“Simurq” Azərbaycan Mədəniyyəti Assosiasiyasının qərarı ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva “Simurq quşu” Beynəlxalq Mükafatına layiq görülüb, ona “Ruhi mədəniyyətin görkəmli yaradıcısı” ictimai fəxri adı verilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı “Simurq” Azərbaycan Mədəniyyəti Assosiasiyasının Rəyasət Heyətinin 18 fevral 2023-cü il tarixli qərarına istinadən xəbər verir.
“Simurq quşu” beynəlxalq mükafatı - Azərbaycan Mədəniyyət Assosiasiyası tərəfindən Azərbaycan Respublikasının və xarici ölkələrin layiqli şəxsiyyətlərini - elm, təhsil və incəsənət xadimlərini, ictimai xadimləri, diplomatları və digər mütəxəssisləri mükafatlandırmaq məqsədilə təsis edilib. O, cəmiyyətin ruhi - əqli və mənəvi mədəniyyətinin inkişafında müstəsna töhfəyə, böyük, uzunmüddətli xidmətlərinə görə verilir. Mükafat Azərbaycan mifologiyasında xeyirxahlığın və yeni həyata dirçəlişin və fədakarlığın qədim rəmzi olan əfsanəvi Azərbaycan quşunun heykəlciyi formasında hazırlanır.
“Simurq quşu” mükafatının təsis edilməsi Azərbaycan Mədəniyyət Assosiasiyasının kulturoloji inkişaf konsepsiyasına və Azərbaycan Respublikasının mədəniyyət siyasətinin maraqlarına uyğundur. Mükafat cəmiyyətin həyatının əsası kimi Azərbaycan ruhi mədəniyyətinin daha da inkişafına, milli inkişafın bərpa oluna bilən strateji resursu və insan kapitalının əsas hərəkətverici qüvvəsi olan yüksək mədəniyyətli azərbaycanlıların formalaşmasına ictimai motivasiyanı təşviq etmək məqsədi daşıyır. Eyni zamanda, Azərbaycanın bu yeniliyi digər ölkələrdə də ruhi mədəniyyətin, sülh və beynəlxalq əməkdaşlıq mədəniyyətinin inkişafı üçün motivasiya rolunu oynayacaq, bəşəriyyətin davamlı inkişafı sahəsində BMT və YUNESKO-nun qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsinə töhfə verəcək.
Azərbaycan cəmiyyətinin ruhi mədəniyyətinin inkişafına xüsusi diqqət Ümummilli Lider Heydər Əliyev tərəfindən formalaşdırılan Azərbaycan dövlətçilik mədəniyyətində qoyulmuşdur. Heydər Əliyev ruhi mədəniyyətə, quruculuğa, yaradıcılığa, mənəvi dəyərlərə və yüksək mədəniyyətə malik insanlara böyük önəm verir, qeyd edirdi ki, “insanların ən böyük mənəvi sərvəti olan mədəniyyət, elm və təhsil sabit inkişafı təmin edən mühüm amillərdən biridir. O, “ziyalıların, mədəniyyət və elm xadimlərinin cəmiyyətdə nüfuzunun yüksəldilməsinə” çağırış edərək, “dünyanın yaradıcılıq sayəsində yaşadığını və inkişaf etdiyini”, “xalqa həmişə öz ziyalısı tərəfindən qiymət verildiyini” vurğulamışdır. “Yüksək mədəniyyətə malik xalq daim irəli gedəcək, yaşayacaq, inkişaf edəcəkdir”, - deyirdi Heydər Əliyev. Eyni zamanda, Azərbaycan xalqının müdrik siyasi lideri elmin və alimlərin xüsusi rolunu vurğulayaraq, tənqidi təhlilin əhəmiyyətinə, xalqa və cəmiyyətə real fayda əldə etmək üçün elmin praktika ilə birləşməsinin vacibliyinə diqqəti çəlb edirdi.
Bu gün Azərbaycan Respublikasında həyat qabiliyyətli demokratik cəmiyyət, güclü dövlət uğurla qurulur və inkişaf etdirilir. Azərbaycan xalqı qədim və zəngin ruhi mədəniyyətə - yüksək ailə mədəniyyətinə, ənənəvi insanpərvərliyə və mehribanlığa, qabiliyyət və istedada, elmi bilik və əmək vərdişlərinə, vətənpərvərliyə, şücaət və qəhrəmanlığa malik olub, bunların müxtəlif tarixi dövrlərdə, çətin şəraitlərdə mövcudluğunu və inkişafını təmin edib. Sürətli sosial-mədəni, o cümlədən iqtisadi inkişafın nəticəsidir ki, bu gün Azərbaycan Respublikası getdikcə daha çox dinamik inkişaf edən dövlətlərdən və müasir sivilizasiyanın mədəniyyət mərkəzlərindən birinə çevrilir. Buna yüksək səmərəli dövlət inkişafı strategiyası, dövlət idarəçiliyi sahəsində əldə edilən uğurlar, elm, təhsil, iqtisadiyyat, incəsənət, tibb, ekologiya, idman, turizm və bütöv mədəniyyət sisteminin digər sahələrinin inkişafı kömək edir.
