“Ədəbiyyat və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir. Növbəti təqdim edilən Afaq Bəşirqızıdır.
AFAQ BƏŞİRQIZI
(1955)
***
Sumqayıt tetarında işlədiyim vaxtlar idi. Bir cavan qız gəlmişdi teatra, yaman göylə gedirdi. Kaprizləri hər kəsi boğaza yığmışdı. Bir dəfə qrim otağıma keçəndə hay-küy eşitdim, ayaq saxlayıb baxdım, həmin təzə gələn aktrisa idi, çığıra-çığıra rejissorla danışırdı:
– Mən aktrisayam, mən hər şeyin gerçək olmağını tələb edirəm. Tamaşada boynuma əsl mirvari boyunbağı taxmaq istəyirəm, barmağımda əsl brilyant qaşlı üzük olsun. Toy səhnəsində əsl gəlinlik paltarı istəyirəm…
Gördüm qız çox baş aparır, yazıq rejissor da büzüşüb qalıb. Elə qapıdan dedim:
– Əşşi, niyə problem yaradırsız? – səsimi bir qədər qaldırdım. – Demir hər şey əsl olsun, olsun da. Mirvari boyunbağı da, brilyant üzük də əsl olsun, son pərdədəki zəhər də əsl olsun. Hamının da canı qurtarsın!
“Ədəbiyyat və incəsənət”
(01.03.2022)