Super User
ABŞ-da “Şuşanın dağları başı dumanlı” bədii-sənədli filminin təqdimatı keçirilib
Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinin və Vaşinqton Piano İncəsənəti Şurasının təşkilatçılığı ilə fevralın 9-da Vaşinqtonda yerləşən ABŞ-Azərbaycan Ticarət Palatasında ölkəmizin mədəniyyət paytaxtı olan Şuşaya həsr edilmiş “Şuşanın dağları başı dumanlı” bədii-sənədli filminin təqdimatı keçirilib.
Səfirlikdən AzərTAC-a bildirilib ki, sözügedən film Prezident İlham Əliyevin Sərəncamı ilə 2022-ci ilin Azərbaycan Respublikasında “Şuşa İli” elan edilməsi ilə əlaqədar “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və İctimai Televiziyanın maliyyə dəstəyi ilə istehsal edilib və ingilis dilinə dublyaj olunub.
Tədbirin açılışında ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışov, səfirliyin əməkdaşı Erkin Heydərli, “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri Şəhla Nağıyeva (onlayn formada) və Vaşinqton Beynəlxalq Piano İncəsənəti Şurasının təsisçisi və İdarə heyətinin sədri Şato Qardeçki çıxış ediblər.
Tədbir zamanı Türkiyədə baş vermiş zəlzələ qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Təqdimat mərasimində ABŞ-da akkreditə olunmuş səfirliklərin diplomatları, ictimaiyyət nümayəndələri, Azərbaycan icmasının üzvləri, o cümlədən ABŞ-da təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.
Sonda qonaqlar üçün milli mətbəximizin təamları təqdim olunub.
“Ədəbiyyat və incəsənət”
(10.02.2023)
Beynəlxalq Gənc Aşpaz Olimpiadasının azərbaycanlı qalibi təltif olunub
Dövlət Turizm Agentliyinin dəstəyi ilə yaradılan Azərbaycan Aşpazlar Milli Komandasının üzvü Emil Zeynalzadə dünyanın ən nüfuzlu kulinariya yarışmalarından biri sayılan 9-cu Beynəlxalq Gənc Aşpaz Olimpiadasının (Young Chef Olympiad - YCO) qalibi olub və ötən gün mükafatlandırma mərasimi keçirilib. Bu barədə Dövlət Turizm Agentliyinin yaydığı məlumatda deyilir.
Hindistanın Kəlkütə şəhərində keçirilən bağlanış mərasimində Azərbaycan təmsilçisinə qızıl kubok və pul mükafatı təqdim olunub.
“CASA” Kulinariya Mərkəzinin məzunu olan Emil Zeynalzadənin qatıldığı olimpiadada dünyanın 53 ölkəsindən olan iştirakçılar “Dünyanın ən yaxşı gənc aşpazı” adı uğrunda yarışıblar.
Müsabiqənin finalına Azərbaycanla yanaşı, İngiltərə, Fransa, Hindistan, Malayziya, Hollandiya, Yeni Zelandiya, Sinqapur, Tailand və ABŞ-dan aşpazlar vəsiqə qazanıblar.
Müsabiqədə ikinci yerə Tailand, üçüncü yerə isə Hindistan nümayəndəsi layiq görülüb.
Qeyd edək ki, Dövlət Turizm Agentliyi milli mətbəx nümunələrimizin təbliği, Azərbaycanın qastronomiya destinasiyası kimi tanıdılması, kulinarların təhsil səviyyəsinin yüksəldilməsi istiqamətində işləri davam etdirməkdədir.
Ötən il DTA-nın dəstəyi ilə beynəlxalq standartlar əsasında aşpazlardan ibarət yeni milli komanda yaradılıb.
“Ədəbiyyat və incəsənət”
(10.02.2023)
Günün fotosu: Ərdoğan fəlakət zonasında bəyanat verdi
Günün fotosu: Ərdoğan fəlakət zonasında bəyanat verdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fəlakət zonasında - Hatayda ikən hakimiyyəti zəlzələ zamanı qabaqlayıcı tədbirlər görməməkdə qınayanlara belə bir cavab verdi: “Bu miqyasda dəhşətli bir fəlakəti axı necə qabaqcadan görmək olardı?”
Son məlumata sayı artıq 15 mini keçib.
Foto: AP
“Ədəbiyyat və incəsənət”
(10.02.2023)
Şuşanın Poçt binasının təmiri aktuallaşır
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tender elan edib
Mədəniyyətin bir qolu da şəhərsalmadır, memarlıqdır. Gözəlimiz Şuşanın bərpası, dağıdılmış binalarının restovrasiyası çox aktualdır.
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi Şuşa şəhərində yerləşən keçmiş poçt binasının əsaslı təmiri işlərinin satınalınması üzrə açıq tender elan edib. Bu, Qoruğu İdarəsinin yaydığı rəsmi məlumatdır.
