Super User
Yeni ilin ilk “Ulduz”u gəldi
Azərbaycan Yazıçılar Birliyinin populyar “Ulduz” dərgisinin ilk sayı işıq üzü görüb. “Ədəbiyyat və incəsənət” portalı dərginin Baş redaktoru Qulu Ağsəslə əlaqə saxlayaraq ilin ilk “Ulduz”unda gedən yazılar barədə bilgi alıb. Buyurun, tanış olun.
Dərgi Elxan Yurdoğlunun özüylə söhbəti və şeirləri ilə açılır. "Nəsr"də Şəfa Vəlinin "Hər şeyi sevən adam", Tural Atəşin "Sərhəd uzaqdaydı", Aydın Tağıyevin "Qisas", "Məhəbbət dərsi", "Yuxu", "Alabaş" hekayələri, eləcə də Qulu Ağsəsin "Cəbrayıloğlu Etibar" essesi yer alıb. Filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlının "Şairdən adama qul olmaz axı" yazısı şair Akif Səmədin zəngin yaradıcılığına işıq tutur.
"Şeir vaxtı"nda Gülnar Ümidin, Ləman Musayevanın, İlahə Abbasovanın şeirləri, həmçinin Xaqani Əmininin qəzəlləri təqdim edilib.
"525-ci qəzet" və "Ulduz" dərgisinin ortaq layihəsi olan "Ustad dərsləri"nin budəfəki mövzusu "Naturalizm cərəyanı"dır. Professor Məti Osmanoğlunun hazırladığı rubrikanın ikinci hissəsində Emil Zolyanın "Eksperimental roman" yazısı yer alıb. "Türk eli" rubrikasında Təranə Vahidin uyğunlaşdırmasında özbək yazıçısı və dramaturqu Javlon Jovliyevin "Buxara, Buxara, Buxara..." hekayəsi, "Tərcümə saatı”nda isə Azad Yaşarın tərcüməsində Çarlz Dikkensin "İşarətçi" hekayəsi dərc edilib. "Kitab köşkü"nü, müvafiq olaraq, fəlsəfə doktoru Nizami Novruzovun təqdimatında Həsən Bayramovun "İrəvan Müəllimlər Seminariyası: Milli maarifçiliyin genezisi və prioritetlərin paradiqması", Afiq Fərzəlinin təqdimatında isə ""Rəsmiyyə Sabirin "Zindan sevinci"" yazıları bəzəyir.
Oxucular "Qısa fikirlər xəzinəsi"ndə Uinston Çörçil, Benjamin Franklin, Herman Hesse, Arif Nihat Asya və başqa dühaların ibrətamiz fikirləri ilə tanış olacaq. Nəhayət, "Dərgidə kitab"da Vəfa Mürsəlqızının hekayələri, "Dərgidə sərgi"də isə gənc rəssam Nigar Mustafayevanın rəsmləri təqdim edilib.
“Ədəbiyyat və incəsənət”
(01.03.2023)
Şair Əli Kərimin həyat yoldaşı Elza xanım vəfat edib
Dövrünün tanınmış şairi, “Qayıt” və “Qaytar ana borcunu” şeirləri ilə daim yaddaşlarda qalan Əli Kərimin həyat yoldaşı Elza xanım vəfat edib. “Ədəbiyyat və incəsənət” portalı nasir Cavid Zeynallının xatirə yazısını təqdim edir.
2012-ci ildə müsahibə etmişdik. Danışırdı ki, Əli Kərimlə evlənəndən sonra çox əziyyət çəkmişik. Zirzəmidə yaşayırdıq. Yazıçılar İttifaqının ev növbəsində Mehdi Hüseyn evi Əli Kərimə yox, başqasına verib. O da üz-üzə gələndə Mehdi Hüseynə salam verməyib. Mehdi Hüseyn soruşub ki, Əli, niyə mənə salam vermirsən? Deyib, Mehdi müəllim, əlimdən bu gəlir.
Moskvada oxuyanda Rəsul Rza şeirlərini jurnalda dərc elətdirib, qonorarını göndərib. Pulu alan kimi bir-ikisini cırıb ki, sənə görə nə əzablar çəkmişəm.
