Super User
Azərbaycanda 1,4 milyona yaxın sahibkar var. Amma…
Sosializmdən kapitalizmə keçid ölkəmizdə yeni sosial təbəqə yaratdı. Fəhlə-kəndli-ziyalı-nomenklatura işçiləri hökuməti əvəzinə sahibkar-muzdlu işçi-dövlət qulluqçusu hökuməti quruldu. Növbəti xəbər sahibkarlar barədədir. Bu zümrənin sayı sizcə nə qədərdir?
Hazırda Azərbaycanda qeydiyyatdan keçmiş sahibkarların sayı 1,4 milyona yaxındır. Və bu rəqəmi biz Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevə istinadən gətiririk. Məmməd Musayev media açıqlamasında onu da qeyd edib ki, bu rəqəm ölkəmizdə biznes qurmaq, özəl sektorda çalışmaq istəyənlərin çox olduğunun göstəricisidir. Biznesin yaradılmasında maliyyə əlçatanlığı mühüm amillərdəndir. Hazırda Azərbaycanda bankların və bank olmayan kredit təşkilatlarının kredit portfeli 20,3 milyard manat təşkil edir, bu kreditlərin 80 faizə yaxını Bakı və Abşeron-Xızı iqtisadi rayonlarının payına düşür.
Əslində, orta statistik dünya göstəricisinə yaxın bir göstəricidir və təqdirəlayiqdir.
Məmməd Musayev bir də bunları söyləyib:
-Göründüyü kimi, bu göstərici regionlarda sahibkarların maliyyəyə çıxış imkanlarının daha da yaxşılaşdırılmasına ehtiyac olduğunu göstərir. İpoteka və Kredit Zəmanət Fondu tərəfindən kreditlərə verilən dövlət zəmanəti mexanizmləri, faizlərin subsidiyalaşdırılması sahibkarların maliyyə əlçatanlığı üçün ən yaxşı alətlərdən biridir. Bu alətlər haqqında sahibkarların məlumatlılığını artırmaq, həmçinin mexanizmin gələcəkdə təkmilləşdirilməsinə ehtiyac var”.
Amma gəlin razılaşaq ki, ölkədə bank krediti faizləri çox yüksəkdir. Bu rəqəmlər bir qədər aşağı salınsa, onda kiçik və orta biznes xeyli çiçəklənər.
1,4 milyondan biri olan, yəni sahibkar kimi qeydiyyatdan keçən, VÖEN-i olan bərbər Z. Elyazov portalımızın sorğusuna cavab olaraq bildirir ki, 12 kvadrat metrlik bir yeri icarəyə götürərək salon açıb. Köhnə avadanlıqlar quraraq orada çörək-pulu qazanır. Amma bu avadanlıqları yeniləmək, müasirləşdirmək üçün maliyyə tapa bilmir. Kredit faizi isə hədsiz yüksəkdir. 14 faiz heç bilirsiniz nə deməkdir? Hələ bu minimal göstəricidir. 18, hətta 22 faizdən dəm vuran banklar var. Z.Eyvazov nə etməli olduğunu bilmir.
Gəlin ümid edək ki, hər şey yaxşılığa doğru bir az da dəyişəcək!
Şəkildə: M.Musayev açıqlama verərkən.
“Ədəbiyyat və incəsənət”
(02.03.2023)
“Zəlzələ zamanı davranış qaydaları”nı bilirsinizmi?
Türkiyədə baş vermiş dəhşətli zəlzələ bizi dünya malının ötəri olmasına, ölümün qaşla göz arasında qərarlaşmasına inandırdı. Həyət evlərinin qiyməti qalxdı, insanlar çoxmərtəbəli evlərdən həyət evlərinə və bağlara köçdülər. Burada da dağıdıcı zəlzələ olması proqnozları verən dəllallar peyda oldu. Amma zəlzələ bizə teoretik bilgilər verməlidir, bunu almağa necə, cəhd edənlər oldumu? Məsələn, “Ədəbiyyat və incəsənət” portalının bu yazını hazırlayan əməkdaşı olaraq mən öyrəndim ki, zəlzələ zamanı salamat qalmaq üçün qapı arakəsməsində dayanmaq köməyə gəlir. Və yaxud, xırda təkan olanda yaşayış yerini dərhal tərk etmək lazımdır, ardınca böyük təkan ola bilər. Ümumən isə, ayrıca “Zəlzələ zamanı davranış qaydaları” mövcuddur. Söhbətimiz də məhz bu qaydaların təbliği barədədir.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) tərəfindən təhsil müəssisələrində “Zəlzələ zamanı davranış qaydaları”na həsr olunmuş maarifləndirmə tədbirlərinə start verilib. Məsələn, ötən gün
RSXM-nin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Afaq Səmədzadə Bakı şəhəri 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin pedaqoji kollektivi üçün “Zəlzələ, onun törədə biləcəyi fəsadlar və zəlzələ zamanı davranış qaydaları” mövzusunda təqdimatla çıxış edib. Məruzəçi daha sonra iştirakçıları maraqlandıran sualları da cavablandırıb.
