Super User
Mədəniyyət Nazirliyi ilə AYB arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
Mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli Azərbaycan Yazıçılar Birliyində (AYB) qurumun rəhbərliyi ilə görüşüb.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Adil Kərimli mədəniyyətimizin dayanıqlı inkişafı məqsədilə aparılan islahatlardan danışıb, görüşün əsas məqsədinin qurumun rəhbərliyi ilə fikir mübadiləsi aparmaq, sahələr üzrə onların təkliflərini dinləmək olduğunu bildirib.
Görüşdə Mədəniyyət Nazirliyi ilə AYB arasında əməkdaşlığın genişləndirilməsi, peşəkar kadr hazırlığı, kitab və kitabxana sahəsindəki çətinliklərin aradan qaldırılması və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
“Ədəbiyyat və incəsənət”
(03.03.2023)
“Soyub talasa da onu yağılar. Qəhrəman yurdumuz sarsılmamışdır…”
Bu gün Xalq şairi Hökumə Billurinin goğum günüdür
Bəli, bu gün - Ümumdünya Yazıçılar Günü bir mərhum xalq şairimizinin doğim günü ilə üst-üstə düşür. Bu gün Xalq şairi Hökumə Billurinin anadan olmasının 97-ci ildönümüdür. O Hökümə Billurinin ki, ikiyə bölünmüş Azərbaycan nisgilini tək poeziyasınada çəkməyib, həm də taleyində çəkib. “Ədəbiyyat və incəsənət” portalı olaraq bu faktı diqqətinizə yetirib mərhum xalq şairimiz barədə daha geniş danışmaq öncəsi istəyərdik onun “Ana” şeirini diqqətinizə çatdıraq.
Təbriz kədərliydi, sən ağlayırdın,
Gecəydi biz səndən ayrılan zaman.
Pərişan görkəmin, o son sözlərin,
Bir an xatirimdən çıxmamış, inan.
Adını dilimə gətirəndə mən,
Sanki alov yaxır dodaqlarımı.
Yaxın gəl, yaxın gəl öpüm üzündən,
Öpüm rəngi qaçmış yanaqlarını.
Elə məlul-məlul baxma üzümə,
Baxışın qəlbimə od saçır, sənin.
Sən yalqız deyilsən, sıxma qəlbini,
Böyük bir xalqın var, böyük vətənin.
O xalqın, o elin qızısan, sən də
Onun qüdrəti də, şöhrəti də var.
Qəhrəman yurdumuz sarsılmamışdır,
Soyub talasa da onu yağılar.
Bilirəm, çox sıxır səni ayrılıq,
Əsarət dünyası başına dardır.
Lakin unutma ki, hər bir gecənin,
Min bir şüa saçan gündüzü vardır!
“Əlimdən nə gəlir?”, demə bir daha
Demə ki, qocayam, saçlarım düm ağ.
Vətən öz qəhrəman oğlu, qızını
Hər zaman, hər zaman gənc saxlayacaq.
Alnının xətləri, bəyaz saçların,
Keçmiş həyatından bir yadigardır.
Hörmət o saçlara, nifrət keçmişə:
Bu günün öz adı, mə’nası vardır!
Qalx ana, qalx ana, səni döyüşə
Çağıran öz qızın, öz vətənindir!
Bax, yanır odlarda Odlar Diyarı,
Bu vətən, bu torpaq, bu el sənindir!
Hökumə Billuri 1926-cı il martın 3-də Cənubi Azərbaycanın Zəncan şəhərində anadan olub. Zəhmətkeş dəmirçi ailəsində böyüyüb. İlk şeirlərini orta məktəb illərində yazıb. Qələmə aldığı “Fəhlə”, “Göyərçin”, “Sübh açıldı” adlı ilk şeirləri “Azər”, “Vətən yolunda” qəzetlərində və “Azərbaycan” jurnalında dərc olunub.
Seyid Cəfər Pişəvərinin lideri olduğu Azərbaycan Demokrat Partiyasının Zəncan Vilayət Komitəsində rəhbər vəzifələrdə çalışıb.
1946-cı ilin dekabrından Şimali Azərbaycanda mühacirətdə yaşayıb. Həmin vaxtdan fəal bədii və elmi yaradıcılıqla məşğul olub, dövri mətbuatda müntəzəm çıxış edib. 1952-ci ildə ADU-nun (indiki BDU) filologiya fakültəsini bitirib. “İran Azərbaycan realıst demokratik ədəbiyyatı” mövzusunda dissertasiya müdafiə edib. Filologiya elmləri namizədi elmi dərəcəsini alıb. Azərbaycan EA Yaxın və Orta Şərq xalqları İnstitutunda baş elmi işçi vəzifəsində çalışıb.
1955-ci ildə “Şeirlər”, 1963-cü ildə “Azadlıq baharı”, 1970-ci ildə “İthaf”, 1980-ci ildə “Sənin könül otağın” və s. kitabları Moskva və Bakıda rus dilində nəşr olunub.
Əsərlərində Azərbaycanın ikiyə bölünməsi faciəsini bir daha yaşayır. Təbrizi gecələr yuxusunda görüb, amma yuxuları heç zaman çin olmayıb. Güney dağlarından bir udum hava, meşələrindən bir tək yarpaq diləyib, vətənin suyundan bir ovuc içmək və Arazın o tayına qədəm basmaq həsrətini çəkib.
Təsadüfi deyil ki, Hökumə Billurinin şeirlərinin böyük bir hissəsi milli faciənin doğurduğu yaşantılar olub. Şəxsi ağrılarından doğulan şeirləri oxucu qəlbini riqqətə gətirir, kədərləndirir və gözlərini yaşardır. Təsadüfi deyil ki, onun əsərlərində Təbriz, Araz, Vətən, ayrılıq ən çox təkrarlanan sözlərdir.
