“Ədəbiyyat və incəsənət” portalı olaraq bütün qadınları təbrik edirik. Sovet dönəmində qoşa bayram vardı, 23 fevral kişilər günü, 8 mart qadınlar günü kimi qeyd edilirdi. Kişilər bayramlarından məhrum oldular, çünki 23 fevral günü əslində işğalçı sovet ordusunun yaranışı günüydü, o ordunun ki, 1920-ci ildə bizim müstəqil dövlətimizi işöal etmişdi. Bəs 8 mart gününün məğzi nədir? Və necə oldu ki, bu günü kommunist ehkamlarını uçurub dağıdan xalqımız hələ də bayram edir? Beləliklə, portalımız 8 mart - Beynəlxalq Qadınlar Günü barədə arayış təqdim edir.
Beynəlxalq Qadınlar Günü hər il 8 mart tarixində qeyd olunan Beynəlxalq İşçi Qadınlar Günü olaraq da tanınan, qadınların iqtisadi, ictimai və siyasi mübarizəsini, habelə ümumi olaraq qadınlara qarşı nəzakət, sevgi və məhəbbətin tərənnümünü ənənəvi hala gətirmiş bir bayramdır. Və bəri başdan deyək ki, bu bayramın da kökündə 23 fevralda olduğu kimi kommunist ideologiyaaı durur. Amma tək bu yox. Onu təqvimdə möhkəmləndirən yəhudiliklə bağlılığıdır.
8 mart postsovet respublikalarında, habelə Anqola, Burkina-Faso, Qvineya-Bisau, Komboca, Çin, Konqo, Laos, Makedonya, Monqolustan, Nepal, Şimali Koreya və Uqandada qeyri-iş günü sayılır. BMT də 8 martı beynəlxalq qadınlar günü kimi tanıyıb.
Qadınların kişilərlə bərabər hüquqlu olmaq uğrunda apardığı mübarizənin təmsili başlanğıcı olaraq, 8 mart 1857-ci ildə ABŞ-ın Nyu-York şəhərində geyim sektorunda çalışan yüzlərlə qadının aşağı maaşa, uzun çalışma saatlarına, eyni zamanda pis iş şəraitinə etiraz olaraq tətil etməsi qəbul edilir. Lakin polis aksiyanın uzun sürməsinə izin verməyərək nümayişi dağıtdı.
8 mart 1908-ci ildə ildə Nyu York Sosial-Demokrat Qadın Təşkilatının çağırışı ilə 15 min qadın, daha qısa çalışma saatı, kişilərlə bərabər əmək haqqı və səsvermə hüququ üçün nümayiş keçirdi. Nümayişdə ayrıca ilk dəfə olaraq dekret icazəsi istəyən qadınların şüarı “Çörək və Gül” idi. Çörək həyat eşqini, qarın toxluğunu, gül isə daha rifah həyat tərzini ifadə edirdi.
İlk Qadınlar Günü mərasimi 1909-cu ilin 28 fevralında Nyu Yorkda baş tutmuşdur; bu Amerika Sosialist partiyası tərəfindən Beynəlxalq Qadın Tikiş İşçiləri Birliyinin 1908-ci ilki tətilinin yada salınması münasibətilə təşkil olunmuşdu.
1909-cu ildə isə Avropadaki qadınlar, fevral ayının son bazar gününü, fevralın 28-ni ilk qadın günü olaraq keçirdi.
1910-cu ildə 1857-ci il hadisələrdən 52 il sonra Danimarkanın Kopenhagen şəhərində keçirilən Qadın Sosialist İnternasyonalının qurultayında 1857-ci ilin 8 martında Nyu-Yorkda başlayan mübarizənin, qadın hüquqlarının genişləndirilməsi və qadın həmrəyliyinin simvolu olaraq Klara Setkin adlı bir alman sosialist qadını, Amerikada 8 martda yandırılaraq öldürülən 129 qadın işçinin xatirəsinə hər il 8 mart gününün Dünya Qadınlar Günü olması təklifini etdi və bu təklif qəbul edildi.
Bəzi tarixçilərin fikrincə, 8 martın təqvimə qırmızı rəqəmlərlə düşməsinin səbəblərini bilmək üçün 1910-cu ildə həmin günün bayram kimi qeyd olunması təşəbbüsünü irəli sürmüş Klara Setkinin şəxsiyyətinə, xüsusən onun milli mənsubiyyətinə nəzər salmaq lazımdır. Yəhudi Klara Setkinin təklif etdiyi 8 Mart günü 1910-cu ildə yəhudilərin Purim bayramı ilə üst-üstə düşürdü (yəhudi təqvimində Purim bayramının yeri dəyişir). Purim bayramı isə yəhudilərdə qadın ağlı, eyni zamanda bu millətin özünümüdafiə haqlarını simvolizə edir.
Bibilya rəvayətlərinə görə, miladdan əvvəl 480-ci ildə yəhudilərin Babil əsarətindən qurtulmasından sonra arzu edənlərin Qüdsə qayıtmasına icazə verilib. Amma “özünü tutmuş” yəhudilər bunun üçün tələsmirdilər. Bu vəziyyət iranlıları getdikcə daha çox narahat etməyə başlayırdı. İran ordusunun baş komandanı Aman İran şahı Kserksin yanına gedərək vəziyyəti ona danışır. Kserks isə bütün yəhudiləri qırmağı qərara alır. Kserksin arvadı, özünün yəhudi olduğunu hamıdan gizli saxlayan Esfir ərinin qəbul etdiyi qərarı dəyişdirməyə nail olur. Nəticədə İran şahının çıxardığı qərarda yəhudilərin deyil, onların düşmənlərinin öldürülməsi nəzərdə tutulur.
