“Başımıza dəyən daşlar... başdaşına çevrilir...” – Əlizadə Nuri ilə “Biri ikisində” Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün növbədə Şeir vaxtıdır, sevilən şair Əlizadə Nurinin şeirləridir.

 

 

 

ŞEİR VAXTI

 

 

Əlizadə Nuri

 

 

SEVİNC AXŞAM GƏLƏCƏKDİ

 

Çıraq oldum, işığımı

Salmağa bir dam olmadı.

Çoxu mənə oğul dedi,

Heç biri anam olmadı.

 

Düzdən ötrü dağ çıxardım,

Dağı lap axsaq çıxardım.

Bu gecədən sağ çıxardım,

Yanımda bir şam olmadı.

 

Bu, əldi, ya boş əlcəkdi?

Nə çəkdisə, boş əl çəkdi.

Sevinc axşam gələcəkdi –

Gözlədim, axşam olmadı...

 

 

BU ÖMÜR BİR QAZAN QARDI

 

Yoxdu bu qəmin yiyəsi,

Götür qoy gözün üstünə.

Sinəmdəki yaraları

Kim səpib duzun üstünə?!

 

Bu dəryanı kim daşdırdı?

Nə qum qaldı, nə daş durdu.

Yalanlar göz qamaşdırdı –

Getmədik düzün üstünə...

 

Səs deyil hər haray-həşir.

Canımız bir sevda nəşi.

Tuta bilmədik günəşi,

Yıxıldı tozun üstünə.

 

Yerdi əsən, yeldi əsən?

Axsaq imiş o tələsən.

Qələm yorulub, deyəsən,

Əyilib sözün üstünə.

 

Qəfəs deyil, amma dardı,

Yer üzü damar-damardı...

Bu ömür bir qazan qardı –

Qoymuşuq közün üstünə...

 

 

BİR QADINA MƏKTUB

 

Heç vaxt çətirim olmayıb deyirsən,

Bəlkə, bu, yağışı çox sevdiyindəndi, qadın?

Tanrının yanına qayıdacaq deyə,

Hərdən yağışa qoşulub getmək istəyir

adam...

 

Bilirəm, unutmusan məni –

Adımın son hərfinə kimi.

Bilirəm, adım bir az uzundu deyə,

ağrıyırdı dodaqların...

Atdın yerə adımı,

əzildi hərflər...

 

 

***

 

O evin qırx qapısı var,

sən hansı otaqdasan?

Məni unutmusansa,

lap eyni küçədə yaşasaq belə,

deməli, məndən çox uzaqdasan...

 

Görürəm də,

indi çoxu eynək taxır,

adamlar bir-birinin

gözünün içinə dik baxa bilmir,

bəlkə, ondandır?

Hamı təkdi dünyada,

kim deyir ki, cəmdənik?

Ancaq bu adam ilə

hələ də həmyerliyik –

eyni cəhənnəmdənik...

Başqa qonaq çağıran yox,

 

kim Tanrıya qonaq gedir –

kim böyüdür çevrəni?

Başımıza dəyən daşlar

hər gün bir az böyüyüb

başdaşına çevrilir...

Bizi fikir eyləmə,

yandırıb son ümid çöplərini

isinirik beləcə.

Sən əynini qalın eylə,

təqvimdə fevral ayıdı,

təqvimdən də qar yağır...

 

 

KÜL

 

Kağızın bətnində yandı bu ömür –

Mən adam külüyəm, ya kağız külü?

Yanan ürəyimdə o qız da yandı –

Bir az öz külümdü, bir az qız külü...

 

İndi ayrılıqlar ömürdən uzun,

Ölümlə oyunda ömür uduzur...

Hər axşam yandırır ayı-ulduzu,

Tanrı səhər yığır ay-ulduz kimi.

 

Dərd çaxmaq daşıdı – daşdan yanmışam,

Ayaqdan od alıb, başdan yanmışam.

...İlahi, nə yaxşı eşqdən yanmışam –

Baha eləmişəm bu ucuz külü.

 

 

SÜKUTUN SƏSİ

 

Bir sükuta uduzur

Min-min adamın səsi.

Ruhumuzu oynadır

Bir qaraçı nəğməsi.

Göydə də zəlzələymiş,

Ay gizləyib özünü.

Quşlar qanadlarıyla

Saxlayıb göy üzünü...

Bir çiçəyin içində

Dost olub neçə ləçək.

Bir azdan bu çiçəklər

Əllərimi dərəcək.

 

 

***

 

Eşidirsən, İlahi –

Sənin səsin tutulub,

Yoxsa hamı kardımı?

Bu dünya bir günahdı,

Yoxsa günahkardımı?

 

Bəlkə, sular dil açıb –

Bir səs gəlir quyudan.

Daş da intihar edir,

Asılaraq qayadan...

 

 

SEVDA SONATASI

 

Ay işığının əlindən tutub çıxar

qaranlığa batan bu adamlar.

Eyni göy üzünə baxar

başqa-başqa şəhərlərdə sevən adamlar.

Yasaqsan mənə keşiş sevgisitək,

Mənim olmasan da,

yaxşı ki, varsan.

 

Bir arzu doğular nikahdankənar,

Beşiyi başında layla çalarsan.

Köhnə albomlarda payız fəslidi,

Saralır ağrıyan şəkillər...

Sevda çənlər başımdan

Duman kimi çəkilər...

 

Qayıt gəl yanıma xatirələrdən,

Toxuna bilmirəm sən gedən izə.

Hələ yaşamağı tam öyrənməmiş

Mollalar ölməyi öyrədir bizə.

 

Hasardan o üzə atılar işıq,

Əllərim quş olub qonmaz sevincə,

Yolu göndərmişdim, səni gətirsin,

Yol da qayıtmadı sən gəlməyincə.

 

Heykəl də Tanrıya ibadət edir,

həm də əyilmədən

Bəlkə, dik durmaq da ibadətdi?

Ha uzatsan, əlin çatmaz,

Göy üzü bir imarətdi...

 

 

İLK YAĞMURSAN, SON BAHARSAN...

 

İtən günü harda gəzim, –

Qaldı ömrün harasında?

Arayıram ağ baxtım

Gözlərinin qarasında.

 

İlk yağmursan, son baharsan,

Kimə dərdsən, kimə yarsan?..

Girsən, özünü taparsan

Ürəyimin yarasında.

 

Qələm toxunduğu yerdən

Şeir damır hərdən-hərdən.

...Qaçıb gizləndim şeirdən

Misraların arasında...

 

“Ədəbiyyat və incəsənət”

(20.02. 2023)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.