Xəbər verdiyimiz kimi ötən gün Prezidentin sərəncamı ilə Murad Hüseynov mədəniyyət nazirinin müavini təyin olunub. Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Murad Fərid oğlu Hüseynov Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini təyin edilsin.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 1 mart 2023-cü il
“Ədəbiyyat və incəsənət” portalı Murad Hüseynovun dosyesini təqdim edir. Murad Hüseynov Azərbaycanın Xalq artisti, pianoçu, beynəlxalq müsabiqələr laureatıdır. Yeni təyinatadək o, Beynəlxalq Muğam Mərkəzinin direktoru vəzifəsində çalışıb.
Murad Hüseynov 1973-cü il dekabrın 1-də Bakıda anadan olub.
O, yaradıcılıq fəaliyyətinə Bülbül adına Orta Xüsusi Musiqi Məktəbində başlayıb. 1991-1996-cı illərdə Bakı Musiqi Akademiyasında təhsil alaraq buranı fərqlənmə diplomu ilə bitirib.
1996-1999-cu illərdə Bakı Musiqi Akademiyasının aspirantı (professor F. Bədəlbəylinin sinfi) olub. O, Fransa hökuməti tərəfindən təqaüdə layiq görülərək 2000-2002-ci illərdə A.Korto adına Paris Ali Musiqi Akademiyasının Liseyində, 2004–2006-cı illərdə isə P. Çaykovski adına Moskva Dövlət Konservatoriyasında peşəkar musiqi təhsilini davam etdirib. Biz hər dəfə Beynəlxalq Muğam Mərkəzində onu royal arxasında görəndə virtuoz musiqi dinləmişik. Təbrik edirik!
“Ədəbiyyat və incəsənət”
(01.03.2023)