Super User
Beynəlxalq Qadınlar Gününə həsr olunan konsert – “Sizin üçün”
Azərbaycan Dövlət Uşaq Filarmoniyasında 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Sizin üçün” adlı konsert proqramı təşkil edilib.
Zəngin musiqi nömrələri ilə seçilən konsert proqramında milli və müxtəlif xalqların mahnı və rəqsləri təqdim olunub, bəstəkar mahnıları səsləndirilib.
Dövlət Uşaq Filarmoniyasının yaydığı məlumata görə, konsertdə filarmoniyanın “Musiqili Uşaq Teatrı”, müxtəlif yaş qruplarından ibarət “Şəms” uşaq xoru, vokal sinfi, rəqs kollektivləri bir-birindən rəngarəng, maraqlı nömrələrlə çıxış edib.
“Musiqili Uşaq Teatrı”nın balaca qəhrəmanları öz səhnəciklərində nənələri, anaları bayram münasibətilə təbrik etməyi də unutmayıblar. Həmçinin vokal sinfi “Ana” mahnısı, “Şəms” uşaq xoru “Nənə”, “Ana” mahnıları, rəqs kollektivləri isə eyni məzmunlu rəqslərlə Beynəlxalq Qadınlar Gününü təbrik ediblər.
Qeyd edək ki, hər zaman olduğu kimi budəfəki konsert proqramı da tamaşaçıların aramsız alqışları ilə sona çatıb.
“Ədəbiyyat və incəsənət”
(07.03.2023)
Bizi kimlər öldürür?
AQTA-nın Maştağa reydinə sözardı
Bəli, kimisi ev şəraitində vannada limonad düzəldir, kimisi heyvan leşindən kolbasa istehsal edir. Və bu zir-zibili də bizə yedizdirirlər, içizdirirlər. “Ədəbiyyat və incəsənət” portalının yazarı Malik Məmmədovu bu yazını yazmağa bir fakt vadar edib. Nə fakt?
Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirməklə növbəti bir cinayəti (bəli, bizcə bunun adı belədir) aşkarlayıb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsinin yaydığı məlumata görə, Bakının Sabunçu rayonunda Maştağa qəsəbəsi, Sabir küçəsi, döngə 3, ev 42B ünvanında fiziki şəxs Hüseynov Ramiz Məcnun oğluna məxsus süd məhsullarının emalı müəssisəsində yoxlama aparılıb.
Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə, temperatur rejiminə və texnoloji ardıcıllıq prinsipinə əməl olunmadığı, döşəmə və divar səthlərinin asan təmizlənən və dezinfeksiya işlərinin aparılmasının mümkünlüyünü təmin edən materiallarla üzlənmədiyi, işçi heyətin soyunub-geyinmə otaqları ilə təmin edilmədiyi və tibbi müayinədən keçmədiyi aşkar edilib.
Eyni zamanda quru xammalların saxlanılması anbarında üzərində qanunvericiliyə uyğun markalanma aparılmamış ümumi çəkisi 29,7 kiloqram quru xammallar, hazır məhsullar saxlanılan soyuducu kamerada üzərində qanunvericiliyə uyğun markalanma aparılmamış süd məhsulları müəyyən edilib. Eyni zamanda məhsullara dair etiketlərə baxış keçirilərkən məhsulların tərkibinə əlavə edilən bütün xammallar barədə məlumatların əks olunmadığı məlum olub.
Müəssisədə istehsal edilən məhsullardan nümunələr götürülərək müayinələrinin aparılması məqsədilə Qida Təhlükəsizliyi İnstitutunun Milli Referens Laboratoriyasına təqdim edilib. Və əmin olun ki, bu məhsulların hamısı toksinlə zəngindir.
İçərinin antisanitariyası isə ürək bulandırıb.
Aşkar edilmiş faktlarla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb, sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
Buyurun, bizə süd məhsulu sırıyan müəssisənin fotolarına baxın. Bizi kimlər öldürür? Özünə gün-güzaran qurmaq üçün bu yola əl atan ramizlər.
Ekspert Ziya Quliyev portalımıza mövcud fakt ilə bağlı bu şərhi verib:
-Vəziyyət çox acınacaqlıdır. Qanunda boşluq tapıb bu şəxslər bizim həyatımızı riskə atırlar. Qida Təhlükəsizliyi Agentliyinin bu cür qəti addımlar atması təqdirəlayiqdir. Hələliksə biz istehlakçılar yalnız inanılmış brendlərin məhsullarını alaq, tanımadığımız VÖEN-li işbazların toruna düşməyək.
“Ədəbiyyat və incəsənət”
(07.03.2023)
Çörək və gül istəyi - Sabah 8 Mart Beynəlxalq Qadınlar Günüdür
“Ədəbiyyat və incəsənət” portalı olaraq bütün qadınları təbrik edirik. Sovet dönəmində qoşa bayram vardı, 23 fevral kişilər günü, 8 mart qadınlar günü kimi qeyd edilirdi. Kişilər bayramlarından məhrum oldular, çünki 23 fevral günü əslində işğalçı sovet ordusunun yaranışı günüydü, o ordunun ki, 1920-ci ildə bizim müstəqil dövlətimizi işöal etmişdi. Bəs 8 mart gününün məğzi nədir? Və necə oldu ki, bu günü kommunist ehkamlarını uçurub dağıdan xalqımız hələ də bayram edir? Beləliklə, portalımız 8 mart - Beynəlxalq Qadınlar Günü barədə arayış təqdim edir.
Beynəlxalq Qadınlar Günü hər il 8 mart tarixində qeyd olunan Beynəlxalq İşçi Qadınlar Günü olaraq da tanınan, qadınların iqtisadi, ictimai və siyasi mübarizəsini, habelə ümumi olaraq qadınlara qarşı nəzakət, sevgi və məhəbbətin tərənnümünü ənənəvi hala gətirmiş bir bayramdır. Və bəri başdan deyək ki, bu bayramın da kökündə 23 fevralda olduğu kimi kommunist ideologiyaaı durur. Amma tək bu yox. Onu təqvimdə möhkəmləndirən yəhudiliklə bağlılığıdır.
8 mart postsovet respublikalarında, habelə Anqola, Burkina-Faso, Qvineya-Bisau, Komboca, Çin, Konqo, Laos, Makedonya, Monqolustan, Nepal, Şimali Koreya və Uqandada qeyri-iş günü sayılır. BMT də 8 martı beynəlxalq qadınlar günü kimi tanıyıb.
Qadınların kişilərlə bərabər hüquqlu olmaq uğrunda apardığı mübarizənin təmsili başlanğıcı olaraq, 8 mart 1857-ci ildə ABŞ-ın Nyu-York şəhərində geyim sektorunda çalışan yüzlərlə qadının aşağı maaşa, uzun çalışma saatlarına, eyni zamanda pis iş şəraitinə etiraz olaraq tətil etməsi qəbul edilir. Lakin polis aksiyanın uzun sürməsinə izin verməyərək nümayişi dağıtdı.
8 mart 1908-ci ildə ildə Nyu York Sosial-Demokrat Qadın Təşkilatının çağırışı ilə 15 min qadın, daha qısa çalışma saatı, kişilərlə bərabər əmək haqqı və səsvermə hüququ üçün nümayiş keçirdi. Nümayişdə ayrıca ilk dəfə olaraq dekret icazəsi istəyən qadınların şüarı “Çörək və Gül” idi. Çörək həyat eşqini, qarın toxluğunu, gül isə daha rifah həyat tərzini ifadə edirdi.
İlk Qadınlar Günü mərasimi 1909-cu ilin 28 fevralında Nyu Yorkda baş tutmuşdur; bu Amerika Sosialist partiyası tərəfindən Beynəlxalq Qadın Tikiş İşçiləri Birliyinin 1908-ci ilki tətilinin yada salınması münasibətilə təşkil olunmuşdu.
1909-cu ildə isə Avropadaki qadınlar, fevral ayının son bazar gününü, fevralın 28-ni ilk qadın günü olaraq keçirdi.
1910-cu ildə 1857-ci il hadisələrdən 52 il sonra Danimarkanın Kopenhagen şəhərində keçirilən Qadın Sosialist İnternasyonalının qurultayında 1857-ci ilin 8 martında Nyu-Yorkda başlayan mübarizənin, qadın hüquqlarının genişləndirilməsi və qadın həmrəyliyinin simvolu olaraq Klara Setkin adlı bir alman sosialist qadını, Amerikada 8 martda yandırılaraq öldürülən 129 qadın işçinin xatirəsinə hər il 8 mart gününün Dünya Qadınlar Günü olması təklifini etdi və bu təklif qəbul edildi.
Bəzi tarixçilərin fikrincə, 8 martın təqvimə qırmızı rəqəmlərlə düşməsinin səbəblərini bilmək üçün 1910-cu ildə həmin günün bayram kimi qeyd olunması təşəbbüsünü irəli sürmüş Klara Setkinin şəxsiyyətinə, xüsusən onun milli mənsubiyyətinə nəzər salmaq lazımdır. Yəhudi Klara Setkinin təklif etdiyi 8 Mart günü 1910-cu ildə yəhudilərin Purim bayramı ilə üst-üstə düşürdü (yəhudi təqvimində Purim bayramının yeri dəyişir). Purim bayramı isə yəhudilərdə qadın ağlı, eyni zamanda bu millətin özünümüdafiə haqlarını simvolizə edir.
Bibilya rəvayətlərinə görə, miladdan əvvəl 480-ci ildə yəhudilərin Babil əsarətindən qurtulmasından sonra arzu edənlərin Qüdsə qayıtmasına icazə verilib. Amma “özünü tutmuş” yəhudilər bunun üçün tələsmirdilər. Bu vəziyyət iranlıları getdikcə daha çox narahat etməyə başlayırdı. İran ordusunun baş komandanı Aman İran şahı Kserksin yanına gedərək vəziyyəti ona danışır. Kserks isə bütün yəhudiləri qırmağı qərara alır. Kserksin arvadı, özünün yəhudi olduğunu hamıdan gizli saxlayan Esfir ərinin qəbul etdiyi qərarı dəyişdirməyə nail olur. Nəticədə İran şahının çıxardığı qərarda yəhudilərin deyil, onların düşmənlərinin öldürülməsi nəzərdə tutulur.
