Professor Əlibala Məhərrəmzadə “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsini sizlərə təqdim edir
Əslində, uğur formulası ümumi olduğu qədər də spesifikdir, yəni bir xalq üçün lazım olan uğur qazanmaq keyfiyyətləri başqa bir xalq üçün aparıcı olmaya da bilər. Məsələn, Azərbaycanda (ümumən Şərqdə) uğur formulasında mental qayda-qanunlara, davranış tərzinə istinadı, möhkəm ailə faktorunun, nümunəvi tərbiyənin rolunun hegemonluğunu, milli kökə və dini mənsubiyyətə bağlılıq faktorunu spesifikliyə aid edə bilərik.
Mən öz şəxsi təcrübəm, eləcə də illərdir ki, davam edən müşahidələrim nəticəsində uğurun qazanılmasında aşağıdakı parametrləri xüsusi olaraq qabardardım:
12) Nikbin olmaq.
Nikbinlik – həyatda ancaq yaxşı cəhətlərə diqqət etmək, uğura, müvəffəqiyyətə, gözəl gələcəyə inanmaq, şən və gümrah olmaq dünyagörüşüdür. Sinonimi optimizm (optimus – latın dilində «ən yaxşı») olan «nikbinlik» həyat baxışı olaraq iddia edir ki, dünya gözəldir, istənilən çətin şəraitdən çıxmaq mümkündür, hər şeyin axırı yaxşı olacaq! Bir özünüz düşünün, uğura doğru yolda nikbin olmaq necə böyük əlavə dividendlər gətirir insana. İndi «nikbinlik» sözünün antonimi olan «bədbinlik» sözünə diqqət edin. İnamsızlığı, hər şeyin pis olmasını ifadə edən, qara rənglərə tapınan bu həyat baxışı insana necə uğur gətirə bilər axı?
Nikbinliklə bədbinliyin qarşıdurmasının ən məşhur misalı yarım stəkan suyun vəziyyətinin şərhidir. Nikbin deyir ki, stəkan yarıyacan doludur. Bədbin deyir ki, stəkan yarıyacan boşdur.
Fəlsəfədə alman filosofu Qotfrid Leybnitsin «Biz ən mümkün dünyaların ən yaxşısında yaşayırıq» sözləri ilə fəlsəfi təlim səviyyəsinədək yüksələn nikbinlik tək uğur qazanmaqçün yox, ümumən insan həyatı üçün faydalıdır. Belə ki, elmi tədqiqatlar sübut ediblər ki, nikbinlik insan sağlamlığına hədsiz fayda verir:
- köməksizlik və çarəsizlik halının yaranmasını aradan qaldırmaqla immunitetin möhkəmlənməsinə dəlalət edir;
- Sağlam həyat tərzinə, istənilən narahatlıq duyan kimi həkimə müraciətə sövq edir;
- dostluq, yoldaşlıq münasibətlərinə daha rahat nail olmaqla insanlar özlərinə sosial dəstək yaradırlar ki, bu da sağlamlığın qorunması şərtlərindən biridir.
Əziz oxucularım, həyatda nikbin olun, uğursuzluqları müvəqqəti sayın, problemlərin hamısını keçəri hesab edin, bədbəxt hadisələri təsadüfi hadisə sanın, əksinə, yaxşı hadisələri qanunauyğun, təbii sanın. Nə qədər nikbin olsanız, uğura doğru yolunuz bir o qədər sürətli olacaq.
“Ədəbiyyat və incəsənət”
(20.02. 2023)