Xəbər verdiyimiz kimi Azərbaycan kinosunun 125, “Azərbaycanfilm” kinostudiyasının 100 və Azərbaycan Kinematoqrafçılar İttifaqının 60 illiyi münasibətilə Kinematoqrafçılar İttifaqı klassik Azərbaycan filmlərinin nümayişini planlaşdırıb və ilk nümayişdə fevralın 14-də “Azərbaycan” kinoteatrında tamaşaçılara “Gün keçdi” bədii filmi təqdim olunub. Sevgililər günündə sevgi filmi.
Tədbiri giriş sözü ilə açan kinotənqidçi Sevda Sultanova filmin indiyədək maraq doğurmasını uğurlu komanda işi ilə əlaqələndirib. 1971-ci ildə Xalq yazıçısı Anarın “Gürcü familiyası” hekayəsi əsasında ekranlaşdırılan filmin rejissoru Arif Babayev, operatoru Rasim İsmayılov, musiqi müəllifi Emin Sabitoğlu, rəssamı Elbəy Rzaquliyevdir. Mahnıların mətni isə Vaqif Səmədoğluna məxsusdur. Bu il həm də kinorejissor Arif Babayevin anadan olmasının 95-ci ildönümü tatam olur.
Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi, sənətşünas Nadir Bədəlov qeyd edib ki, o, ilk dəfə “Gün keçdi”yə 14 yaşında, film böyük ekrana çıxanda “Nərimanov” kinoteatrında baxıb: “Onda zalda iki nəfər vardı. Amma filmin tamaşaçılarının sayının ildən-ilə artması onun keyfiyyətini, uğurunu təsdiq edir. Filmdə Oktayla Əsmərdən başqa daha bir qəhrəman var ki, bu, İçərişəhərdir. Burada hər detal işləkdir. Əslində film kədərli bir sevgi hekayəsidir. Qəhrəmanlar başa düşürlər ki, onlar artıq öz gənclikləri ilə vidalaşırlar”.
Daha sonra səhnəyə Arif Babayevin qardaşı, rejissor Vasif Babayev dəvət olundu. O, Arif Babayevin rejissor peşəsini necə seçməsi haqqında əhvalatı bölüşüb və bildirib ki, həmin dövrdə İçərişəhərin sökülməsi məsələsi aktual idi: “Biz Şirvanşahlar sarayının yaxınlığında yaşayırdıq. Arif Bakını, İçərişəhəri gözəl tanıyırdı və çox sevirdi. Filmdə İçərişəhərin gələcək taleyi məsələsinə geniş toxunub.
“Gün keçdi” filminin nümayişindən sonra müzakirələr aparılıb.
Bəlkə də film köhnə Bakını sökülməkdən xilas edib.
“Ədəbiyyat və incəsənət”
(17.02.2023)