Tezliklə yəhudilər antisemit iranlıları darmadağın edərək Amanın qulağını kəsirlər. Yeri gəlmişkən, indiyədək yəhudilər Purim bayramında Amanın qulağını rəmzləşdirən üçbucaq şirniyyat növü bişirirlər. Çox güman ki, Klara Setkinin təklifinin əsasında şəxsi maraqlar durub. İnqilabi hərəkatın da öz bayramlarının olması istəyi aydındır. Məsləkdaşlarını həvəsləndirmək, fəhlə kişilərlə yanaşı, qadınları da mübarizəyə qatmaq ağıllı və effektli ideya idi.
1911-ci ildə Kopenhagen qərarından sonra ilk dəfə olaraq 19 martda Avstriya, Danimarka, Almaniya və İsveçrə də bu bayram qeyd edilmişdir.
1914-cü ildə Rusiyada Beynəlxalq Qadınlar Günü martın 8-də baş tutdu, böyül ehtimalla ona görə ki, həmin gün bazar günü idi və beləliklə bu bütün ölkələrdə həmişə martın 8-i qeyd olunur. 1914-cü ildə həmin Günün mərasimi qadınların 1918-ci ilə kimi qazana bilmədikləri seçki hüququna həsr olundu. 1914-cü ilin 8 martında Londonda Boudan Trafalqar meydanına doğru qadınların seçki hüququna dəstək yürüşü oldu. Silvia Pankurst (Sylvia Pankhurst) Çaring Kross stansiyasının qarşısında, nitq söyləməkçün Trafalqar meydanına gedərkən həbs olunmuşdu. 1917-ci il, fevralın son bazar günü (Yeni Stillə martın 8-nə düşür) Sankt-Peterbuqda Qadınlar Gününün qutlama nümayişləri Fevral İnqilabının əsasını qoydu. Həmin gün qadınlar Sankt-Peterburqda “Çörək və Sülh” üçün, I Dünya Müharibəsinin, Rusiyadakı ərzaq qıtlığının və Çarizmin son bulmasını tələb edərək tətilə çıxdılar. Lev Trotski yazırdı, “23 fevral (8 mart) Beynəlxalq Qadınlar günü idi və üfüqdə yeni mitinqlər və aksyalar görünürdü. Amma biz təsəvvür etmirdik ki, bu Qadınlar Günü inqilabın inaqurasiyası ola bilər. İnqilabi aksiyalar öncədən görünürdü amma tarixsiz şəkildə. Lakin səhər, əks göstərişlərə baxmayaraq tekstil işçiləri bir neçə fabrikdə işi tərk elədilər və tətilə dəstək verilməsini xahiş etməkçün öz nümayəndələrini göndərdilər… bu kütləvi tətilə apardı… hamı küçəyə axışdı”.
Oktyabr inqilabından sonra Bolşevik Aleksandra Kollontay və Vladimir Lenin bunu SSRİ-də rəsmi bayram elan etdilər amma 1965-ci ilə kimi iş günü idi. 8 may 1965-ci il fərmanıyla SSRİ Ali Sovetinin Rəyasət Heyəti SSRİ-də Beynəlxalq Qadınlar Gününü qeyri-iş günü elan etdi, “kommunist quruluşundaSovet qadınının görkəmli ləyaqətinin xatırlanmasıyla, Böyük Vətən Müharibəsi zamanı vətənin müdafiəsilə, onların ön və arxa cəbhədəki qəhramanlıq və fədakarlıqlarıyla və həmçinin insanlar arasındakı dostluğun möhkəmləndirilməsinə qadınların böyük töhvəsini vurğulamaqla və sülh uğrunda mübarizəylə. Amma yenə də, qadınlar günü başqa bayramlar kimi keçirilməlidir”.
1917-ci ildə Çar Rusiyasında qadınlar, pis həyat tərzinə qarşı “çörək və sülh” adlı nümayiş keçirdilər. 8 mart günü olan bu tətil, daha sonra digər Avropa ölkələrində də qeyd edilməyə başlandı.
1975-ci il dünya qadınları üçün xüsusi əhəmiyyət daşıyır. Məhz bu il, Beynəlxalq Qadınlar ili olaraq tarixə düşdü. Həmin ilin beynəlxalq qadın ili elan edilməsindən sonra BMT-də 1975-ci ilin 8 martını ilk dəfə Beynəlxalq Qadınlar Günü olaraq keçirildi. İki il sonra 1977-ci ildə isə nəhayət Birləşmiş Millətlər Təşkilatının Ümumi Qurultayında 8 mart, qadın hüquqları və beynəlxalq sülh günü olaraq qəbul edildi.
Beynəlxalq Qadınlar Günü eyni zamanda qadın hüquqlarının genişləndirilməsinin və bu günkü qadının daha azad olmasının tarixi səbəblərinin xatırlanması üçün də xüsusi gündür. Bütün bunları nəzərə alaraq, demək olar ki, 8 mart, sadəcə, qadınlar günü yox, qadın-inqilabçılar günüdür.
Qərbdə Beynəlxalq Qadınlar Günü ilk dəfə məşhur bir hadisə kimi 1977-ci ildən sonra, Birləşmiş Millətlərin Baş Assambleyası üzv ölkələri 8 martın BMT-nin dünya sülhü və qadın azadlıqları Günü kimi qəbul olunmasına dəvət etdikdən sonra müşahidə olunmuşdur.
Nə isə. Çox uzatmayaq. Təqvimdə ayrıca qadın gününün olmasına biz - “Ədəbiyyat və incəsənət”in kişi əmıkdaşları əsla narazı deyilik. Bir daha bayramınızı təbrik edirik, əziz qadınlar!
“Ədəbiyyat və incəsənət”
(07.03.2023)
Həmidə Ömərova: “Köpək oğlunun 100 manatı”
“Ədəbiyyat və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir. Növbəti təqdim edilən Həmidə Ömərovadır.
HƏMİDƏ ÖMƏROVA
(1957)
***
Tələbə vaxtı kurs yoldaşlarımızdan biri yataqxananın operatorundan evə zəng vurmuşdu:
– Ata, pulum qurtarıb, mənə təcili 100 manat pul göndər.
– Alo… alo… fuu… fuuu… a bala, heç nə eşitmirəm.
– Aaataaa, 100 manat göndər, pulum qurtarıb…
– Alo… fuu… alo… eşitmirəm heç nə.
Bu yerdə operator özündən asılı olmayaraq xəttə girib:
– Qəribədir, mən hər şeyi çox yaxşı eşidirəm axı, – dedi.
Qızın atası xəttin o üzündən:
– Eşidirsən, lap yaxşı, onda uşağa 100 manat pul göndər, pulu qurtarıb, – deyəndə, tələbə yoldaşımız:
– Ata, məni eşitməsən də, operatoru eşitdin, pulu gözləyirəm! – deyib, dəstəyi asdı.
“Ədəbiyyat və incəsənət”
(07.03.2022)
Darxan Kıdıralı: “Azərbaycan prezidentindən aldığım mükafat Türk dünyasına verilən dəyərdir”
Türk dünyasının tanınmış oğlu, uzun illər Beynəlxalq Türk Akademiyasına başçılıq etmiş, hazırda Qazaxıstan Respublikasının İnformasiya və İctimai İnkişaf naziri Darxan Kıdıralının fəaliyyəti “Ədəbiyyat və incəsənət” portalının oxucularına yaxşı tanışdır. Akademya barədə ilk mənbədən mütəmadi yazılar dərc etmişik. Türk xalqlarının birləşməsi amalına xidmət edən, onları daha da gücləndirən nəzəriyyələr bizə qol-qanad verib. Amma bu dəfə onu şəxsiyyət kimi tanımağımız gərəkiyir. Əməkdaşımız Aida Eyvazlının “Onun adı Darxan” adlı yazısının dərcini başa çatdırırıq. Bu gün sizə yazının 3-cü hissəsini təqdim edirik.
Azərbaycan Türk dünyasının döyünən ürəyidir
Akademik , Darxan Kıdıralı Vətən, xalq, elm adına işə başladığı hər yerdə cığır açdı, yol açdı. Özünə mənəvi müəllim hesab etdiyi İsmayıl Qaspralının “İşdə, dildə, fikirdə birlik” devizini Beynəlxalq türk Akademiyasına gətirdi. Adı unudulmaqda olan, repressiyaya uğrayan böyük fikir və elm adamlarının əsərlərinin, şəxsiyyətlərinin üstündən sovet torunu sildi, tozunu təmizlədi. Macar yazıçısı Mandoku Konurun böyük kitabxanasını Akademiyaya gətidi. İndi Beynəlxalq türk Akademiyası ititrilmiş türk yazılaı ilə dolu bir xəzinədir. Darxan Kıdıralının rəhbərliyi 5 il müddətində keçirilən “Böyük Çöl” forumu bütün türk dünyası araşdırmaçıları üçün görüş, fikir mübadiləsi yeri oldu. Burada türk dünyası bilən elm adamlarının görüşlri nəicəsində yeni ideyalar, yeni yollar müəyyənləşdi. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Astanada keçirilən son sammitində dövlət başçılarının qərarına uyğun olaraq, Beynəlxalq Türk Akademiyası qarşısında “Ortaq türk tarixi”, “Ortaq türk ədəbiyyatı” və “Ortaq türk coğrafiyası” dərsliklərinin hazırlanması məsələsi qoyuldu və nəticə əldə edildi. Bu gün Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan məktəblərində, eləcə də Akademiyanın müşahidəçi üzvü olan Macarıstanda bu dərsliklər orta məktəblərdə uğurla tətbiq edilir. Məqsəd isə, əlimizdən alınan tariximizi, pozulan tariximizi, ədəbiyyatımızı, pozulan birliyimizi yenidən işığa çıxarmaq və yaşatmaqdır.