Elza xanım danışırdı ki, bir dəfə bazara getmişdim, oğlum Azər də yanımda idi. Dedi, ana, bu şalvarı mənə al. Pul az idi, gücüm çatmadı. Evə gələn kimi atasına danışdı. Əli o dəqiqə bazara qaçıb o şalvarı aldı ki, mənim geyim-keçimdən çox korluğum olub, heç olmasa, bunlar mən çəkdiyimi çəkməsinlər.
Qucaq-qucaq oyuncaqlar alırmış uşaqlara. Deyirmiş, mənim olmayıb, qoy bunlar gözü tox böyüsünlər.
Elza xanımla Əli Kərimi İlyas Tapdıq tanış edib. Gözəl qadın olub. Rza Şah Bakıya gələndə şaha gül verib. Sonra İran səfiri ona elçi düşüb. Amma o, Əli Kərimi seçib.
11 il evli olublar. Yola getmirmişlər. Əli Kərimi şeirlərinə görə qızlar çox sevirmiş. Amma deyirdi, kaş elə qızlara görə dava edərdik. İçib evə gec gəlirdi, mən də küsürdüm.
Sən mənim qədrimi biləsən deyə,
Bu cavan yaşımda ölümmü indi.
Bu şeir də o illəriin yadıgarıdır. Ruhun şad olsun, Elza xanım!
“Ədəbiyyat və incəsənət”
(01.03.2023)
Qadınlar nağılları çox sevirlər…
Hümbət Həsənoğlu “Ədəbiyyat və incəsənət” portalına növbəti 10 aforizmini təqdim edib. Buyurun:
1. Arzular təfəkkürün problemlərlə dolu gerçəkliklərdən qaçıb gizləndiyi xoş yerdir.
2. Ağlı olan heç vaxt tək olmur.
3. Həmişə ağıllı olmaq darıxdırıcıdır, hərdən axmaqlıqdan da imkan kimi istifadə etmək lazımdır.
4. Qadını tanımağa kişi ağlı acizdir, yalnız qəlb buna kömək ola bilir.
5. Arxadan kürəyə vurmaq zəmanəsi keçdi, indi üzbəüz, gözə baxa-baxa vururlar.
6. Gücü az olanın səsi çox çıxar.
7. Dünyanın ən böyük dəyəri özünsən, bütün başqa dəyərlər sən olduğuna görə mövcuddurlar.
8. Başımızın üstündəki sonsuz səma sonsuz böyüməyimiz üçün imkandır.
9. Kişinin qadınlar haqqında bilməli olduğu yeganə şey odur ki, onlar nağılları sevirlər.
10. Özünü yaxşı saymaq başqaları haqda məlumatsızlıqdan doğur.
“Ədəbiyyat və incəsənət”
(01.03.2023)
300 namizəd - Bu gün yekun sərgi açılacaq
Sevindiricidir, rəngkarlığa ölkəmizdə maraq hədsizdir. Bəlkə də, uşaq və yeniyetmə rəsm həvəskarları Əzim Əzimzadənin, Bəhruz Kəngərlinin, Səttar Bəhlulzadənin, Mikayıl Abdullayevin, Tahir Salahovun, Toğrul Nərimanbəyovun sələfləri olmalarının səbəbindən bu qədər kətana, fırçaya və boyaya meyillidirlər.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Mədəniyyət, Elm və Təhsil nazirlikləri, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində elan olunmuş “Düşün və yarat!” adlı yaradıcılıq müsabiqəsinə əsər qəbulu başa çatıb.
Müsabiqəyə ölkəmizin müxtəlif güşələrindən 12 yaşdan yuxarı 1000 nəfərə yaxın iştirakçı 1500-ə qədər rəsm əsəri, gil, karton, kağız, metal parçası, plasmas və s. materiallardan hazırlanmış bir əşya və texnoloji sistemlər təqdim edib.
İlkin seçimlərdə 300-ə yaxın müxtəlif sənət nümunəsi sərgilənmək üçün seçilib. Seçimlərdə müəllifin yaşı nəzərə alınmaqla ortaya qoyduğu yaradıcılıq əsas götürülmüş və ən əsası kənar (müəllim, valideyn) müdaxiləsiz işlərə üstünlük verilib.
“Düşün və yarat!” müsabiqəsinin yekun sərgisi bu gün Xətai Sənət Mərkəzində keçiriləcək.
Son mərhələyə keçən və əsərləri nümayiş
hüququ qazanan rəssamlarımızı təbrik edirik!
