Avtobusun yolunu kəsən meyxanaçı Balaəli cərimələnib

Ən çox oxunan mədəniyyət xəbəri əfsus ki, neqativ xəbərdir: Məşhur meyxanaçı Balaəli yolun hərəkət hissəsində avtomobilini saxlayaraq mağazaya gedib. Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. 

 

Görüntülərdən məlum olur ki, Balaəli idarə etdiyi “Range Rover” markalı avtomobilini saxlayarkən, arxada marşrut avtobusunun olmasına və onu gözlətməsinə əhəmiyyət verməyib. Məlumata görə, hadisə Qara Qarayev prospektində olub. Onun bu hərəkəti sosial şəbəkədə qınaq obyektinə çevrilib.

 

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Lent.az-a meyxanaçının bu hərəkətinin məsuliyyətsizlik olduğunu deyib:

“Təbii ki, bu hərəkət məsuliyyətsizlikdir. Hər zaman demişik, bu cəmiyyətdə azdan-çoxdan tanınanlar nümunəvi hərəkətlər etməyə çalışmalıdırlar. Avtobusda gözləyənlər də bizim vətəndaşımızdır, onu yersiz yerə gözlətdirən də… Qanun isə hamıya bərabər hüquqlar verib. Bu əmələ görə 20 manat cərimə nəzərdə tutulub. Bəlkə də qara “Range Rover” sürənə bu elə də böyük məbləğ deyil. Amma azı 80 adamı yolda gözlətmək və arxada sıxlıq yaratmaq, kimlərinsə həyatını çətinləşdirmək isə cərimə ilə yox, ictimai məsuliyyətlə ödəniləcək mənəvi öhdəlikdir. Bunun üçün ətrafdakılara hörmətlə yanaşmaq lazımdır”.

Polis mayoru təəssüflə qeyd edib ki, bu kimi hadisələr paytaxtın bəzi yerlərində də təkrarlanır:

“Bəzi restoranlar var ki, onların qarşısında bahalı avtomobillər qanunsuz parklanır. Əməkdaşlarımız onları qeydə alanda harınlıq edərək, “20 manatdır da, çəkirsən çək, verəcəyəm” deyirlər. Həmin bahalı maşın sahiblərini çox azı istisna olmaqla qardaş Türkiyəyə yardım göndərilən ünvanlarda görmədik”.

 

“Ədəbiyyat və incəsənət”

(09.02.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.