Akademik İsa Həbibbəylinin sözünə qüvvət olaraq qeyd etmək istərdim ki, Darxan Kıdıralı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2017-ci ildə "Dostluq Ordeni"nə layiq görülüb. O günləri xatırlayanda həmsöhbətim dedi ki:
-Azərbaycan prezidenti cənab İlham Əliyevdən aldığım mükafat Türk dünyasına verilən dəyərdir. Bu dəyəri doğrultmağa, yaşatmağa çalışmaq isə bizə bir könül və əməl borcudur. Hörmətli prezident İlham Əliyevlə görüşəndə BTA-nın nəşri olan Qoç abidələri kitabını hədiyyə etdim. Qoç başları, hakimiyyətin, qoyun başları və heykəlləri ruzi –bərəkətin, quzu artımın, çoxalmanın simgəsidir. Qurd sərbəstliyin və azadlığın, aslan gücün rəmzidir. Prezident İlham Əliyevi bu simgələr çox maraqlandırdı və bildirdi ki, həmin daş abidələrdən Azərbaycanda da vardır. Və əlavə etdi ki, bu abidlər bir daha sübut edir ki, bizim tariximiz eynidir. Tanrı Azərbaycan xalqına güc verdi. 2020-ci ildə öz tarixi torpaqlarını geri almağa başladı. Azərbaycan Türk dünyasının döyünən ürəyidir. Mənim Azərbaycanda, Özbəkistanda, Qırğızıstanda, Macarıstanda, Türkiyədə dostlarımızn sayı kəndimizdə tanıdığım adamlardan çoxdur.
Qazaxlar yaxşı adam öləndə deyirlər ki, “Kaytış boldı!”
Böyük Çölün oğlu, Bozkır oğlu Türk dünyasının elminə birgəlik bəxş etdi. Bu illər ərzində özü Astanada yaşasa da, getdiyi uzaq və məsuliyyətli səfərlərdən geri dönəndə anası Qəndgül xanımın qoruduğu ocağa gələrdi. Deyirdi ki, yalnız onun dizlərinin üstünə başımı qoyandan sonra, bütün yorğunluğum unudulur və yaratmaq, işləmək üçün gücüm çoxalır.
Təəccüblü bir məqam var idi ki, ana uzun illər boyu hətta, böyük oğlu Darxanın da evinə belə bir günlük də olsun qonaq gəlməmişdi.Oğlunun əkidi ilə bir dəfə 2020-ci ildə COVİD pandemiyası tüğyan edəndə, Darxan anasını Astanaya gətirməyə razı sala bilmişdi. Bir də ki ötən ilin dekabr ayında ananın səhhəti pozulanda, onu evinə gətirdi. Lakin 31 dekabrda ana elə sevimli oğlunun qolları arasında "kaytış boldı". Qəndgül ana 1 yanvarda dünyaya gəlmişdi. 2023-cü ilin 1 yanvarında isə övladlar böyük qardaşın evində yığışıb ananın doğum gününü qeyd edəcəkdilər. 71 yaşı tamam olan günü Ananı dəfn edəndən sonra isə göydən günəş boylanacaqdı. Tufan da, boran da sozalıb gedəcəkdi. Qazaxlar yaxşı adam öləndə deyirlər ki, “Kaytış boldı!”-yəni “qayıtdı!”. Qəndgül ana da Tanrının yanına gülə-gülə, ağrısız qayıtmışdı.
Tanrı yaratdığı bəndəsi Qəndgül üçün güllü-şəkərli həyat verməsə də, övladları böyüyəndən sonra, Darxan bəyin işığına təkcə digər üç övladı deyil, bütöv türk dünyası işıqlandı. Haraya getdisə, özü ilə müəllimə anasından və acı həyatdan aldığı dərsləri şirin və sakit tərzdə anlatdı Darxan bəy. İndi ocağında 4 oğlu 1 qızı böyüyür.
Günümüzn Kul Tegini, Türk dünyası alimlərini, elm adamlarını bir yerə toplaya bilən Darxan Kıdıralı haqqında yazmaqla nə sözüm bitər, nə söhbətim. Bilirəm ki, oxucularımız da işıq kimi dostrlarının ürəyinə yayılan Böyük Çöl oğlunun haqqında yazdıqlarımı sevə-sevə oxuyacaqlar. Bu yazıdakı fikrimi isə Napil Bazılxanın və akademik İsa Həbibbəylinin sözləri ilə bitirmək istəyirəm:
Napil Bazılxan:
"Darxan Kıdıralı Türk Akademiyasının dərəcəsini yüksəltdi və Beynəlxalq hüquq təməlini də, dərəcəsini də sağlamlaşdırdı, bu onun böyük zəhmətləri sayəsində başa gəldi. O Türk dünyası üçün çox möhtəşəm işlər görmüş böyük bir elm adamı və bacarıqlı diplomatdır.
İsa Həbibbəyli, akademik:
Türk dünyasının böyük oğlu, Qazaxıstan ölkəsinin tanınmış siması Darxan Kıdırəlinin çoxcəhətli səmərəli fəaliyyəti daha parlaq sabahlara gedən yollara gur işıq salır.
“Ədəbiyyat və incəsənət”
(07.03.2023)
12 milyardlıq ev? - Dünyanın ən gözəl evləri və onların sahibləri
Türkiyədə baş verən məlum zəlzələ gündəlik həyatımızda öz izlərini göstərməkdədir, ilk növbədə Azərbaycanın daşınmaz əmlak bazarında bina və həyət evlərinin qiymət nisbətində bu özünü göstərir. Uzun illərdir ki, daşınmaz əmlak bazarında çalışan Elçin Nəsirov “Ədəbiyyat və incəsənət” portalının sorğusunu cavablandırarkən bildirib ki, qiymətlər ikincilərin xeyrinə kəskin şəkildə artıb. Yəni, Türkiyə zəlzələsi bina evlərinin qiymətində 10 faizədək azalma, əksinə, həyət evlərinin qiymətində 17-18 faizədək yüksəlmə ilə müşayiət olunub. Üstəlik, tikinti materiallarının qiyməti də 5-7 faiz qalxıb, bu da həyət evləri tikintisinin vüsətinin bir barometridir.
Təbii ki, həyət evləri tikənlər layihələndirməyə baş vurur, daha yaxşı, daha kompakt və daha qənaətcil evlər günümüzdə trend təşkil edir. Bəs nümunə kimi nəyə istinad etməli? Hər şeydən öncə ən yaxşılara. O yaxşılara ki, onlar yüksək zövq formalaşdıra bilir. Bunun üçün “Gözəllik” bölümündə “Ədəbiyyat və incəsənət” vaxtaşırı sizə dünyanın ən mükəmməl dizayna malik evləri ilə tanış edəcək. Hələliksə diqqətimizi Kommersant week-end nəşrindəməşhur dizayner Veronika Tabenskayanın dünyanın ən gözəl evlərindən bəhs etməsi çəkdi. Və biləsiniz ki, dünyanın ən gözəl villası Tabenskayanın təbirincə amerikalı müğənni Alişa Keyzə aiddir.
1.
Kaliforniyadakı "Razor House" mülkü, 45 milyon dollar
Memar Uolles Kaninnqemin layihələndirdiyi "Razor House" mülkü 2008-ci ildə inşa edilib. Mülkün bazar dəyəri 45 milyon dollar olub. Müğənni Alişa Keyz bu mülkü ümumi dəyərindən təxminən 10 milyon dollar daha ucuz - 20,8 milyon dollara alıb.
Mülkün əsas özəlliyi və dəyəri müəllifin memarlığı və Kaliforniyada La Jolla qayalığından Sakit Okeana açılan panoramdır. Panoramik şüşələr daxili interyerlə çöl arasındakı xətti silir. Bu evdə hər bir insan özünü təbiətin bir hissəsi kimi hiss edir. Belə arxitekturada mebel bolluğu nəzərə çarpmır, yalnız minimalist notlar qeyd olunur. İnteryerin qiyməti həm də təbii materialların geniş istifadəsi hesabına formalaşıb.
2.
Nyuman Rezidensi, 15 milyon dollar
Məşhur kinoaktrisa Dayan Kiton həm də dizaynerliklə məşğuldur. Hətta, memarlıqla desək daha dürüst olar. O, gözü tutan evləri alır, bəzəyir, sonra satır. Adətən o, 20-ci əsrin məşhur memarlarının qələmindən çıxmış evləri alır. 20-ci əsrin böyük memarlarından birinə - Frank Lloyd Rayta aid ev də Dayanın gözünü tutub. Alfred Nyuman melodiyalarını bu evdə bəstələyib, bina xüsusi olaraq məşhur bəstəkar üçün tikilib. Odur ki, ev Nyuman Rezidensi adıyla məşhurdur.
Dayan Kiton iqamətgahın ilkin üslubunu saxlasa da, bir çox detalları yeniləyib. Dekorator kimi o, evin xarici əhval-ruhiyyəsini interyerə ötürməyi bacarıb. Qiymət də buna görə kəlləçarxa çıxıb.
3.
Cennifer Lourensin penthausu, 12 milyon dollar
Lourensin Nyu-Yorkda, yaşayış massivinin 30-cu mərtəbəsində yerləşən Hudzon mənzərəli penthausu çox dəyərlidir. Aktrisanın bir neçə il əvvəl 15,6 milyon dollara aldığı ev indi 12 milyon dollara satışa çıxarlıb. 4073 kvadratmetrlik ev 3 yataq otağı, 5 vanna otağı, 2 qonaq otağı, mətbəx və yemək otağından ibarətdir.
4.
Bay Yuminin 8 milyonluq evi
Tanınmış memar, Pritzker mükafatı laureatı, daha çox Parisdəki Luvr muzeyinin şüşə piramidası və Honq Konqdakı "Bank of China Tower" layihəsi ilə tanınan Bay Yuminin ölümündən sonra həyat yoldaşı Manhettendə son 45 il ərzində yaşadıqları evi satışa çıxarıb. Bay Yuminin sözügedən evi Viktoriya üslubunda tikilib, interyer isə memarın özünə məxsusdur. Onun rəhbərliyi altında yenidən dizayn edildikdən sonra ev modernist mebellərlə təchiz olunub, memarlıq da qismən dəyişdirilib. Yerdən tavana qədər olan pəncərələr birbaşa Satton Meydanına açılır.
5.
Mark Vulfun 6,5 milyon dollarlıq evi
Evi 1961-ci ildə böyük Frank Lloyd Raytın tələbəsi, memar Con Lotner dizayn edib. Müştəri Raytın "Şəlalənin üstündəki ev" əsərinə bənzər bir ev yaratmağı xahiş edib. Con şah əsəri ustalıqla yerinə yetirib. Yeri gəlmişkən, memar film çəkilişləri üçün də olduqca unikal evlər yaradıb. Vulf Rezidensi çox orijinal alınıb, O, müxtəlif dövrlərdə tikilən iki binadan ibarətdir: əsas hissə (154 kv.m.) və əlavə tikili (108 kv.m.).