Ovqatının ən xoşbəxt cağında da yurd həsrəti ona qənim kəsilib. Bəlkə də onun qəfil ölümü də bu Vətən dərdindən rişələnib.
Kəşməkəşli həyat yolu keçən şairə 2000-ci il noyabrın 22-də Bakıda vəfat edib.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(03.03.2023)
Gəlin ilk növbədə onları təbrik edək!
Bu gün Ümumdünya Yazıçı Günüdür
Bu səhəri 105 FM radiosunda sevimli xalq şairimiz Ramiz Rövşənin səsini dinləməklə asdıq.
Hamı günahkardır dünyada, amma
Dünyada heç kəsin günahı yoxdur…
Bayramlar üç cür olur. Biri ümumi, kütləvi bayramdır. Yeni il, Novruz bayramı, Zəfər bayramı… Uşaqdan böyüyə hamı bu bayramlara sevinir, onları qeyd edir. Biri korporativ bayramdır. Hansısa sosial təbəqə, peşə təmsil olunur. 8 Mart, Gənclər Günü belə bayramlardandır. Adından da bəllidir, birində qadınlar, digərində gənclər təbrik edilir. Bura üçüncü: özəl bayramları da əlavə etsək (ad günləri, xeyir işləri, hansısa uğurun qeydi, hansısa ildönümləri), mənzərə tam aydın olar.
Bu gün ikinci qism bayramdır, Ümumdünya Yazıçı Günüdür. Yazıçı deyəndə şairlər də bura aiddir, narahat olmayın. Və “Ədəbiyyat və incəsənət” portalı olaraq bütün yazarları təbrik etməkdən şərəf duyuruq. Ən öncə isə ədəbiyyatımızın flaqmanlarını: Xalq yazıçıları Anarı, Elçini, Kamal Abdullanı, Mövlud Süleymanlını, Çingiz Abdullayevi, Afaq Məsudu, Natiq Rəsulzadəni, xalq şairlərimiz Nəriman Həsənzadəni, Ramiz Rövşəni, Vahid Əzizi, Sabir Rüstəmxanlını, qocaman yazıçımız Vidadi Babanlını, Çingiz Hüseynovu…
Maraqlı tarixi olan bu bayram 1921-ci ildən PEN klub tərəfindən (bu ad ingiliscə üç sözün poets (şair), essayists (oçerkçi) və nvelists (novella, roman müəllifi) – ilk hərflərindən yaranan qısaltmadır) qeyd olunmağa başlayıb.
PEN klubun ilk beynəlxalq konqresi isə 1923-cü ildə Londonda keçirilib. 1986-cı il yanvarın 12-dən 18-dək PEN klubun sayca 48-ci beynəlxalq konqresi baş tutub. Məhz həmin tədbirin iştirakçıları mart ayının 3-nü “Yazıçı”nın “Ümumdünya Sülh Günü” elan edilməsi barədə qərar qəbul ediblər. Həmin vaxtadək artıq dünyanın yüzdən çox ölkəsində PEN mərkəzləri fəaliyyət göstərirdi. Bir sıra ölkələrdə bu bayram sadəcə “Yazıçı Günü” adlanır və bir növ daha çox fərqlənmiş ədibləri təbrik etmək və mükafatlandırmaq üçün münasib gün kimi qeyd olunur.
Bayramı keçirməkdə məqsəd “Dördüncü hakimiyyət”in – demokratik mətbuatın mənfi aspektlərinə qarşı çıxmağa, yalan yazılara, məqsədli təhriflərə, faktların bilərəkdən saxtalaşdırılmasına, yaxud siyasi, qrup və şəxsi maraqlar naminə gerçəyin vicdansızcasına yozulmasına yol verməməyə çağıran peşə bayramıdır.
Qeyd edək ki, eyniadlı təşkilat – PEN klub bizim ölkəmizdə də PEN Azərbaycan şəklində yaradılıb. Üzvləri də kifayət qədər tanınmış adamlardır. Bu təşkilat ölkəmizdə 2011- ci ildə yaradılıb və prezidenti postuna yazıçı Çingiz Abdullayev seçilib. Bütün dünyada fəaliyyət göstərən PEN klubun məqsəd və vəzifələri bizdə də hədəf götürülüb. Ölkəmizdə PEN klubun digər məqsədi Azərbaycan yazıçılarını dünya ölkələrində tanıtmaqdır. Bu da təbii ki, tərcümə vasitəsilə mümkündür. Klubun üzvləri ən istedadlı, görkəmli və fəal yazıçılardır.
Bir daha bayramınız mübarək, əziz yazıçılarımız!
“Ədəbiyyat və incəsənət”
(03.03.2023)
İnsan ən çox neçə il yaşaya bilər?
Dünyanın ən uzunömürlü insanı olan 118 yaşlı fransız rahibəsi Lucile Randon bu il yanvarın 18-də vəfat etdi. Onun ölümündən sonra 115 yaşlı ispan Maria Branyas Morera dünyanın ən yaşlı insanı kimi Ginnesin rekordlar kitabına düşdü.
“Ədəbiyyat və incəsənət” portalı insanın ən çox neçə il ömür sürə bilməsi ilə bağlı alimlərin qənaəti əsasında hazırlanan araşdırma-yazını təqdim edir.
Alimlər uzun illərdir insanın ən çox neçə yaşına qədər yaşaya biləcəyi ilə bağlı araşdırma aparır, müxtəlif rəqəmlər səsləndirirlər. Məsələn, 18-ci əsrdə fransız təbiətşünası Georges-Luis Leclerc qəza və ya xəstəlik keçirməyən bir insanın 100 il yaşaya biləcəyi nəzəriyyəsini irəli sürmüşdü. O vaxtdan bəri həyat şəraitinin yaxşılaşması və tibbin inkişafı insan ömrünün uzanmasına yol açıb. Bu gün "super 100" olaraq ifadə edilən 110 və daha yuxarı yaşdakı insanların sayının artması ilə elm dünyası "Sağlam insan nə qədər yaşaya bilər?" sualını yenidən müzakirə etməyə başlayıb.
Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, on il əvvəl 100 və daha yuxarı yaşda olan insanların sayı 353 min nəfər idisə, 2021-ci ildə bu rəqəm 593 mini keçib.
Bəzi alimlərin fikrincə, insan ömrü ciddi bioloji göstəricilərdən asılıdır. Genetiklərin bəziləri 1990-cı illərin sonundan bəri insan ömründə heç bir yaxşılaşma olmadığını irəli sürürlər. Beynəlxalq demoqrafik məlumatları təhlil edən tədqiqatçılar dünyada daha çox yaşlı insanların olmasına baxmayaraq, fransız Jeanne Kalmentin (red: 122 yaş - 1997) ölümündən sonra insan ömrünün maksimum azaldığını bildirirlər. Bu fikirləri dəyərləndirən fransız demoqraf Jean-Marie Robinin sözlərinə görə, ümumi rəy ondan ibarətdir ki, insan ömrünün təbii bir həddi var və araşdırmaçılar uzunömürlülüyün təxminən 115 il ilə məhdudlaşdığı qənaətinə gəliblər.
2018-ci ildə aparılan bir araşdırma isə göstərmişdi ki, ölüm nisbəti 85 yaşa qədər artsa da, ondan sonra yavaşlayır. Bu nəzəriyyəyə görə, 110 yaşında 12 nəfər varsa, altısının 111 yaşa, üçünün isə 112 yaşa qədər ömür sürməsi gözlənilir və s. Belə olan halda, əsrlər keçdikcə, uzunömürlülərin də sayının artması mümkündür.
"Həmişə olduğu kimi biz araşdırma
ğa davam edəcəyik və uzunömürlü insanların səhhəti getdikcə yaxşılaşacaq" - deyən Jean-Marie Robin bu araşdırmanın insan ömrünün yuxarı həddi olduğu anlamına gəlmədiyini də vurğulayıb.
Bəzi ekspertlər isə insan ömrü ilə bağlı mübahisələrə ehtiyatla yanaşırlar. Fransa Demoqrafik Araşdırmalar İnstitutunun əməkdaşı France Mesle hazırda uzunömürlülüklə bağlı verilən sualın qəti bir cavabının olmadığını vurğulayıb. Mesle uzunömürlü insanların sayının artmasına baxmayaraq, bu rəqəmin hələ də çox az olduğuna və buna görə də əhəmiyyətli bir statistik hesablama aparılmadığına diqqət çəkib.
Digər tərəfdən, ekspertlərin bir qismi qeyd edir ki, gələcək tibbi nailiyyətlər ölüm haqqında biliklərimizi artıra bilər. Bu fikri dəstəkləyənlərdən biri də yaşlılar üzrə mütəxəssis Erik Bulanerdir. Onun fikrincə, "genetik manipulyasiya" bəzi insanların 140, hətta 150 il yaşamasına imkan verə bilər.
Qeyd edək ki, ölkəmizdə 90 yaşına çatmış insan uzunömürlü hesab edilir. Azərbaycanın ən uzunömürlü sakini Şirəli Müslümov (1805-1973) Lerikin Barzavu kəndində 168 il yaşayıb. Bundan başqa, Lerikin Pirasora kəndində yaşamış Mahmud Eyvazov 150 il, Tikəband kənd sakini Məcid Ağayev 147, Cəngəmiran kənd sakini Qızıl Quliyeva 134 il ömür sürüblər. Vaxtilə 100 yaşdan yuxarı ömür sürən insanların çox olması Lerik rayonunun uzunömürlülər diyarı kimi şöhrət tapmasına səbəb olub.
Bu baxımdan dünyada yeganə "Uzunömürlülər" muzeyinin məhz Lerik rayonunda yerləşməsi də təsadüfi deyil.
“Ədəbiyyat və incəsənət”
(03.03.2023)
Yeni enerji reallıqları: Azərbaycanın mövqeyi necədir?
“Ədəbiyyat və incəsənət” çox aktual bir mövzuya toxunur: Yeni enerji reallığında Azərbaycanın mövqeyi necədir? Bizim üçün mövcud şərait hansı perspektivləri vəd edir? Buyurun, oxuyun!
Azərbaycan ortamüddətli perspektivdə alternativ mənbələrdən əldə olunan elektrik enerjisinin və yaşıl enerjinin - hidrogenin ixracatçısına çevrilməyi hədəfləyir. Əsas ixrac coğrafiyası olaraq Gürcüstan, Türkiyə və Avropa nəzərdə tutulur. Bu, 2022-ci ilin iyulunda Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanan memorandumda nəzərdə tutulur.
Memorandumun müddəaların icrası istiqamətində ilk real addım 2022-ci il dekabrın 17-də Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in imzalanması ilə qoyulub. İmzalanma mərasimində dörd ölkənin dövlət başçıları ilə yanaşı, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen də iştirak edib. Sazişlə bağlı danışan Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Azərbaycan Avropanın mühüm elektrik enerjisi, əsasən yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır: "Azərbaycanın bərpaolunan enerji potensialına gəldikdə, quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir. Ölkəmizin strateji investorlarının biri ilə biz 2027-ci ilə qədər 3 qiqavat külək və 1 qiqavat günəş enerjisini istehsal etməyi planlaşdırırıq. Onların 80 faizi ixrac olunacaq. Biz 2037-ci ilə qədər ən azı 6 qiqavatlıq əlavə gücləri yaratmağı planlaşdırırıq. Beləliklə, yalnız təkcə bir qlobal enerji şirkəti Azərbaycanda 10 qiqavat yaşıl enerjinin istehsalına yatırımlar etməyi planlaşdırır. İki gün əvvəl Azərbaycanın Energetika Nazirliyi digər qlobal enerji şirkəti ilə çərçivə sazişini imzalayıb. Həmin şirkət Azərbaycanda 12 qiqavata qədər külək və günəş enerjisinin istehsalına sərmayə qoymağı planlaşdırır. Beləliklə, Azərbaycan ixracının birinci mərhələsində ən azı 3 qiqavatlıq əlavə ötürmə gücü yaradılacaqdır".
