Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil - muzeyində Klassik Musiqi Həvəskarları Klubunda “Heydər Əliyev və mədəniyyətimiz” silsiləsindən növbəti tədbirdə bəstəkar, Azərbaycan Milli Konservatoriyasının professoru, Əməkdar incəsənət xadimi Məmmədağa Umudovla görüş keçirilib.
Muzeydən AzərTAC-a bildirilib ki, görüş zamanı bəstəkarın həmkarları, sənət dostları - Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xatirə Həsənzadə, professor, Əməkdar incəsənət xadimi Arif Əsədullayev, bəstəkar, Xalq artisti Elnarə Dadaşova onun yaradıcılığı haqqında çıxış edib, ürək sözlərini bölüşüblər. Bütün çıxışlar bəstəkarın həyat və yaradıcılıq yolunu əks etdirən slayd-şou ilə müşayiət olunub. Tədbirdə Məmmədağa Umudovun müəllifi olduğu “Alətşünaslıq. Simfonik Orkestr Alətləri”, “Qələbəyə doğru...Marş” və “Tövsiyələr” kitablarının təqdimatı keçirilib.
Tədbirin bədii hissəsində Azərbaycan Milli Konservatoriyasının professor, müəllim və tələbələrinin ifalarında Məmmədağa Umudovun Azərbaycan Respublikasında “Heydər Əliyev İli”nə ithaf etdiyi əsərlərindən ibarət konsert proqramı təqdim olunub.
Sonda Məmmədağa Umudov tədbir iştirakçılarına və tədbiri təşkil edən muzey əməkdaşlarına minnətdarlığını bildirib.
“Ədəbiyyat və incəsənət”
(02.03.2023)