İndi ev demək olar ki, təmirsizdir, lakin bu, onun memarlığının qiymətləndirilməsinə maneə ola bilmir. Ev rəsmi olaraq Los Ancelesin mədəni irsi hesab olunur.
6.
Dayan Kitonun digər, 4,5 milyonluq evi
Frank Lloyd Raydın Cənubi Kaliforniyada inşa etdiyi evi də alan Dayan Kiton onun bərpası ilə özü məşğul olub. Ev Kaliforniyanın tarix və mədəniyyət abidəsi siyahısına daxildir. Kaliforniyanın Los Feliz şəhərində yerləşir.
Dayanın məqsədi orijinal interyeri yenidən yaratmaq və onu yenidən qurmaq idi. Biləsiniz ki, restovrasiya və yenidən qurma sıfırdan ev tikməkdən daha çətin və bəzən daha çox maliyyə tələb edən incə bir işdir.
"Art Deco" üslubu artıq fasaddan görünür. Memar burada yaşaya biləcəyiniz müxtəlif fəaliyyət növləri təklif edir, binanın estetik görünüşü də hərtərəfli düşünülüb. Hovuzda üzmək, qonaq otağında nahar etmək, səhər yataq otağında yuxudan oyanmaq, terrasda səhər yeməyi yemək – nə etməyinizdən asılı olmayaraq, hər zaman təbiətin əhatəsində olmaq evin dəyərini artırır. Pəncərədən açılan mənzərələrin rəsm əsərlərini xatırlatması isə bir ayrı gözəllikdir.
Dünyanın ən bahalı evi – Swiss Gold House – 12 milyard dollar
Təbii ki, özünə mülk tikən azərbaycanlının dünyanın ən bahalı evi barədə də təəssüratı olmalıdır. Həmin ev İsveçrədə, İtaliya ilə sərhəddə - təbiətin ən gözəl mənzərəli yerində qərarlaşıb. Bəs ona bu cür astronomik qiyməti gətirən nədir? “Ədəbiyyat və incəsənət”in müxbiri bu səbəbi tapanda hədsiz təəccüblənib. Demək, ümumi sahəsi 725 kv.m. olan, cəmi 8 yataq otağı, qarajı, terrası və hovuzu olan bir mülkə 12 milyard qiymət gətirən onun interyer və eksteryerində 200 ton qiymətli metaldan istifadədir. Məşhur dizayner Styuart Xyuzun ərsəyə gətirdiyi mülkdə qızıl, gümüş, bürünc və platindən bol-bol istifadə də əsas özəllik deyil. İş ondadır ki, qonaq otağındakı bar təbii meteoritdən inşa edilib. Bu material ağlasığmaz dərəcədə bahalıdır. Barda istifadə edilən plastinlər isə 65 milyon il bundan əvvəl Yer üzərində məskunlaşmış raptor dinozavrının sümüklərindən hazırlanıb.
Və onu da deyək ki, bu evi görən bir şəxs də yoxdur, evin ünvanı gizli saxlanılır. Buna görə də İsveçrədə belə güman edirlər ki, Swiss Gold House mövcud deyil, uydurmadır.
Eviniz abad olsun, əziz oxucularımız!
Qapaq şəklində: Swiss Gold House
“Ədəbiyyat və incəsənət”
(07.03.2023)
“Hardan başlayacağımı özüm də bilmirəm əslində...”
Məmmədova Miranə Gəray qızı 15.07.2002-ci ildə Gədəbəy rayonunun Nərimankənd kəndində anadan olub. Orta məktəbi orda bitirib. 2019-cu ildə ADPU-ya qəbul olub. Hazırda ADPU riyaziyyat fakültəsinin riyaziyyat və informatika müəllimliyi ixtisasında 4 cü kursda oxuyur. Bədii ədəbiyyata hədsiz maraq duyur. Epistolyar janrda bir roman da yazmağa başlayıb. “Oxucularımızın yaradıcılığı” rubrikasında Miranənin nəsrindən bir parçanı diqqətinizə çatdırırıq.
Hardan başlayacağımı özüm də bilmirəm əslində... Etdiklərimlə özümə haqq qazandırmağa çalışıram amma. Əlimdəki siqaretim belə mənə gülür bəlkə də. Ondan qalan xatirələr və qızımız Mələk.
Bəli mənim bir qızım var, atasının kim olduğunu bilməyən 6 aylıq qızım. Çöldə qar yağır, pəncərədən küləklə uçuşan qara baxıram. Mələk yenicə yatıb. Bir həftədir narahatdır, gecə səhərədək ağlayır, deyəsən o da başa düşür, heç nəyin düz getmədiyini.
Fikirlərim yenə qarışıqdı. Kofem soyuyub, siqaretimin külü yerlə birdir. O həyatıma necə daxil oldu, mən onu necə sevdim, necə ona özümü təslim etdim və Mələk, mənim həyatdakı tək şansım necə dünyaya gəldi. Mələk olmasaydı, bəlkə də çoxdan canıma qıymışdım. Əslində, intihar etməyə hazırlaşarkən öyrəndim hamilə olmağımı. Onsuz yaşaya bilməzdim, söz vermişdik bir-birimizə, öləndə də bərabər öləcəkdik, amma ikimiz də sözümüzü tuta bilmədik.
O ilk gün, onu gördüyüm ilk gün, qarşılaşmamız...
15 sentyabr.
Mən - Melisa Universitetin son kurs tələbəsiyəm və bir az tənbələm. İlk dərs günü səhər ertə durmuşam, duş alıb başlamışam makiyaj etməyə. Saçlarımı iki gün əvvəl qısa kəsdirib özümə yeni imic vermişəm. Güzgünün qarşısında zərif bədənimə baxıb ah çəkərək geyinməyə başlayıram. Spotify da “Gökyüzünü tutamam” çalır, sevimli mahnım və tam hazıram. Gözlə məni, son
semesrtın ilk günü. Yenə isti, yenə sıx metro və mən artıq Universitetin qarşısındakı bağda gözlərimdə eynək gedirəm. Ətrafda yenə əl-ələ sevgililər gözə dəyir, bir cütlük qıraqda öpüşür hətta. Aman nə gözəl, mənsə həyatımda bir dəfə belə aşiq olmamışam, birini sevməmişəm, sevgi nədir bilməmişəm. Tərslikdən məni də sevən olmayıb. Əslində haqlıdırlar sevməməkdə, bəzən o qədər deyinirəm ki, özüm-özümə dözə bilmirəm, özümü danlayıram. Ona görə təkəm yəqin ki. Hə, bir də iki yaxın rəfiqəm var:Aysel və Ləman. Aysel daha ağır, qapalı qızdır, Ləman onun əksinə, universitetdə sevgili olmadığı bir mən qalmışam yəqin ki. Amma ikisi də məni anlayır, bir-birimizi anlayırıq.
İçəri daxil oluram və budur, Ləman güzgünün qabağında pomada çəkir. Salam verirəm.
Ləman:
-Salam Melis, necəsən, aaa çox dəyişmisən, bilirsən nələr olub?
O an gözüm qapıdan içəri girən oğlana sataşır, kimdirsə yenidir, əsmər, hündürboy, gözlərində günəş eynəyi və böyük çantası var. Deyəsən müəllimdir, amma ilk dəfədir belə qəribə müəllim görürəm. Yanımdan keçəndə gözləri ilə məni rentgen etdiyini hiss edirəm.
Qalxırıq 4-cü mərtəbəyə, yenə 414-cü otaq və həyatımda heç vaxt lazım olmayacaq bir dərsə başlayırıq. 80 dəqiqəni Ləmanla, Aysellə söhbətləşərək bitiririk. 2-ci dərs başımı masaya qoyub dalğın şəkildə pəncərədən çölə baxıram. Başımın üstündə nəsə kölgə hiss edirəm, başımı qaldıranda girişdəki qəribə müəllimi görürəm, adamı yeyəcək kimi baxır.
Gözlərinin soyuq mavisi üşüsür məni.
-Diqqətinizi bir az da danışdıqlarıma yönəldin.
“Bu nə idi belə, son il və bu ciddiyət. Bu il işimiz var da” deyə düşünürəm.
Amma xoşuma da gəlir, dərs boyu gözlərimi gözlərindən çəkə bilmirəm, bu sərt baxışların altında necə birinin yatdığını bilmək istəyirəm. 80 dəqiqə çox tez bitir və daha bir dərs. Amma üzücü və uzundan uzun.
Axır ki gün bitir, yenə metro səmtə. Yorğun mən, arxamda isəqəribə müəllim metroya tərəf gedirik. Belə geyim tərzi, heç maşını da yoxdur. Nədisə çox maraqlı gəlir mənə. Qatarı gözləyərkənqulaqcıqları cibimdən çıxarıb musiqini işə salıram
və budur, dolu qatar gəlir. Yenə əziləcəyimin narahatçılığı ilə birtəhər içəri daxil oluram, qəribə müəllim gözümə sataşmır, rahatlanıram bir az.
Qatar növbəti stansiyaya yaxınlaşır, əyləclər sıxılır, tutacaq yer tapa bilməyib arxaya doğru meyillənirəm və kimsə belimdən tutub məni yıxılmağa qoymur. Arxaya dönməyə çalışıram, yenə soyuq mavi gözlər, dağınıq saçlar. İçimdə qəribə hiss yaranır, əli hələ də belimdədir. Qamətimi düzəldib ona başımla təşəkkür edirəm, qapıya tərəf sıxlıqda hərəkətə başlayıram və növbəti stansiyada düşürəm. Yolum bəllidir, əvvəl marketdən axşama yemək və siqaret alıram, sonra çıxıram yuxarı.
Yenə fikrim onda qalıb, o soyuq baxışlar niyə bu qədər mənə təsir edir, nə baş verir mənimlə? Siqaretimi yandırıb pənrəcərəmi açıram. Yadıma nənəmlə babama dünəndən zəng etmədiyim düşür, onlar mənim tək varlığımdır axı. Valideynlərimi və bacımı avtomobil qəzası nəticəsində, üç yaşımda itirmişəm, o gündən nənəmlə babam mənə baxıblar, nazımı çəkiblər. Zəng vururam, danışırıq. Şükür, yaxşıdılar.