2020-ci ilin 44 günlük Vətən Müharibəsi çoxəsrlik Azərbaycan mədəniyyətinin həyat qabiliyyətinin ağır sınağı oldu. Müharibə xalqımızın mərdlik, qəhrəmanlıq, ədalət, nəcib xasiyyət, vətənpərvərlik, humanizm, möhkəm iradə, məsuliyyət, vicdan kimi ənənəvi mədəni dəyərlərə söykənən mənəvi mədəniyyətinin inanılmaz ehtiyatlarını kəşf etdi. Vətən müharibəsində azərbaycanlıların dədə-baba torpağı Qarabağ uğrunda qəhrəmancasına vuruşub qələbə qazanması Azərbaycan xalqının ruhi mədəniyyətinin üstünlüklərini, onun güclü ruhunu, Vətən uğrunda mübarizədə həmrəyliyini və birliyini göstərdi.
Ölkənin müasir nailiyyətlərində Heydər Əliyevin layiqli davamçısı - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əvəzsiz rolu vardır. Müasir Azərbaycan Respublikasının əldə etdiyi nailiyyətlər, beynəlxalq nüfuz, erməni işğalçıları üzərində möhtəşəm qələbə daha çox Prezident İlham Əliyevin məhsuldar fəaliyyətiylə, onun müdrik sosial-mədəni siyasi və hərbi strategiyası, hərbi və diplomatik bacarıqları, dərin biliyi, erudisiya və bacarığı, peşəkarlığı ilə bağlıdır.
Respublikanın əldə etdiyi nailiyyətlərdə və Azərbaycan xalqının ruhi mədəniyyətinin inkişafında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun əvəzsiz xidmətləri vardır. Mehriban xanım həm Azərbaycanda, həm də bütün dünyada özünün yüksək ruhi mədəniyyəti və yaradıcılıq fəaliyyəti, eləcə də insanlara xeyirxahlığı və mərhəmətli ilə məşhurdur. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu yeni cəmiyyətin mədəni quruculuğunda, milli və beynəlxalq əhəmiyyətli innovativ sosial-mədəni layihələrin həyata keçirilməsində aparıcı rol oynayan milli mədəniyyətin rəmzinə çevrilən təşkilatdır.
Mədəniyyətə tam sosial sistem kimi yanaşmaqla Heydər Əliyev Fondu çoxşaxəli yaradıcılıq fəaliyyəti ilə Azərbaycan cəmiyyətinin həyatının bütün sahələrini əhatə edir. Bunlara elm, təhsil, incəsənət, mədəni irs, idman, səhiyyə, ekologiya, eləcə də Azərbaycanda və xarici ölkələrdə genişmiqyaslı xeyriyyəçilik və himayədarlıq fəaliyyəti daxildir. Bu fəaliyyətin nəticələri ruhi və maddi mədəniyyətin tərəqqisinə, insan kapitalının və vətəndaş mədəniyyətinin inkişafına, Azərbaycan xalqının rifahının yüksəlməsinə çox böyük təsir göstərir. Fond cəmiyyətin yaradıcı potensialının və həyat qabiliyyətinin yüksəldilməsini, ailələrin, qadınların, gənclərin və uşaqların inkişafını, əhalinin sosial problemlərinin həllini, ölkənin davamlı və təhlükəsiz inkişafını, beynəlxalq əməkdaşlığın genişlənməsini və dərinləşməsini, Qərb və Şərq ölkələrində Azərbaycanın çoxlu dostlar qazanmasını təmin edir. Buna xaricdə görkəmli Azərbaycan mədəniyyət xadimlərinin abidələrinin və Azərbaycan mədəniyyət mərkəzlərinin açılışı, həm Azərbaycanda, həm də dünyanın müxtəlif şəhər və ölkələrində onlarla mədəniyyət abidəsinin rekonstruksiya və bərpasına vəsaitin ayrılması şərait yaradır və təşviq edir.
“Simurq” AKA Rəyasət Heyətinin qərarı ilə Azərbaycan Respublikasının ruhi mədəniyyətinin inkişafına verdiyi böyük töhfəyə və Azərbaycan vətəndaşlarına göstərdiyi mərhəmətə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva isə “Simurq” Beynəlxalq medalı ilə təltif edilib və ona “Mədəniyyət səfiri” fəxri adı verilib.
Əfsanəvi Azərbaycan quşu Simurq ilk dəfə Müqəddəs Dağdan “Həyat Ağacı”nın tumurcuqlarını Yer kürəsinə gətirən, iri qartala bənzəyən, haqqında Avrasiya məkanında mif yaradılan çox parlaq və qədim milli simvoldur. Simurq həm Şərqdə, həm də Qərbdə yeni, əbədi həyatın ümumbəşəri simvolu kimi qəbul edilən Tanrıların xoş niyyətinin və qədim Azərbaycan rəmzi olan səkkizguşəli ulduzun semantik sinonimlərindən biridir.
Mifoloji Simurq quşu ən çox ədalət və xoşbəxtliyin peyğəmbərlik quşu, fərdlərin və onların komandalarının yaxşı himayədarı kimi qəbul edilir. Avestada “Saena” adlanan Simurq bütün quşların şahı, ilahi qartal, mifik varlıqdır ki, dahi Nizami Gəncəvi öz əsərlərində onu “Anka” adlandırır. “Avesta”ya görə, Simurq öz ibadətçisinin evini lütflə əhatə edir. Bu quş dünyanın bütün toxumlarının böyüdüyü Həyat Ağacının altında oturur, yağışın və küləyin daşıdığı bu toxumları bir qanad çırparaq bütün dünyaya səpələyir. Sonrakı rəvayətlərdə artıq Simurq - Həyat Ağacının simvolu kimi görünür.
“Ədəbiyyat və incəsənət”
(20.02.2023)