Super User
Yerlə göy arasında qərarlaşmaq olarmı?
İncəsənət bütün suallara cavab axtarıb tapmaq gücündədir. Bəşəri suallardan biri də yerlə göyün sərhədinin hardan keçməsidir. Bu suala öz fotolarında tanınmış fotoqraf, güneyli soydaşımız Reza Deqatı daim cavab axtarıb tapmırmı? Onun ən qaynar nöqtələrdən çəkilmiş fotolarında biz insan hənirtisini, səsini, nəfəsini duymuruqmu?
“Ədəbiyyat və incəsənət” portalı olaraq Reza Deqatinin sərgilərini həmişə gözləyir, izləməyə çalışırıq. Və budur, martın 9-da Heydər Əliyev Mərkəzində “Yerlə göy arasında” adlı Azərbaycan-Latviya birgə incəsənət sərgisinin açılışı olacaq. Deyəcəksiniz, bunun Reza Deqatiya nə dəxli? Tələsməyin.
Latviyanın ölkəmizdəki səfirliyi ilə birgə təşkil olunan sərgi dahi şair Mövlana Cəlaləddin Ruminin poeziyasını əhatə edir. XIII əsrdə yaşayıb yaratmış Ruminin ideyaları mənəvi yüksəliş və kamilliyə çatmağa həsr olunub. Latviyadan İeva Krumina və… Bəli, İev Kruminanın tərəfdaşı dünyaşöhrətli fotoqraf Reza Deqati olacaq, onların əsərlərinin nümayiş olunacağı sərgi aprelin 3-dək davam edəcək.
Latviya səfirliyi rəssam İeva Kruminanı necə xarakterizə edir?
İEVA
Məlumata görə, xanım İeva Latviya Rəssamlıq Akademiyasının Tekstil şöbəsinin müdiridir. O, Latviya Rəssamlar İttifaqının və Latviya Tekstil Rəssamları Assosiasiyasının üzvüdür. İeva Krumina məşhur latviyalı şair və yazıçı İmants Ziedonisin “Sevgisiz yaşama, sevgisiz heç nəyin önəmi yoxdur” sözlərinə əsaslanır, xalqlar arasında oxşar, ümumi çalarları öyrənməyə çalışır. Onun hər bir sənət əsərinə baxanda özümüzü o sənət əsərində görürük. Onun sənət əsərləri insanlara dünyamızı sevgi sapları ilə təmir etmək ismarışını çatdırır.
Reza Deqatiyə isə özümüz tərif verək.
REZA DEQATİ
Reza kimi tanınan dünyaşöhrətli fotojurnalist Reza Deqati müharibələri, hərbi münaqişələri, eləcə də bəşəriyyətin gözəlliklərini işıqlandırır. Onun işləri “National Geographic”, “Time”, “Stern”, “Newsweek”, “Paris Match” jurnallarında yer alıb. O, 30 kitabın müəllifi və bir çox mükafatların sahibidir. Rezanın Ruminin ideyalarını, mistik rəqslə dövrə vuran, yerlə göy arasındakı enerji dövranı mövzusunu çatdıran əsəri 1994-cü ildə “National Geographic” jurnalının üz qabığında yer alıb. O, Fransanın “Xidmətlərə görə” kavaler ordeninə və Azərbaycanın “Dostluq” ordeninə layiq görülüb.
İndi bu iki sənətkar fotoqraf islam mədəniyyətini, sufiliyi təbliğ edəcəklər. İnanılmaz bir tamaş olacağına əminik.