Məlumat üçün bildirək ki, Prezidentin haqqında bəhs etdiyi strateji investor BP şirkətidir. BP Cəbrayıl rayunu ərazisində günəş elektrik stansiyası quracaq. İkinci memorandum isə Energetika Nazirliyi və Avstraliyanın Fortescue Future Industries (FFI) şirkəti arasında imzalanıb. Azərbaycanda bərpa olunan enerji layihələri və "yaşıl hidrogen"in potensialının öyrənilməsi və inkişafı üzrə birgə əməkdaşlığa dair Çərçivə Müqaviləsi Azərbaycanda bərpa olunan enerji və "yaşıl hidrogen"in istehsalı üzrə ümumi gücü 12 QVt-dək layihələrin araşdırılması və reallaşdırılmasını nəzərdə tutur.
Onu da bildirək ki, Avropa Komissiyası Qara dənizin dibi ilə kabelin çəkilişi üçün 2,3 milyard avro vəsait ayırıb. Komissiyanın prezidenti Ursula fon der Lyayen hesab edir ki, Saziş Avropa İttifaqını Cənubi Qafqazdakı tərəfdaşlarına daha da yaxınlaşdıracaq və regiona təmiz enerjiyə keçidə nail olmağa kömək edəcək: "Bərpaolunan enerji mənbələrinin artmaqda olan payını inteqrasiya etmək üçün bizə güclü elektrik enerjisi interkonnektorları lazımdır. Məhz buna görə Rumıniya, Gürcüstan və Azərbaycan arasında Qara dənizdən çəkiləcək elektrik xətti olduqca vacibdir".
Artıq Azərbaycandan ixrac olunacaq enerjinin saziş ölkələrindən kənarda ilkin müştəriləri də bəlli olmağa başlayır. Bunlardan biri Serbiyadır. Bu ölkənin prezidenti Aleksandr Vuçiç Bakıda olarkən ölkəsinin Azərbaycandan həm qaz, həm elektrik enerjisi almaq niyyətində olduğunu deyib.
Azərbaycandan Avropaya elektrik enerjisi ötürəcək sualtı kabel xəttinin çəkilməsi layihəsinin texniki-iqtisadi əsaslandırmasını İtaliya şirkəti hazırlayacaq. Dünya Bankının ayırdığı 2,5 milyon avro hesabına maliyyələşəcək əsaslandırma 2023-cü ilin sonuna hazır olacaq. 2024-cü ildən etibarən layihənin icrasına başlanması və 3-4 ilə yekunlaşdırılması nəzərdə tutulur.
Qara dənizin dibi ilə kabelin çəkilməsi başa çatana qədər Azərbaycan lazımi enerji istehsalını təmin etməlidir. Bu baxımdan, böyük investorların layihəyə maraq göstərməsi mühüm amildir. 2022-ci ilin dekabrında Azərbaycanda olan Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri, iki ölkə arasında müştərək komissiyanın həmsədri Xalid bin Əbdüləziz Əl-Falih Bakıda keçirilən Azərbaycan -Səudiyyə Ərəbistanı Müştərək Komissiyanın 7-ci iclasında çıxışı zamanı bildirib ki, ölkəsi bu layihəyə qoşulmaq istəyir: "Bildiyiniz kimi "Acwa Power" şirkəti 240 meqavatlıq enerji layihəsi Azərbaycanda icra edir. Amma bu bizim üçün azdır. İstərdik ki, daha böyük enerji layihələri icra edək və Azərbaycanın bir neçə gün öncə Avropaya elektrik enejisi ixracı ilə bağlı imzaladığı müqaviləyə biz də qoşulaq".
Yeni yaşıl enerji dəhlizi
Hazırda Azərbaycanın ümumi elektrik enerjisi istehsalı gücü 7 937 MVt, iri su elektrik stansiyaları daxil olmaqla bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1 278 MVt-dır ki, bu da ümumi gücün 17 faizini təşkil edir. Eyni zamanda ümumilikdə Xəzər dənizinin Azərbaycan sektorunun külək enerjisinin potensialı yüksək qiymətləndirilir. Belə ki, ilkin təhlillərə görə, Azərbaycanda dənizdə külək enerjisinin texniki potensialı 157 QVt səviyyəsində qiymətləndirilib. Bu potensialın 35 QVt hissəsi dəniz sahilinə yaxın dayazsulu ərazilərə, 122 QVt hissəsi isə 50 metrdən artıq dərinlikli hövzələrə uyğun gəlir.
Qeyd edək ki, Azərbaycanda külək enerjisinin istehsalı ilə bağlı təkliflər 20 ildən yuxarıdır səsləndirilir. 2000-ci illərin əvvəllərində Abşeron yarımadasının külək enerjisi potensialına dair bir neçə araşdırmalar aparılıb. Son illərdə bütün dünyada külək enerjisinə yatırımların sürətlə artması Azərbaycanda bu məsələnin yenidən gündəmə gəlməsinə səbəb olub. Xüsusilə Avropa ölkələrinin dənizdə külək istehsalına başlaması daim küləklərlə zəngin olan Xəzər dənizinin potensialından istifadə məsələsini aktuallaşdırıb. Son 3 ildə bu potensialın müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparılmaqla, onun 157 giqavatta bərabər olduğu aydınlaşdırılıb. Bu qədər böyük potensialın reallaşdırılması kifayət qədər iddialı, amma mümkün məsələdir. Çünki dünyada dənizdə külək enerjisi istehsalının maya dəyəri sürətlə azalır. Avropa İttifaqında bu göstərici qazdan alınan enerjidən aşağıdır hazırda. Buna görə də Azərbaycanın Xəzərdə külək stansiyaları quraraq alınan enerjini ixrac etmək planı potensial investorlar tərəfindən real qiymətləndirilməklə ciddi marağa səbəb olub.