Zəngdən sora soyuducuda nə tapsam yeyib zəngli saatı qurmadan yatıram. Səhər saat 10-a qalmış yuxudan tər-su içində oyanıram. Qəribə yuxu görmüşəm. Düşünməyə, yuxunu yozmağa vaxt yoxdur, əlimə keçəni geyib, saçımı səliqəyə salıb evdən tələsik çıxıram...
İlk dərsə gecikmişdim artıq 2-ci dərs də yolda idi. Qatarda gedərkən gördüyüm yuxu yadıma düşür, yenə soyuq gözlər, adını bilmədiyim 35 yaşlarında olan əsmər bəy. Yatağımda idik, kinli baxışlarını gözümə zilləyib boynumdan öpürdü.
Yaxşı ki, yuxudan oyandım yoxsa..
Qızlardan dərs keçilən otağın nömrəsini yazıb öyrənəndən sonra pilləkənlərdə sürətlənməyə başlayıram. Qapını döyüb içəri daxil oluram. Bu qədər də olmaz axı, yenə o hələ adını bilmədiyim müəllimin seminarı. İcazə istəyərək Ayselin yanında boş qalan yerdə otururam, Aysel sifətimin qəribə rəng aldığını deyir, xəstə olub olmadığımı və bu həyəcanımın səbəbini soruşur. Əslində, hələ də yuxunun təsirindəyəm, nə Ayselin, nə müəllimin gözlərinə baxa bilmirəm, dəftərdə özüm üçün karandaşla şəkil çəkməyə başlayıram.
Dərs bitdikdən sonra Ləmanı universitetin qabağında şəklini telefonda göstərdiyi yeni sevgilisi gözləyirdi, yanında da sarışın, boyu mən boylarında oğlan, məsələ aydın idi. Onu da mənimlə tanış etmək planı vardı rəfiqəmin. Evə getmək istədim, amma Ləmanın inadı sayəsində onlara qatıldım.
Yaxınlardakı restorana gedirik, dərs çıxışı ora gedirəm ən çox. Sevgilisi Ləmanın qarşısında, yeni oğlan mənim, elə otururuq. Adı Kənanmış, magisrt, 1-ci kurs, amma avaranın birinə bənzəyir, çox sual verir. Artıq sıxılıram, mənasız səmimiyyət, boş sözlər. Ləmandan üzr istəyib restoranı tərk edirəm, fikrim yenə gecəki yuxudadır. Evə necə gəlirəm, özüm də bilmirəm. Bir şey yemədən keçirəm kompyuterin qarşısına, instaqramda yeni müəllimi axtarmağa girişirəm. Bu da o. Adı Fəridmiş, Fərid İmanov.
O qədə rdə çətin olmur onu tapmaq, profil şəklindən tanıyıram. Profilindəki bu günkü kostyumda, masa arxasında şəkli idi, follof atıram. Niyə belə davranıram, özüm də bilmirəm. Axı ondan mənə nə? Bəlkə də evlidir, uşağı da var, məndən 15-17 yaş böyük birisi... Nə isə. Başqa bir follof istəyi gəlir, Kənan bəydən. Profildə cool şəkil, haqqında 1-ci sinifdən oxuduğu yerlər, sonra ingiliscə mənalı cümlə, göstəriş maraqlısı, qəbul edirəm. Etdiyimlə salam yazmağı bir olur.
-Salam, necəsən, tanıdın ? Bu gün niyə elə getdin? Narahat etmirəm?
-Salam, bəli tanıdım, yox narahat etmirsiz, sadəcə bir az halsız idim deyə evə getdim.
-Siz yox sən de, xahiş edirəm. Nəsə lazım olsa burdayam, dərman, həkim, yardım edərəm
Ah bu nə danışır? Rentgenə də apar istəyirsən.
-Yox çox sağ olun, dincələcəm mən, keçər bir azdan, özünüzə yaxşı baxın, təşəkkürlər.
Mesajını oxumadan çıxıram. Soyuducan yeməyə hazır balıq konservi götürüb 4 gündür tamamlaya bilmədiyim portretin yanına gedirəm. Bəli, mənə həvəskar rəssam deyə bilərik. Boş vaxtlarımda şəkil çəkirəm, indi isə sifarişə şəkillər götürüb çəkməyə başlamışam. Ən azından ailəmə yük olmaqdan yaxşıdı belə.
Portretdə ana, ata və qucaqlarında balaca körpə həkk olunur. Mənim də ailəmlə belə şəklim vardı, onda bacım hələ dünyaya gəlməmişdi. Biz üçümüz idik, mən də eynən bu uşaq kimi gülümsəyirdim. Əslində, indi fərqinə varıram, şəkildəki qızcığazı qısqandığıma görə şəkli yubadıram. Amma “pul hər şeydən öndə gəlir, bu gecə bitirməliyəm” deyib işə başlayıram. Vaxt sürətlə ötür.
Gecə saat 2-yə qalıb, artıq yerimə keçib qəribə müəllimin hesabına baxıram, hələ də follof-u qəbul etməyib, yenidən mənə mesaj gəlir.
-Salam, necə oldun? Yatmısan? Narahatam səndən.
-Yox oyağam, bəli bir az yaxşıyam.
Başlayır sual atəşinə tutmağa, ailəmdən, sevgililərimdən, şəxsi həyatımdan. Şəkil çəkməyimi təqdir edib kitab oxumağıma istehzayla baxır, bunun fikrincə mütaliə nəymiş, boşuna vaxt itkisi imiş, mütaliənin yerinə başqa nələrsə öyrənə bilərəm, onun özünün heç həvəsi yoxmuş kitablara və s.
Sonra özü haqqında danışmağa başlayır. Öz kiçik biznesin qurub, soruşuram nə, demir, üstəlik maşını da var, ailəsi ilə yaşayır. Başımın ağrısı artmağa başlayanda sağollaşıb telefonun zəngli saatını qurub yatıram. Sabah portreti təhvil verib dərsə getməliyəm. Və ən əsası, sabah qəribə müəllimi yenidən görəcəyəm...
“Ədəbiyyat və incəsənət”
(07.03.2023)
Sabah “Qu gölü” nümayiş etdiriləcək
“Qu gölü” (uzun illər dilimizə “Sonalar gölü” kimi tərcümə olunurdu) baletinin Bakıdakı 8 Mart nümayişini tamaşaçılar fərqli ifalarda görəcəklər. Bu dəfə səhnə əsərində əsas rolları Rusiyanın Mariinski Teatrının aparıcı solistləri Nadejda Batoyeva və Flipp Styopin ifa edəcək.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində nümayiş olunacaq P. Çaykovskinin “Qu gölü” baleti, qeyd edək ki, uzun illərdir Opera və Balet Teatrının repertuarındadır.
“Ədəbiyyat və incəsənət”
(07.03.2023)
“Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib
“Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA), Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı ilə birgə Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində ağacəkmə aksiyası keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı AAYDA-nın İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, aksiyada Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədr müavini, Ərazi Partiya Təşkilatının sədri Əvəz Qocayev, Agentliyin əməkdaşları və Nəsimi rayonu üzrə ərazi partiya təşkilatının nümayəndələri iştirak ediblər.
Aksiyanın təşkil edilməsində əsas məqsəd Azərbaycanda ətraf mühitin və meşə zolaqlarının qorunması və mühafizəsini hər zaman diqqətdə saxlamış Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək və ekoloji mədəniyyətin formalaşması prosesinə töhfə vermək, ümumilikdə ətraf mühitin qorunması hissini aşılamaq və ekoloji problemlərə qarşı mübarizəyə səsləməkdir.
Aksiya zamanı sözügedən ərazidə 500-dən çox Eldar şamı əkilib və ərazidə olan 2 mindən artıq ağaca qulluq göstərilib.
Qeyd edək ki, avtomobil yollarının təhkim zolağında 2020-2021-ci illərdə 258 157 ədəd, 2022-ci ildə isə 147 075 ədəd, ümumilikdə 674.3 hektar ərazidə 404 595 ədəd müxtəlif növ ağac və kol bitkisi əkilib.
Hazırda 18,82 hektar ərazidə yaradılmış 9 tinglik sahəsində 135 827 ədəd ağac və kol bitkisi yetişdirilir.
“Ədəbiyyat və incəsənət”
(07.03.2023)
Varlı-hallı qadın niyə ərinə xəyanət etsin ki?
Çingiz Aytmatovun “Cəmilə” əsərində qadının romantik “xəyanəti”.
“Ədəbiyyat və incəsənət”in oxucularına ədəbiyyatşünas Sərvanə Dağtumas bu dəfə türk dünyasının dahi yazıçısı, qırğız Çingiz Aytmatovun yaradıcılığı barədə danışacaq. Məlumat verək ki, Sovet epoxasında Çingiz Aytmatov bir nömrəli yazıçı hesab edilib.
Giriş.
Qırğız yazıçısı sevilən yazar Çingiz Aytmatovun qələmə aldığı ən gözəl eşq hekayəsi “Cəmilə” əsərində sevginin, məhəbbətin, mərdliyin, dəyanətin gücü azyaşlı yeniyetmənin aləmində ilahiləşdirilir. Əsərin hər cümləsindən, sözlərindən paklıq damlayır, obrazların yaşadığı duyğular oxucunu vəcdə gətirir, əsərin ruhundan şəffaflıq axır, oxucunun, sanki gözlərini qamaşdırır. Əsər cavan, qoçaq oğlanın-Seyidin dilindən nəql edilir. Əsərdə yeganə təhkiyəçi odur. Bu, təsadüf deyil. Aytmatov Talas vadisində cərəyan edən Cəmilənin əhvalatının bilavasitə şahidi olmuş və həmin hadisələri bir neçə il sonra qələmə almışdır. Güman edirik ki, Seyid yazıçının proobrazıdır. Əslində əsər uşağın həyatından, onun gizli dünyasından, duyğularından, istəklərindən, uşaqlığının bir hissəsindən bəhs edir və bu eşq hekayəsinin yeganə canlı şahidi olur.
Cəmilənin həbs olunmuş xəyalları.