Qeyd edək ki, RSXM tərəfindən “Zəlzələ zamanı davranış qaydaları”na həsr olunmuş silsilə xarakterli maarifləndirmə tədbirləri bundan sonra da davam etdiriləcək.
Amma bu qaydalar mediaya ötürülsə, bizcə daha düzgün olar, yüz minlər maariflənərlər. Kütləvilik daha effektlidir!
Şəkildə: Təqdimatdan kadr.
“Ədəbiyyat və incəsənət”
(02.03.2023)
Fikrət Əmirovun “1001 gecə” baleti Mariinski Teatrının yeni səhnəsində
Tamaşalar Əməkdar artist Əyyub Quliyevin dirijorluğu ilə təqdim olunub
Sankt-Peterburqun dünya şöhrətli Mariinski Teatrının yeni səhnəsində teatrın Primorski filialının balet truppasının növbəti qış qastrol proqramı çərçivəsində dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun “1001 gecə “ baletinin tamaşalarının təqdimatı böyük əks-səda yaradıb.
AzərTAC xəbər verir ki, tamaşalar Mariinski teatrının direktoru və bədii rəhbəri, görkəmli dirijor Valeriy Gergiyevin dəvəti ilə təşkil olunub. Fikrət Əmirovun möhtəşəm əsəri ilə bərabər Mariinski teatrının tarixi və yeni səhnələrində P. Çaykovskinin “Şelkunçik” və A.Adanın “Korsar” baletlərinin ifası balet musiqisinin böyük bayramına çevrilib. Bütün tamaşalar Rusiyanın Əməkdar incəsənət xadimi, Mariinski teatrının baş baletmeysteri Eldar Əliyevin quruluşunda göstərilib.
Qastrolun ən yaddaqalan hadisələrindən biri kimi qeyd olunan “1001 gecə” baletinin bütün tamaşaları tam anşlaqla keçob və hər ifadan sonra tələbkar Sankt-Peterburq balet həvəskarları tərəfindən yarım saata qədər uzanan alqışlarla qarşılanıb. Tamaşalar Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının musiqi rəhbəri və baş dirijoru, Azərbaycanın Əməkdar artisti Əyyub Quliyevin dirijorluğu ilə Mariinski Teatrın simfonik orkestri və xoru tərəfindən təqdim olunub. Baletdə baş rolları Sergey Umanets, Liliya Berejnova, Renata Şakirova, Arina Naqase, Viktor Mulıqin, Saki Nisida və Qulyelmo Junio böyük uğurla ifa ediblər.
Qeyd etmək lazımdır ki, baletimizin ifasında milli alətimiz olan tara və zərbə xüsusi yer ayrılıb. Tar partiyasını Azərbaycan Dövlət Opera Teatrının solisti Ramin Əzimov və Nadejda Medvedeva səsləndiriblər. Solo soprano bölümünü isə Anastasiya Kikot böyük məharətlə dinləyicilərə təqdim edib.
“Ədəbiyyat və incəsənət”
(02.03.2023)
Bədii qəhrəmanların şərəfinə adlandırılan sindromlar – Çox maraqlıdır!
“Ədəbiyyat və incəsənət” portalı ədəbiyyatşünas Sərvanə Dağtumasın Lamiyə Göycəyevaya istinadən yazdığı və redaksiyamıza təqdim etdiyi olduqca maraqlı yazını sizin ixtiyarınıza verir. Tarixdən bizə hansısa şəxsiyyətlərlə bağlı ifadələr bəllidir. Qordi düyünü, Axilles dabanı, Sizif əməyi və s. Sən demə, bu cür sindromlar bədii ədəbiyyat qəhrəmanları şərəfinə də adlandırılıb. Baxaq.
Emma Bovari sindromu.
İdeallaşdırılmış məhəbbət axtarışında olan, reallığı qəbul etməyən, reallıq hissəni itirən bir qadının faciəsi. Xroniki emosional məmnuniyyətsizlik, ağ atlı şahzadə axtarışı, istəkləri naminə hər şeyi qurban vermə.
Martin İden sindromu.
Uğur qazanmaq üçün çalışırsınız, məqsədinizə nail olmusunuz, lakin həyata marağınız itib. Bütün maneələri dəf edərək məqsədinizə çatsanız da, zövq ala bilmirsiniz, təhlükəli apatiya vəziyyətinə düşmüsünüz, hər şeyi təxirə salırsınız. İnsan böyük arzuların yanında kiçik arzuları da saxlamalıdır.