“Ədəbiyyat və incəsənət”
(07.03.2023)
Tarixin 100 ən nüfuzlu insanı siyahısı və orda adları çatışmayanlar
Dəyərli oxucular. “Ədəbiyyat və incəsənət”in əməkdaşı Habil Yaşar sizin müzakirənizə növbəti nəşri qoyur: Maykl Hartın “Tarixdəki 100 Ən Nüfuzlu Şəxslərin Sıralaması” kitabını. 1978-ci ildə işıq üzü görən kitab hələ də mağaza rəflərindən düşmür, çoxunun stolüstü kitabıdır. Gəlin kitabdakı sıralanmaya nəzər yetirək:
1.Məhəmməd -Peyğəmbər
2. İsaak Nyuton-Fizik, Astronom, Filosof, Riyaziyyatçı, Kimyaçı
3. İsa-Peyğəmbər
4. Budda-Filosof
5. Konfutsi-Filosof
6. Həvari Pavel-Həvari
7. Çay Lun-Alim
8. İohann Qutenberq-İxtiraçı
9. Xristofor Kolumb-Tədqiqatçı, Səyyah
10. Albert Eynşteyn-Fizik
11. Lui Paster-Bioloq, Kimyaçı
12. Qalileo Qaliley-Alim, Fizik, Astronom, Riyaziyyatçı
13. Aristotel-Filosof
14. Evklid-Riyaziyyatçı
15. Musa-Peyğəmbər
16. Çarlz Darvin-Təbiətşünas, Səyyah, Yazıçı
17. Sin Şi Xuandi- İmperator
18. Oktavian Avqust- İmperator
19. Nikolay Kopernik-Astronom, Riyaziyyatçı, İqtisadçı
20. Antuan Loran Lavuazye-Kimyaçı
21. Böyük Konstantin- İmperator
22. Ceyms Vatt-İxtiraçı
23. Maykl Faradey-Fizik, Kimyaçı
24. Ceyms Maksvell-Fizik, Riyaziyyatçı, Mexanik
25. Martin Lüter Kinq-Yazıçı, İlahiyyatçı, Tərcüməçi
26. Corc Vaşinqton-Prezident
27. Karl Marks-Filosof, Yazıçı, Siyasətçi, İqtisadçı
28. Uilber və Orvil Rayt qardaşları-İxtiraçılar
29. Çingiz xan- İmperator
30. Adam Smit-Filosof, İqtisadçı
31. Uilyam Şekspir-Şair, Yazıçı, Dramaturq
32. Con Dalton-Fizik, Kimyaçı
33. Makedoniyalı İsgəndər-İmperator
34. Napoleon Bonapart-İmperator
35. Tomas Edison-İxtiraçı, Sahibkar
36. Antoni van Levenhuk-Təbiətşünas
37. Uilyam Tomas Qrin Morton-Cərrah
38. Qulyelmo Markoni-İxtiraçı, Mühəndis
39. Adolf Hitler-Reyxskansler, Prezident
40. Platon-Filosof
41. Oliver Kromvel-İnqilabçı,
42. Aleksandr Bell-Alim, İxtiraçı, Mühəndis
43. Aleksandr Fleminq-Bakterioloq
44. Con Lokk-Filosof, Həkim
45. Lüdviq van Bethoven-Bəstəkar
46. Verner Heyzenberq-Fizik
47. Lui Dager-Rəssam, Kimyaçı, İxtiraçı
48. Simon Bolivar-Lider
49. Rene Dekart-Filosof, Astroloq, Yazıçı, Rəssam, Fizik
50. Mikelancelo-Heykəltəraş, Memar, Şair
51. Papa II Urban-Papa
52. Ömər ibn Xəttab-Xəlifə
53. Aşoka-Hökmdar
54. Avqustin Avrelius-İlahiyyatçı, Filosof
55. Uilyam Harvey-Biloq, Həkim, Anatomiyaçı
56. Ernest Rezerford-Fizik
57. Jan Kalvin-İlahiyyatçı, Filosof
58. Qreqor Mendel-Bioloq
59. Maks Plank-Fizim
60. Joşep Lister-Alim, Cərrah
61. Nikolaus Otto-Mühəndis, İxtiraçı
62. Fransisko Pizarro-Səyyah
63. Ernan Kortes- Tədqiqatçı, Səyyah, Qubernator
64. Tomas Cefferson-Prezident, Filosof, Yazıçı, Memar
65. Kastiliyalı I İzabella-Kraliça
66. İosif Stalin-İnqilabçı
67. Yuli Sezar-Lider, Yazıçı
68. I Vilhelm-Kral
69. Ziqmund Freyd-Nevroloq, Filosof
70. Edvard Cenner-Alim, Həkim
71. Vilhelm Rentgen- Fizik
72. İohann Sebastyan Bax- Bəstəkar
73. Lao-tszı- Filosof
74. Volter-Filosof, Şair, Tarixçi, Politoloq
75. İohann Kepler-Astronom, Riyaziyyatçı
76. Enriko Fermi-Fizik
77. Leonard Eyler-Riyaziyyatçı, Fizik, Astronom
78. Jan Jak Russo-Filosof, Yazıçı, Bəstəkar
79. Nikkolo Makiavelli-Filosof, Yazıçı
80. Tomas Maltus-Alim, İqtisadçı
81. Con Kennedi-Prezident
82. Corc Qudvin Pinkus-Tədqiqatçı, Bioloq
83. Mani-Peyğəmbər, Şair,
84. Vladimir Lenin-İnqilabçı, Publisist
85. Sun Ven-İmperator
86. Vasko da Qama-Tədqiqatçı, Səyyah
87. Böyük Kir-İmperator
88. Böyük Pyotr-İmperator
89. Mao Tszedun-Şair, Yazıçı, Filosof, Müəllim, İnqilabçı
90. Frensis Bekon-Filosof, Yazıçı, Siyasətçi, Astroloq
91. Henri Ford-İxtiraçı, Sənayeçi
92. Men-Tszı-Filosof
93. Zərdüşt-Peyğəmbər, Şair
94. I Elizabet-Kraliça
95. Mixail Qorbaçov-Prezident
96. Menes-Hökmdar
97. Böyük Karl- İmperator
98. Homer-Şair
99. I Yustinian-İmperator
100. Mahavira-Filosof
Öncə İslam peyğəmbəri Məhəmmədin xristian və yəhudi peyğəmbərləri İsa və Musadan öndə getməsini dəyərləndirək. Unutmayaq ki, söhbət bir xristian nəşrindən gedir.