Dövlət Gömrük Komitəsinin statistikasına əsasən ötən il Azərbaycan xaricə 1 milyard 711 milyon 432,88 min kilovatt/saat elektrik enerjisi ixrac edərək bundan 121 milyon 598.37 min dollar gəlir əldə edib. 2021-ci ildə ixrac 1 milyard 588 milyon 412.05 min kvt/saat olmuşdu ki, bundan da 69 milyon 343.43 min dollar gəlir götürülmüşdü. Göründüyü kimi, 2021-ci illə müqayisədə ixrac həcmi 7,2 faiz, əldə olunan gəlir həcmi isə 75,3 faiz artıb. Bu isə elektrik enerjisi ixracının getdikcə daha çox gəlir gətirdiyini göstərir.
Azərbaycan ilkin mərhələdə Avropaya elektrik enerjisi, daha sonra isə elektrik enerjisindən əldə olunan maye hidrogen ixrac etməyi hədəfləyir. Bu böyük layihələrin reallaşması Azərbaycana böyük gəlirlər, yoxsa problemlər gətirə bilər? Hökumət hansı məqamları nəzərə almalıdır? İqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, Azərbaycanın enerji layihələri dünyada gedən trendə uyğundur: "Lakin hökumət bunun təhlükəli tərəflərini də düşünməlidir. Təhlükə isə ondan ibarətdir ki, əgər paralel olaraq məmləkətdə bu sahədə ciddi mütəxəssislər yaranmasa və detalların istehsalı, proqram təminatı ilə bağlı yerli müəssisələr olmasa, bir müddətdən sonra bu sahədə də xaricdən ciddi asılılığımız yaranacaq.
Bu sahədə istehsal texnologiyaları, proqram təminatı, detalların istehsalında lider ölkələr var - onların da marağındadır ki, inkişaf etməkdə olan ölkələri "bərpaolunan enerji iynəsinə" otuzdursunlar. Enerji bizim ərazidə istehsal olunub xaricə valyuta ilə satılsa da, sonradan həmin valyutanın böyük bir hissəsi xarici mütəxəssislərə maaş kimi, avadanlıq istehsalçılarına və proqram təminatçılarına ödəniş kimi geri, elə həmin inkişaf etmiş ölkələrin şirkətlərinə ödəniləcək.
Bu gün Qərbin inkişaf etməkdə olan ölkələrdən necə neft-qaz asılılığı varsa, sabah neft-qaz ölkələrinin onlardan avadanlıq, detal, proqram təminatı və mütəxəssislər asılılığı yaranacaq".
Ekspertin fikrincə, bu təhlükəni önləmək üçün hökumət bir sıra addımlar atmalıdır: "Bu sahədə ixtisaslaşmış böyük və nüfuzlu xarici universitetlərin məmləkətdə filialları açılmalı, müasir kampusları, laboratoriyaları olan, bilikli müəllimlər dərs deyən ali məktəblər yaradılmalıdır. Paralel olaraq xarici tərəfdaşlarla birgə istehsal müəssisələri qurulmalı, həmin zavod-fabriklər dövlət tərəfindən uzunmüddətli və çox aşağı faizli kreditlərlə təmin edilməlidir. Əgər bu işlər paralel olaraq görülməsə, Azərbaycanın bərpaolunan-alternativ enerji sevdası məmləkət üçün valyuta qazanan deyil də, növbəti dəfə valyuta çıxaran, asılılıq yaradan sahəyə çevriləcək"...
“Ədəbiyyat və incəsənət”
(03.03.2023)
"Rahiblərin yaşadığı yer", sadə münxenlilərin prioritetləri və Paşinyana növbəti dərs
Ölkə prezidentinin çəkiliş qrupunun əməkdaşı Vüsal Mətləbin Münxendən “Ədəbiyyat və incəsənət” portalı üçün xüsusi reportajı
Münxen! Avropanın ən böyük iqtisadiyyatına malik ölkənin ən zəngin şəhəri adlandıra bilərik buranı. Məsələ burasındadır ki, Münhen dünyada ən yüksək həyat səviyyəsinə malik olan şəhərlər sırasında 8-ci, Almaniyada isə ilk yerdə qərarlaşır. Münhen həm də hər il fevral ayında dünya liderlərinin təhlükəsizlik konfransına evsahibliyi edir.
Qədim tarixə malik Münxen şəhəri xüsusilə orta əsrlərdə almaniyada intibahın mərkəzlərindən birinə çevrilir. İkinci dünya müharibəsi dövründə isə şəhərin bəxti gətirmir - Münxen müharibənin davam etdiyi 6 il ərzində 71 dəfə bombalanır. Ancaq müharibədən sonra almanlar şəhəri bərpa etməyə müvəffəq olurlar - özü də tarixi görkəmini saxlamaqla.
1957-ci ildə Münhenin əhalisi 1 milyon nəfəri ötür. 1972-ci il Yay Olimpiya Oyunlarının Münhendə keçirilməsi isə şəhərin beynəlxalq nüfuzunu artırır.
Münhen əhalisinin təxminən 20-25 faizi immiqrantlardan ibarətdir. Tez-tez türk dilində danışan adamlara rast gələ bilərik. Məsələ burasındadır ki, immiqrantlar arasında türklər ilk yerdədir. Eyni zamanda xorvatlar, serblər, yunanlar və italyanlar çoxluq təşkil edir.
Münhen həm də dünyaca məşhur istedadların vətənidir. Bəstəkar Ştraus, Nobel mükafatı laureatı kimyaçılar- Otto Fişer, Buxner və futbol həskarları üçün deməliyəm ki, Frans Bekenbauer, Filip Lamm, Markus Babel kimi top ustaları məhz Münhendə doğulublar.
