Beynəlxalq Qadınlar Gününə həsr olunan konsert – “Sizin üçün”

Azərbaycan Dövlət Uşaq Filarmoniyasında 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Sizin üçün” adlı konsert proqramı təşkil edilib. 

 

Zəngin musiqi nömrələri ilə seçilən konsert proqramında milli və müxtəlif xalqların mahnı və rəqsləri təqdim olunub, bəstəkar mahnıları səsləndirilib.

Dövlət Uşaq Filarmoniyasının yaydığı məlumata görə, konsertdə filarmoniyanın  “Musiqili Uşaq Teatrı”, müxtəlif yaş qruplarından ibarət “Şəms” uşaq xoru, vokal sinfi, rəqs kollektivləri bir-birindən rəngarəng, maraqlı nömrələrlə çıxış edib. 

“Musiqili Uşaq Teatrı”nın balaca qəhrəmanları öz səhnəciklərində nənələri, anaları bayram münasibətilə təbrik etməyi də unutmayıblar. Həmçinin vokal sinfi “Ana” mahnısı, “Şəms” uşaq xoru “Nənə”, “Ana” mahnıları, rəqs kollektivləri isə eyni məzmunlu rəqslərlə Beynəlxalq Qadınlar Gününü təbrik ediblər. 

Qeyd edək ki, hər zaman olduğu kimi budəfəki konsert proqramı da tamaşaçıların aramsız alqışları ilə sona çatıb.

 

“Ədəbiyyat və incəsənət”

(07.03.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.