“Ədəbiyyat və incəsənət”
(01.03.2023)
Bu gün Rəngkarlıq Muzeyində onlar özlərini kəşf edəcəklər
Bu gün YARAT Müasir İncəsənət Mərkəzinin təşkilatçılığı ilə “Özünü kəşf et” adlı ustad dərsi keçiriləcək. Və ən əsası - bacarıq səviyyəsindən asılı olmayaraq, hər bir iştirakçı kətan üzərinə öz təsəvvürlərini köçürərək, akril, fırça və mastixin ilə yaradıcı təcrübəsini inkişaf etdirəcək.
XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində reallaşacaq dərslərə 16 yaşdan yuxarı rəsm həvəskarları qatılacaqlar.
“Ədəbiyyat və incəsənət”
(01.03.2023)
Beynəlxalq əməkdaşlıq yeni müstəvidə
“Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının 30 illiyi münasibəti ilə: 6-cı məqalə
“Simurq” AMA M.V. Lomonospv adına Moskva Dövlət Universitetinin YUNESKO kafedrası və qlobal proseslər fakultəsi, Beynəlxalq Qlobal Tədqiqatlar Akademiyası, Dünya Mədəniyyət İnstitutu (YUNESKO), Beynəlxalq Humanitar “Avropa-Asiya” Akademiyası, Yalta Siviliasiya klubu, Beynəlxalq Pitimir Sorokin-Nikolay Kondratyev İnstitutu, “Sivilizasiyaların əməkdaşlığı” Açıq Universiteti, Ümumdünya Braxma Kumaris Ruhi Universiteti, RF Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının elm-təhsil mərkəzi, Sankt-Peterburq Dövlət İdarəçilik İnstitutu, Kazan Mədəniyyət Universiteti, Kaluqa Dövlət Universiteti, Kazan Federal Universiteti, Kazan İnnovasiya Universiteti, “Böyük Volqa Yolu” Beynəlxalq İctimai Təşkilatı və s. ilə əməkdaşlıq həyata keçirir.
Assosiasiyanın üzvləri beynəlxalq forumlarda, Rusiya, ABŞ, Almaniya, Norveç, Fransa, Belçika, Cənubi Koreya, Tailand, Misir, Yunanıstan, Türkiyə, İran, Kosta-Rika, Rumıniya, Macarıstan, Hindistan və digər ölkələrdəki cəmiyyətlərdə və səfirliklərdə məruzə ilə çıxış etmişlər. Assosiasiyanın monoqrafiyalarından bəziləri Rusiya, ABŞ, Almaniya, Birləşmiş Krallıq, Yaponiya, Çin, Avstriya, Fransa, Macarıstan, Estoniya və digər ölkələrin dövlət kitabxanalarının fondlarında, habelə BMT, YUNESKO, Roma Klubu, ABŞ Konqresinin kitabxanalarında saxlanılır.
Müxtəlif illərdə görkəmli diplomatlar, alimlər, mədəniyyət xadimləri və mesenatlar – Paolo Lembo, Plutarko Ernandes, Per Ulvevadet, Mixail Şmunk, Valter Şoniya, Çjan Siyun, Yuriy Sayamov, Engel Tahirov, Maksim Andreyev, Olqa Astafyeva, Yuriy Yakoves, Suheyl Fərah, Oljas Süleymanov, Kirill Razloqov, Abdulkadır Karaoqlan, Teyfur Qeybətov, Dmitriy Spivak, Zoltan Baç, Marqaritta Kosta, Vaqif Namazov, Çjan Yannyan, Mario Baldi, Svetlana Bondıreva, Lyuk Obri, Hasan Ami, Olav Berstad, Ceynis Roze, Nikolay Tomilov, Toşikazo Muto, Ənvər Şeyxov, İbrahim Nuri, Ronald Yanq, Villem de Bofort, Eliyezer Yotvatt, Sabir Mansur, Adel Dərviş və bir çox başqaları Assosiasiyanın fəxri xarici üzvləri seçilmişlər.
Assosiasiyanın beynəlxalq əməkdaşlıq formalarından biri əcnəbi müəlliflərin elmi məqalələrinin “Simurq” Beynəlxalq kulturoloji jurnalda (Dünya mədəniyyəti və sivilizasiyasının tarixi və nəzəriyyə məsələləri) dərc edilməsidir.
