Azərbaycan Dövlət Akademik Musiqili Teatrının azyaşlı və gənc tamaşaçılar üçün hazırladığı yeni səhnə əsərlərindən olan “Sehrli nəğmə” tamaşası nümayiş olunacaq.
“Cartier Evi”nin əməkdaşlığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə ərsəyə gələn səhnə əsəri fevralın 11-də saat 12:00-da teatrsevərlərin ixtiyarına veriləcək.
Rusiyanın Moskva və Sankt-Peterburq şəhərlərindən olan teatr mütəxəssislərinin hazırladığı tamaşanın bəstəkarı Diana Hacıyeva, libretto müəllifi dramaturq Polina Korotıç, quruluşçu rejissoru Anton Morozovdur.
Süjet xəttinin əsasında ümumbəşəri mövzu dayanan bu tamaşada əsərin baş qəhrəmanı xəyalən öz nağıl dünyasından real aləmə keçid etməkdə çətinlik çəksə də, sonradan hər işin öhdəsindən çox asanlıqla və böyük məharətlə gəlir. Bu çək-çevirli, imtahanlı dünyanın möcüzəli səyahətlərində ona Ana laylası bələdçilik edir. Tamaşanın süjet xəttinin rəngarəngliyi fonunda əsas məqsəd insan həyatını poetik çalarlarla göstərmək və özünüdərk məfhumunu aşılamaqdır.
Layihənin art direktoru Miroslav Bayda, yaradıcı prodüseri Anastasiya Şevçenko, icraçı prodüseri Yelizaveta Lyubimova, folklor üzrə məsləhətçiləri Fərhad Fərzəli, Mariya Nəzərova, əsərin bədii tərcüməsinin müəllifi isə Aytən İsmixanovadır.
Tamaşanın ideya müəllifi və yaradıcı direktoru Viktoriya Motornyuk, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, bədii tərtibatçısı və geyim üzrə rəssamı Alina Korıtova, rəqslərin quruluşçusu, xoreoqraf Maks Petrov, işıq üzrə rəssamı Konstantin Binkin, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Prezident təqaüdçüsü Kamil Həsənov, rejissor assistenti Afər Tağıyevadır.
Səhnə əsərində Əməkdar artistlər Ələkbər Əliyev, İqrar Salamov, aktyorlar Gülnarə Abdullayeva, Ülviyyə Əliyeva, Hüseyn Əlili, Zaur Əliyev, Diana Hacıyeva, Nigar Qarayeva, Ofeliya Məmmədova, Hidayət Əliyev, Murad Əliyev, Adelin Öztürk, Əli Kərimov, xor artistləri Elşad Qasımov, Fatimə Vəliyeva, balet artistləri Kamran Həsənov, Mehrac Talıbzadə, Aynurə Əsgərova, Yaqub Bəhramov, Roman Krasnov, Məhəmməd Abdullayev, Elvira Əzizova, Anna Cabbarova, Mətanət Rəcəbli və Cəmilə Mənsurova iştirak edəcəklər.
Tamaşada səsləndirilən laylaların musiqiləri Əməkdar incəsənət xadimi Zakir Bağırova, sözləri isə Xalq şairi Bəxtiyar Vahabzadəyə aiddir.
Biletləri şəhərin bütün teatr-konsert kassalarından, "ASAN xidmət” mərkəzlərindən, eləcə də "İticket.az" saytından əldə etmək olar.
“Ədəbiyyat və incəsənət”
(10.02.2023)