Super User

Super User

 

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Fikrət Əmirov 100” Musiqi Festivalı çərçivəsində, Gəncə Şəhər İcra Hakimiyyətinin, Gəncə Regional Mədəniyyət İdarəsinin, F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının dəstəyi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təşkilatçılığı ilə Gəncə Dövlət Filarmoniyasında Azərbaycanın görkəmli bəstəkarı Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş “Sevil” (proloqla birlikdə 2 pərdəli opera) tamaşası təqdim edilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Türkiyə Respublikasının Gəncədəki Baş konsulu Zeki Öztürk, şəhər ictimaiyyəti iştirak edib.

Qeyd edək ki, tamaşanın bədii rəhbəri, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı, professor Fərhad Bədəlbəyli, dirijoru, beynəlxalq müsabiqənin laureatı Orxan Həşimov, rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyev, rəssamı, Xalq rəssamı Tahir Tahirov, xormeysteri, Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, baletmeysteri, Əməkdar incəsənət xadimi Yulana Əlikişizadə, konsertmeysteri Nüşabə İsadır.

Rolları Xalq artisti Azər Zeynalov, Əməkdar artistlər İnarə Babayeva, Tural Ağasıyev, vokalçılar Taleh Yahyayev, Fatimə Cəfərzadə, Nina Makarova, Urfan Cəfərov, Esmira Məmmədova, Nəzər Bəylərov və başqaları canlanıdırblar.

Çərşənbə, 16 Noyabr 2022 11:00

“Kurtlar Vadisi” geri dönür

 

Türkiyənin məşhur seriallarından olan "Kurtlar Vadisi" geri dönür. “Ədəbiyyat və incəsənət” portalı “qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə serialın baş qəhrəmanı, "Polat Alemdar" obrazını canlandıran Necati Şaşmaz "TRT Music"in efirində qonaq olarkən deyib.

 

"Hazırda hazırlıq işləri gedir. Yanvar ayında çəkilişlərə başlamağı düşünürük. Ömrümün 20 ili bu serialla keçdi. Dəyərli, lakin çox yorucu işdir. Fikirləşdik ki, bir az ara verməliyik. İndi yenidən serial tələb olunmağa başlayıb" - deyə N.Şaşmaz bildirib.

Çərşənbə, 16 Noyabr 2022 10:00

Bakı Caz Festivalına start verilib

 

Cari ilin sentyabr ayında keçirilməsi planlaşdırılan Bakı Caz Festivalı təxirə salınaraq noyabr ayına keçirilmişdi. Dünən başlanan və noyabrın 20-dək davam edəcək bu musiqi janrının pərəstişkarlarının gözlədiyi dinamik festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə baş tutur.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, yenilənmiş proqram tanınmış xarici ifaçıların, dünya caz ulduzlarının adları ilə seçilir.

Bu, ilk növbədə, Grammy mükafatı laureatı, isveçrəli ifaçı Qreqori Maretdir. Dünın “Bakı Caz Festivalı – 2022” çərçivəsində Qreqori Maret Azərbaycan musiqiçiləri ilə birgə çıxış edib. Unikal layihədə Azərbaycan tərəfini parlaq gənc pianoçu Elbəy Məmmədzadə təmsil edib. 

Bu gün braziliyalı musiqiçi Eloiza Lourenso maraqlı proqramla çıxış edəcək, daha sonra festival günləri hollandiyalı virtuoz pianoçu Mayk Del Ferronun, İsrailin Yogef Şetrit qrupunun, alman eksperimental caz vokalçısı Mixael Şifelin qrupunun konsertləri ilə davam edəcək. “Bakı Caz Festivalı – 2022”-nin proqramını əfsanəvi Kenni Uilerin yeni “Sweet Time Suite” tamaşasının solisti seçilmiş gitaraçı Federiko Kasaqrande və truba ifaçısı Fulvio Siqurtanın italyan dueti bağlayacaq.

Noyabrın 17-də gənc caz ifaçıları üçün illik “I am Jazzman” müsabiqəsinin ikinci turu, noyabrın 19-da Beynəlxalq Muğam Mərkəzində müsabiqənin qaliblərinin mükafatlandırılması və “Ekalogic”in yekun konserti keçiriləcək.

Bakı Caz Festivalı ənənəvi olaraq öz pərəstişkarlarına geniş proqram təqdim edir, burada konsertlərdən əlavə, incəsənət sərgiləri və caz mövzulu kino günləri təşkil olunur. Noyabrın 17-də QGallery-də “Dancing Jazz” sərgisinin açılışı nəzərdə tutulub.