Əsərin baş qadın qəhrəmanı Cəmilə çalışqan, zəhmətkeş, möhkəm, bacarıqlı, tündxasiyyət bir qırğız gəlini idi. Dağ aili Bəkayirdə ilxıçı qızı idi, atlara yaxşı bələd idi, evin yeganə övladı idi, xarakterində kobudluq hiss olunurdu, ailə üzvlərinə qarşı hörmətli, sözə qulaq asan, açıqsözlü, açıqfikirli, ürəyitəmiz bir ev gəlini idi ,lakin eyni zamanda onda mütilik, itaətkarlıq qətiyyən hiss olunmurdu. Cəmilənin xarakteri ailə üzvlərini, xüsusilə də qayınanasını açmasa da o narazılıq etmir, gəlinini çox sevirdi. Ailəsi onun xoşbəxtliyini, səadətini varlı xoşbəxt evə düşməyində görürdülər. Aildə ən vacib qayda-qanun gəlinin öz xoşbəxtliyi naminə namusunu və vicdanını qoruya bilməsi idi. Cəmilə deyib-gülən, şən, zarafatcıl bir qız idi, özünə azadlıq vermişdi. Xarakterində diribaşlıq, dilli-dilavərlik daha çox nəzərə çarpırdı, cigitlərlə qəhqəhə çəkir, şıltaq hərəkətlər edirdi.
Cəmilə-Sadıq “məhəbbəti”.
Onların tanışlığı da müəmmalıdır: baharda cıdır zamanı Cəmilə ilxıçı Sadığı məğlub etmiş, Sadıq bu məğlubiyyətin heyfini Cəmiləni qaçırdaraq çıxmışdı. Sevərək evləndiklərini iddia edənlər də vardı. Hər halda ail əhli belə danışırdı. Əsəri gözdən keçirən zaman bu evliliyin əvvəldən sevgi əsasında qurulmadığı aydın duyulur. 4 aylıq birgə münasibətdən sonra Cəmilənin əri müharibənin başlanması ilə əlaqədar orduya çağrılmışdı və Cəmilə ərinin yalnız 3 ildi, yolunu gözlədiyi “məktubları” ilə təsəlli tapırdı. Daniyarın kəndə gəlişi sanki əsl “müharibənin” başlanğıcı oldu. Cəmilənin qəlbində soyuq küləklər əsdirdi, onun ruhunu tamamilə qoparıb apardı. Cəmilə hər kənd qadını kimi ağır işlər görürdü, ancaq bu, həsrətlə ərindən gözlədiyi məktubun gəlməsi və adının axırda laqeyd şəkildə çəkilməsi qədər ağır ola bilməzdi. Qadın elə bir varlıqdır ki hətta xəyanəti belə bağışlayar, fəqət soyuqluğu, yadlığı, sevgisizliyi bağışlamaz. Hər əzab-əziyyətə dözər, ərinin hər cəfasını çəkər, qəlbi qırılsa da dinməz, sevgi görməsə, sevgi gülləri qəlbində susuz qalsa, onu heç bir qüvvə əvvəlki halına qaytara bilməz, yenidən eşq toxumu artıq cücərməz.
Sadıqın gecikmiş “məhəbbəti”.
Qadının və kişinin xoşbəxtliyi nədə idi? Cəmilə və Sadıq xoşbəxt idimi? Cəmilə ailin cigitlərilə mehriban və səmimi davranırdı . Buna rəğmən onun qəlbində yığılıb qalmış sevgiyə əsl ehtiyac hissi vardı. Onlar xoşbəxt deyildilər və bu xoşbəxtliyin olmamasına nə onların aralarındakı məsafə, nə də Cəmilənin böyüdüyü mühitin neqativ təsiri səbəb olmuşdu. Məsafələr uzaq olsa da dualarla, istəklərlə görüşən qəlblər var. Cəmilə ər yox, məhəbbət axtarırdı. Sadıqın məhəbbəti isə gecikmişdi, o yetəri qədər xanımına məhəbbət bəsləyə, qayğı göstərə bilmədi. Sevmək üçün bunu dillə demək lazım deyil, sevgini hiss etdirməlisən, o isə xanımına bunu yaşada bilmədi. Əsl xoşbəxtlik sevgini hiss etdirmək, öz həyat yoldaşına sevgini vermək, onun mənəvi ehtiyaclarını qarşılamaqdı. Cəmilə bu xoşbəxtlik məfhumunu düzgün dərk edərək, realist addım atdı və özünü Daniyara təslim etdi.
Cəmilənin xarakteri və ya səfil həyatına öyrəşməsi bu ayrılığa səbəb ola bilərdi mi? Cəmilə zarafatcıl, şıltaq, hətta ərköyün qız idi, o səadəti pulda, var-dövlətdə görmürdü, kənd əhlinin düşüncələrindən fərqli olaraq, reallıqla düşünmək lazım gəlsə, varlı ailənin üzvü olmaq, varlı ailədə övlad dünyaya gətirmək insana sevgi qazandırmır. “Sevgi ilə qarın doymur” deyirlər, amma Cəmilənin qəlbi ac idi, qəlbinin aclığı ona daha çox işgəncə verirdi, qarnı acqız üçün.
Cəmilə Sadıqı sevmirdisə, onun məktuba qarşı münasibəti niyə dəyişdi? Bəlkə də sevmək istəyirdi, lakin o bu sevginin qarşılığın görmədi. Ailin öz adət-ənənələri vardı, bunlardan biri də həyat yoldaşına yazılan məktubun olmaması idi. Düzdür, Sadıq onun adını axırda qeyd edirdi, lakin bu onun yoldaşına toxnunurdu, o ərindən daha çox qayğı, daha çox sevgi görmək istəyirdi, hər halda ərinin yolunu gözləyən bir qadının məktub almasını istənilən qadın arzulayar. Bizim fikrimizcə, ən azından o, yoldaşına salam göndərmək yerinə “ondan muğayət olun, onu sizə tapşırıram” deməsi daha məqsədəuyğun olardı. Sadıq sevgi məktubu göndərə bilməzdi, buna ehtiyac da yox idi, amma 3 ildən sonra qadınına qarşı belə saymazlıq etməsi Cəmilənin hislərindən yan keçmədi, doğrudur, sevən heç nəyə baxmır, amma bu sevgi qarşılıqlı olmaq şərtilə. Cəmiləni daha çox qəzəbləndirən ərinin gecikmiş məktubu daha doğrusu, gecikmiş sevgisi idi, çünki hər şey üçün artıq Sadıq gecikmişdi və onun bu hərəkəti Cəmiləni ərindən qaçmağa ondan uzaqlaşmağa sövq etdi.
Sadiq Cəmiləni sevirdi mi? Sevirdisə də Cəmiləyə bunu hiss etdirmək lazım idi. Onun buna ehtiyacı vardı. Cəmilə Allaha və ərinə sadiq olmağa çalışırdı, ailəsinin də istədiyi bu idi, lakin Cəmilə bu həyatdan sıxıldı, Sadıqdan qəlbi qırıldı və o, təsəllini Daniyarda tapmağa çalışdı. Hər şey bir insanı sevməklə başlayar. Bəlkə də o sevirdi, buna baxmayaraq qəlbi artıq qırılmışdı və Daniyarla getdi, onun yanında xoşbəxtliyini tapdı, ondan sevgi qayğı gördü və onunla yaşlanmağa qərar verdi.
Müharibə olmasaydı Cəmilənin taleyi dəyişərdimi? Sevən heç vaxt tərk etməz, hər halda ərinin varlığı belə olsa ondan sevgi görməsə yenə gedərdi, ərinin sevgisini uzaqdan hiss etmək ona kifayət edərdi, o, ərinin yanında olmağını deyil, ona sevgisini verməyini istəyirdi. Yanında olduğunu hiss etdirmək yanında olmaqdan daha önəmlidir. Müharibənin bu ayrılığın səbəbkarı olması yalnız bir bəhanə ola bilər. İllərlə ərlərinin yollarını gözləyən namuslu, ismətli qadınlar var. Cəmilə yenə gedəcəkdi ,öz səadətinin arxasınca gedəcəkdi, o sanki bunu əlində fənər gözləyirdi, ömür boyu bu eşqi axtarırdı və axır ki o bu eşqinə qovuşdu. O ac da olsa, susuz da olsa xoşbəxtliyini tapıbsa, artıq onun var-dövlətə zərrə qədər də ehtiyacı yoxdur. O təngə gəlmişdi ,qəlbindəki boşluq onun bütün varlığına hakim kəsilmişdi və o səfil həyata belə razı idi, yetər ki yenicə çiçək açmış ülvi məhəbbəti, sevgilisi onun yanında olsun.
Cəmilə daha tez gedə bilərdi, amma...
Gedə bilərdi, lakin bəlkə də axtardığı uzun illər gözlədiyi şəxslə qarşılaşmamışdı, bəlkə də əri ilə aralarındakı mənəvi məsafə onların yenicə çiçək açmış münasibətinin bitməsinə solmasına gətirib çıxartdı. Cəmilənin fikrincə dünyada qadın qəlbini başa düşən kişilər yoxdur, kişilər sadəcə özlərini düşünürlər. Qadın kişilərdə yaxşı gələcək, kişilər isə qadınlarda yaxşı keçmiş axtarır. Görünür, Cəmilə Sadıqda yaxşı gələcək görə bilmədi. Onun laqeyd münasibəti Cəmilənin qəlbini qırdı ,sanki qisas almaq hissilə bu addımı atdı və Sadığı Daniyara dəyişdi. Belə desək, pulu sevgiyə dəyişdi.
Fırtınalı eşq dastanı.
Daniyar əsərin əsas sujet xəttini təşkil edən obrazlardan biridir. O, eyni aildən idi, yetimliyin və həyatın hər sərt üzünü görmüşdü. Bir müddət sonra qohumları tərəfindən unudulmuş, elə burda məskunlaşmağa başlamışdı. Haqqında söz-söhbət yayılan bu cavan oğlan tez bir zamanda da unudulmuşdu. Onun açıq-aşkar olmayan simasında sanki bir fırtına qopur, soyuq küləklər əsirdi. Daniyar deyəndə ağıla qapalı, ciddi, sərt, adamayovuşmaz, qaradinməz, qaraqabaq, hamıdan qaçan, azdanışan bir xarakter gəlirdi. Həmişə ail əhli ilə məsafəli idi, fikri adətən, dağınıq olurdu. Onun dalğın, kədərli, xəyalpərvər gözləri, bitkin, yorğun və qəmgin baxışları insanın gözü qarşısında canlanırdı. Üzdən sakit və fağır görsənirdi, yalnızlığı özünə sirdaş seçmişdi. Müharibə nəticəsində insanlıqdan, qəlbindən başqa hər şeyini itirmişdi. Sanki torpaq onu qəbul etmək istəmirdi və o nəfəs alırdı. Cəmilənin onu lağa qoyması, ona qarşı laqeyd davranması Daniyarı heç vaxt özündən çıxarmamışdı. O, bütün ilhamverici mahnıları Cəmilə üçün oxuyurdu, onun qəlbindəki ehtirası, vurğunluğu, istəklə, arzu ilə coşub-daşan, vəcdə gələn hislərini sanki Cəmilə ortaya çıxara bilmişdi. Cəmilənin quraqlığa çevrilən qəlbinə yeni toxumlar səpən də o idi. Daniyar yalnız bir adamın vurğunu deyildi, sanki qəlbində daha böyük hislər baş qaldırmışdı, təbiətin, dağların, torpağın, quşların, bir sözlə həyatın vurğunu idi və bu duyğular onun zümzümə etdiyi mahnıda daha aydın özünü büruzə verirdi, onu sanki bütün təbiət-çaylar, yarpaqlar, dağlar-dərələr dinləyir və ifasından feyzab olurdu.