Tenderdə iştirak etmək arzusunda olan şirkətlər 2023-cü il martın 16-dək hüquqi sənədləri, aprelin 3-dək isə təklifi və təklifin təminatı sənədlərini Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə yollaya bilərlər.
“Ədəbiyyat və incəsənət”
(10.02.2023)
Sabah Musiqili Teatr “Sehrli nəğmə” ilə azyaşlı tamaşaçıları sevindirəcək
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının azyaşlı və gənc tamaşaçılar üçün hazırladığı yeni səhnə əsərlərindən olan “Sehrli nəğmə” tamaşası nümayiş olunacaq.
“Cartier Evi”nin əməkdaşlığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə ərsəyə gələn səhnə əsəri fevralın 11-də saat 12:00-da teatrsevərlərin ixtiyarına veriləcək.
Rusiyanın Moskva və Sankt-Peterburq şəhərlərindən olan teatr mütəxəssislərinin hazırladığı tamaşanın bəstəkarı Diana Hacıyeva, libretto müəllifi dramaturq Polina Korotıç, quruluşçu rejissoru Anton Morozovdur.
Süjet xəttinin əsasında ümumbəşəri mövzu dayanan bu tamaşada əsərin baş qəhrəmanı xəyalən öz nağıl dünyasından real aləmə keçid etməkdə çətinlik çəksə də, sonradan hər işin öhdəsindən çox asanlıqla və böyük məharətlə gəlir. Bu çək-çevirli, imtahanlı dünyanın möcüzəli səyahətlərində ona Ana laylası bələdçilik edir. Tamaşanın süjet xəttinin rəngarəngliyi fonunda əsas məqsəd insan həyatını poetik çalarlarla göstərmək və özünüdərk məfhumunu aşılamaqdır.
Layihənin art direktoru Miroslav Bayda, yaradıcı prodüseri Anastasiya Şevçenko, icraçı prodüseri Yelizaveta Lyubimova, folklor üzrə məsləhətçiləri Fərhad Fərzəli, Mariya Nəzərova, əsərin bədii tərcüməsinin müəllifi isə Aytən İsmixanovadır.
Tamaşanın ideya müəllifi və yaradıcı direktoru Viktoriya Motornyuk, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, bədii tərtibatçısı və geyim üzrə rəssamı Alina Korıtova, rəqslərin quruluşçusu, xoreoqraf Maks Petrov, işıq üzrə rəssamı Konstantin Binkin, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Prezident təqaüdçüsü Kamil Həsənov, rejissor assistenti Afər Tağıyevadır.
Səhnə əsərində Əməkdar artistlər Ələkbər Əliyev, İqrar Salamov, aktyorlar Gülnarə Abdullayeva, Ülviyyə Əliyeva, Hüseyn Əlili, Zaur Əliyev, Diana Hacıyeva, Nigar Qarayeva, Ofeliya Məmmədova, Hidayət Əliyev, Murad Əliyev, Adelin Öztürk, Əli Kərimov, xor artistləri Elşad Qasımov, Fatimə Vəliyeva, balet artistləri Kamran Həsənov, Mehrac Talıbzadə, Aynurə Əsgərova, Yaqub Bəhramov, Roman Krasnov, Məhəmməd Abdullayev, Elvira Əzizova, Anna Cabbarova, Mətanət Rəcəbli və Cəmilə Mənsurova iştirak edəcəklər.
Tamaşada səsləndirilən laylaların musiqiləri Əməkdar incəsənət xadimi Zakir Bağırova, sözləri isə Xalq şairi Bəxtiyar Vahabzadəyə aiddir.
Biletləri şəhərin bütün teatr-konsert kassalarından, "ASAN xidmət” mərkəzlərindən, eləcə də "İticket.az" saytından əldə etmək olar.
“Ədəbiyyat və incəsənət”
(10.02.2023)
Füzuli rayonunun mədəni sərvətləri toplanıb
Hər bir xalq keçmişini gələcəyi üçün daşımağa borcludur. Bu işdə arxivlər böyük rol oynayırlar. Milli Arxiv İdarəsinin tabeliyində fəaliyyət göstərən Dövlət Səs Yazıları Arxivi “Qarabağa gedən yol silsiləsindən... Füzuli rayonu” adlı videoxülasə-toplu hazırlayıb və bu iş yetərincə diqqətçəkəndir.
Sözügedən videoxülasədə Füzuli rayonunun işğaldan öncə mədəni həyatı, işğal dövrü və işğaldan azad olunduqdan sonra görüntüləri yer almaqla bərabər, bu qədim yaşayış məskəninin xalqımıza bəxş etdiyi sənətkarlar, mədəniyyət xadimləri, onların fəaliyyəti haqqında geniş məlumat verilir.
Təqdim edilən media resurs adıçəkilən arxivdə daimi mühafizə edilən fono və videosənədlər əsasında hazırlanıb.