Növbəti maraqlı tədbir “YARAT” Yaradıcılıq Mərkəzində caz əfsanəsi Maylz Devis haqqında filmin təqdimatı olacaq.

 

Festival haqqında ətraflı məlumatı bakujazzfestival.com saytından əldə etmək mümkündür.

 

"Şuşa İli" ilə əlaqədar Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən “Şuşa - Qarabağın dünəni, bu günü, sabahı” adlı layihə davam edir.

 

“Ədəbiyyat və incəsənət” portalı muzeyin mediaya açıqlamasına istinadən xəbər verir ki, layihə çərçivəsində bugünkü təqdimat Şuşada dövlətin müstəqillik atributlarından biri olan pul vahidinə həsr olunub.

XVIII əsrin ortalarında paytaxtı Şuşa qalasına köçən Qarabağ xanlığı da öz pulunu dövriyyəyə buraxıb. Xanlıq qalaya köçəndən sonra Pənahəli xanın göstərişi ilə yaradılan zərbxanada pul kəsilməyə başlanılıb. Qarabağ xanlığının təkcə pul yox, çəki və ölçü vahidləri də olub.

Qarabağ xanlığının pul vahidi və dövlət atributlarından biri olan “pənahabadi” Pənahabbadda (Şuşada) kəsilir və şəhərin adı ilə adlandırılırdı, xalq arasında “pənabad”, yaxud “pənavat” da deyilirdi. Pənahabadi bir misqal vəzində, çar Rusiyasının köhnə gümüş pulu ilə 5 qəpik dəyərində və İran pulu ilə yarım qran olan gümüş pul idi. Sikkənin bir üzündə “pənahabadi”, o biri üzündə isə “La İlahə illəllah və Muhəmmədun rəsulullah” sözləri yazılmışdı.

“Pənahabadi”nin 6-sı bir manat, 8-i isə “Qarabağ tüməni” adlanırdı. Eyni zamanda, bu pul “təklik” və “cütlük” ilə 30 qəpik hesab olunurdu. “Pənahabadi” demək olar ki, bütün Azərbaycan xanlıqlarında və Yaxın Şərq ölkələrində dövriyyə vasitəsi kimi işlənirdi, iqtisadi əlaqələr və ticarətin inkişafında əsas vasitəyə çevrilmişdi. XVIII əsrin ortalarından dövriyyə buraxılmağa başlayan “pənahabadi” XX əsrin 30-cu illərinə qədər Yaxın Şərq ölkələrində və Orta Asiyada pul vahidi kimi işlənirdi.

Qarabağda pul vahidi olan “sahibqran” Şuşada kəsilirdi. İran hökmdarı Ağa Məhəmməd şah Qacarın Şuşada qətlindən sonra İbrahimxəlil xan Cavanşir ədəb qaydasında və İranla münasibətləri yoluna qoymaq üçün “sahibqran” -35,5 qəpik dəyərində gümüş pul kəsdirməyə başladı. “Sahibqıran” bəzi hökmdarların, o cümlədən də Əmir Teymurun titulu idi. Qarabağ xanlığında həmin pul İran hökmdarı Fətəli xan Qacarın şərəfinə “Fətəlişahi” da adlandırılırdı.

 

Noyabrın 15-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Fikrət Əmirovun 100 illik yubileyi münasibətilə konsert proqramı təqdim olunub.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, gecədə Xalq artisti Ağaverdi Paşayevin dirijorluğu ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri orkestri çıxış edib.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas, Əməkdar mədəniyyət işçisi, Fikrət Əmirov yaradıcılığı haqqında bir neçə monoqrafiya və sənədli filmin müəllifi Səadət Təhmirazqızı bəstəkarın yaradıcılığından söz açıb. Bildirib ki, Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli simalarından olan Fikrət Əmirov musiqinin demək olar ki, bütün janrlarına müraciət edərək çox dəyərli sənət əsərləri yaradıb. Onun əsərləri musiqi tariximizin parlaq səhifələridir. Bu əsərlər öz bədii məzmunu, etik əhəmiyyəti, yüksək fəlsəfi və psixoloji cəhətləri ilə həmişə aktualdır. Çünki bəstəkarın zəngin və rəngarəng yaradıcılığının əsas qayəsi milli üslubda professional musiqi əsərləri yaratmaqdır. Bütün yaradıcılığı boyu bu ideyaya sadiq qalan Fikrət Əmirov hətta bu istiqamətdə yeni bir janr da yaradıb ki, bu da dünya musiqisində heç bir analoqu olmayan simfonik muğam janrıdır. 

