Super User
Gəlin “sağlam qidalanma” sözünə etinasız yanaşmayaq
Necə deyərlər, hər şey mətbəxdən başlayır. Və “Ədəbiyyat və incəsənət”in eksperti də mətbəxinizə daxil olub yağlı-piyli, bol kalorili qidaları zibil qabına tullamaq fikrində israrlıdır.
Artıq çəkidən əziyyət çəkənlər ölkəmizdə kifayət qədər çoxdur. Sovetlər dövründən qat-qat çox. Çünki indi biz fəst-fud mədəniyyətinə çox dərindən yiyələnmişik. Həmin kompleksdən azad olmaq üçün idmanı seçənlər də, ac qalmağa üstünlük verənlər də var. Mütəxəssislər isə deyirlər ki, formada qalmaq 70 faiz qidalanma, 30 faiz fiziki aktivliklə bağlıdır. Nə yalnız idman etməklə, nə də yalnız qidalanmağa fikir verməklə istənilən nəticəni əldə etmək olmaz. Ona görə də onların hər ikisinə eyni vaxtda əməl etmək lazımdır.
Yaxşı nəticə əldə etmək üçün bir qayda olaraq məşqdən əvvəl qidalanmaq düzgün sayılmır, çünki idman hərəkətləri zamanı əzələlər işlək vəziyyətdə olduğu zaman mədə qidanı həzm etməyə çalışır, həmçinin əzələlərdə daha çox qan axını olur ki, bu da həzm sistemi üçün zəruri qan miqdarının axınının qarşısını alır. Odur ki, məşqdən 1-4 saat əvvəl qidalanmaq məsləhət görülür. Məşqdən əvvəl giləmeyvəli yoğurt, yaxud süddə hazırlanmış və giləmeyvəli yulaf sıyığı, alma, bir qədər qoz, üzüm, banan və digər qida məhsullarının istehlakı tövsiyə olunur.
Məsələn, Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisi Aynur Həsənova deyir ki, “Məşqdən sonra qidalanma rejimi daha əhəmiyyətli hesab olunur, çünki məşq prosesində əzələlərdə olan qlükogen və amin turşulardan ibarət olan əsas enerji mənbəyinin əhəmiyyətli hissəsi tükənir, əzələ liflərinin dartılması baş verir və bunun nəticəsində iltihabi proseslər də gedə bilir. Ona görə də məşqdən sonra 1 saat müddətində zülal və karbohidrat ehtiva edən qida məhsullarının qəbul edilməsi həm qlükogen deposunu doldurur, həm əzələ zəifliyini aradan qaldırır, həm də əzələ kütləsini bərpa edir”.
Onu da qeyd edək ki, idmanla məşğul olan və qidalanmasına diqqət edənlərin yağlı və qızardılmış yeməklər - şokolad, lifli tərəvəzlər, yağlı ət, şirin və yağlı yoqurtlar, lif və yağ turşuları ilə zəngin kətan toxumu, fastfud, enerji içkiləri və qazlı içkilər qəbul etməsi məsləhət görülmür.
Sonda bir şeyi də qeyd edək: Tamah insanın ən zərərli xüsusiyyətidir.
“Ədəbiyyat və incəsənət”
(02.03.2023)
Hər kəsdən məsuliyyət və sayıqlıq tələb edilir
Rusiyanın Azərbaycanda gənc qiraətçilər arasında “Canlı klassika” müsabiqəsi keçirməsinə sözönü
Ukrayna ilə müharibə aparmaqda olan Rusiya MDB ərazilərindəki mədəniyyət mərkəzlərinin fəal olması direktivlərini ortaya qoyub. Ən azı Rusiyanın Azərbaycandakı mədəniyyət mərkəzi bunu deməyə əsas verir. Bu tədbirlər təbii ki, heç bir siyasi məqsəd güdmür, onlarda Ukrayna əleyhinə cüzi bir ştrix yoxdur. Bunları keçirməkdə məqsəd, çox şübhəsiz, təcavüzkar müharibəyə qol qoyan bir ölkənin reputasiyasını qorumaq, onun mədəni köklərini bəyan etmək istəyidir. Yəni baxın, bu dövlət mədənidir, haqq-ədalət aşiqidir.
Bu fikirləri “Ədəbiyyat və incəsənət” portalına ekspert Malik Məmmədov söyləyib. O, Rusiya qurumları tərəfindən Azərbaycanda gənc qiraətçilərin “Canlı klassika” müsabiqəsi keçirilməsi xəbərinə məhz bu cür şərh verib.