***
1962-ci ildən keçirilən Münxen Təhlükəsizlik Konfransı dövlət və hökumət başçılarını, siyasətçiləri, müdafiə elitasını bir araya toplayan əhəmiyyətli platformadır.
Yarandığı ilk illərdən Konfrans beynəlxalq formata hesablansa da əsasən Almaniya, ABŞ və NATO-ya üzv olan digər dövlətlərdən olan iştirakçıların görüşdüyü bir məkan idi. Görünür, buna görədir ki, konfrans çox vaxt "transatlantik ailə görüşü" adlandırılırdı. Sonralar isə bu platforma öz coğrafiyasını genişləndirməyi bacardı. Bu il isə Rusiya-Ukrayna münaqişəsi və İranın Rusiyaya dəstəyi nəzərə alınaraq, Rusiya və İran Münxendən dəvət almamışdılar. Onların əvəzinə təşkilatçılar bu ölkələrin müxalifətini görmək istəyib.
Moskva və Tehransız qlobal dialoq əvvvəlki ranqda olmasa da, hər halda gerçəkləşdi: Beləliklə, 70-dən artıq ölkədən 450-dək qonaq Münhendə qlobal təhlükəsizlik məsələlərini, təhdidləri və perspektivləri saf-çürük etdi.
Azərbaycan prezidenti ardıcıl olaraq Konfransa dəvət olunur və bu platformadan Bakının regional və qlobal çağırışlara yanaşmasını, sülh və təhlükəsizlik üçün zəruri olan addımlar barədə baxışını beynəlxalq ictimaiyyətə çatdırır.
2020-ci ildə Azərbaycan liderinin Ermənistan baş naziri ilə debatı isə yəqin ki, uzun illər xatırlanacaq - Azərbacyan Prezidentinin master klassı təkcə intellektual və diplomatik masada müqayisəyə gəlməz fərqi ifadə etmirdi, həm də həqiqətin, tarixin və bugünkü reallıqların detallaşdırılmış şəkildə aydınlaşdırılması idi. Bu debat eyni zamanda Paşinyanın əsaslı arqumentlər qarşısında fiaskosu idi.
***
Rusiya-Ukrayna münaqişəsinin başlanmasından sonra onsuz da kövrək olan qlobal təhlükəsizlik arxitekturasında nəzərəçarpacaq çatlar üzə çıxdı, indi faktiki olaraq yeni dünya düzəni formalaşmaqdadır. Münaqişənin başlanmasından 1 il ötür və bu ərəfədə dünya liderləri Avrasiya məkanındakı yeni təhdidləri, təlatümləri Münxendə nəzərdən keçirib və çıxış yolları axtarıblar.
Münhen Təhlükəsizlik Konfransı ilk növbədə transatlantik və Avropa coğrafiyasındakı vəziyyəti nəzərdən keçirir, ancaq xüsusilə son illərdə bu platforma qlobal gündəliyin əsas istiqamətlərinə də diqqət ayırır. Çünki Avropanın, ümumilikdə transatlantik məkanın təhlükəsizlik məsələsi qlobal sülh və təhlükəsizlikdən ayrılıqda natamam görünür. Və Təşkilatçılar rəsmi və qeyri-rəsmi dialoqlarda bütün müvafiq maraqlı tərəfləri əhatə etməyə çalışırlar.
Azərbaycan liderinin ənənəvi olaraq, eləcə də bu il Münxen Təhlükəsizlik Konfransında iştirakı təsadüfi deyil. Çünki bu gün Bakı faktiki olaraq təkcə regional güc mərkəzi deyil, qlobal proseslərin iştirakçısı, bir çox hallarda isə tənzimləyici gücünə çevrilir.
Builki Münhen Konfransı Cənubi Qafqaza münasibətdə yeni vəziyyəti müzakirə edirdi: söhbət Azərbaycann 44 günlük Vətən müharibəsindən sonra yaratdığı postmünaqişə reallıqlarından və Bakının 2 ildən artıqdır ki, üzərində işlədiyi sülh gündəliyindən gedir. Münaqişə həllini tapıb, indi Bakı və İrəvan arasında sülh müqaviləsinin imzalanmasının vaxtıdır və Azərbaycanın təklif etdiyi 5 baza prinsipi danışıqların əsas predmetidir. Münxendə də bu istiqamətlər diqqət mərkəzində idi.
Prezident İlham Əliyev: "Biz hamımız regionda vəziyyətə iki istiqamətli yanaşmanın zəruri olmasını başa düşürük. Birincisi, Azərbaycanla Ermənistan arasında sülh danışıqları istiqaməti, ikincisi, Azərbaycanın Qarabağdakı erməni əhalisi ilə əlaqələri. Sadəcə, məlumat üçün sizə bildirim ki, Dağlıq Qarabağ (Naqorno Karabax) sözü artıq qüvvədən düşüb, əslində bu, rus sözüdür, "naqorno" dağlıq deməkdir və Azərbaycanda Dağlıq Qarabağ kimi inzibati vahid yoxdur".
Münxen Təhlükəsizlik konfransında Qarabağdakı ermənilərin hüquqları ilə bağlı verilən mesajlar üç auditoriyaya hesablanmışdı. Birincisi, beynəlxalq ictimaiyyət və xüsusilə vasitəçilər, ikincisi Qarabağdakı ermənilər, üçüncüsü Vardanyan və onun havadarlarına.