“Bəstəkarın özünəməxsus musiqi dili olduğuna görə onun simfonizmi çox möhtəşəmdir. Bunun da əsas səbəbi bəstəkarın milli musiqini dərindən bilməsi və onu Qərb musiqi alətlərinin dilinə çevirmək bacarığından irəli gəlir. Bu cəhətlər Fikrət Əmirovun bütün əsərlərində sanki qırmızı xətlə keçir. Böyük bəstəkar xalq musiqimizə, sadəcə, bəstəkar kimi deyil, onun keşiyində duran və onu qoruyan, yaşadan bir sənətkar kimi yanaşıb. Buna görə də ölməzlik qazanıb”, - deyə Səadət Təhmirazqızı vurğulayıb.

Daha sonra konsert proqramı təqdim olunub. Xalq artistləri Yeganə Axundova (fortepiano), Teyyub Aslanov (xanəndə), Respublika və beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Lalə İbrahimova (soprano) çıxış ediblər. Orkestrin ifasında bəstəkarın “1001 gecə” baletindən “Şəhrizadın bayramı”, “Sevil” operasından Dilbərin ariyası, H.Cavidin “Şeyx Sənan” dramından “Kor ərəbin mahnısı”, Kürdi-Ovşarı simfonik muğamından fraqment, fortepiano və Xalq Çalğı Alətləri Orkestri üçün 3 hissəli konserti təqdim edilib.

Fikrət Əmirov yaradıcılığının şedevr nümunələri tamaşaçıların alqışları ilə qarşılanıb.

 

Xəbər verdiyimiz kimi, noyabrın  15-də XVII Bakı Beynəlxalq Caz Festivalı başlayıb. Festivalın açılış mərasimi ADA Universitetində keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən  xəbər verir ki, açılış mərasimində Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, respublikanın mədəniyyət ictimaiyyətinin nümayəndələri, caz musiqisi həvəskarları iştirak ediblər.

Konsertdən öncə Bakıda caz festivallarının tarixinə nəzər salınıb. Qeyd olunub ki, Bakıda ilk dəfə Caz Festivalı sovet dövründə -1967-ci ildə keçirilib. 

Diqqətə çatdırılıb ki, Bakı Beynəlxalq Caz Festivalı ənənəvi olaraq öz pərəstişkarlarına geniş proqram təqdim edir, burada konsertlərdən əlavə, incəsənət sərgiləri və caz mövzulu kino günləri təşkil olunur. Bu il istedadlı müasir rəssam Ramina Saadathan rəsmlər yaratdı və onları “Rəqs edən Caz” adlı layihədə birləşdirdi. Sərgidə tamaşaçılar caz sədaları altında yaradılmış bu rəsmlərə baxa biləcəklər. Noyabrın 17-də “QGallery”də “Dancing Jazz” sərgisinin açılışı olacaq. 

Növbəti maraqlı tədbirlərdən biri tanınmış kinoşünas Ülvi Mehdinin aparıcılığı ilə YARAT Yaradıcılıq Mərkəzində caz əfsanəsi Maylz Devis haqqında filmin təqdimatı ilə yadda qalacaq. 

XVII Bakı Beynəlxalq Caz Festivalının proqramı musiqi və incəsənətin parlaq elementlərindən yığılmış möhtəşəm “tapmaca” olacaq və payız mövsümünü gözəl şəkildə tamamlayacaq.

Vurğulanıb ki, XVII Bakı Beynəlxalq Caz Festivalının açılış mərasiminin ADA Universitetində keçirilməsi təsadüfi deyil. ADA Universiteti gənclərin, tələbələrin inkişafı üçün bir çox layihələr həyata keçirir. 

Sonra festivalın yaradıcılarından biri olan tanınmış cazmen, saksofon ifaçısı, Əməkdar artist Rain Sultanov tamaşaçıları salamlayıb, onlara gözəl axşam arzulayıb. 

Açılış mərasimində çıxış edən ADA Universitetinin rektoru Hafiz Paşayev vurğulayıb ki, ənənəvi caz festivalının ilk dəfə ADA Universitetində açılışı böyük şərəfdir. Hafiz Paşayev, həmçinin caz musiqisi ilə tanışlığına dair xatirəsini tədbir iştirakçıları ilə bölüşüb. ADA Universitetinin rektoru tədbirə gələn hər kəsə təşəkkürünü bildirib. 