İndi isə xəbərin təfsilatı. Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi məlum edib ki, sözügedən müsabiqə Rusiya Maarif Nazirliyi, “Rossotrudniçestvo” və Prezident Qrantları Fondunun dəstəyi ilə təşkil olunur. Layihənin Azərbaycanda kuratoru Azərbaycan Rus Gəncləri Assosiasiyasıdır.
Müsabiqəyə qoşulmağı arzu edən, yaşı 10-dan 17-yə qədər olan hər kəs dəvət olunur, iştirak ödənişsizdir.
Müsabiqə iştirak etmək istəyən şəxslər “youngreaders.ru” saytında qeydiyyatdan keçməli, XVIII-XXI əsrlərin müəlliflərinin yaradıcılığından bir əsər seçib, onu əzbərləməlidirlər. Müsabiqənin bütün mərhələlərində məhz həmin nümunəni ifa etmək lazım olacaq.
“Canlı klassika” – rusiyalı yazıçıların nəsr əsərlərindən nümunələrin ucadan oxunması üzrə yarışma tədbiridir. Əsasən yeni nəşrlər təqdim ediləcək.
Və biz əmin olduğumuzu bildiririk ki, təqdim edilən nəsr əsərlərində millətçi çağırışlar olmayacaq.
“Ədəbiyyat və incəsənət”
(02.03.2023)
Milli Dram Teatrının mart repertuarı
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı mart ayında “Medeya” tamaşası ilə başlayaraq klassik əsərlər əsasında səhnələşdirilmiş maraqlı tamaşalarla çıxış edəcək. Sənət ocağının mart repertuarını təqdim edirik:
2 mart – “Medeya”
3 mart – “Xurşidbanu Natəvan”
4 mart – “Zorən şorgöz”
5 mart – “Filumena Marturano”
9 mart – “Manqurt”
10 mart – “Sərgüzəşti- vəziri-xani-Lənkəran”
11 mart – “Ah, bu uzun Sevda yolu”
12 mart – “Ölülər”
18, 19, 20, 21, 22 mart – “Novruz” (uşaq tamaşası)
31 mart – “Zəfər yolu”
“Ədəbiyyat və incəsənət”
(02.03.2023)
Bir şəklin tarixi
Dövrünün görkəmli ədəbiyyatşünası olmuş İmamverdi Əbilovun oğlu Etibar Əbilov bir şəklin tarixçəsini “Ədəbiyyat və incəsənət” portalının oxucularına danışır.
Bu gün arxivimdə Səməd Vurğunla atamın 1954-cü ilin 12 iyununda Neftçalada çəkilmiş orijinal şəklini görüb haqqında bəhs etmək qərarına gəldim.
Bu şəkil 69 il bundan əvvəl çəkilib. Burada atamın 27 yaşı var. Səməd Vurğun isə 48 yaşındadır.
Atam Səməd Vurğunun yaradıcılığı barədə məruzə edib. Atamın məruzəsindən sonra Səməd Vurğun ayağa qalxıb, atamı bağrına basıb və hamının eşidəcəyi səslə:
-Sən mənə lap anam Məhbubə xanım kimi layla çaldın- deyib.
Tarix onu yaşatdıqca tarix olur.
“Ədəbiyyat və incəsənət”
(02.03.2023)
“Heydər Əliyev və mədəniyyətimiz” silsiləsindən növbəti tədbir
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil - muzeyində Klassik Musiqi Həvəskarları Klubunda “Heydər Əliyev və mədəniyyətimiz” silsiləsindən növbəti tədbirdə bəstəkar, Azərbaycan Milli Konservatoriyasının professoru, Əməkdar incəsənət xadimi Məmmədağa Umudovla görüş keçirilib.
Muzeydən AzərTAC-a bildirilib ki, görüş zamanı bəstəkarın həmkarları, sənət dostları - Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xatirə Həsənzadə, professor, Əməkdar incəsənət xadimi Arif Əsədullayev, bəstəkar, Xalq artisti Elnarə Dadaşova onun yaradıcılığı haqqında çıxış edib, ürək sözlərini bölüşüblər. Bütün çıxışlar bəstəkarın həyat və yaradıcılıq yolunu əks etdirən slayd-şou ilə müşayiət olunub. Tədbirdə Məmmədağa Umudovun müəllifi olduğu “Alətşünaslıq. Simfonik Orkestr Alətləri”, “Qələbəyə doğru...Marş” və “Tövsiyələr” kitablarının təqdimatı keçirilib.