Təbii ki, mübahisə doğuracaq məqamlar da az deyil. Tarixin ən qəddar imperatorları, diktatorları, on minlərlə insanın qətlinə fərman verənlər də burada təmsil olunublar. Amma onlar həm də dünyanın mizan-tərəzisinə əl qoyublar, gedişatı dəyişiblər. Arxalalarınca milyonlar gedib. Demək, nüfuzludurlar. Elə Qorbaçovu götürək. Statistik azərbaycanlı üçün bu insan Qarabağ müharibəsinə rəvac vermiş cinayətkardır. Amma dünya üçün o, kommunizmin məhvini labüdləşdirən siyasi liderdir.
Mədəniyyət portalı olaraq bizim əsas diqqətimizi çəkən isə, şübhəsiz, siyahıda təmsil olunan mədəniyyət xadimləridir. Yazıçılar, şairlər, rəssamlar, bəstəkarlar, filosoflar, heykəltaraşlar… Onlar kifayət qədərdir, demək, mədəniyyətin aparıcı rolu danılmazdır.
Siyahıda kimlər çatmır?
Ən azı 4 azərbaycanlı. Qul olmaqdan hökmdar olmağa qədər ucalan, Şərqdə demokratik dəyərlərə istinad edən möhtəşəm bir imperiya qurmiş Atabəy Şəmsəddin Eldəniz. Dahi filosof və şair Nizami Gəncəvi. Dahi astroloq Nəsirəddin Tusi. Dahi alim, qeyri-səlist məntiq nəzəriyyəsinin banisi Lütfi Zadə.
Şəkildə: Məhəmməd peyğəmbər dünya kinematoqrafiyasının müraciət etdiyi əsas tarixi obrazlardandır.
“Ədəbiyyat və incəsənət”
(07.03.2023)
“Nəğməmə inan” tamaşasının 8 mart nümayişi olacaq
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq artisti, bəstəkar Polad Bülbüloğlunun musiqiləri əsasında hazırlanan “Nəğməmə inan” tamaşası yenidən nümayiş olunacaq. Gurultulu premyeradan elə də çox keçməyib, amma budur, tamaşaya yenidən müraciət olunur.
Teatrın rus bölməsində hazırlanan bu musiqili komediyanın nümayişi martın 8-də teatrsevənlərə təqdim olunacaq və bu tamaşa həmçinin martın 11-də də oynanılacaq.
Libretto müəllifi və mahnılarının mətni Mixail Şerbaçenkoya məxsus olan bu səhnə əsərinin quruluşçu rejissoru teatrın baş rejissoru Cavid İmamverdiyev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, xormeysteri Əməkdar artist Vaqif Məstanovdur.
Səhnə əsərində rolları Əməkdar artistlər Boris Qrafkin, Fərid Əliyev, Nərgiz Kərimova, aktyorlar Emil Heydərov, Mehriban Zaliyeva, Rauf Babayev və Leonid Klyotc ifa edəcək.
Xatırladaq ki, Rusiyanın bir neçə teatrında oynanılan bu əsərin radio-tamaşasında baş rolu Polad Bülbüloğlu özü səsləndirib.
Biletləri şəhərin bütün teatr-konsert kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də “İticket.az” saytından əldə etmək olar.