Daniyarın kisəni aparmaq cəsarəti gənc qızda hislərmi oyatdı? Cəmilə ilə qaynının qurduğu bu tələ uğursuz oldu və bu, Cəmiləyə şübhəsiz təsir göstərdi. Həmişə istehza dolu baxışları ilə Daniyarı təqib edən, onu ələ salan, öz şıltaqlığından yenə də vaz geçməyən Cəmilə belə bir hadisə ilə qarşılaşacağını təsəvvürünə belə gətirməzdi. Bu hadisədən sonra iztirab içində idi və vicdan əzabı çəkirdi. Onu ən çox incidən Daniyarın yaralı ayağı ilə o yükü daşıması yox, onun qəlbinin yaralı olması, Cəmiləyə zillənən yalvarış, mərhəmət, imdad dolu baxışları idi. Cəmilə hiss olunurdu ki, son vaxtlar artıq ondan çəkinirdi, cigitlərlə suda oynamaqdan belə utanır, Daniyarın kəskin, qəmli baxışlarını öz üzərində hiss edərək, geri addım atırdı. Daniyar sanki həm fərəh, həm də qüssə dolu baxışları ilə nəsə demək istəyirdi, görünür, o da səadətini gənc qızda görmüşdü. Onlar axtardıqları sevgini, xoşbəxtliyi bir-birlərində tapmışdılar. Cəmiləni artıq nə Sadığın məktubu, “sevgisi”, nə də özü maraqlandırırdı . Bunun üçün artıq gec idi. Təbiət böyük bir eşqlə yaratdığını eyni təntənə ilə də məhv edər. Daniyar zahirən kasıb idi, lakin onun mənəviyyatı, zəngin eşqi, tükənməz sonsuz idi, bəzən insanlar həyatın köhnə qanunlarının amansızcasına pozulmasının əleyhinə idilər. Onlar Cəmilənin bu addımı ilə barışa bilmir, mental dəyərlərə zidd sayırdılar. Cəmilənin bu hərəkəti “romantik xəyanət” sayılır.
Cəmilə stereotipləri aşa bildimi?
Cəmilənin mənəvi həyatı səfil idi, onun bu hərəkəti yolverilməz hesab oluna bilər, ancaq gənc qız çox qırıldı, sevgi qarşılıqlı hörmət, qayğı, xoşbəxt həyat əsasında yaranır, onun qarşılığın görməsən, artıq sevginə, hörmətinə layiq olmayan insanla eyni dam altında yaşamağa, bir evdə yaşlanmağa dəyməz. Cəmilə bunları dərk edirdi və artıq o, özünə haqq qazandıraraq, xoşbəxtliyinin arxasınca getdi. Sadıq ilk başda onun xəbərsiz gedişini bayağı qarşılasa da sonradan düşüncələrinin yalnış olduğunu başa düşdü.
Daniyar Cəmilə-Sadıq münasibətlərinin bitməsində rol oynadımı? Cəmilənin yaşı az olsa da ağlı başında, düşüncəli bir qız idi, onu heç kim bu hərəkəti eləməyə vadar edə bilməzdi. O artıq qərarını vermişdi. Sadığın ona sonradan məktub göndərməsinin bir önəmi qalmamışdı. Ona daha o məktublar lazım deyildi.
Sevgi üçbucağı.
Daniyar Cəmiləni sevirdi, bu onun gizli, inadkar, yalvarış dolu baxışlarından hiss olunurdu, bəlkə də düşünürdü ki, o, əlçatmazdır və heç vaxt Cəmilə onun olmayacaq, amma özü də bilmədən Cəmilənin yatmış ruhunu oyatdı. Daniyar qəlbən vurğun adam idi. Onun məhəbbəti müqəddəs, böyük məhəbbət idi. Bu sevgini o, mahnılarında gizli saxlamış, onunla yaşamışdı. Laqeyd, dağınıq adam bu nəğmələri ürəkdən vurğunluqla səsləndirə bilməzdi. Müharibədən yaralı qayıtmış bu adam insanlardan uzaq dururdu. Əsərdə görünür, gestap Sovet rejiminə qarşı da kəskin etiraz motivləri var. Müharibənin hakim kəsilməsi və dəhşəti Daniyarın geyimindən, fiziki qüsurundan-axsamasından, soyuq davranışından, susqunluğundan hiss olunurdu, lakin ən yaxşı məsləhətçi zamandır. Zaman keçdikcə insan yaşadıqları məşəqqətləri, ağrıları, acıları, yaralarını unudur, bəzən də yaşadığı travmanın, əzabın qarşısında aciz qalır və təslim olur. Bəlkə də buna görə insan öz duyğularında gizlənir, qaranlıq tərəflərini göstərmir, heç kəs bu insanı anlamır, insan bəlkə də onu başa düşən birinin olmamasını bildiyi üçün öz daxili aləminə çəkilir və ətraf aləmdən təcrid olur.
Qadın nə istəyir?
Ailə həyatı qayğıdır, özü üçün deyil də başqası üçün yaşamaqdır, həyat da bu zaman mənalı keçir, özü üçün yaşayanda isə ölüm qorxusu onu bütün ağuşuna alır. Ailə qurmaq asandır, lakin onu əldə saxlamaq, dağıtmamaq, qorumaq çətindir. Ailə qala kimidir, ora girmək istəyən çoxdur, mühafizə güclü olsa, o qalanı heç kəs dağıda, ora girə bilməz. İnsan ilk növbədə qalanı özü mühafizə etməlidir, özü dağıtmamalıdır, yalanı, xəyanəti, güvənsizliyi, sevgisizliyi ora buraxmamalıdır, yoxsa qala tez uçular. Cəmilə də mühafizə edə bilmədi, çünki qılıncı yox idi, qorumağa heç nə yox idi. Sadıq orduda mübarizə apardı, öz qalasını mühafizə edə bilmədi, nə özü qılınc oldu, nə də Cəmiləyə qılınc Verdi. Özü buna şərait yaratdı, öz cəsarətsizliyinin, qətiyyətsizliyinin qurbanı oldu. İnsan Allah üçün, qəlb üçün yaşamalıdır. Qəlbi yaradıb ki, insan sevsin, sevgisiz insan heçnədir, sevgi olmayanda, onun yerini nifrət alır. İnsan ilk öncə Allahını, sonra isə bəndələrini sevməlidir. Fırtına zamanı vəcdə gələn okean, göydə guruldayan şimşək kimi ifadələr əsərlərdə estetik ovqat yaradır. İnsan bəzən güllü-çiçəkli, bağlı-bağatlı çəmənliyi seyr edər, bəzən uçurumdan dərənin dibinə baxar, elə olur ki, uçurumun dibindəki gözəlliyə aldanıb özünü onun qucağına atır, həmin gözəllik də onun ölümünə bais olur. Birinci mənzərə sevinc hissidir, ikinci isə qorxu. Digəri isə xoşbəxtliyin görünməyən dəhşətli tərəfi. İnsan uçurumdan uzaqlaşmaq istədikcə, ona yaxınlaşır, əldə edə bilmədiyi şeylərin arxasınca qaçır, ona doğru can atır, daim həsrətini çəkir. Uçurum adlandırdığımız məfhum əslində insan qəlbinin dərinlikləridir, hər bir insanın qəlbi onun uçurumudur. İnsan, xüsusilə də qadınlar daim hislərinin, duyğularının əsiridir. Qəlbdə əgər nifrət məskən salıbsa, məhəbbət məğlub olur, insan hər kəsdən və hər şeydən qaçır, tənhalaşır, sonda bu həyatdan üz döndərir.
Gəlin-qayınana münasibətləri.
Müasir dövr üçün bu iki ailə qadının münasibətləri ziddiyyətli olsa da, əsərdə bu halın tam əksilə qarşılaşırıq. Bunun da səbəbi maraqlıdır. Görəsən, Cəmilə kimi gəlinlərin sayı azalıb, yoxsa analar belə gəlini qəbul etmək istəmirlər, ya da belə qayınanalar azlıq təşkil edir, bəlkə də cəmiyyət qəbul etmir...Kiçik ana adlandırılan qəhrəman ana obrazı öz müsbət keyfiyyətlərilə yadda qalır: xeyirxah, üzüyola, fağır, çalışqan, zəhmətkeş, hörmətli, insaflı, ağıllı, təcrübəli, mehriban ev sahibəsi... Ananın sərtliyi və öcüşkənliyi yox idi, lakin onun ağır, tünd, adət-ənənəyə bağlı xasiyyəti də vardı. Gəlini Cəmiləni çox sevirdi, onun şıltaq hərəkətlərinə fikir vermir, yaşa dolandan sonra düzələcəyinə ümid edirdi, onun qəlbinin gizli hislərindən hamı xəbərsiz idi, ona nə qayınana, nə zəngin ev, şərait, nə də quruca bir ər lazım idi. Ona ən çox təsir edən gəlininin evdən vaxtsız gedişi oldu.
Qayınanasının və ya digər ailə üzvlərinin ciddi münasibəti Cəmilə üçün nəyisə dəyişərdimi? Əgər qayınanası çox sərt olsa idi, deyərdilər ki, qayınanadan bezib getdi, amma qayınanası ən azından onu yoluna qoysa, gəlinə gəlin olduğun hiss elətdirsə idi, gəlin özü ilə hesablaşardı. Qayınana isə istəyirdi ki Cəmilə özü bunu etsin. “Gəlin düşdüyü ocaqda gəlindir” deyiblər. O gəlin ki özünü necə aparmaq qaydasını bilmədi, bunun sonu olmaz. Ən azından o bunu dərk etməli idi, davranışlarını nizama salmalı idi, qayınanası nə qədər ona sərt davransa da onun özünün ağlı başında olmalıdır, özü gəlin olduğun dərk etməlidir.