Ədəbiyyat və incəsənət”
(01.03.2023)
Ölkəmizdə rus dilində təhsil alan 160 min şagird üçün proloq
“Ədəbiyyat və incəsənət” portalı ictimai fəali Azər Həsrətin “Alın si! Rusiya öz dilinin qayğısına qalır. Bizsə…” məqaləsini təqdim edir.
Rusiya Prezidenti Vladimir Putin fevralın 22-də “Dövlət dili haqqında qanun”a dəyişikliklərlə bağlı yeni qanunu imzalayıb. Rusiya Dövlət Dumasının fevralın 16-da qəbul etdiyi və Prezidentin olduqca təcili imzaladığı bu qanunla “rus dilinə uyğun olmayan” sözlərdən istifadə yasaqlanır…
Qanunun mətni tam olaraq Rusiyanın rəsmi hüquq informasiya portalında fevralın 28-də dərc edilib.
Nə deməkmiş bu dəyişiklik?
Dəyişikliyə görə, rus dilindən dövlət dili kimi istifadə edilərkən müasir ədəbi ruscanın normalarına uyğun olmayan söz və ifadələrdən istifadəyə yol verilməyəcək. O cümlədən də vulqar ifadələrin istifadəsi yasaqlanır. Yalnız rus dilində qarşılığı olmayan ümumişlək xarici sözlərin istifadəsi yol verilən hesab edilir. Həm də belə sözlər müvafiq lüğətlərdə yer almış olmalıdır.
Belə baxanda, Rusiyadır, öz dilinin qayğısına qalır, başadüşüləndir. Amma burada bir əmma olmasaydı!
Rusiya imperiya dili olan ruscada hətta yabançı sözlərin belə minimuma endirilməsi üçün sərt qanunlar qəbul edərkən, digər dillərin sıxışdırılması üçün də əlindən gələni edir.
İllərdir bizim kimi türk olan tatarların, başqurdların, çuvaşların, xakasların, tıvaların, noqayların, qumuqların, qaraçayların, balkarların və başqa türk xalqlarının dili bu ölkədə rəsmən sıxışdırılır. Hətta o həddə ki, müstəqil türk dövlətlərindəki kimi bu xalqların da latın əsaslı əlifbaya keçməsi ayrıca qanunla yasaqlanıb!
Bəli, Rusiya adlı imperiya dövləti ruslardan başqa bütün millətlərin hüquq və azadlıqlarını qanunlarla yasaqlayır, məhdudlaşdırır!
Hələ bu bir yana, üstəlik də 2022-ci ilin 24 fevralında Ukraynaya qarşı başlatdığı əsassız təcavüzdə də Rusiya məhz türk xalqlarını ön xəttə göndərib soyqırım törədir!
Bizsə nə edirik? Ölkəmizdə cəmi 120 min rus yaşadığı halda dövlət hesabına rus olmayanları belə rus dilində oxuduruq!
Azərbaycanda dövlət hesabına 160 min şagird rus dilində təhsil alır! Bu, fəlakətdir! Bu, ölkənin altına qoyulan bombadır!
Artıq müstəqil dövlətik və özümüzə hörmət etməli, gərək olmadan rus məktəblərini maliyyələşdirməni dayandırmalıyıq. Əgər kiməsə bu məktəblər həqiqətən də lazımdırsa, zəhmət çəkib pullu oxusunlar.
“Ədəbiyyat və incəsənət”
(01.02.2023)
Poeziya və nəsr bir yerdə, “Almanax” kitabında
Azərbaycanda yaşayan milli azlıqlar ədəbiyyata maraq göstərir, ədəbi birliklər, dərnəklər yaradır, kitablar yazır, kitab təqdimatları keçirirlər. Təbii ki, rus xalqı bu sırada ən fəallardandır. Bakıdakı Rus evində “Sodrujestvo” ədəbi birliyi fəaliyyət göstərir, vaxtşırı görüşür, tədbirlər keçirir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Paşa Yusupovun sədrlik etdiyi ədəbi birlikdə həm gənclər, həm yaşlı nəslin nümayəndələri bir araya gəlirlər.
Vaxtaşırı toplaşıb şeir müzakirəsi keçirir, ədəbi prosesi müzakirə edirlər. Ötən gün isə ədəbi birliyin toplantısı fərqli, amma daha əlamətdar oldu. Hamı “Almanax” kitabının təqdimatına yığışmışdı. Yenicə çapdan çıxmış bu nəşrin publisistika, nəsr və poeziya bölmələrində bir çox müəllifin əsərləri yer alıb.