Adıçəkilən videoxülasə-toplu ilə İdarənin rəsmi yutub kanalından tanış olmaq mümkündür.
Füzulinin sağ əli digər rayonlarımızın başına.
Füzuli rayonunun yetirdiyi məşhur mədəniyyət xadimləri çoxdur, onlardan biri də dəyərli yazıçımız Seyran Səxavətdir. Yazıya şəkil qoyarkən düşündük ki, məhz onun şəklini qoyaq.
“Ədəbiyyat və incəsənət”
(10.02.2023)
“Kəşflər vaxtıdır” fotosərgisi açılıb
Bakıdakı Rus evində “Kəşflər vaxtıdır” fotosərgisinin açılışı olub. Tədbir “Qafqaz” beynəlxalq fotoklubu tərəfindən təşkil edilib.
Bu barədə Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən bildiriblər.
Rusiyanın Nijni Novqorod şəhərindən olan tanınmış fotorəssam, “35AWARDS” beynəlxalq fotomükafatına layiq görülən Stanislav Kaznov qonaqlara öz əl işləri, ekstremal vəziyyətlərdə fotoçəkiliş və sərgidə təqdim olunan kadrların çəkildiyi Rusiyanın regionlarına ekspedisiyalar haqqında söhbət açıb.
Sərgi fevralın 19-dək davam edəcək.
“Ədəbiyyat və incəsənət”
(10.02.2023)
Sabah “Don Kixot” baleti nümayiş olunacaq
Fevralın 11-də Akademik Opera və Balet Teatrında görkəmli avstriyalı bəstəkar Lüdviq Minkusun üçpərdəli “Don Kixot” baletinin nümayişi nəzərdə tutulur.
Əsas rolları teatrın aparıcı solistləri Ayan Eyvazova, Timur Oduşev, Faiq Qubatov və Emil Əzizov ifa edəcəklər. Libretto müəllifi Marius Petipa olan balet Orxan Həşimov tərəfindən idarə olunacaq.
Don Kixotun otağında xidmətçiləri hesab edirlər ki, ağaları cəngavər romanlarını çox oxuduğundan ağlını itirib. Don Kixot otağa daxil olur. O həmişəki kimi cəngavər romanı oxuyur və qəhrəmanların halına acıyır...
Məşhur romandan ilhamlanaraq ərsəyə gələn bu balet şənbə günü üçün əvəzolunmaz istirahətə çevriləcək.
Biletlər teatrın kassası ilə yanaşı, şəhərin bütün kassalarından və iticket.az saytından əldə etmək olar.
“Ədəbiyyat və incəsənət”
(10.02.2023)
Xalq artisti Aleksandr Şarovski “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib
Prezident İlham Əliyev fevralın 9-da Xalq artisti Aleksandr Şarovskinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Fəxri diplom A.Şarovskiyə Azərbaycanda teatr sənətinin inkişafındakı uzunmüddətli səmərəli fəaliyyətinə görə verilib.
Qeyd edək ki, Azərbaycan Dövlət Rus Dram Teatrının baş rejissoru olan Aleksandr Şarovski ötən illər ərzində səhnədə 50-dən çox obraz yaradıb, 4 kinofilmdə çəkilib, 54 tamaşaya quruluş verib.
Xalq artisti həm də Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının üzvüdür.
“Ədəbiyyat və incəsənət”
(10.02.2023)
Heç kəs unudulmur…
NƏSİMİ İCRA HAKİMİYYƏTİNDƏN GÖZƏL TƏŞƏBBÜS
2020-ci ilin payızında 44 gün davam edən Vətən müharibəsi torpaqlarımızın işğaldan azad edilməsi ilə yanaşı, xalqımızın milli həmrəyliyinin, Vətən üçün canını qurban verən igidlərin qəhrənamlığının nümayişinə çevrildi. Üç minə yaxın igid düşmənlə ölüm-dirim savaşında şücaət göstərərək şəhidlik zirvəsinə ucaldı. İndi həmin igidlərin adı hamı üçün müqəddəs ünvan, hörmət və ehtiram mənbəyidir. Paytaxtın Nəsimi rayonunda onların adlarının əbədiləşdirilməsi üçün ardıcıl tədbirlər görülür...
Rayon icra hakimiyyətinin açıqlamasına görə, Prezident İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Qarabağ” ordeni ilə təltif olunmuş baş leytenant Abdullayev İbrahim Habil oğlunun, “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuş kapitan Babaxanov Elman Ağamirzə oğlunun, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuş mayor Cəfərov Ruslan Gündüz oğlunun, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuş əsgər Tarıverdiyev Nicat Şöhrət oğlunun adı rayonun inzibati ərazisində yerləşən küçələrə verilib.
“Ədəbiyyat və incəsənət”
(10.02.2023)