox maraqlıdır. Vahid milli poeziyanın qədim ənənələrini yeni dövrdə yüksək sənətkarlıqla davam etdirmiş və qəzəl janrının son dərəcə mükəmməl nümunələrini yaratmışdır. Və bu gün böyük qəzəlxan, Azərbaycanın ilk Dövlət mükafatı laureatı Əlağa Vahidin anadan olmasının 128-ci ildönümüdür.

Əlağa Vahid qəzəl yaradıcılığında püxtələşdikcə, klassik qəzəl məktəbinin istedadlı davamçısı kimi öz dəstxətti ilə seçilmiş, qəzəlləri və satirik şeirləri xalq arasında sürətlə yayılmış, ürəklərə yol tapmış, sevilmiş və dillər əzbəri olmuşdu. Şair qəzəl janrının mövzu dairəsini xeyli genişləndirmiş, Vətənə, xalqa məhəbbətini sadə, adi xalq dilində əruzun ritmik bəhrlərində qoşa misralarla uğurla şeirə çevirmişdi.

Ustad qəzəlxan 1895-ci il fevralın 17-də Bakı şəhərində anadan olub. Mollaxanada oxumağa başlayıb, sonra ehtiyac üzündən təhsilini yarımçıq qoyub, xarratlıq edib. Gənc yaşlarında Bakıdakı “Məcməüş-şüəra” ədəbi məclisində iştirak edib və lirik şerlər yazıb. Satirik şeirlərində ictimai nöqsanları, mövhumatı, zülm və haqsızlığı ifşa edib. “Tamahın nəticəsi” adlı ilk kitabı nəşr olunub.

Böyük Vətən müharibəsi illərində yazdığı əsərlərdə “Döyüş qəzəlləri”, “Qəzəllər” kitablarında Əlağa Vahid Vətənə məhəbbət, düşmənə nifrət, qələbəyə inam hissləri təbliğ edib.

Əsrlərdən bəri qəzəlin baş mövzusu eşq olub. Amma bu eşq mənaları da birrəngli olmayıb. Vahidin şeirləri Vətən məhəbbətindən, Tanrıdan tutmuş gözələ ülvi hisslərlə doludur.

Mən əsiri eşqiyəm öz xalqımın, öz yurdumun,

Sevməyən öz xalqını, öz yurdunu divanədir.

Vahidin qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir, xanəndələrin repertuarında mühüm yer tutub. Nizami, Xaqani, Füzuli, Nəvai və başqalarının qəzəllərini Azərbaycan dilinə tərcümə edib.

İlk şeiri 1914-cü ildə çap olunub. Ona qədər “Məcməüş-şüara”da (Şairlər məclisi) Əbdül Xaliqin şeir gecələrinə gedirdi. Bura cavan şairlər yığışıb, bədahətən onlara verilən qafiyəni ustadların qarşısında böyük qəzələ çevirməli idilər. Vahid öz hazırcavablığı ilə elə seçilir ki, Əbdül Xaliq gənc Əlağaya “sən təbinlə Vahidsən” deyib Vahid ləqəbini ona verir.

Əlağa Vahid 1965-ci il oktyabrın 1-də Bakı şəhərində vəfat edib.

Qeyd edək ki, 2015-ci ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair Əlağa Vahidin anadan olmasının 120 illiyi ölkə başçısının Sərəncam ilə ölkəmizdə silsilə tədbirlərlə qeyd olunub.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli Qərarı ilə Əlağa Vahid Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(17.02.2023)

Cümə, 17 Fevral 2023 14:18

Kitabxanada Varislə görüş keçirilib

 

2023-cü il  fevral  ayının  16-da  Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana  Sisteminin Mərkəzi  Kitabxanasında  Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, Beynəlxalq Yazıçılar Gildiyasının üzvü, Azərbaycan Respublikasının "Əməkdar  Jurnalisti"  Varislə “Zamanın  yolçusu” adlı görüş keçirilib.

 

Tədbirdə Bakı Şəhər Mədəniyyət Baş  İdarəsinin nümayəndələri, Bakı Dövlət  Universitetinin, Azərbaycan Dövlət Pedoqoji  Universitetinin müəllim və tələbə  heyəti, 189-190 nömrəli tam orta məktəbin müəllim  və şagird heyəti, kitabxananın əməkdaşları iştirak ediblər.

“Bir ovuc torpaq", "Sonuncu ölən ümidlərdir", "Son nəktub", “Metamorfoz", "Sənə inanıram", "Yol ayrıcında azıb qalanlar", "Üçbucq", “Yetmiş yeddinci gün", “Uzaqdan gələn yağış”, “Qırmızı ləçəklər”, “Qızıl cib saatı” kitablarının müəllifi olan yazıçı son yazdığı kitabları haqqında ətraflı məlumat verib, bədii ədəbiyyatın insan həyatında rolu, uğura aparan yolun, arzuların reallaşması mövzusunda çıxışlar edib, şagird  və tələbələrə dəyərli  məsləhətlər verib, ona ünvanlanan sualları cavablandırıb.

Yazıçı kitabxanaya və  oxuculara  kitablar  hədiyyə  edib.

 

“Ədəbiyyat və incəsənət”

(17.02.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.