“Ədəbiyyat və incəsənət”
(07.03.2023)
Azərbaycanın dağ yəhudiləri Hollivudsayağı film qəhrəmanı rolunda
Oğuzun dağ yəhudiləri haqqında sənədli filmin çəkilişləri başa çatıb
Bu dəfə sizə Azərbaycan və İsrail dostluğundan bəhs edən sənədli filmdən danışacağıq. Amma film sahilinə uzun bir körpüdən keçib gələcəyik. Azərbaycan - yəhudilərin kompakt halda yaşadığı çox azsaylı bölgələrdən biridir. Ölkəmizin Quba rayonu ərazisində yerləşən dağ yəhudilərinin Krasnaya sloboda qəsəbəsi məhz bu səbəbdən dünyada məşhurdur, İsrail və Azərbaycan dövlətləri bu qəsəbəni iki xalqın dostluq rəmzi hesab edirlər.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, dağ yəhudiləri Azərbaycanın tək Quba bölgəsində deyil, eyni zamanda Göyçay və Oğuz bölgəlgələrində də məskunlaşıblar. Azərbaycanın dağ yəhudiləri arasından Telman İsmayılov, Qod Nissanov, German Zaxaryayev kimi məşhur iş adamları çıxıblar, postsovet məkanında bu adlar çoxuna tanışdır. Azərbaycanın milli qəhrəmanı, əfsanəvi tankçı Albert Aqarunovun adı isə Azərbaycanda uşaqdan böyüyə hər kəsə məlumdur. Şuşanın müdafiəsi zamanı şəhid olan qəhrəman döyüşçü əbədi dostluq rəmzidir.
Bu xalqların dostluğunun əbədiləşdirilməsi daim sənətçilərin diqqətini cəlb edib. Elə bu yaxınlarda azərbaycanlı yazıçılar Varisin və Əlibala Məhərrəmzadənin bu dostluğu vəsf edən A.M.İ.N. adlı romanları Moskvada - İSP nəşriyyatında nəşriyyat hesabına çap edilib. Bizsə bu söhbətimizdə kinodan danışacağıq.
Oğuzun dağ yəhudiləri haqqında Azərbaycan və İsrail kinematoqrafçılarının birgə istehsalı olan filmin çəkilişləri başa çatıb. Filmdə Azərbaycanın Oğuz rayonunda məskunlaşmış dağ yəhudilərinin tarixindən bəhs edir.
Filmin qəhrəmanı əslən Oğuz rayonundan olan, Azərbaycan həqiqətlərini dünyaya çatdıran, ictimai xadim, hazırda Amerikad yaşayan ravvin-Şmuel Simantovdur. Filmin ssenari müəllifi və rejissoru Rüfət Əsədov, operatorları Mahir Atakişiyev, Roman İsakov, icraçı prodüseri Şaul Siman-Tovdur.
Filmin çəkilişləri Azərbaycan, İsrail, ABŞ və Almaniyanın müxtəlif bölgələrində aparılıb.
Qeyd edək ki, bu film Rüfət Əsədovun “Dağ yəhudiləri” silsiləsindən 6-cı filmidir. Digər filmləri “Quba yəhudiləri”, “Kənddə sonuncu yəhudi”, ”Peyğəmbər Yereminin göz yaşları”, “Əgər səni unutsam,Yerusəlim”, ”Kənddə sonuncu yəhudi. 9 il sonra” filmləridir.
Kadr:
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Amerika Yəhudiləri Yardım Təşkilatının Azərbaycan bölməsinin sədri Rav Şmuel Simantov ilə görüşür. Gprüşdə Mübariz Qurbanlı bildirir ki, Azərbaycan vətəndaşı “Dini etiqad azadlığı haqqında” qanunun ona verdiyi imkanlardan tam şəkildə istifadə edə bilir. Azərbaycanın ictimai-siyasi həyatında dini sabitlik faktiki olaraq digər ölkələrlə müqayisədə özünü daha qabarıq şəkildə göstərir. Bütün dini konfessiyalara bərabər imkanlar, şərait yaradılıb. Bu gün Azərbaycan dünyada tolerantlıq nümunəsidir.
Rav Şmuel Simantov Azərbaycanda yəhudi xalqına göstərilən diqqətdən, Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə qurulmasından məmnun olduğunu bildirir. Qonaq qeyd edir ki, Azərbaycanda yəhudilərə qarşı daima xoş münasibət olub və biz yəhudi icması olaraq hər zaman Azərbaycan xalqının və Azərbaycan dövlətinin yanındayıq.
“Ədəbiyyat və incəsənət”
(07.03.2023)
“Baxış-3” teatr festivalının açılışı olub
Martın 6-da Azərbaycan Teatr Xadimləri İttifaqında “Gənc rejissorların yaradıcılıq laboratoriyası”nın “Baxış-3” teatr festivalının açılışı olub.
Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti Hacı İsmayılov çıxış edərək festival haqqında məlumat verib və festivalın əhəmiyyətini vurğulayıb.