Dorian Qrey sindromu.
Xarici görünüşünüz, fiziki cəlbediciliyiniz sizdə maniakal narahatlıq yaradır, qocalığı qəbul etmirsiniz, qocalmaqdan çox qorxursunuz, bunu geyiminizlə, estetik əməliyyatlarla, kosmetoloji vasitələrlə kompensasiya etməyə çalışırsınız.
Piter Pen sindromu.
Böyümək istəmirlər, daha çox kişilər sindromdan əziyyət çəkirlər. Digər adı kidaltdır-“yetkin uşaq”. Uşaq kimi davranırlar. Ölkəmizdə belə kişilər çoxluq təşkil edir.
Vendi sindromu.
Uşaq olsalar da, yetkin kimi davranırlar, daha çox qadınlarda müşahidə olunur, ana mövqeyində çıxış edirlər, perfeksionistdirlər. Müdrik qadın obrazına ayaq uydurmağa çalışırlar. Rədd edilmə qorxusu buna səbəb ola bilər, ölkəmizdə qadınların çoxu bu sindromdan əziyyət çəkir.
Alisa möcüzələr diyarında sindromu.
İnsanlar ətradakı əşyaların proposiyasını dərk etməkdə çətinlik çəkirlər, həmin əşyalar onların gözünə ya çox böyük, ya da çox kiçik görsənir.
Plyuşkin sindromu.
Digər adları Diogen sindromu, sillaqamaniya, yığıcılıq vərdişi. Bu, qocaldıqca meydana çıxan kəmağıllılıq nəticəsində lazımsız əşyaları toplamaq vərdişidir. Bəzən belələrinin mənzillərində yaşamaq mümkün olmur.
Edip kompleksi.
Öz atasını öldürüb anası ilə evlənən Çar Ediplə əlaqəlidir. Ziqmund Freyd uşağın anası ilə seksual arzularını, atasını qısqanmağını bu cür adlandırırdı.
Elektra kompleksi.
Qızın atası ilə bağlı seksual arzularını Freyd bu cür adlandırırdı.
Verter effekti.
Hötenin “Gənc Verterin iztirabları” əsərindən götürülüb, “kütləvi intiharlar” bu cür adlanır.
Münhauzen sindromu.
Hazırda simulyativ pozuntu adlanır. Başqalarını xəstə olduqlarına inandırırlar.
Kvazimoda sindromu.
Dismorfobiya-özünü bəyənməmə xəstəliyi.
Lolita sindromu və ya nimfetka.
Özlərini böyük kimi aparmağa can atırlar. 9-14 yaş arası uşaqlarda müşahidə olunur.
Otello sindromu.
Patoloji qısqanclıq. Müəllif qısqanclığı “yaşıl div” adlandırır.
Ofeliya sindromu.
Yaddaş pozuntusu, hallüsinasiya, qarabasma, depressiya, intihar.
Kral Lir sindromu.
Əsər bir növ övladlarının xüsusi oldqularına, onların heç vaxt tərk etməyəcəyinə kor-koranə inanan valideynlərə nəsihət xarakteri daşıyır. Valideyn və övlad arasında bağın olmaması, uşaqların qullarına çevrilməsi, ləyaqətlərini, individuallıqlarını itimələri.
Ledi Maqbet sindromu və ya Ponti Pilat sindromu.
İnsan psixikasında mental və fiziki təmizliyin əlaqəsindən ibarətdir. Üst-başları təmizdirsə, insanlar elə bilirlər ki, içləri də təmizdir, günahlarını yumaq istəyirlər.
Sinderella sindromu.
Qurban kompleksli xanımlar - mütilik, fağırlıq, itaətkarlıq, fədakarlıq. Müstəqillikdən qorxurlar, indiki zamanda yaşamırlar. Möcüzəyə bəslədikləri inam passiv həyat tərzinə bəhanə olur. Analarının qoyduqları qayda-qanunların əsirinə çevrilirlər. Uğur qazanmaqdan qorxular, uşaqlıqda manipulyasiya olunurlar.
Yatmış gözəl sindromu və ya Kleyne-Levin sindromu. Hipersomniya.
Bu sindromdan əziyyət çəkənləri yuxudan oyandırmaq çətin olur, apatiya, səsə, işığa qarşı həssaslıq, hallüsinasiya, qeyri-sağlam, qidalanma, hiperseksuallıq, (daha çox kişilərdə) depressiya əlamətləridir.
Rapunzel sindromu.