Tədbirdə mədəniyyət naziri Anar Kərimov Bakı Beynəlxalq Caz Festivalının gözəl bir ənənəyə çevrilməsindən söz açıb. O, builki festivalın açılış mərasiminin ADA Universitetində keçirildiyi üçün rektor Hafiz Paşayeva minnətdarlığını bildirib. Nazir qeyd edib ki, builki festivalda gənclər üçün xüsusi yer ayrılıb. Festival çərçivəsində onlar arasında müsabiqə də keçiriləcək. Eyni zamanda, sərgi və film nümayişi olacaq. Bakı Beynəlxalq Caz Festivalının coğrafiyası ildən-ilə böyüyür. Bu il də Almaniyadan, İsveçrədən, İtaliyada, İsraildən, Braziliyadan və digər ölkələrdən ifaçılar çıxış edəcəklər. Əminik ki, festival Azərbaycanda olan caz ənənələrini daha da inkişaf etdirəcək. 

Festivalın açılışında, həmçinin Braziliyanın Azərbaycandakı səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz çıxış edərək burada olmasından məmnunluğunu söyləyib və tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.

Daha sonra “Grammy” mükafatı laureatı, isveçrəli ifaçı Qreqori Maret konsert proqramı ilə çıxış edib. O, Azərbaycan musiqiçiləri ilə eyni səhnəni bölüşüb. Unikal layihədə Azərbaycan tərəfini parlaq gənc pianoçu Elbəy Məmmədzadə təmsil edib.

Qeyd edək ki, son onillikdə Qreqori müasir caz dünyasının geniş spektrində unikal və cəlbedici səsə çevrilib.

 

Gənc yaşlarında dünyasını dəyişən Türkiyə rok sənətçisi Barış Akarsunun həyatından bəhs edən "Barış Akarsu Merhaba" filmi noyabrın 17-də tamaşaçılara təqdim olunacaq. Biletlər artıq www.parkcinema.az saytında satışdadır.

 

“Ədəbiyyat və incəsənət” portalı milli.az-a istinadən xəbət verir ki, filmin aktyor heyətində İsmail Ege Şaşmaz, Almila Ada, Şafak Pekdemir, Burak Satıbol, Ebru Nil Aydın, Aslıhan Kapanşahin, Metin Coşkun və Hüseyin Avni Danyal kimi adlar yer alacaq. Aktyor İsmail Ege Şaşmaz Barış Akarsuya həyat verəcək.

Fikri Fikir Production və Aytaç Media tərəfindən istehsal olunan film Türkiyə ilə yanaşı daha 23 ölkədə yayımlanacaq. Filmin ssenari müəllifi Mert Dikmen və Can Anardır.

Həmçinin Barış Akarsunun sağ ikən yazıb amma tamamlaya bilmədiyi mahnısı "Merhaba" İsmail Ege Şaşmaz tərəfindən ifa olunub film ilə bərabər tamaşaçılara təqdim olunacaq. "Merhaba" mahnısından əldə olunan gəlir Akarsunun sağlığında da dəstək verdiyi Leykemiya xəstəliyi ilə mübarizə aparan uşaqların müalicəsi üçün bağışlanacaq.

Azərbaycan tamaşaçıları filmi Park Cinema kinoteatrlar şəbəkəsinin Park Bulvar, Metro Park, Alov Qüllələri, Aygün Mall və Zagulba Mall-da izləyə biləcəklər.

Biletləri əldə etmək üçün www.parkcinema.az saytına keçid edə bilərsiniz.

 

İngiltərənin paytaxtı Londonda Bonhams Hərrac Evində keçirilən “Rock, Pop & Film Sale Photocall” hərracında "Willy Wonka & The Chocolate Factory" filminin qızıl bileti satışa çıxarılıb. 

 

“Ədəbiyyat və incəsənət” portalı Qərb mətbuatına istinadən xəbər verir ki, yarım əsrlik kino biletinin 12 min funt sterlinqə (təxminən 24000 manata) alıcı 

tapacağı gözlənilir.

Hərrac davam edir. Tədbirdə Led Zeppelinin konsert posteri də nümayiş etdirilib. Posterin isə 30-40 min funt sterlinqə satılacağı ehtimal olunur.

Çərşənbə, 16 Noyabr 2022 10:30

Günün fotosu: Biz çoxalırıq və qocalırıq

Günün fotosu: Biz çoxalırıq və qocalırıq

 

Planetin 8 milyardıncı insanı dünyaya gəldi. Cəmi 12 il ərzində planet əhalisi 1 milyard nəfər artdı. 