Təqdimat mərasimini Azərbaycanın Rusdilli Təhsil Müəssisələri Assosiasiyasının sədri Lyubov Yakunina açdı. Ardınca “Sodrujestvo” Azərbaycan Xalqlarının Həmrəyliyi İctimai Birliyinin sədri Tatyana Kərimova söz alıb tədbir iştirakçılarını salamlayaraq, birliyin fəaliyyəti və inkişaf perspektivləri haqqında məlumat verdi. Elberd Tuqanov Puşkinə həsr etdiyi poemadan parçalar söylədi, aktual problemlərdən bəhs edən şeirini də həmçinin. Vətənə məhəbbət mövzusunu qələmə alan tarixçi Tamilla Xəlilova kitab haqqında fikirlərini bölüşdü. Sonra şair Fikrət Kazımov Azərbaycana həsr etdiyi şeiri oxudu. Şairə və psixoloq Svetlana Xalıqova yetirmələrinin taleyini öz əsərlərində necə əks etdirdiyini açıqladı. Sonda çıxış edən musiqiçi və şairə Nataliya Turovskaya Bakı və bakılılar haqqında hekayələrdə öz həmyerlilərini tərənnüm etməsindən bəhs etdi. “Sodrujestvo” ədəbi birliyinin sədri Paşa Yusupov isə təqdimata yekun vurdu.
Bu adları çəkilənlərin hər biri “Almanax” kitabında təmsil olunublar. Hər şey o yana, rus insanı tərəfindən Azərbaycanın tərənnümü elə hər şeyə dəyər.
“Ədəbiyyat və incəsənət”
(01.03.2023)
Açıq portfel: Hardan daha çox mal gətiririk?
Təbii ki, sıravi oxucu üçün statistik məlumatlar önəm kəsb edir. Nə, nə qədər, harda, nə üçün? Statistika bir çox sualların cavabıdır.
İqtisadiyyat isə ümumən statistika üzərində qurulduğundan hər kəs öz ailə büdcəsinin dəqiq uçotunu aparmağı xoşlayır.
“Ədəbiyyat və incəsənət” portalı sizə ötən gün Azərbaycanın ixrac əməliyyatları barədə məlumat vermiş, bizim ən çox məhsulumuzu alan ölkənin İtaliya olduğunu bildirmişdi. Bugünsə ən çox məhsul aldığımız ölkə, ümimən idxal barədə danışacağıq.
Baxaq. 2022-ci ildə xarici ticarət dövriyyəsi 56 milyard 212,1 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 41 milyard 672,2 milyon dollar, idxalın dəyəri 14 milyard 539,9 milyon dollar təşkil edib, nəticədə 27 milyard 132,3 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci illə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 57,7 faiz, real ifadədə 6,4 faiz, o cümlədən ixrac 8,7 faiz, idxal isə 1,7 faiz artıb. Komitədən daxil olmuş məlumatlara əsasən xarici ticarət dövriyyəsinin 90,1 faizi İtaliya, Türkiyə, Rusiya, Çin, Hindistan, İsrail, Yunanıstan, Almaniya, İspaniya, Birləşmiş Krallıq, Çexiya, Xorvatiya, Gürcüstan, Portuqaliya, İndoneziya, Ukrayna, Qazaxıstan, Vyetnam, ABŞ, Türkmənistan, Rumıniya, İran, Tunis və İsveçrə ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.
İndi isə konkret idxalın üzərində dayanaq. Yenədəmi İtaliya öndə gedir? Yox, bu dəfə ənənəvi bilgilərimiz kara gəlir. Ölkəmizə ən çox hardan mal gətirilir? Təbii ki, dərhal hamı 3 ölkənin adını çəkəcək. Rusiya, Türkiyə və Çin. Tamamilə haqlısınız.
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,8 faizi Rusiyanın, 15,8 faizi Türkiyənin, 14,3 faizi Çinin, 4,6 faizi Almaniyanın, 3,5 faizi Türkmənistanın, 3,4 faizi Qazaxıstanın, hər biri 3,3 faiz olmaqla ABŞ və İranın, 2,3 faizi İtaliyanın, 2 faizi Yaponiyanın, hər biri 1,8 faiz olmaqla Koreya, Belarus, Ukrayna və Birləşmiş Krallığın, hər biri 1,5 faiz olmaqla Fransa və Hindistanın, 1,3 faizi Braziliyanın, hər biri 0,9 faiz olmaqla Özbəkistan, Gürcüstan və Finlandiyanın, 0,8 faizi Polşanın, 13,7 faizi isə digər ölkələrin payına düşüb.