Trixotillomaniya - saçını yolmaq, trixofagiya-qoparılan saçları yemək. (adətən, qadınlarda)
Haklberri Finn sindromu.
Məktəb dövründə itaətsizliklə başlayır, yetkinlik yaşına çatdıqdan sonra iş yerini tez-tez dəyişməklə, səbəbsizcə iş yerinə getməməklə müşahidə olunur. Boşluq hissindən əziyyət çəkirlər, o hissi doldurmaq üçün daim axtarışdadırlar. Heç vaxt heç kimlə özlərini rahat hiss etmirlər, məsuliyyətdən qaçırlar, ata fiqurları dağıdıcı olur, özünəhörmət hissi aşağıdır, stabilliklə problemləri olur.
Polianna sindromu.
Təhlükəli optimizm. Ən pis hadisələrdə yaxşı şey axtarırlar. Həyata çəhrayı eynəkdən baxırlar, süni evinc, təhrif olunmuş reallıq sindroma xasdır.
“Ədəbiyyat və incəsənət”
(02.03.2023)
Xalça üzərində onun kimi portret yaradan olmayıb
Xalq rəssamı Kamil Əliyevin anım günü münasibəti ilə
Ötən gün onun məzarı, xatirə lövhəsi anıldı, gül dəstələri qoyuldu, şəninə xoş sözlər söylənildi. Beləcə, Azərbaycan xalça rəssamlığı sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı, professor Kamil Əliyevin vəfatının növbəti, 18-ci ildönümü qeyd edildi.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Kamil Əliyev 1921-ci il oktyabrın 22-də Qərbi Azərbaycanda, İrəvan şəhərində anadan olub. 1936-cı ilin sentyabr ayında anası onu Bakı Rəssamlıq Məktəbinə, tanınmış rəssam Əzim Əzimzadənin yanına aparıb. Məktəbə qəbul edilən K.Əliyev 3 il burada dekorasiya şöbəsində təhsil alıb və müəllimlərinin məsləhəti ilə oxuya-oxuya "Azərxalça" birliyində eksperimental laboratoriyada köçürücü rəssam kimi işləməyə başlayıb.
İkinci Dünya müharibəsinin iştirakçısı Kamil Əliyev döyüş rəşadətinə görə 22 orden və medalla təltif olunub. 1946-cı ildə ordudan qayıtdıqdan sonra da öz sevimli peşəsini davam etdirib. Arada Respublika Bədii Fonduna rəhbərlik edib, sonralar Bakı zərgərlik fabrikində direktor vəzifəsində çalışıb. Həmin illərdə o, yalnız xalı, parça kimi toxuma mallarında yox, həmçinin qızıl, gümüş və digər materiallarda da özünün mahir bədii tərtibatçı, ornamental rəssam kimi məharətini nümayiş etdirib. 1950-ci illərdən etibarən, Kamil Əliyevin yaradıcılığında süjetli xalıların və portret-xalçaların yaradılması aparıcı mövqe tutub. Beləcə, o qəti olaraq xalçaçı-rəssam olub.
Bu illərdə Kamil Əliyev bir-birinin ardınca yüksək professionallıqla Azərbaycan klassiklərinin, görkəmli dövlət xadimlərinin portretlərini yaradıb. O, ornamentdən istifadə edərək şair, mütəfəkkirlərin yaradıcılığındakı hisslər və emosiyalar aləmini rəng çalarları vasitəsilə canlandıraraq, tamaşaçının mənəvi dünyasına təsir göstərib.
Kamil Əliyev ilk portret-xalçasını 1958-ci ildə böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyinə həsr edin. Bu xalçanın təravətli, şux rəngli naxışları Füzuli lirikasının dərinliyini tamaşaçıya çatdırıb. Bu xalı xalq sənətimizin qiymətli bir incisi kimi Azərbaycan Dövlət İncəsənət Muzeyinin daimi ekspozisiyasına daxil edilib. Xalının uğuru rəssamı o qədər ruhlandırıb ki, o, bir müddət keçəndən sonra İmadəddin Nəsimi və Nizami Gəncəviyə həsr edilmiş xalıları da yaradıb.
Kamil Əliyevin portret-xalçalarının ikinci silsiləsi müxtəlif ölkələrin tanınmış siyasət və dövlət xadimlərinə həsr olunub.
Rəssam Hindistanda yaradıcılıq ezamiyyətində olarkən bu qədim Şərq ölkəsinin mədəniyyətilə yaxından tanış olub, İndira Qandinin portret-xalçasını yaradıb.