Prezident İlham Əliyev: "Həmçinin bizim beynəlxalq tərəfdaşlarımızla razılaşdırılıb ki, Qarabağdakı erməni azlığın hüquqları və təhlükəsizliyi ilə bağlı müzakirələr aparılacaq. Biz bunu etməyə hazırıq, lakin erməni icmasının Qarabağda doğulmuş və bütün ömrü boyu orada yaşamış nümayəndələri ilə, Qarabağda Rusiyadan rəhbər mövqe tutmaq üçün ixrac edilmiş (exported) şəxslə deyil. Ola bilsin ki, "ixrac edilmiş" düzgün ifadə deyil, mən yəqin ki, "gizli yolla keçirilmiş" ifadəsini üstün tutardım. Çünki heç kim onun Qarabağda necə peyda olduğunu, İrəvana qayıtmağa, oradan Moskvaya və yenidən İrəvana, sonra isə Qarabağa qayıtmağa necə çalışdığını və buna nail olduğunu bilmir".
***
Baxmayaraq ki, Münxen hərbi-siyasi məsələrlərin müzakirə olunduğu mühüm platformaya evsahibliyi edir, bu sadə münxenliləri öz prioritetlərindən yayındırmır, əylənmək üçün mütləq səbəb tapırdılar.
Şənbə günü saat 21.00-da nəinki açıq market, heç aptek tapa bilmədik. Restoranlarda, bar və diskotekalarda isə adam əlindən tərpənməyə yer yox idi...
“Ədəbiyyat və incəsənət”
(03.03.2023)
Günün fotosu: Hacı Şahinin dəfnində böyük izdiham yaşandı
Günün fotosu: Hacı Şahinin dəfnində böyük izdiham yaşandı
Qafqaz Müsəlmanları İdarəsi sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli dəfn olundu. Mərhum “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırıldı. On minlərlə insan onunla vidalaşmağa gəlmişdi. Belə izdihamlı dəfn mərasimi nadir hallarda olur.
Foto: Tapdıq Abdullayev
“Ədəbiyyat və incəsənət”
(03.03.2023)
Xulio Kortasarın “Xana-xana oyunu” və postmodernizm
“Ədəbiyyat və incəsənət” daimi müəllifi, ədəbiyyatşünas Sərvanə Dağtumasın məşhur Argentina yazıçısı Xulio Kortasarın yaradıcılığına rakursunu təqdim edir.
Romandakı hadisələr 1950-ci illərdə cərəyan edir. Qırx yaşlı argentinalı Horasio Oliveyra avarçılıqla məşğuldur, müəyyən bir məşğuliyyəti yoxdur. Dostları ilə (onlar özlərini “İlanlar klubu” adlandırırlar) axşamlarını elmi, fəlsəfi mövzularda mübahisələrlə keçirir. Oliveyra Buenos-Ayresdə yaşayan zəngin qohumlarının göndərdiyi pulun hesabına Parisdə yaşayır. Oliveyra xudbin, eqoist, özünəqapanıq, melanxolik, daşürəkli bir insandır. Dostlarının və yaxınlarının əzabları onu qıcıqlandırır, soyuqqanlılığı ucbatından sevdiyi qadını itirir, tənha qalır, səfillərlə tanış olur. Bu tanışlıq onu polis şöbəsinə, sürgün həyatına kimi aparır. Öz vətəninə sürgün olunan Oliveyra sürgündən qayıtdıqdan sonra intihar hissinə qapılır. Romanın finalı açıq qalır. Oliveyranın taleyini müəyyən etməyi müəllif oxucunun ixtiyarına buraxır.
Əsərdə şüur axını var. Kitabın vərəqlərinin bir qisminin sonu yarımçıq tamamlanır. Digər səhifə yeni sujetə keçir. Bu, müəllifin üslubudur. Biz şüur selini kontrol edə bilmərik. Yazıçı şüur selini qələmə alaraq, onu fiksasiya etməyə çalışır. Görünən həyat yox, təsvir olunan həyat. Olduğu kimi yox, tamamilə qeyri-adi həyat. Bu, sürrealizmdən irəli gəlir. Oliveyra həyatı düzgün qavraya bilmir, həyatda gərək iştirak edəsən, müşahidəçi yox, həyatın bilavasitə iştirakçısı olasan. Oliveyra zəngin obrazdır. Bu cür obraz natamam qalır. Bir var, inkişaf etməyib, bir var inkişaf edib, bir də var inkişaf etməkdədir. Oliveyra inkişaf etməkdə olan obrazdır, insandır.
Oliveyranın adı “zeytun” sözündən gəlir. Bəs bunun kökü hara gedib çıxır? İsa Məsih edam olunan gecə Hefsiman (Zeytun) bağında nahardan sonra yatır. İuda artıq onu satıb. İsa Məsihi həbs edirlər və edam olunur. Edam olunmamışdan qabaq Sonuncu şam yeməyində (“Gizli nahar”da) İsa Məsih qəmgin oturur. Pyotr (adının mənası “daş”) ondan soruşur ki, niyə qəmginsən? O, deyir ki, bugün səhərə qədər 3 dəfə xoruz banlamamış sizin biriniz məni artıq satıb, biriniz də məndən 3 dəfə imtina edəcəksiniz. Pyotr çox təəccüblənir ki, səni kim satar, səndən kim imtina edər?. İuda da İsa Məsihlə yanaşı oturub, başı aşağıdır, 30 sikkəyə onu satıbmiş. İsa Məsihdən 3 dəfə imtina edən də Pyotr olur. O, Pyotra deyir ki, sən Pyotr daşsan (petrologiya-daş haqqında elm). Həmin daş üzərində məbədimi quracam, o məbəddə sən başçı olacaqsan. Sən yerdə nə bağlasan, səmada da o bağlanacaq. İlk Papa 1-ci keşiş Pyotr olur və Romada onun kilsəsi tikilir.
Əsərdə postmodernizmin bir sıra xüsusiyyətləri var:
1.Termin sıxlığı. Məsələn, kleptomaniya. (“oğurluq” xəstəliyi) Ola bilsin, hansısa qəhrəman bu xəstəlikdən əziyyət çəkir.
