Ədəbiyyata verilən hər bir töhfə qiymətlidir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin birgə layihəsi, “XAN Nəşriyyatı”, eləcə də “Audiokitab”ın əsas tərəfdaşlığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyi və 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Zəfərin uşaqları” adlı hekayə müsabiqəsi elan edilib.
Müsabiqənin əsas tərəfdaşı “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi, sponsoru “Hədəf Şirkətlər Qrupu”dur.
Sözügedən müsabiqənin təşkilində əsas məqsəd uşaq hüquqlarının qorunmasını ədəbiyyat mövzusuna çevirməklə ictimaiyyətə bədii formada çatdırılması, özündə gender bərabərliyinə əsaslanan sosial məsuliyyəti, uşaq və yeniyetmələrin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi, hüquqlarının müdafiəsi barədə informasiyanı ehtiva edən əsərləri ərsəyə gətirməklə əhalinin maarifləndirilməsi, yaradıcılıq potensialı olanları müsabiqəyə cəlb etməklə yeni hekayələrin yazılmasına stimul verilməsidir. Müsabiqə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub və Ulu Öndər Heydər Əliyevin Azərbaycanda uşaq hüquq və azadlığına dair yürütdüyü uğurlu siyasətin davamını ifadə edir.
Müsabiqənin şərtləri, hekayələrin mövzusu uşaq hüquqlarının müdafiəsini, cəmiyyətin müxtəlif çevrələrində gender bərabərliyinin pozulmasından irəli gələn ictimai məsuliyyəti, boşanmaların, əsasən, ailədəki uşaqlara vurduğu psixoloji zərbələri, yaratdığı mənəvi böhranları, eləcə də bu istiqamət üzrə digər aktual məsələləri əhatə etməlidir. Hekayələr daha əvvəl heç bir yerdə çap olunmamalı və yayımlanmamalıdır. Müsabiqəyə həcmi 2.000 (iki min) işarədən az, 20.000 (iyirmi min) işarədən artıq olmayan hekayələr qəbul edilir. Hekayənin mətni üçün tələblər şriftin qarnituru “Arial”, ölçüsü 12, sətirlərarası interval 1, faylın formatı “doc.” A4 olmalıdır. Hər müəllif müsabiqəyə yalnız bir əsər təqdim edə bilər. Müəllif özü haqqında məlumatı və əlaqə vasitəsini fayla əlavə etməlidir. Müsabiqədə iştirak etmək üçün yaş məhdudiyyəti yoxdur.
Hekayələr peşəkar ədəbiyyatçı və sosioloqlardan ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Münsiflərdən ən çox bal almış ilk 10 hekayə kitab şəklində nəşr ediləcək (ilk 10 yeri qazanmış hekayənin nəşr və yayım hüququ yalnız “XAN Nəşriyyatı”na məxsus olacaq) və ilk 3 yerin qalibi diplom və pul ilə mükafatlandırılacaq. Birinci yerə – I dərəcəli diplom və 1000 manat, ikinci yerə – II dərəcəli diplom və 500 manat, üçüncü yerə – III dərəcəli diplom və 300 manat olaraq mükafatlar təqdim ediləcək.
Müsabiqə üçün hekayələrin qəbulu 2023-cü il mayın 1-də sona çatacaq.
Qeyd edək ki, 2023-cü il iyunun 1-də qaliblərin mükafatlandırılma mərasimi təşkil olunacaq.
Əlavə məlumat üçün əlaqə nömrəsindən (+994 77) 220 86 88) müraciət edə bilərsiniz. İştirakçılar tərəfindən hekayələr Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanına göndərilməlidir.
“Ədəbiyyat və incəsənət”
(14.03.2023)