Kamil Əliyevin türk xalqının böyük oğlu Atatürkə həsr etdiyi portret-xalısı tam başqa ovqatlı bədii üsluba malikdir. Bu portret-xalı Kamil Əliyevin ən böyük sənət uğurlarından sayılır. Turqut Özal, Süleyman Dəmirəl, eləcə də neçə-neçə başqa dövlət, elm və mədəniyyət xadimləri bu xalçanı çox yüksək qiymətləndirib, Kamil Əliyev sənətinə böyük hörmətlərini, ehtiramlarını bildiriblər.
Ümummilli lider Heydər Əliyevin 1999-cu ildə yaradılmış yüksək bədii xüsusiyyətlər kəsb edən portreti də sənətkarın ən diqqətçəkən əsərlərdəndir. Kamil Əliyev Heydər Əliyevin ölkənin Ali Baş Komandanı kimi general libasında portret xalçasını yaradıb. Heydər Əliyevin portreti onun 75 illiyinə hədiyyə idi.
Kamil Əliyev bir çox dövlət mükafatları ilə təltif olunub, sağlığında 80 illiyi, vəfatından sonra isə 90 və 100 illiyinin dövlət səviyyəsində qeyd olunması ilə əlaqədar sərəncamlar imzalanıb. Bu da sənətkarın bizə miras qoyduğu irsin müasir dövrdə incəsənətimiz üçün aktual olduğunu bir daha sübut edir.
Xalq rəssamı Kamil Əliyev incəsənətimizi yüksəkliklərə qaldıran, onu öz əsərləri ilə daha da zənginləşdirən görkəmli şəxslərdən biridir. Rəssamın əsərləri Paris, London, Tokio, Dehli, Ankara, İstanbul, Tehran, Moskva, Kiyev və başqa şəhərlərin nüfuzlu muzey və qalereyalarında nümayiş etdirilib.
Kamil Əliyev 2005-ci il martın 1-də vəfat edib. Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(02.03.2023)
“Bir millət, iki dövlət: Azərbaycan-Türkiyə”
Xatırlayaq ki, Ümummilli lider Heydər Əliyevlə o dövrdəki Türkiyə prezidenti Süleyman Dəmirəl sevə-sevə təkrarlayırdılar: Biz bir millət, iki dövlətik. Və təsadqfi olmadı ki, Beynəlxalq Muğam Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə düzənlənən, eyni zamanda içimizdəki Türkiyə sevgisini sərgiləyən konsert “Bir millət, iki dövlət: Azərbaycan-Türkiyə” adlanırdı.
Muğam Mərkəzi və “Dünya Musiqi Xəzinəsinin İncisi – Muğam” İctimai Birliyinin təşkilatçılığı ilə reallaşan konsertdən əvvəl iki qardaş ölkənin Dövlət himnləri səsləndirildi. Sonra Vətən müharibəsi şəhidləri və Türkiyədə baş vermiş zəlzələlər zamanı həlak olan insanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Öncə səhnə sözə verildi. Əməkdar artist, xanəndə Nuriyyə Hüseynova çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən danışdı. Qeyd etdi ki, dahi siyasətçi türk dünyasının birliyi və bərabərliyi uğrunda misilsiz işlər görüb. Ulu Öndərin yüksək ideyaları, amalları bu gün də Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilir.
Türkiyəli müğənni Orxan Çakmak qeyd etdi ki, Heydər Əliyevin hər zaman diqqət yetirdiyi Türkiyə-Azərbaycan birliyi bu iki qardaş ölkə ilə məhdudlaşmır, bütövlükdə türk dünyasının güclənməsində də böyük rol oynayır.
Çıxışlardan sonra rəngarəng konsert proqramı təqdim edildi. “Buta” ansamblının (bədii rəhbər Rövşən Qurbanov) müşayiəti ilə Əməkdar artist Nuriyyə Hüseynova, solistlər Orxan Çakmak və Çilənay Hüseynovanın ifalarında xalq və bəstəkar mahnıları səsləndirildi. Çıxışlar alqışlarla qarşılandı.
“Azərbaycan - Türkiyə” mahnısı isə gecəyə xüsusi yaraşıq verdi.
“Ədəbiyyat və incəsənət”
(02.03.2023)
«Yox!» deməyi öyrənin - Uorren Baffetdən 13 Uğur qazanmaq qaydası
Professor Əlibala Məhərrəmzadə “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsini sizlərə təqdim edir. Bu dəfəki mövzumuz böyük uğrlar sərgiləmiş Uorren Baffetin uğur qazanmaq qaydalarıdır. Qaydalar 13-dür. Hər buraxılışımızda sizlərə 1 yeni qayda verərək əvvəlkiləri də təkrarən saxlayırıq ki, biliyiniz daha təkmil və mükəmməl olsun.
Beləliklə 2-ci qayda.