Geri dönüş oldumu?
Sevginin təməlini “Cəmilə” ilə qoyan məhz Aytmatov oldu. Əsərin eşq qəhrəmanlarının sonrakı taleyi oxuculara məlum olmasa da Aytmatov qeyd edir ki, onlar artıq çox xoşbəxtdirlər və layiq olduqları məhəbbətlə yaşayırlar. Əlbəttə güman olunur ki, Cəmilə həyatın anlamını dərk etmiş və arzularına çatmışdır, geri dönüşün olması mümkün deyildi. Onu kimin, nəyin xoşbəxt edəcəyini, kilidlənmiş ürəyinin qıfılını kimdə və harada olduğunu tapdı, küt beyinli, daşlaşmış fikirlərin əsiri olan, düşünmək bacarığını tamamilə itirmiş insanların sözlərini önəmsəmədi. O, camaatın kasıb, fiziki qüsurlu Daniyarı tənqid etmələrinin belə fərqində deyildi. Heç kəs Daniyarın daxili zənginliyindən agah deyildi. Maraqlıdır ki, belə bir ciddi ail mühitində Cəmilənin cigitlərlə zarafatyana münasibəti, özünü bəzən yaşına uyğun olmayan tərzdə aparması deyil də öz səadətinin arxasınca qaçması daha çox ailin zoruna gedir, daha çox istehza və nifrətlə qarşılanırdı.
Cəmilənin günahı nə idi? Saf, pak hisləri qəlbində yaşatması ? Buna görə mi onu məzəmmət edirdilər? Cəsarətilə yaşaya bilməyən əsarətilə ölər. Yazıçı üçün ən böyük mövzu insandır və o, bəşər övladının düşüncələrini, istəklərini, xoşbəxtliyini, sevincini səadətini hər şeydən üstün hesab edirdi. Aytmatov insanları təqsirləndirmir, mühakimə etmirdi. Cəmiyyət basqısını, mühafizəkarlığını, şablon düşüncələrini sübut etməyə çalışır və insandan qat-qat aşağı səviyyədə olduğunu gözlərinin önünə sərir. Cəmilə doğurdan da heyrət doğurdu, güc-qüvvə inam verdi, cəsarət yaratdı, məqsədə çatmağın, istəklərə qovuşmağın, bu qaranlıq zindandan xilas olmağın heç vaxt gec olmadığını, arzuladığımız həyatı yaşamaq üçün kimsənin əngəl yarada bilməyəcəyini isbat etdi. İnsanların bir qismi həyatına sarılan qırılmaz zəncirlərdən qurtulub xoşbəxtliyə qovuşacağı günün xəyallarını qurur. “Başqaları nə deyər” düşüncəsi, mühakiməsi, tənəsi, ucuz və bulanıq fikirləri ilə yaşayan zaman isə artıq bütün arzularını, istəklərini basdırır, xəyallarını öldürür, puç edir, öz cəsarətini itirir və bu itkinin qurbanı olur. Bu düşüncələrdən, qaranlıq fikirlərdən azad olan, öz arzu və məqsədlərinin arxasınca gedən Cəmilə kimilərinin əzmkarlığı, mübarizəsi Daniyar kimilərinin zəngin, mənəviyyatlı olmaları, inam və ümidlərinin aşıb-daşması, nəhayət bu iki gəncin istəklərinin qovuşması insanları motivasiya edir, ruhlandırır, azad quş kimi qanadlandırır. Məsafələr belə uzaq olsa, dualarla görüşən qəlblər vardır.
Seyidin mükəmməl rəsm əsəri.
Yazıçı bu sevgi hekayəsini Seyidin dilindən verir. Cəmiləni sevən onu qısqanan ona sahiblənən yeniyetmə qaynı burada diqqət çəkir. Bu obraz yazıçının prototipidir. O, daim doğma olmayan qardaşı arvadını qorumağa çalışır, hətta buna gücü yetməyəndə acıqlanırdı. Bəlkə də o, eyni qandan olan doğma qardaşı olsa idi, belə etməzdi. Cəmilə qaynının ona qarşı bildirdiyi iradını önəmsəmir, hətta inciyirdi. Hər halda Cəmilə özü nəyi necə edə biləcəyi bir qadın olduğunu düşünürdü və ona görə də azyaşlı qaynının etdiyi hərəkətlərinə acığı gəlir, çox vaxt ironiya ilə gülür, bəzən gülməkdən də özünü güclə saxlayırdı. Əsərdə diqqət çəkən məqamlardan biri də bu sirli məhəbbət başlayan andan etibarən adi karandaşla bunları təsvir edən Seyidin rəssamlığıdır. O, gələcəkdə rəssam olur və şahidi olduğu bu sevgini boyalarla təsvir edir, sanki o şəkilə baxanda Cəmilə ilə Daniyarın fizioqnomikası deyil, daxili aləmi daxili dünyası açıq-aşkar görünür. O, onların qısa zamanda şahidi olduğu xoşbəxtliyini rəsm əsərilə əbədiləşdirir və münasibətlərini dəstəkləyir.
Əsərin ideyası.
Pozulması yalnış qayda-qanunun hər şeydən yüksəkdə duran məhəbbətdən aşağı olması. Yazıçının da əsl qələbəsi bu idi- sevgini hər şeyin fövqündə vermək və müqəddəsləşdirmək.
Əsəri oxuyanda sanki film izləyirsən və hər şey sənin gözlərinin qarşısında canlanır. Bu cür əsərlər ekranda yayımlanaraq, daha çox uğur qazanır. Onlardan biri də “Cəmilə”dir. Əsərin sujet xətti əsasında film də çəkilmişdir. Müəllif öz yurdunun-Talas vadisinin tarixinə, mədəniyyətinə,kültürünə, adət-ənənələrinə toxunur, vadinin dağları, yaylaqları, çayları aydın şəkildə təsvir olunur. Hətta bəzən özünü bir obraz kimi də görürsən. Əsərdə Aytmatov donmuş cəmiyyəti donmuş sular kimi “əritməyə” çalışır. Müharibənin simvolikası əsərdə Daniyardır. Onun aldığı fiziki və mənəvi travmalar, zərbələr və çəkdiyi iztirablar bunun bariz nümunəsidir. Qəlbi də özü də yaralı olan Daniyarı da bu sevgi dəyişir. Hər kəsə qarşı məsafəli olsa da Cəmilə ilə arasında körpü qurur. İroniya ilə başlanır və eşqlə davam edir. Onun bədbəxt olacağını düşünən camaat onun əsl xoşbəxtliyindən xəbərsiz idilər. Onlar isə heç nəyə baxmadılar və əl-ələ verərək, hər şeyi arxada qoyub getdilər. Onların xoşbəxt olacaqlarından Seyid əmin idi, ona görə də o nə qınıyır, nə də nigaran qalırdı. Aytmatov üçün insanın uğuru, həyatda əldə etdiyi qazanc insanın xoşbəxtliyidir, onun gerçəkləşən arzuları, xəyallarıdır. Cəmilə də sözün əsl mənasında təəccübləndirir, cəsarət verir, güc-qüvvə yaradır, boyunduruqdan çıxmağın heç vaxt gec olmadığını, yaşamaq istədiyin həyatı yaşamaq üçün heç kəsin maneə törədə bilməyəcəyini sübut edir, gələcək nəsillərə də bariz nümunə olur. Onu qınayan saxta, cahil insanlara bu gedişi ilə böyük iz qoyan “bomba” atır.
Təsadüf Allahın gizli təxəllüsüdür. Bəli, qismət də, tale də, alın yazısı da, qəza da, qədər də Allahın müxtəlif adlarıdır. Allah hər kəsə bir fürsət verir və insanın onu dəyərləndirməyini istəyir. Bəzən biz qarşılaşdığımız fürsətləri dəyərləndirir, imtahandan üzüağ çıxırıq, bəzən də Onun bizim üçün məsləhət bildiyi təsadüflərə, qismətə razı olur, mütiliklə boyun əyirik, elə olur ki, təəssüflənirik, elə də olur ki, sevinirik. Tale də sözün əsl mənasında Cəmilənin üzünə gülür və stansiyaya taxıl daşıyaraq, Daniyarla tanış olur. Daniyarın danışığından artıq onun həyat, sevgi –hər şey haqqında fərqli düşüncələri sahib olmasının şahidi oluruq və gənc oğlan düşüncələrini çox vaxt dilə gətirmir, xüsusilə də fəlakətli müharibə haqda danışmağa ürək eləmir, yalnız qəlbinin qapılarının Cəmiləyə açır.
Çingiz Aytmatovun “Cəmilə” əsəri sırf reallığına görə fərqlənir və mənəvi kolliziyaların insan həyatında rolunu göstərmişdir, qadın adət-ənənəyə bağlı olsa da öz fikirlərini ortaya qoymaqdan da çəkinmir, sərt rejimə qarşı çıxır. Cəmilənin yaşadığı mühitdə qanun-qayda hökm sürür və yaşayış da sıxıcıdır, gənc qız da bu mühitdən qopmaq, qurtulmaq istəyir, yəni əslində keçmişdən. Ona sevgi anlayışı yaddır, ideal sevgi axtarır. Yazıçı qadının fərdi xüsusiyyətlərini, etnik-milli psixologiyasını rahat şəkildə ortaya qoyur. Aytmatov yeni tipli insan obrazının formalaşması və təşəkkülündə böyük rol oynamışdır. İlk olaraq, əsərlərində sovet rejiminə qarşı çıxmış, müharibənin törətdiyi fəsadları açıq-aydın təsvir edir. O, obrazların mənəvi aləminin zənginliyini, rəngarəngliyini təbii şəkildə oxucuya təqdim edir, əsərlərində, kredosunda bəşəriliklə millilik vəhdət təşkil edir, harmoniya üzrə tarazlaşır, qəhrəmanların simasında müsbət, dərin insani keyfiyyətlər təzahür edir.
“Ədəbiyyat və incəsənət”
(07.03.2023)