“Ədəbiyyat və incəsənət” İttifaqa istinadən xəbər verir ki, festivalın keçirilməsində əsas məqsəd 4 ay ərzində laboratoriyada məşğul olan gənclərin mənimsədikləri bilik və bacarıqları nümayiş etdirmək, onları yeni axtarışlara ruhlandırmaq və teatr məkanında baş verən yaradıcılıq proseslərini fəallaşdırmaqdan ibarətdir.
“Baxış – 3” festivalında “Rejissor”, “Aktyor” və “Eksperimental teatr” laboratoriyalarının işləri təqdim olunacaq. Dörd gün davam edəcək festival çərçivəsində 8 tamaşa nümayiş olunacaq. Səhnə əsərləri Azərbaycan Teatr Xadimləri İttifaqının Mustafa Mərdanov adına səhnəsində nümayiş ediləcək. Bildirilib ki, martın 10-da isə festival çərçivəsində nümayiş edilən tamaşaların mükafatlandırma mərasimi təşkil olunacaq.
Qeyd edilib ki, “Gənc rejissorların yaradıcılıq laboratoriyası”nın bədii rəhbəri Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.
Sonra rejissor Məhəmməd Verdiyevin səhnələşdirdiyi “Sonuncu güllə” tamaşası nümayiş edilib. Tamaşada rolları Feyruz Bayramov və Leyla Ələsgərova canlandırıblar.
“Ədəbiyyat və incəsənət”
(07.03.2023)
Müstəqillik tarixində respublikamızda təşkil olunan ən irimiqyaslı uşaq festivalı barədə hər şey
Uşaq İncəsənət Festivalı barədə bütün suallarınızı portalımız cavablandırır.
Xəbər verdiyimiz kimi Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə və Heydər Əliyev ili çərçivəsində Mədəniyyət Nazirliyi müxtəlif tədbirlərə imza atır. Bunlardan biri də Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzi ilə birgə təşkil edilən Uşaq İncəsənət Festivalıdır. Bu festivalın Müstəqillik tarixində respublikamızda təşkil olunan ən irimiqyaslı uşaq festivalı olmasını nəzərə alanda ona olan hədsiz marağın səbəbləri də bəlli olur.
“Ədəbiyyat və incəsənət” portalı festivala qatılmaq istəyən çoxsaylı uşaqların istəyini nəzərə alaraq Mədəniyyət Nazirliyindən festivalda iştirakla bağlı bilgi alıbdır.
1.
-Festivalda yaş məhdudiyyəti nə qədərdir?
-Festivala istedadına, bacarığına güvənən 6-17 yaş arası hər kəs qatıla bilər.
2.
-Neçə nominasiya üzrə qalib adı uğrunda mübarizə aparılacaq?
- 21 nominasiya üzrə. Nominasiyaları təqdim edirik:
Rəqəmsal incəsənət – “Ümummilli lider Heydər Əliyev və Azərbaycan” (videoqraf, fotoqraf, müxtəlif kompüter proqramlarında hazırlanan təqdimatlar, həvəskar bloger);
Piano ifaçılığı;
Klassik simli alətlər ifaçılığı;
Klassik nəfəs alətləri ifaçılığı;
Azərbaycan xalq çalğı alətləri ifaçılığı;
Akademik vokal;
Estrada oxuma;
Xanəndəlik sənəti;
Aşıq sənəti;
Xor;
Caz ifaçılığı;
Solo milli rəqs;
Milli rəqs ansamblı;
Solo müasir rəqs;
Müasir rəqs ansamblı;
Aktyorluq;
Bədii qiraət;
Hekayəçilik (stand-up);
Dekorativ-tətbiqi sənət;
Rəssamlıq;
Heykəltaraşlıq.
3.
-Ayrı-ayrı mədəniyyət sahələri üzrə peşəkarlıq dərəcəsi şərtdirmi?
-Xeyir, həm peşəkar (sahə üzrə tədris müəssisələrində təhsil alanlar), həm də həvəskar (kurslarda, dərnəklərdə və ya fərdi qaydada məşğul olanlar) kateqoriyalar üzrə yarışmalar olacaq.
4.
-Neçə yaş qrupu var
-Cəmi üç yaş qrupu (6-9 yaş, 10-13 yaş və 14-17 yaş) var.
5.
-İştirakçıların qeydiyyatı harada aparılır?
-İştirakçıların qeydiyyatı www.uif.az internet saytı üzərindən aparılır.
6.
-İştirakçıların qeydiyyatı nə zaman bitir?
-Qeydiyyat 30 mart tarixində bitir.