2.Şəxs adlarının çoxluğu-rəssamlar, yazarlar. Müəllifin müxtəlif adları çəkməkdə məqsədi odur ki, dünya o qədər darlaşıb, o qədər uzaq görünənlər yaxınlaşıb ki, birinə dəysən, o biri əziyyət çəkəcək. Bir tələbə danışır ki, İsa Məsihdən, onun çarmıxa çəkilməsindən, İudanın satqınlığından danışanda qadınlar ağlamağa başlayır. Halbuki, İsa Məsihin iztirabları 2 min il bundan qabaq olub. Qadınların ağlamağının səbəbi o idi ki, 2 min il bundan əvvəl baş verən hadisə bu qadınların da həyatının bir parçası olub. Keçmişlə gələcək bir-birinə zəncirvari bağlıdır. Tələbə də zəncirin əvvəlindən başlayır.
3. Əsərdə bələdçi-cədvəlin verilməsi, labirint. Postmodernizmdə labirint anlayışı var. Labirint “yolu gizlətmək” deməkdir, düz xəttlə versən, səni mütləq gəlib tapacaqlar. Labirinti müəllif ona görə verir ki, gizli-gizli, müəmmalı yaxınlaşma yaradır ki, əsərin gizli mənasını duya bilək. “Xana-xana” oyununun özü labirintdir.Təbaşirlə 1-dən 100-ə kimi çəkirsən, daşı atırsan, birini keçdin, ikisini, üçünü....keçdin, ona kimi keçməlisən. Keçdiyin yolu yenidən qayıtmalısan. Mətni elə oxumaq lazımdır, pillələri keçə-keçə. Oliveyra da o “oyun”u oynayır, amma pillələri sona qədər keçə bilmir.
4. Xaos. Çoxumuz bu xaosun içində özümüzü təbaşir tozunun hissəciyi kimi hiss edirik. Həyatın özü elə bir xaosdan ibarətdir.
5. Pastij. Sitatların verilməsi.
6.Oyun. Həyat bir oyundur, sən də həyatınla “xana-xana” oynayırsan, sən həyatda qarşına çıxan maneələri fəth edirsən, addım-addım fəth edirsən. Biz həyatı yaşayırıq, o oyundakı kimi geri qayıdırıq. Hər bir hadisə dairəvi formadadır. Sən ona cəhd edirsən, keçirsən, yenə addımladığın yerə qayıdırsan. Sonra yenidən ayrı bir məqsəd üçün cəhd edirsən. Sənin həyatında görürsən ki, yenə boşluq var, yenə nəsə çatmır. Sən yeni zirvəni fəth edirsən, yenə də doymursan, daha çox istəyirsən. “Xana-xana” oyunu da elədir. İnsan insan olaraq, əgər nədəsə, dayansa, o artıq durğunluğa gətirib çıxarır. Buna staqnatsiya deyilir.Hansısa zirvəyə çatırsan, çatanda rahatlaşırsan, bundan sonra staqnatsiya başlayır. Staqnatsiyanın olmaması üçün yeni məqsədin olmalıdır. Həyatın monoton keçməməlidir. Əsərin baş qəhrəmanı Oliveyrada isə elə olmur. Oyun elə Oliveyranın həyatı ilə bağlıdır, bu oyun elə Kortasarın sevdiyi oyun idi. O, sevdiyi oyun üzərindən həyatı göstərirdi. Oliveyra keçmişəmi bağlı qalıb, gələcəyəmi? Kortasar oxucuda suallar yaradır, oyunun mahiyyətini insan həyatı üzərindən göstərir, insanın həyat gedişatını “xana-xana” oyunu ilə müqayisə edir. Sən qalib gələndə yolun açılır və irəliləyirsən. Sən onu fəth etməsən, irəliləyə bilməzsən. Seçim sənin ixtiyarına verilib. Həyatda seçim təsadüfidir, əgər biz ənənəvi kitabı əvvəldən axıraq qədər oxuyuruqsa, orada məntiq, ideya, obrazlar sistemini axtarırıqsa, müasir həyat bizə belə bir seçim vermir. Burada hər şey təsadüfidir. Sən əsəri istəsən, əsərin ortasından başlayarsan, istəsən sonundan. Hətta finalı da müəllif sənin ixtiyarına buraxır. Hansı finalla əsərin bitməyini sənin seçiminə buraxır. Oliveyranın intiharı əsərin sonunda qaranlıq qalır. Oliveyra intihar etdimi? Bunu müəllif oxucunun ixtiyarına buraxır. Sən-oxucunu dəvət edir, səni o situasiyaya qoyur ki, özünə sual edəsən: mən olsam intihar edərdimmi?
“Ədəbiyyat və incəsənət”
(03.03.2023)
Kukla Teatrının mart repertuarı
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı mart ayı üçün nəzərdə tutulan repertuarını açıqlayıb.
Bu gün - martın 3-də saat 12-də və 14-də “Məlikməmməd” tamaşası, saat 16-da isə “Karlsson” tamaşası (rus dilində) nümayiş olunacaq. Repertuarı afişa şəklində təqdim edirik.
“Ədəbiyyat və incəsənət”
(03.03.2023)
“Yuğ” Teatrının mart repertuarı
Azərbaycan Dövlət “Yuğ” Teatrı mart ayı üçün maraqlı repertuar tərtib edib. Repürtuarla tanış olun:
Martın 4-də “Lənət”, 5-də “Elçilik”, 11-də “Medeya. Sekvensiya 01”, 12-də isə “Kloun Bizzz” tamaşası ilə teatrsevərlərin qarşısına çıxacaq.
Martın 16-da isə sənət ocağında “Aşıq qapı” günü təşkil olunacaq.
Bundan başqa, martın 18-19-da “Toy dəsgahı”, 25-də “Şəbədə”, 26-da isə “Mənəm, mən” tamaşaları göstəriləcək.
Səhnə əsərləri A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında nümayiş olunacaq.
Tamaşalar bir qayda olaraq saat 19:00-da təqdim ediləcək.
“Ədəbiyyat və incəsənət”
(03.03.2023)