Tədbirin bədii hissəsində Azərbaycan Milli Konservatoriyasının professor, müəllim və tələbələrinin ifalarında Məmmədağa Umudovun Azərbaycan Respublikasında “Heydər Əliyev İli”nə ithaf etdiyi əsərlərindən ibarət konsert proqramı təqdim olunub.
Sonda Məmmədağa Umudov tədbir iştirakçılarına və tədbiri təşkil edən muzey əməkdaşlarına minnətdarlığını bildirib.
“Ədəbiyyat və incəsənət”
(02.03.2023)
“Yazmaq özümün özümə isbatımdır“
Ülviyyə Əbülfəzqızı ilə müsahibə
“Ədəbiyyat və incəsənət” portalı sənətdə uğurlu addımlarını atan yazarları oxucuları ilə tanış etməkdə davam edir. Bu dəfə sizlərin qarşınızda Ülviyyə Əbülfəzqızı dayanacaq. Blits-müsahibəni Habil Yaşar aparır.
-Öncə özünüz haqqında məlumat verərdiniz.
-Filoloq-pedaqoq.
-İlham mənbəyiniz nədir?
-Hadisədən asılı olaraq cümlələrin səssiz şəkildə daxilimdə səslənməsi... Bunu hiss edəndə özümdən biixtiyar cümlələri bacardığım qədər bədii sıraya düzəcəyəm. Hər bir cümlədə fikir genişliyi nəzərə çarpmalıdır. Şairlik ilahi nemətdir və hər adama qismət olmaz.
-Xəyal dünyanızın bu qədər genişlənməsinə səbəb olan hadisələr hansılardır?
-Ya böyük sevgi (Vətənə, anaya, şagirdə və.b.), ya da neqativi uzaqlaşdırmağım üçün beynimdə qurduğum məhkəmə, bir çox düşündürən məsələlər. Şairlərin sinəsi söz ümmanı olur. Şair xəyal dünyasını hərf-hərf, söz-söz, cümlə-cümlə, sətir-sətir yazıya köçürür. Hər cümlə beynindən, ürəyindən dilinə, dilindən isə qələmə ötürülür.
- Əsərlərinizi ən çox harada yazmağı sevirsiniz?
-Tam sakit məkan, ya da təbiətin səsi olan məkanda yazmağı daha çox sevirəm. Amma bəzən adi yol gedərkən belə, beynimə gələn fikirləri " elə beynimdə mühafizə edib" sonra qələmə alıram. O məkandakı qəlbim ruhuma, ruhum qəlbimə təslim olub söz dəryasında böyük məhəbbətlə səyahət edir. Real dünyaya qayıdanda isə hər hansı bir Ədəbiyyat nümunəsi mənimlə qayıdır.
-Yazmaq sizin üçün nə deməkdir?
-Yaşamaq mənim üçün nədirsə, yazmaq da odur! Ruh cism üçün necə vacibdirsə, mənim üçün yazmaq da o cür vacibdir. Sevincimi, kədərimi qələmlə bölüşməkdir yazmaq. Sıxıntılı anlarımda qələmə sarılmaq, sevincli anlarımda qələmlə bayram etməkdir yazmaq. Yazmaq özümün özümə isbatımdır.
-Yazıçı üçün zaman nə deməkdir?
-Yaşamaq zamandan geriyə iz qoymaqdır. Buna görə yazıçı üçün hər saniyə çox qiymətlidir. Ömür sürət qatarına bənzərdir. Özündən geri xatirə qoymaq üçün yazar möhtəşəm və unudulmaz əsərlər yaratmalıdır. O zaman yazar zamana qalib gəlib əbədiyaşar olaraq qalacaq.
-Ümumiyyətlə, hansı janrda kitablar oxuyursunuz və niyə bu janra üstünlük verirsiniz?
-Müxtəli janrlara. Hər bir mövzu həyatdan yaranır, yazıçının təxəyyülündə bir az əyninə fərqli libas seçir. Hər janrın öz özəllikləri var. Ədəbiyyatı sevən bütün janrları sevəcək. Təbii ki, zövqlər müxtəlif olduğu üçün seçimlər fərqli olur. Mənim üçün hər bir gözəl əsər janrından asılı olmayaraq bir dünyadır, fərqli bir səyahətdir.