7.
-Bəs festival hansı qaydalar üzrə keçiriləcək?
-Uşaqlarda mədəniyyətin müxtəlif sahələrinə maraq oyadılması, yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, yeni istedadların üzə çıxarılması və dəstəklənməsinə xidmət edən festival üç mərhələdən ibarətdir.
Rayon (şəhər) mərhələsi 2023-cü ilin aprel-iyun aylarında keçiriləcək. Bu mərhələdə qalib olanlar iyun-avqust aylarında keçiriləcək zonalar üzrə ikinci mərhələdə iştirak hüququ qazanacaq. İkinci mərhələdə fərqlənən iştirakçılar finala vəsiqə əldə edəcək. Festivalın final mərhələsinin sentyabr ayında Bakı şəhərində təşkil olunması nəzərdə tutulur.
8.
-Əlavə suaılar yaranarsa hara müraciət etmək olar?
-Əlavə məlumatları festivalın internet saytı, elektron poçtu, (050) 2880147 mobil, 147 qısa nömrələri, həmçinin festivalın rəsmi sosial şəbəkə hesabları vasitəsilə əldə etmək mümkündür:
Rəsmi sayt - https://uif.az E-poçt - Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. Facebook - https://www.facebook.com/uif.az Instagram - https://www.instagram.com/uif.az Twitter - https://twitter.com/uif_az Youtube - https://www.youtube.com/@uif_az Tiktok - https://www.tiktok.com/@uif.az
9.
-Bugünədək nə qədər uşaq qeydiyyatdan keçib?
-Bugünədək müxtəlif şəhər və rayonlar üzrə 1230-dan çox uşaq qeydiyyatdan keçib.
Tapdanmış cığırlarla gedib hamı kimi olmaq da olar, hamıdan fərqlənmək, istedadınla diqqət çəkmək, yüz minlərlə pərəstişkar toplamaq, məşhur olmaq da. İkincilərdən olmaq çox gözəldir.
Əziz uşaqlar, içinizdəki istedadı həmən üzə çıxarın. Bunun üçün Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzi sizin üçün gözəl bir şans verir. Uşaq İncəsənət Festivalına qatılın. Birinci olun!
“Ədəbiyyat və incəsənət”
(07.03.2023)
Adil Kərimli Xaçmaz, Qusar və Quba rayonlarına səfər edib
Şimal rayonlarının mədəniyyət müəssisələrinə baxış keçirilib
Regionlarda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin iş şəraiti və maddi-texniki bazasının mövcud vəziyyətinin yerində öyrənilməsi məqsədilə mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli Xaçmaz, Qusar və Quba rayonlarında olub.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Xaçmaz rayonundakı Heydər Əliyev Mərkəzinə, uşaq musiqi və incəsənət məktəblərinə, muzey və klublara, kitabxanalara baxış keçirilib. Yaradılan şəraitdən səmərəli istifadə olunması, nəticəyönümlü fəaliyyət və işin müasir tələblər səviyyəsində qurulmasının vacibliyi diqqətə çatdırılıb. Qusar rayonunda Uşaq İncəsənət məktəbi, Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) və onun 43 kənd və qəsəbə kitabxana filialları, Rəsm Qalereyası, Tarix-Diyarşünaslıq Muzeyi, Mədəniyyət Mərkəzi, eləcə də 14 Mədəniyyət evi və 38 klub fəaliyyət göstərir. Rayondakı mədəniyyət müəssisələrinin bir qismi və tarixi irsimizi əks etdirən tikililərə baxış keçirilib. İşlək mexanizmlərin tətbiqi üçün bölgəyə xas olan yaradıcılıq istiqamətlərinin stimullaşdırılması ilə bağlı tapşırıqlar verilib. Qusar rayonunun Əniq kəndi ərazisindəki XIII əsrə aid qala divarlarının qalıqları və məscidə də baxış keçirilib.
Quba Heydər Əliyev Mərkəzindəki təmir işlərinin gedişatı ilə maraqlanılıb, Yaşıl teatr və Bayraqlar muzeyinə, eləcə də "Günbəzli hamam"a baxış keçirilib. XVIII-XIX əsrlərə aid edilən hamamın tanıdılması və mühafizəsinin təşkili ilə bağlı müvafiq göstərişlər verilib.
“Ədəbiyyat və incəsənət”
(07.03.2023)
ABŞ-də ermənilərin əsir götürdükləri azərbaycanlının həyatından bəhs edən film təqdim olunub
ABŞ-nin Nyu-York şəhərində erməni hərbçilərin əsir götürdükləri Bəxtiyar adlı şəxsin həyatından bəhs edən “Nəfəs” filmi təqdim olunub.