«Yox!» deməyi öyrənin
«Siz «yox» deməyi öyrənməsəniz, heç vaxt öz zamanınızı tam olaraq idarə edə, ona nəzarət edə bilməyəcəksiniz».
Əvvəlki qayda bu idi:
Unutmayın – həmişə özünə investisiya qoymaq lazımdır!
«Hər gün öz xarakterinzin zəif cəhətləri üzərində çalışın, onları daha yaxşı edin, öz qabiliyyət və bacarıqlarınızı inkişaf etdirin. Özünə investisiya qoymaq həmişə universitetlərə təhsil haqqı ödəmək anlamında deyil. Mənim iki diplomum var, amma mən onları çərçivəyə salıb divardan asmıram. Mən hətta bilmirəm ki, onları hara qoymuşam».
3-cü qayda “Heç vaxt başqalarına qulaq asmayın” olacaq.
“Ədəbiyyat və incəsənət”
(02.03.2023)
Azərbaycan musiqiçiləri ilk dəfə Beynəlxalq Akkordeon Festivalında çıxış ediblər
Azərbaycan musiqiçiləri Vyanada Beynəlxalq Akkordeon Festivalında ilk dəfə konsert proqramı ilə iştirak ediblər. AzərTAC xəbər verir ki, Azərbaycanın görkəmli musiqiçisi, Xalq artisti Ənvər Sadıqovun rəhbərlik etdiyi “Qaytağı” instrumental ansamblı festival çərçivəsində Vyana şəhərinin məşhur “Porgy & Bess” caz klubunda konsert verib.
Konsertdən öncə elan edilib ki, martın 26-dək keçiriləcək sayca 24-cü Beynəlxalq Akkordeon Festivalı dünyanın müxtəlif ölkələrindən peşəkar və yeni istedadları bir araya gətirir, bir ay boyunca Vyanada müxtəlif məkanlarda konsertlər təşkil edir. Builki festivalın xüsusiyyətlərindən biri isə ilk dəfə olaraq Azərbaycanın bu festivalda təmsil olunmasıdır, uğurlu əməkdaşlıq və dəstəyə görə Azərbaycan Mədəniyyət Mərkəzinə xüsusi təşəkkür elan edilib.
Vyanada musiqisevərlərin sevimli məkanları sırasında yer alan və anşlaqla keçən konsertdə, həmçinin görkəmli caz pianoçusu və bəstəkar, beynəlxalq müsabiqələr laureatı Emil Əfrasiyab da iştirak edib. Konsertdə Azərbaycan xalq və bəstəkar mahnıları əsasında hazırlanmış kompozisiyalarla yanaşı, Ənvər Sadıqov və Emil Əfrasiyabın müəllifi olduğu əsərlər də böyük maraqla qarşılanıb. Dahi bəstəkarlar Volfqanq Amadeus Motsart və Üzeyir Hacıbəylinin əsərləri əsasındakı kompozisiya isə alqışlara səbəb olub. Eyni zamanda, silahlı münaqişələr və təbii fəlakətlər zamanı həlak olmuş insanlara ithafən ifa edilən “Atama məktub” əsəri kövrək və duyğulu ab-hava yaradıb.
Azərbaycan milli musiqi alətlərində ifalar isə konsertə xüsusi rəng qatıb, Azərbaycan milli musiqisinin özünəməxsus xüsusiyyətləri yüksək səviyyədə təqdim olunub. Konsertə Azərbaycan bəstəkarları Qara Qarayev və Rauf Hacıyevin əsərlərindən ibarət kompozisiyalar ilə yekun vurulub. Azərbaycan xalq və bəstəkar mahnıları, muğam, klassik, eləcə də caz musiqisinin komponentlərindən ibarət proqram sürəkli alqışlarla qarşılanıb.
Konsert “Porgy & Bess“ caz klubunun canlı yayım portalı vasitəsilə yayımlanıb, eləcə də “Emap.fm” internet radio kanalı vasitəsilə səs yazısı olaraq qeydə alınıb.
“Ədəbiyyat və incəsənət”
(02.03.2023)
“Qol saatımda intihar edir ömrüm...” – Tural Turanın şeirləri
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün növbədə Şeir vaxtıdır, Tural Turanın şeirləri ilə tanışlıqdır.
ŞEİR VAXTI
Tural TURAN
***
Burda yovşan-yovşan ölür qoxular,
boynuna ip salır yalquzaq səsi...
Gözümdə can verir itkin yuxular,
ağlayır arxamca öz uzaq səsim...
Öpdüm yanağından ağrılarımın,
başımın altına yastıq elədim.
Asıldım qolundan sarğılarımın,
öldüyüm yeri də yazıq elədim.
Hər səhər ovcumdan doğdu Günəş də,
Gözümdən çəkildi içimin çəni!