Amma 1 milyard əhali həddinə çatmaq üçün bəşəriyyət milyon il gözləməli olub, bu sayda əhali sayı məhz 19-cu əsrin əvvəlində qeydə alınıb.

O da var ki, planet əhalisinin orta yaş həddi günbəgün artmaqdadır. 

 

Foto: Euronews

Bəzən şairlər öz əvvəlki şeirlərini paylaşmağa səbəb tapmaqda çətinlik çəkirlər. Amma sevilən şairimiz Vaqif Bəhmənli üçün bu səbəb rahatca tapılıb. O, öz facebook səhifəsində yazır:

“Hava olduqca təmiz və çox gözəldi. Elə bilirəm, qarşıda məni hansısa böyük bir bəxtiyarlıq ğözləyir. Bəlkə elə bu qəribə ovqat səbəbindən 3 sevgi şeirimi paylaşmağa cəsarət elədim. Şeirlər Vaqif Bəhmənli, “Əsərlər”, 3-cü cilddəndir.”

Həmin şeirlərlə biz də oxucularımızı tanış etmək istəyirik. Qoy saf sevgi ovqatı çilənsin ruhumuza. 

 

 

1. Sevgi şeirlərimi

 

Bal eləyib dilimi

yazdım ömrün yazında.

Yoluşdurub telimi

yelə verdim... yazanda

sevgi şeirlərimi...

 

Doyulmaz dadla-tamla

çəkilib bir qırağa

gözümdən damla-damla

ələdim ağ varağa

sevgi şeirlərimi...

 

Söz dinirdi dərində,

Sevənə döz deyirdi,

Xatirə dəftərində

qızılgül bəzəyirdi

sevgi şeirlərimi.

 

Anası izləyirdi,

qız düşürdü təlaşa

Çaparaq gizləyirdi

alt üzündə balışın

sevgi şeirlərimi.

 

Bəyənir Kərəm lələ,

Məcnun da qollayırdı.

Oğlan xətt sala-sala

yarına yollayırdı

Sevgi şeirlərimi.

 

Yar sözümə qızıl dən,

gülab axdı, deyirdi...

Elə bil ürəyimdən

tikan çıxdı, deyirdi

sevgi şeirlərimə.

 

İndisə çəkib ahı

başın sallayıb dinmir...

Başıma kül, İlahi,

Arvadım da bəyənmir 

sevgi şeirlərimi!

 

 

2. Amma, ancaq, və, lakin

 

Ovum gəlir hədəfə...

amma, ancaq, və, lakin...

Bu dəfə, bax bu dəfə...

amma, ancaq, və, lakin...

 

Qonhaqonda çaparaq

gül üstünə kəpənək 

qopur qəfilcən külək - 

amma, ancaq, və, lakin...

 

Ruhum avara gəzir,

“yar” deyib cara gəzir,

gəzir, dübarə gəzir - 

amma, ancaq, və, lakin...

 

Gələn kimdi, yar ola,

Bağçasında bar ola,

Küllü-ixtiyar olam -  

amma, ancaq, və, lakin...

 

Demə bir səfil batır,

Dərya gözdə fil batır.

Yarı görcək dil batır -

amma, ancaq, və, lakin...

 

Sevmək deyil ki, dərd, döz!

Boylanıb qalma dördgöz.

Bəlkə çarmıxdı dörd söz -

amma, ancaq, və, lakin?

 

...Qəlbimi əzirsiniz – 

Çox da ki, əzizsiniz...

Ölsəm qannım sizsiniz,

Amma, Ancaq, Və, Lakin!  

 

 

3. Əlbət

 

Gözümü yaş aparsa,

silib dözərəm əlbət.

Dizimi daş aparsa,

dəlib dözərəm əlbət.

 

Arif xəzinə bilər,

Qəmi yığar ipinə.

Nadan eşqi nə bilər? – 

bilib dözərəm əlbət...

 

Hər qadasın alaram,

“Yox” desə, saralaram...

Arsızlığa salaram,

gülüb dözərəm əlbət.

 

Sübh yeməyim naz olar,

Axşamıma az olar.

Qəm bölünsə azalar – 

bölüb dözərəm əlbət.

 

Günüm dava-şavalı,

Ollam başı havalı;

Götürərəm qavalı,

çalıb dözərəm əlbət.

 

Yalandı, kiri, dözməz;

Milyonda biri dözməz...

Bu dərdə diri dözməz,

Ölüb dözərəm əlbət!

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.