Tektonik silahdan söhbət belə gedə bilməz Featured

Azər Əhmədov,

 

ABŞ-da yaşayan alim

 

4-cü sinifdə yaxşı bir təbiətşünaslıq müəllimimiz var idi, əməkdar müəllim Gülarə Babayeva. 5-8-ci siniflərdə bizə coĝrafiya dərsi deyirdi. Kabinetində iri xəritələr asmışdı. Bir dəfə soruşdum ki, müəllim, Cənubi Amerikanın orasıyla Afrikanın burası bir-birinə oxşayır, elə bil ki, birimişlər, qopublar, niyə belədir? 

 

Çox məmnun qalmışdı sualımdan. Gəlib evdə atama da dedim, atam da sevinmişdi ki, belə bir müşahidə edə bilmişəm. Sonralar oxumuşdum ki, ilk dəfə bu müşahidəni edən və Yer səthində tektonik platoların hərəkətdə olması nəzəriyyəsinin əsasını qoyan (continental drifting theory) alman alimi Alfred Wegener (1880-1930) olub, amma o dövr alimlərin çoxu Wegenerin bu nəzəriyyəsinə gülüb onu ələ salırmışlar.

Coĝrafiya dərslərimizdə həm də öyrənmişdim ki, Hindistan təxminən 200 milyon il əvvəl Avstraliyadan (Pangea qitəsindən) qopub uzun bir məsafə qət edərək gəlib Avrasiyaya birləşib, Hindistan platosu Avrasiya platosuna keçib irəlilədikcə Himalay daĝları yaranıb (50 milyon il əvvəl başlamış bu daxilolma hərəkəti hələ də davam edir, Himalay daglarnın hündürlüyü cüzi də olsa hələ də artmaqdadır!). 

Yaxud Avstraliya 30 milyon il əvvəl Antarktikadan qopub aralanıb və s..

Yerdə 7 (yaxud 8 ) əsas tektonik plato, 10-dan artıq daha kiçik platolar, bir xeyli də mikroplatolar var. Bu tektnoik platoların hərəkət səbəbləri mürəkkəbdir, zəlzələlər adətən iki (və daha artiq) platonun təmas nöqtələrində olur. Bu təmasların təbiəti də fərqli-fərqli ola bilir, bundan çox şey asılıdır. Ümumiyyətlə, Yer geoloji cəhətdən çox aktiv bir planetdir, bu aktivlik zəlzələ, vulkan və s. fəlakətlərə səbəb olsa da, bu, həm də o deməkdir ki, Yer canlı bir planetdir, Ay kimi, bəzi digər planetlər/peyklər kimi ölü deyil. Buna biz əslində sevinməlyik. İndiki güney-doĝu Türkiyədə 3 plato görüşür  (Avrasiya, Anadolu və ərəb platoları), bu ərazi seysmik olaraq hər zaman təhlükəlidir. Son 100 ildə 7.8 və daha artıq gücdə zəlzələ elə də çox olmayıb, olanların da bəziləri nisbətən ucqar yerlərdə baş verib, böyük insan tələfatına səbəb olmayıb. Yeri gəlmişkən, Rixter şkalası loqarifmik bir şkaladır, məsələn 8 və 7 balliq zəlzələlərin fərqi 8-in 7-yə nisbəti deyil, bundan xeyli (dəhşətli dərəcədə!) daha artıqdır!  Bununçün Türkiyədəki indiki zəlzələni 2000-ci ildə Bakida baş verən zəlzələ ilə müqayisə etmək doĝru olmaz.  Əlbəttə, daha keyfiyyətli binalar və s. tələfatin az olması demək olardı, amma bu barədə danışarkən 7.8 rəqəminin çox qorxunc olduĝunu yaddan çıxarmayaq gərək.  Hadisədən dərhal sonra Azərbaycandakı bəzi məsuliyyətsiz mətbuat nümayəndələrinin “tektonik silah” barədə yazdıqlarını gördüm. Əminliklə deyirəm ki, belə bir “silah” yoxdur.

 

“Ədəbiyyat və incəsənət”

(13.02.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.