“Ədəbiyyat və incəsənət” portalı “Report”-a istinadən xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ərsəyə gələn filmin təqdimatı Nyu-Yorkun qədim “Village East by Angelika” kinoteatrında baş tutub.
Təqdimat mərasimində filmin yaradıcı heyəti, ABŞ-də yaşayan Azərbaycan icmasının fəalları, BMT-də fəaliyyət göstərən azərbaycanlı diplomatlar, yerli ictimaiyyətin nümayəndələri və amerikalı jurnalistlər iştirak ediblər.
Real hadisələr əsasında çəkilən filmdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Birinci Qarabağ müharibəsində Ermənistan hərbi birləşmələri tərəfindən əsir götürülən Bəxtiyarın həyatından bəhs edilir.
Filmin qəhrəmanı Bəxtiyar travma sonrası stres pozğunluğu sindromundan əziyyət çəkir. Əsirlikdən azad olunduqdan sonra doğulduğu kəndə qayıdan Bəxtiyar məhbus həyatında aldığı travmalar ilə mübarizə aparır. İnsanlarla ünsiyyətdən qaçan qəhrəman öz hekayəsini təbiətlə - yağış, qar, ağaclar və daşlarla bölüşür. Doğulduğu kəndin düşmən işğalından azad edilməsinin sevinci Bəxtiyarın ağrılarını sakitləşdirmir.
“Nəfəs” filmində Bəxtiyarın hekayəsi ilə müharibənin ağır travmalarının təsirlərinin ömür boyu davam edə biləcəyi vurğulanır.
Film izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.
Təqdimat gecəsində uzun illərdir ABŞ-də fəaliyyət göstərən azərbaycanlı rejissor Elmar Bayramov sənətsevərləri çəkilişləri soyuq və qarlı hava şəraitində baş tutan filmin bilinməyən tərəfləri barəsində məlumatlandırıb və onları maraqlandıran suallara cavab verib.
Sənətsevərlər həmçinin kinoteatrın sərgi salonunda Xocalı soyqırımını əks etdirən orijinal fotoların nümayiş olunduğu “Xocalıya Ədalət” sərgisini ziyarət edib, erməni vəhşiliyi haqqında məlumatlanıblar.
“Ədəbiyyat və incəsənət”
(07.03.2023)
Özbəkistandakı Heydər Əliyev Mərkəzi Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert təşkil edib
Musiqi
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində “Soqdiana” Özbəkistan xalq çalğı alətləri kamera orkestrinin iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət “Dostluq” konserti təşkil olunub.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Mərkəzinə İstinadən xəbər verir ki, konsertdən əvvəl çıxış edən Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev şəxsiyyətinin Özbəkistanda da çox sevildiyini və onun irsinin geniş öyrənildiyini qeyd edib. S.Abbasov Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə daim Özbəkistanla, türk dövlətləri ilə münasibətlərə xüsusi önəm verdiyini, Heydər Əliyevlə Özbəkistan rəhbəri Şərəf Rəşidov arasında hələ Sovet dövründə qurulmuş sıx dostluq əlaqələrinin özbək və Azərbaycan xalqlarının əbədi qardaşlığının ifadəsi olduğunu vurğulayıb. Diplomat Azərbaycanla Özbəkistan arasında münasibətlərin yaradılması, qarşılıqlı səfirliklərin açılması, əməkdaşlığın inkişafında Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edib. O, qardaş Özbəkistan dövlətinin Ulu Öndər Heydər Əliyev şəxsiyyətinə böyük hörmətlə yanaşdığını, onun adının Daşkənddə azərbaycanlıların kompakt yaşadığı küçəyə və Azərbaycan Mədəniyyət Mərkəzinə verildiyini, habelə onun şərəfinə Mirabad rayonunda gözəl park-meydan salındığını və büst qoyulduğunu qeyd edib.
Samir Abbasov 2023-cü ilin Prezident İlham Əliyev tərəfindən Azərbaycanda “Heydər Əliyev İli” elan olunduğunu və bu münasibətlə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin il ərzində Ulu Öndərə həsr olunmuş bir çox tədbirlər və layihələr həyata keçirdiyini söyləyib.
Tədbirdə çıxış edən Özbəkistan mədəniyyət və turizm nazirinin müşaviri Şavkat Ortikov xalqlarımız, dövlətlərimiz arasında tarixi dostluq və qardaşlıq əlaqələri barədə danışaraq, bildirib ki, özbəklər daim Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevi xatırlayır, onu hörmətlə yad edirlər.
Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı katibi, professor Erkin Nuriddinov iki xalq arasında mövcud dostluq və qardaşlıq əlaqələri haqqında danışıb, belə tədbirlərin, konsertlərinin hər iki xalqı daha da yaxınlaşdırdığını vurğulayıb.
Özbəkistanın Əməkdar artisti, professor Firuzə Abdurahimovanın rəhbərlik etdiyi Özbəkistanın “Soqdiana” xalq çalğı alətləri kamera orkestrinin ifasında azərbaycanlı bəstəkarlardan Üzeyir Hacıbəyli, Emin Sabitoğlu və Ələkbər Tağıyevin əsərləri səsləndirilib. Solistlər, beynəlxalq müsabiqə laureatları Sardor Primov, Otabek Nəzirov, Ləzizə Usmanova, Muhammedali Kasimovun ifaları tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılanıb.
Konsertdə çox sayda mədəniyyət, incəsənət xadimləri, dövlət nümayəndələri, universitet rəhbərləri, ziyalılar, tələbə və gənclər iştirak ediblər.
“Ədəbiyyat və incəsənət”
(06.03.2023)
Azərbaycandakı Ukrayna Ticarət Evindən gözəl təşəbbüs
Ali məktəblərin tələbələrinin son kursda indiyədək qazandıqları bilikləri praktik təcrübəylə zənginləşdirmək ənənəsi təbii ki, onlara hədsiz fayda verir. Amma bəzən praktik təcrübələr sırf formal xarakter daşıyır, ya tələbənin seçim istəyi məhdudlaşdırılır, onda keçəcəyi praktik təcrübəyə heç bir maraq olmur, ya da praktik təcrübənin keçirildiyi müəssisə bu işə əhəmiyyətsiz bir iş kimi yanaşıb tələbələrə heç bir fayda gətirmir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, məhz bu səbəbdən də Azərbaycandakı Ukrayna Ticarət Evi və ölkənin ən nüfuzlu təhsil ocaqlarından biri olan UNEC-in birgə həyata keçirdiyi təşəbbüs diqqətəlayiqdir.
Təcrübəyə göndəriləcək tələbələrlə onları qəbul edəcək müəssisənin səlahiyyətli şəxslərinin görüşü UNEC-də baş tutub. Tədbirdə Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycan – Ukrayna dostluq qrupunun rəhbəri, elmlər doktoru, professor Rüfət Quliyev, Azərbaycandakı Ukrayna Ticarət Evinin Baş direktoru, elmlər doktoru, professor Əlibala Məhərrəmzadə, “Ataşah” ticarət markasının təmsilçisi, “Ataşah 2020” MMC-nin baş meneceri Paşa Məcidov, UNEC-in Təcrübənin təşkili şöbəsinin müdiri L.N.Nəzirzadə, "İqtisadiyyat və idarəetmə" fakultəsinin dekan müavini M.Ə.Əliyev, "Mühəndislik və tətbiqi elmlər" kafedrasının müəllimi, "Qida mühəndisliyi" ixtisası üzrə bölmə rəhbəri M.H.Məhərrəmova, Təcrübənin təşkili şöbəsinin mütəxəssisi S.F.Məmmədova və universitet tələbələri iştirak ediblər. Çıxışçılar tələbələrin praktik təcrübəsinin rolundan, bu işi düzgün qurmağın səmərəliliyindən, ali təhsil ocaqları ilə müəssisələrin qarşılıqlı əməkdaşlığının həm tələbələrin bilik səviyyələrinin yüksəlməsində, həm də onların işlə təmin olunmasında faydasından danışıblar.
Görüşün nəticəsi kimi 20 seçilmiş tələbə öz praktik təcrübəsini keçmək üçün Ukrayna Ticarət Evinə göndəriş alıb.
Əlavə olaraq, Bakı Biznes Universitetinin də sonuncu kursda oxuyan və təcrübə keçəcək tələbələrlə görüş keçirilib, 7 seçilmiş tələbə Ukrayna Ticarət Evində hazırda təcrübə keçir.
“Ataşah 2020” MMC-nin baş meneceri Paşa Məcidov əməkdaşımıza söyləyib:
-İndiki gənclər əvvəlkilərdən daha fəaldırlar, sadəcə, onlara dəstək olmaq, onları yönləndirmək bizim müqəddəs borcumuzdur. Ukrayna Ticarət Evi də, “Ataşah” MMC də bu missiyanı yerinə yetirməkdə israrlıdır.
“Ədəbiyyat və incəsənət”
(06.03.2023)