Postsovet məkanında ilk olaraq Azərbaycanda Gənclər Günü qeyd edilib. Cənubi Qafqazda ən nəhəng Gənclər Fondu Azərbaycanda fəaliyyət göstərir.
Coğrafiyamızda analoqu olmayan “Yüksəliş” müsabiqəsi Azərbaycanda keçirilir.
“Ədəbiyyat və incəsənət” portalı gəncləri bu müsabiqədə iştiraka çağırmaq kimi nəcib bir təşəbbüsdə bulunur. Odur ki, əziz gənclər, yaxın oturun!
“Yüksəliş” müsabiqəsi ölkəmizdə idarəetmə bacarıqları olan rəhbər şəxsləri müəyyən etmək, onları peşəkar bacarıqlarına arxalanaraq qarşılarına qoyduqları karyera məqsədlərinə çatmaq imkanı verən platformadır. “Yüksəliş” müsabiqəsi savadlı və məqsədyönlü insanlar üçün mühüm imkandır.
Müsabiqə idarəetmə bacarığı olan, yüksək intellekt və strateji düşüncə bacarığına malik, eləcə də hədəfləri doğru müəyyən etməklə mövcud imkanları və potensial riskləri idarə edə biləcək şəxslər üçündür. Əgər özünüz üçün yeni imkanlar və peşəkar cəhətdən inkişaf etmək istəyirsinizsə, həmən müsabiqədə iştirak edin. İştirak özü artıq bir təcrübədir.
Qeyd edək ki, fevralın 17-dən etibarən 3-cü “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsinə start verilib. Qeydiyyat martın 31-dək davam edəcək. 21-51 yaş arasında olan, ali təhsilli, azı 2 il idarəçilik təcrübəsinə malik Azərbaycan Respublikasının vətəndaşları qeydiyyatdan keçərək müsabiqədə iştirak edə bilər. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Qeydiyyat “Yüksəliş” müsabiqəsinin saytı vasitəsilə həyata keçirilir.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Prezidentin müvafiq sərəncamına əsasən təsis olunub. Müsabiqə qalibləri idarəçi rəhbərlər tərəfindən 1 illik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.
Artıq şərhə, bizcə, ehtiyac qalmadı. Haydı, gənclər!
“Ədəbiyyat və incəsənət”
(02.03.2023)