Tezliklə yəhudilər antisemit iranlıları darmadağın edərək Amanın qulağını kəsirlər. Yeri gəlmişkən, indiyədək yəhudilər Purim bayramında Amanın qulağını rəmzləşdirən üçbucaq şirniyyat növü bişirirlər. Çox güman ki, Klara Setkinin təklifinin əsasında şəxsi maraqlar durub. İnqilabi hərəkatın da öz bayramlarının olması istəyi aydındır. Məsləkdaşlarını həvəsləndirmək, fəhlə kişilərlə yanaşı, qadınları da mübarizəyə qatmaq ağıllı və effektli ideya idi.
1911-ci ildə Kopenhagen qərarından sonra ilk dəfə olaraq 19 martda Avstriya, Danimarka, Almaniya və İsveçrə də bu bayram qeyd edilmişdir.
1914-cü ildə Rusiyada Beynəlxalq Qadınlar Günü martın 8-də baş tutdu, böyül ehtimalla ona görə ki, həmin gün bazar günü idi və beləliklə bu bütün ölkələrdə həmişə martın 8-i qeyd olunur. 1914-cü ildə həmin Günün mərasimi qadınların 1918-ci ilə kimi qazana bilmədikləri seçki hüququna həsr olundu. 1914-cü ilin 8 martında Londonda Boudan Trafalqar meydanına doğru qadınların seçki hüququna dəstək yürüşü oldu. Silvia Pankurst (Sylvia Pankhurst) Çaring Kross stansiyasının qarşısında, nitq söyləməkçün Trafalqar meydanına gedərkən həbs olunmuşdu. 1917-ci il, fevralın son bazar günü (Yeni Stillə martın 8-nə düşür) Sankt-Peterbuqda Qadınlar Gününün qutlama nümayişləri Fevral İnqilabının əsasını qoydu. Həmin gün qadınlar Sankt-Peterburqda “Çörək və Sülh” üçün, I Dünya Müharibəsinin, Rusiyadakı ərzaq qıtlığının və Çarizmin son bulmasını tələb edərək tətilə çıxdılar. Lev Trotski yazırdı, “23 fevral (8 mart) Beynəlxalq Qadınlar günü idi və üfüqdə yeni mitinqlər və aksyalar görünürdü. Amma biz təsəvvür etmirdik ki, bu Qadınlar Günü inqilabın inaqurasiyası ola bilər. İnqilabi aksiyalar öncədən görünürdü amma tarixsiz şəkildə. Lakin səhər, əks göstərişlərə baxmayaraq tekstil işçiləri bir neçə fabrikdə işi tərk elədilər və tətilə dəstək verilməsini xahiş etməkçün öz nümayəndələrini göndərdilər… bu kütləvi tətilə apardı… hamı küçəyə axışdı”.
Oktyabr inqilabından sonra Bolşevik Aleksandra Kollontay və Vladimir Lenin bunu SSRİ-də rəsmi bayram elan etdilər amma 1965-ci ilə kimi iş günü idi. 8 may 1965-ci il fərmanıyla SSRİ Ali Sovetinin Rəyasət Heyəti SSRİ-də Beynəlxalq Qadınlar Gününü qeyri-iş günü elan etdi, “kommunist quruluşundaSovet qadınının görkəmli ləyaqətinin xatırlanmasıyla, Böyük Vətən Müharibəsi zamanı vətənin müdafiəsilə, onların ön və arxa cəbhədəki qəhramanlıq və fədakarlıqlarıyla və həmçinin insanlar arasındakı dostluğun möhkəmləndirilməsinə qadınların böyük töhvəsini vurğulamaqla və sülh uğrunda mübarizəylə. Amma yenə də, qadınlar günü başqa bayramlar kimi keçirilməlidir”.
1917-ci ildə Çar Rusiyasında qadınlar, pis həyat tərzinə qarşı “çörək və sülh” adlı nümayiş keçirdilər. 8 mart günü olan bu tətil, daha sonra digər Avropa ölkələrində də qeyd edilməyə başlandı.
1975-ci il dünya qadınları üçün xüsusi əhəmiyyət daşıyır. Məhz bu il, Beynəlxalq Qadınlar ili olaraq tarixə düşdü. Həmin ilin beynəlxalq qadın ili elan edilməsindən sonra BMT-də 1975-ci ilin 8 martını ilk dəfə Beynəlxalq Qadınlar Günü olaraq keçirildi. İki il sonra 1977-ci ildə isə nəhayət Birləşmiş Millətlər Təşkilatının Ümumi Qurultayında 8 mart, qadın hüquqları və beynəlxalq sülh günü olaraq qəbul edildi.
Beynəlxalq Qadınlar Günü eyni zamanda qadın hüquqlarının genişləndirilməsinin və bu günkü qadının daha azad olmasının tarixi səbəblərinin xatırlanması üçün də xüsusi gündür. Bütün bunları nəzərə alaraq, demək olar ki, 8 mart, sadəcə, qadınlar günü yox, qadın-inqilabçılar günüdür.
Qərbdə Beynəlxalq Qadınlar Günü ilk dəfə məşhur bir hadisə kimi 1977-ci ildən sonra, Birləşmiş Millətlərin Baş Assambleyası üzv ölkələri 8 martın BMT-nin dünya sülhü və qadın azadlıqları Günü kimi qəbul olunmasına dəvət etdikdən sonra müşahidə olunmuşdur.
Nə isə. Çox uzatmayaq. Təqvimdə ayrıca qadın gününün olmasına biz - “Ədəbiyyat və incəsənət”in kişi əmıkdaşları əsla narazı deyilik. Bir daha bayramınızı təbrik edirik, əziz qadınlar!
“Ədəbiyyat və incəsənət”
(07.03.2023)