-İlk dəfə nə vaxt “yazıçı olacam” demisiniz?
-Yeddi yaşımda, yazdığım şeir yaxınlarım, müəllimlərim tərəfindən bəyəniləndə. Anam isə hər zaman ilk oxucum və tənqidçim olurdu. Anamın dəyərli fikirləri məni daha da gücləndirirdi.
-Sizcə, kitab oxumaq vərdişini qazanmaq üçün nə etmək lazımdır?
-Kitaba olan sevgini hər gün hiss etmək və ona toxunmaq üçün həvəslə o anı gözləmək. Hər gün kitab oxumaq üçün vaxt ayırmaq lazımdır. Ta ki vərdişə çevrilsin. Sonra heç kim kitabla bizim aramıza sərhəd sərhəd qoya bilməz.
-Yeni bir kitab yazmaq planınız varmı?
-Bəli, hekayə və esselərdən ibarət bir kitab nəzərdə tutmuşam. İnşallah, fikrimdə romanlar da var.
-Yazıçı olmaq istəyən digər gənclərə hansı məsləhətləriniz var?
-Birinci növbədə, çox oxumaq, sonra isə yazdığı hər bir cümləyə öz poetik naxışını vuraraq yeni fikir söyləməyi məsləhət görərdim. Təkrarçılıqdan qaçmaq və hər mövzuya yeni bir tərzdə - öz üslubu ilə yanaşmağı məsləhət görərdim. Daha çox yazmaq, amma keyfiyyətli yazmaq və hər yazıda öz inkişafını kifayət qədər görməklə inkişaf etməyi arzulayıram.
“Ədəbiyyat və incəsənət”
(02.03.2023)
Mədəniyyət nazirinin yeni müavini Murad Hüseynov kimdir?
Xəbər verdiyimiz kimi ötən gün Prezidentin sərəncamı ilə Murad Hüseynov mədəniyyət nazirinin müavini təyin olunub. Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Murad Fərid oğlu Hüseynov Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini təyin edilsin.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 1 mart 2023-cü il
“Ədəbiyyat və incəsənət” portalı Murad Hüseynovun dosyesini təqdim edir. Murad Hüseynov Azərbaycanın Xalq artisti, pianoçu, beynəlxalq müsabiqələr laureatıdır. Yeni təyinatadək o, Beynəlxalq Muğam Mərkəzinin direktoru vəzifəsində çalışıb.
Murad Hüseynov 1973-cü il dekabrın 1-də Bakıda anadan olub.
O, yaradıcılıq fəaliyyətinə Bülbül adına Orta Xüsusi Musiqi Məktəbində başlayıb. 1991-1996-cı illərdə Bakı Musiqi Akademiyasında təhsil alaraq buranı fərqlənmə diplomu ilə bitirib.
1996-1999-cu illərdə Bakı Musiqi Akademiyasının aspirantı (professor F. Bədəlbəylinin sinfi) olub. O, Fransa hökuməti tərəfindən təqaüdə layiq görülərək 2000-2002-ci illərdə A.Korto adına Paris Ali Musiqi Akademiyasının Liseyində, 2004–2006-cı illərdə isə P. Çaykovski adına Moskva Dövlət Konservatoriyasında peşəkar musiqi təhsilini davam etdirib. Biz hər dəfə Beynəlxalq Muğam Mərkəzində onu royal arxasında görəndə virtuoz musiqi dinləmişik. Təbrik edirik!
“Ədəbiyyat və incəsənət”
(01.03.2023)
“ASAN xidmət” təcrübəsi İslam İnkişaf Bankına üzv ölkələrdə
Bəli, ASAN bir Azərbaycan brendi kimi dünyada nümunədir. AzərTAC-ın bir xəbərinə diqqət yetirməyinizi istərdik.
Bakıda səfərdə olan İslam İnkişaf Bankı (İİB) qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casiri “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AzərTAC-a bildirilib ki, agentliyin sədri Ülvi Mehdiyev ilə keçirilən görüş çərçivəsində “ASAN xidmət” təcrübəsinin Mərkəzi Asiya ölkələrində tətbiqi istiqamətində İİB ilə davam edən uğurlu əməkdaşlıq üzrə müzakirələr aparılıb.