Ruhumu yandırdı odsuz atəşdə,
Tanrı da ovcumdan oxşadı məni...
***
Bütün tabutlar
Tanrının ana bətnidi,
bütün qəbirlərsə
qorxu simfoniyası.
Ölümü soruşma,
ölüm sevdiyindən bezməkdi...
Allah
sevgisi tükənəndə
öldürür adamları.
Ölüm həm də
intiqam almaqdı insan ağlından.
Bax,
dəlilər öləndə heç kim ağlamır,
heç Tanrı da...
Ölüm həm də
bir xəstə çarpayısında
Yaradanın intiharıdı...
İnsansa yaşayıb intiqam alır
öz alın yazısından...
Gülün yaşadıqlarınıza...
Gülün ki, evinizin işığı yansın...
***
Qol saatımda intihar edir ömrüm,
əlimdəki təsbeh dənələyir günlərimi
oğlum üçün...
Oğlum ağlayır,
kiriyir saat əqrəbi,
şam işığı süd verir körpəmin duasına.
Anlayıram,
anlayıram ki,
ata olmaq oğul ömrü yaşamaqdı,
ayaqlarını itirmiş otaqda...
Ata olmaq
bir saat əqrəbində axsamaqdı...
Oğlumu ağlatma, Tanrı
hardan biləsən, sevdiyim,
hardan biləsən, o ağlayanda
boynu vurulur bütün duaların.
Hardan biləsən, sən ata olmamısan...
Göz yaşlarında möhtəşəmlik çökür,
sükutun batır yanaqları...
Ağrılarım başını sığallayır oğlumun
... və təkcə qol saatımda deyil,
köksümün sol saatında da
intihar edir ömrüm...
Oğlumu kirit, Tanrı,
himn oxumasın qaranlığa;
qalxmasın ayaq üstə zülmət,
gözündəki işıqlar atsın çəliyi!
Mənə güc ver,
mənə güc ver
oğlumun üzündən düşən gülüşləri
təzədən yerinə hörüm...
***
Bütün ilk məhəbbətlərə...
Ayrılığın qız üzündə qoyduğum,
Göz yaşının rəngi yenə ağdımı?
Bir yazının yaxasından asdığım
Alın yazın bu ömrünə sığdımı?!
Yenə gözün yol qalxırmı piyada?
Səni gördüm hər yuxusuz boyada...
Ölüm də yox, gəlib məni oyada,
Sən gəl, soruş: – pəncərəsi sağdımı?
Tikib-uçurduğum yuvam sən oldun!
Tanrının üzündə boyam sən oldun...
Ovcumda titrəyən duam sən oldun,
Məndən sonra Tanrı sənə baxdımı?!
SƏN GÜL...
...Bəlkə, insan kölgəsinin alın yazısıdı,
Bəlkə də, Tanrının ağzından saldığı
ağıl dişidi...
Bəlkə də, cəhənnəm elə insanın özüdür –
Qucaqlayır anadan yetim qalmış soyuqları...
...Yanaqlarından
bir təbəssümlük kərpic düşüb elə bil,
qapısı açıq qalıb gülüşlərinin...
Zarafat edirəm, sən gül,
sən güləndə
qəbirlər də gülür,
tabutlar da...
Yaradanın sevinc göz yaşını sağır
çiyni yapıncılı buludlar da...
Sən gül...
Gül ki, saat əqrəbləri qibləsini tapsın,
Zaman intihar etsin qollarında...
Gülüşün
bir sözlük məktub olsun gələcəyinə...
***
Səndən əvvəl daşlar gəlin köçmüşdü bu evə,
səndən sonra mamır uzaqlıqlar böyütdü
bu daxmanın pəncərələri...
Kaş bu evin güzgüsünü də aparaydın;
bələyəydin, böyüdəydin...
toxuyaydın ayrılığın xalçasına ilmə kimi...
...Qayıt, əlindən tut
ayaqları keyimiş məhəccərlərin,
qayıt, qadınsız yaşaya bilmir
bu evin döşəməsi.
Sən gedəli tavanlar iməkləyir
döşəmənin üstündə.
Üşüməsin deyə, ayaq izlərini
bir cüt coraba büküb cibimə atmışam.
Ciblərim bələk olub ayaq izlərinə...
Qayıt, özün yürgələ ayaq izlərini.
Qayıt, beşiyində boğ,
böyüməsin üç yaşlı çarpayı tənhalığı...
...Sən gedəli bu evin divarları da
daş-daş göz yaşları tökür, qayıt...
***
Məktub yazma, ağ kağıza gülümsə,
Göndər mənə, biləcəyəm halını...