İdxalda maşınların, mexanizmlərin, elektrotexniki avadanlıq və aparatların, nəqliyyat vasitələrinin, kimya sənayesi məhsullarının, azqiymətli metallar və onlardan hazırlanan məmulatların, mineral məhsulların, hazır ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, bitki mənşəli məhsulların, plastik kütlə və ondan hazırlanan məmulatların, toxuculuq materialları və məmulatlarının dəyəri üstünlük təşkil edib.
İdxal olunan malların 61,7 faizini avtomobil, 18,7 faizini dəmir yolu, 10,3 faizini hava, 8,4 faizini dəniz nəqliyyatı ilə gətirilmiş, 0,9 faizini isə boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilmiş məhsulların dəyəri təşkil edib.
2021-ci illə müqayisədə 2022-ci ildə mühüm məhsul növlərindən buğda idxalı 12,6 faiz, bitki yağları 9,5 faiz, xam şəkər 6,1 faiz, təzə meyvə 4 faiz, kərə yağı, digər süd yağları və pastaları 23,5 faiz, unlu qənnadı məmulatları 9 faiz, çay 3,2 faiz, quş əti və onun əlavə məhsulları 12,4 faiz, dərman vasitələri 19,6 faiz, polad prokatı 45,3 faiz, sintetik yuyucu vasitələr 7,7 faiz, mebellər 12,7 faiz, polietilen 76,5 faiz, məişət kondisionerləri 35,5 faiz, qara metallardan çubuqlar 4,8 faiz, avtobuslar 56 faiz, polipropilen 12,7 faiz, sement 26,7 faiz artıb, şokolad və şokolad məhsulları idxalı isə 5,2 faiz, kartof 8 faiz, mal əti 15,8 faiz, təzə tərəvəz 31,7 faiz, siqaretlər 70,4 faiz, minik avtomobilləri 19,4 faiz, qara metallardan borular 9,8 faiz, hesablama maşınları, blok və qurğuları 19,4 faiz, yük avtomobilləri 7,7 faiz, rezin şinlər 0,2 faiz, mineral gübrələr 20,5 faiz, paltaryuyan maşınlar 18,8 faiz, qara metallardan künclüklər 12,3 faiz, məişət soyuducuları 39,2 faiz azalıb.
2022-ci ildə ölkəyə 68 min 684 ədəd minik avtomobili, 5127 ədəd yük avtomobili, 415 ədəd avtobus idxal olunub.
Bəli, rəqəmlər belədir. İndi hər kəs onları analiz edib qərar verə bilər. Biz dünyaya nə veririk və nə alırıq.
“Ədəbiyyat və insəsənət”
(01.03.2023)
Afaq Bəşirqızı başaparan gənc aktrisanı necə ram etdi
“Ədəbiyyat və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir. Növbəti təqdim edilən Afaq Bəşirqızıdır.
AFAQ BƏŞİRQIZI
(1955)
***
Sumqayıt tetarında işlədiyim vaxtlar idi. Bir cavan qız gəlmişdi teatra, yaman göylə gedirdi. Kaprizləri hər kəsi boğaza yığmışdı. Bir dəfə qrim otağıma keçəndə hay-küy eşitdim, ayaq saxlayıb baxdım, həmin təzə gələn aktrisa idi, çığıra-çığıra rejissorla danışırdı:
– Mən aktrisayam, mən hər şeyin gerçək olmağını tələb edirəm. Tamaşada boynuma əsl mirvari boyunbağı taxmaq istəyirəm, barmağımda əsl brilyant qaşlı üzük olsun. Toy səhnəsində əsl gəlinlik paltarı istəyirəm…
Gördüm qız çox baş aparır, yazıq rejissor da büzüşüb qalıb. Elə qapıdan dedim:
– Əşşi, niyə problem yaradırsız? – səsimi bir qədər qaldırdım. – Demir hər şey əsl olsun, olsun da. Mirvari boyunbağı da, brilyant üzük də əsl olsun, son pərdədəki zəhər də əsl olsun. Hamının da canı qurtarsın!
“Ədəbiyyat və incəsənət”
(01.03.2022)