Sonra Dövlət Agentliyi ilə İslam İnkişaf Bankı arasında “Azərbaycan Respublikasının “ASAN xidmət” təcrübəsindən faydalanaraq, İslam İnkişaf Bankına üzv ölkələrdə dövlət xidmətləri göstərilməsinin gücləndirilməsinə dair əməkdaşlıq haqqında” Anlaşma Memorandumu imzalanıb.
Memorandumun məqsədi “ASAN xidmət” təcrübəsini tətbiq etmək istəyən İslam İnkişaf Bankına üzv ölkələrə dəstək olmaqdır. Belə ki, müvafiq ölkələrin bu istiqamətdə maliyyə xərcləri məhz İslam İnkişaf Bankı tərəfindən qarşılanacaq.
Qonaq “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, “Bilim Bakı” mərkəzinin fəaliyyəti, Səyyar ASAN xidmət avtobusu ilə də yerində tanış olub.
“Ədəbiyyat və incəsənət”
(02.03.2023)
Bundan gözəl şansmı olar?
Postsovet məkanında ilk olaraq Azərbaycanda Gənclər Günü qeyd edilib. Cənubi Qafqazda ən nəhəng Gənclər Fondu Azərbaycanda fəaliyyət göstərir.
Coğrafiyamızda analoqu olmayan “Yüksəliş” müsabiqəsi Azərbaycanda keçirilir.
“Ədəbiyyat və incəsənət” portalı gəncləri bu müsabiqədə iştiraka çağırmaq kimi nəcib bir təşəbbüsdə bulunur. Odur ki, əziz gənclər, yaxın oturun!
“Yüksəliş” müsabiqəsi ölkəmizdə idarəetmə bacarıqları olan rəhbər şəxsləri müəyyən etmək, onları peşəkar bacarıqlarına arxalanaraq qarşılarına qoyduqları karyera məqsədlərinə çatmaq imkanı verən platformadır. “Yüksəliş” müsabiqəsi savadlı və məqsədyönlü insanlar üçün mühüm imkandır.
Müsabiqə idarəetmə bacarığı olan, yüksək intellekt və strateji düşüncə bacarığına malik, eləcə də hədəfləri doğru müəyyən etməklə mövcud imkanları və potensial riskləri idarə edə biləcək şəxslər üçündür. Əgər özünüz üçün yeni imkanlar və peşəkar cəhətdən inkişaf etmək istəyirsinizsə, həmən müsabiqədə iştirak edin. İştirak özü artıq bir təcrübədir.
Qeyd edək ki, fevralın 17-dən etibarən 3-cü “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsinə start verilib. Qeydiyyat martın 31-dək davam edəcək. 21-51 yaş arasında olan, ali təhsilli, azı 2 il idarəçilik təcrübəsinə malik Azərbaycan Respublikasının vətəndaşları qeydiyyatdan keçərək müsabiqədə iştirak edə bilər. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Qeydiyyat “Yüksəliş” müsabiqəsinin saytı vasitəsilə həyata keçirilir.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Prezidentin müvafiq sərəncamına əsasən təsis olunub. Müsabiqə qalibləri idarəçi rəhbərlər tərəfindən 1 illik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.
Artıq şərhə, bizcə, ehtiyac qalmadı. Haydı, gənclər!
“Ədəbiyyat və incəsənət”
(02.03.2023)
Tamaşa zamanı ucadan danışan xanımlara Ramiz Novruz necə təpindi
“Ədəbiyyat və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir. Növbəti təqdim edilən Ramiz Novruzdur.
RAMİZ NOVRUZ
(1955)
***
Bir dəfə zalda oturub tamaşaya baxırdım. Arxa sırada teatra təzə gələn bir-iki cavan aktrisa əyləşmişdi. Tamaşa başlanandan dil boğaza qoymadan söhbət elədilər. Mən səhnədə danışılanları heç cür eşidə bilmirdim. Axırda dözməyib acıqla geri çevrildim:
– Bəsdirin də, sizin səsinizdən heç nə eşidə bilmirəm, – gənclərə təpindim.
Qızlardan biri təəccüblə:
– Aaa, Ramiz müəllim, biz də səhərdən sizi tərifləyirik, – dedi.
– Hə, onda siz davam eləyin, mənsə yerimi dəyişim, – deyib, qalxdım.
“Ədəbiyyat və incəsənət”
(02.03.2022)