Hər gedişin qayıdışı ölümdü,
Yorulanda gözləyirəm yolunu.
Ağ şərfini saxlayıram hələ də,
Boynuna doladım hər xatirənin.
Yorğanı çək, bax, üşüyür ayağı,
Mənsiz yatammayan bir xatirənin...
Yuxunu söndür gəl, lap ölümsayaq,
südü bitən ağrı, bəlkə, kiriyə...
İçimdə adını çəkmişdim bayaq,
Divardakı şəklin döndü geriyə...
Payız da bu gecə yorğun, əsəbi,
Sənli xatirələr gözümdən axır.
Səsinə inanmır saat əqrəbi,
Sənmi gəldin? – deyə qapıya baxır.
***
İlahi, ovcumu yumuram Sənə,
İlahi, duamın başını bağla.
İlahi, bu gecə doğuldum yenə,
İlahi, yuxumun huşunu bağla.
Mən öz qorxusuna vurulan adam,
Mən öz nəfəsini asan qatiləm.
Mən öz günahında durulan adam,
Mən öz günahından küsən qatiləm...
Mən qanlı üzündə gülüş böyüdən,
Can verən kölgənin məzar daşıyam.
Mən dar ağacında öpüş böyüdən,
Son nəfəs əlində tumar daşıyam.
İlahi, ovcumu yumuram Sənə,
Üşüməsin deyə körpəcə duam...
İlahi, özün yağ yağış yerinə,
Yağ ki, kirli andı yenidən yuyam...
“Ədəbiyyat və incəsənət”
(02.03. 2023)
“Nə gəlməz oldun…”
Xalq artisti Oqtay Kazıminin 90 illiyinə həsr olunmuş tədbir keçirildi
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında anşlaq idi. Zövq oxşayan musiqi gecənin qonaqlarını sanki sehirli aləmə aparırdı.
Musiqi zövqləri müxtəlif olur. Amma ən müxtəlif zövqlüləri bir yerə toplayıb onlara “Qayıt” mahnısını dinlətsən hamısı heyran qalar. Sözləri Əli Kərimə, musiqisi Oqtay Kazımiyə aid olan bu musiqi şedevrini xalq artistimiz Flora Kərimova həmişə sevə-sevə ifa edir. Bax Mahnı Teatrındakı bu sehirli gecə Oqtay Kazımiyə aid idi.
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə görkəmli bəstəkar, Xalq artisti Oqtay Kazıminin 90 illiyinə həsr olunmuş konsert keçirilirdi.
Konsert bəstəkarın həyat və yaradıcılığını əks etdirən videoçarxın nümayişi ilə başladı.
Qeyd edildi ki, Oqtay Kazımi musiqi mədəniyyətimizdə öz dəst-xətti ilə seçilən bəstəkarlardandır. Bəstəkar böyük simfonik orkestr üçün "Azərbaycan rapsodiyası" (1962), "Qəhrəmanlıq simfoniyası" (1964), "Bayram uvertürası" (1976), proqramlı simfonik süita "Sumqayıt lövhələri (1977), "Şəhidlər" simfoniyası (1990), "Qarabağ lövhələri" (1992) simfonik süitası və s. əsərlərin müəllifidir. O.Kazımi eyni zamanda "Qılınc və qələm", "Ümid", "Danabaş kəndinin əhvalatı", "Müsyö Jordan və dərviş Məstəli şah", "Şeyx Sənan", "Ədirnə fəthi", "Büllur sarayda" və başqa məşhur tamaşalara musiqilər yazıb.
Və əlbəttə ki, dahi bəstəkarın mahnılarına ayrıca toxunuldu. Mahnı janrının ən görkəmli nümayəndələrindən birinin məşhur mahnıları sadalandı.
Sonra konsert proqramı təqdim olundu, bəstəkarın mahnılarından ibarət konsertdə Xalq artistləri Gülyanaq Məmmədova, Gülyaz Məmmədova, Heydər Anatollu, solistlər Fəxri Kazım-Nicat, Aynur İsgəndərli, İlhamə Qasımova, Aytən Məhərrəmova, Ayşən Mehdiyeva, Mətin Rzazadə, Rövşən Qəhrəmanov, Taleh Yəhyayev və “Qaya” Dövlət Ansamblı çıxış etdilər.
İfaçıları Dövlət Mahnı Teatrının Estrada-Simfonik Orkestri (bədii rəhbər – Xalq artisti Salman Qəmbərov) və ansamblı (bədii rəhbər – Mirxalid Salayev) müşayiət edirdi.
Bizə də sonda Allah dahi bəstəkarımıza qəni-qəni rəhmət eləsin demək qalır.
“Ədəbiyyat və incəsənət”
(02.03.2023)